Azərbaycan teleefiri dövlətin maraqlarına və
xalqın mənafeyinə cavab verməlidir
Azərbaycanın efir məkanı: problemlər və vəzifələr
Azərbaycanın bir çox sahələrdə
dünyanın əksər ölkələrinin onilliklər
boyu qazandığı nailiyyətləri qısa zaman kəsiyində
əldə etməsi beynəlxalq miqyasda ölkəmizin kifayət
qədər böyük nüfuz sahiblərindən birinə
çevrilməsində mühüm rol oynamışdır.
Bu, istər iqtisadiyyat, siyasət və demokratiya, istərsə
də digər mühüm sahələr üzrə
qazanılmış nailiyyətlərə şamil oluna bilər.
Ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu inkişaf strategiyasının bu gün onun siyasi
kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi isə Azərbaycanın
qazandığı bu nailiyyətlərin miqyasını
genişləndirməkdə, ölkəmizin liderlər cərgəsində
olmasını təmin etməkdədir.
Demokratik inkişaf yolu seçən
Azərbaycanda bu gün ictimai-siyasi sabitlik möhkəm təmələ
söykənməkdə, insanların iqtisadi
azadlığı, yüksək maddi rifah halı, vətəndaş-cəmiyyət
münasibətlərinin ahəngdarlığı, şəxsiyyətin
mənafelərinin, hüquq və azadlıqlarının
maksimum səviyyədə qorunması, qanunun aliliyi prinsipi də
təmin olunmaqdadır. Bütün bunların məntiqi nəticəsi
olaraq Azərbaycanda həm də Avratlantik məkana sürətli
inteqrasiya fonunda demokratikləşmənin əsas elementlərindən
biri kimi çıxış edən söz və fikir
azadlığının bərqərar olması, azad
medianın inkişafı üçün hərtərəfli
şərait yaradılmışdır. Təsadüfi deyil
ki, ümummilli liderin şah əsərlərindən biri
sayılan müstəqil Azərbaycanın Konstitusiyasında
söz və mətbuat azadlığı təsbit olunmuş,
dövlət tərəfindən kütləvi informasiya vasitələrinin
inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə
böyük qayğı göstərilmişdir. İndi də
davam etməkdə olan bu qayğının və yaradılan
şəraitin nəticəsidir ki, Azərbaycanda dövlət
qeydiyyatından keçən KİV-in sayı dörd minə
çatmaqdadır.
Prezident İlham Əliyevin 2008-ci
il 31 iyul tarixli sərəncamı ilə təsdiq edilən
"Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi Konsepsiyası"
isə kütləvi informasiya vasitələrinin mövcud
problemlərinin aradan qaldırılmasında mühüm rol
oynamaqla bərabər, onların inkişaf göstəricilərinin
müasir dövrün tələblərinə
uyğunlaşdırılması istiqamətində də
kifayət qədər böyük əhəmiyyət
daşıyır. Bütün bunlar Azərbaycanda media
azadlığının demokratik şəraitdə
inkişafına şərait yaradıldığını və
fikir plüralizminin bərqərar olduğunu əyani şəkildə
nümayiş etdirməkdədir. Ancaq təəssüf ki, bu
fikir plüralizmindən, azad medianın inkişafı
üçün yaradılan şəraitdən bəzən
sui-istifadə etməyə çalışan,
jurnalistikanın adına xələl gətirən media
orqanlarına da rast gəlmək mümkündür ki, bunlara
bariz nümunə kimi "reket qəzetlər"
adını qazanmış mətbu nəşrləri göstərmək
olar.
