Ədliyyə Nazirliyində

 

Ölkəmizdə səfərdə olan Slovakiyanın Konstitusiya Məhkəməsinin sədri İvetta Matsejkovanın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 6-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurlu inkişafını qeyd edən nazir bu ilin mayında Slovakiya Baş nazirinin müavini, ədliyyə naziri Ştefan Harabinin Azərbaycana səfərini və iki ölkənin ədliyyə nazirlikləri arasında imzalanmış memorandumun əhəmiyyətini vurğulamış, hüquq sahəsində əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvar olduğunu söyləmişdir.

Səmimi qəbula görə minnətdarlığını bildirən xanım İ.Matsejkova Slovakiyanın Azərbaycan ilə əlaqələrin genişlənməsinə mühüm önəm verdiyini vurğulamış, respublikamızda aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının müsbət nəticələrini təqdir edərək ölkəsinin məhkəmə sistemi barədə məlumat vermişdir.

Söhbət zamanı Slovakiya və Azərbaycan məhkəmə sistemlərinin oxşarlığı qeyd olunaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hakimliyə namizədlərin ən demokratik və mütərəqqi üsullarla seçimi, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə yaradılmış regional apellyasiya məhkəmələrinin fəaliyyəti və s. məsələlər üzrə faydalı fikir və təcrübə mübadiləsi aparılmışdır.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

 

 

Azərbaycan.- 2009.- 7 oktyabr.- S. 2.