Azərbaycan Xarici İşlər Nazirliyində İran səfirinə
rəsmi nota verilmişdir
Oktyabrın 6-da İran İslam
Respublikasının Azərbaycan Respublikasındakı səfiri
Məmmədbaqir Bəhrami Xarici İşlər Nazirliyinə
dəvət olunaraq nazir müavini Vaqif Sadıqov ilə
görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat
xidmətindən bildirmişlər ki, görüşdə səfir
M.Bəhramiyə bildirilmişdir ki, İran İslam
Respublikasının rəsmi qurumu olan Radio və Televiziya Təşkilatının
və bu təşkilata məxsus "Səhər"
televiziya kanalının müvafiq internet saytlarında 2009-cu
il oktyabrın 4-də Azərbaycan Respublikasının daxili və
xarici siyasəti ilə bağlı videoçarx və məqalə
yerləşdirilmişdir. İran diplomatının nəzərinə
çatdırılmışdır ki, bu materiallarda Azərbaycan
Respublikasının dövlət siyasəti məqsədyönlü
şəkildə təhrif olunmuş, milli dövlət
bayrağı kobudcasına təhqir edilmiş, həmçinin
Azərbaycan Respublikası hökumətinin və Milli Məclisinin
üzvlərinə və digər dövlət məmurlarına
qarşı böhtan xarakterli ittihamlar yer almışdır.
Nazir müavini V.Sadıqov belə
qərəzli materialların İranın rəsmi kütləvi
informasiya vasitələrində yayımlanmasının Azərbaycan
tərəfində ciddi narahatlığa səbəb
olduğunu vurğulayaraq eyni xarakterli materialların
İranın rəsmi mətbu orqanlarında əvvəllər
də yer aldığını və bununla bağlı Azərbaycan
tərəfinin dəfələrlə
narahatlığını bildirdiyini demişdir. Son zamanlar isə
Azərbaycan Respublikasına qarşı qərəzli
veriliş və yazılarda təhqir və böhtanların
sayının artaraq öz həddini aşması səfirin
diqqətinə çatdırılmışdır.
Qeyd olunan məsələlərin
iki ölkə arasındakı münasibətlərə ciddi
xələl gətirə biləcəyini vurğulayan
V.Sadıqov İranın rəsmi qurumlarının yolverilməz
hərəkətlərinə Azərbaycan tərəfinin qəti
etirazını bildirmiş, bu hərəkətlərin səbəblərinin
araşdırılmasına və nəticələri barədə
Azərbaycan tərəfinin məlumatlandırılmasına,
eləcə də belə halların qarşısının
alınması və təkrar olunmaması istiqamətində
İranın müvafiq addımlar atacağına israrla təkid
etmişdir.
Sonra səfir Məmmədbaqir Bəhramiyə
Azərbaycan Xarici İşlər Nazirliyinin eyni mövzulu rəsmi
notası verilmişdir.
Səfir görüş və
müvafiq nota barədə İran tərəfini məlumatlandıracağını
demişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 7 oktyabr.- S. 2.