Lakin günümüzün
reallığı göstərir ki, media sahəsində
mövcud problemlər təkcə mətbu nəşrləri əhatə
etmir. Elektron media sahəsində bu gün elə problemlərə
rast gəlmək mümkündür ki, onların
yaratdığı fəsadlar heç də "reket qəzet"lərin
cəmiyyətə vurduğu ziyanlardan geri qalmır və bir
çox hallarda miqyasına görə onları ötüb
keçir. Xüsusən də ictimai rəyin
formalaşması və ona təsir baxımından kifayət
qədər böyük imkanlara malik yerli teleradio
kanallarında efirə gedən bir sıra verilişlərin
milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin
tərbiyəsi, onlarda vətənpərvərlik hisslərinin
gücləndirilməsi və bu kimi digər məqamlar
baxımından heç də günümüzün tələblərinə
cavab verməməsi olduqca ağrılı bir problem kimi
özünü qabarıq büruzə verməkdədir. Bu mənada
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasnın rəhbəri
akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı:
problemlər və vəzifələr" adlı geniş təhlili
məqaləsi xüsusi aktuallıq kəsb etməklə bərabər,
həm də bir sıra televiziya verilişləri sahəsində
cəmiyyətin dərin narahatlığına səbəb
olan məsələlərin həllində mesaj timsalı
oynayır.
Akademik Ramiz Mehdiyevin "Azərbaycan"
qəzetinin 2 oktyabr sayında dərc olunan bu məqaləsi
teleefir məkanında mövcud nöqsan və
çatışmazlıqları kompleks şəkildə
ortaya qoymuş və teleproqramların heç də
hamısının ictimai maraqlara xidmət etmədiyini
göstərmişdir. Ümumiyyətlə, sözügedən
məqalənin Azərbaycanın teleməkanını elmi əsaslarla
silkələməsi, onun milli-mənəvi dəyərlərin
qorunması, ictimai maraqları ön planda tutması
baxımından bir əsas, istiqamətverici konsepsiya kimi də
dəyərləndirilməsi mümkündür.
Məqalə böyük bir Azərbaycan
ziyalısının ictimaiyyətə yerində və
vaxtında edilən bir çağırışı olmaqla
yanaşı, cəmiyyətimizin efir məkanına real
münasibətinin əks olunması prizmasından da kifayət
qədər aktual xarakter daşıyır. Teleefir məkanında
yaranan problemlərdən bəhs edərkən akademik Ramiz
Mehdiyev haqlı olaraq ilk növbədə televiziya verilişləri
arasında ciddi bir disbalansın yarandığını
vurğulayır: "Məlum olduğu kimi, hal-hazırda
dünyanın aparıcı televiziya və radio kanalları
müasir dövrün tələblərini nəzərə
alaraq fəaliyyətlərində ciddi dəyişikliklər
edir, daim yeniləşir, auditoriyasını, ictimai rəyə
təsir imkanlarını genişləndirirlər.
Balanslaşdırılmış proqram siyasəti, yüksək
efir mədəniyyəti, ictimai maraqlara xidmət, maarifləndirmə,
operativ, obyektiv, hərtərəfli məlumatlandırma
teleradio yayımı həyata keçirən qurumun müvəffəqiyyətinin
əsas şərtləridir. Azərbaycan televiziya və radio
kanallarının monitorinqi göstərir ki, maarifləndirici,
məlumatlandırıcı və əyləncə
funksiyaları arasında ciddi disbalans yaranmış, peşəkarlıq,
yaradıcılıq, yeniliklərin tətbiqi, milli-mənəvi
dəyərlərin qorunması kimi məsələlər
teleradio rəhbərlərini o qədər də
maraqlandırmır".
Bəzi teleradio rəhbərlərinin
milli-mənəvi dəyərlərin qorunmasını arxa
plana keçirməsi isə bu gün televiziya və radio
verilişlərinin ölkəmizin əldə etdiyi yüksək
nailiyyətlər səviyyəsindən geri qalması,
onların Azərbaycanın inkişaf dinamikasını əks
etdirməməsi kimi acı bir reallığın da meydana
çıxmasına səbəb olmaqdadır. Bunun
kökündə dayanan mühüm məqamlardan biri isə
akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, televiziyalarda biznes
maraqlarının çox zaman ictimai, professional maraqlardan
yüksəkdə dayanmasıdır. Halbuki televiziyalar təkcə
özünün kommersiya maraqlarının ardınca gedib,
marketinq problemlərini həll etməməli, həmçinin
auditoriyasının, xüsusən də uşaqların və
gənclərin mənəvi cəhətdən zəngin
formalaşmasında, vətənsevər, insanpərvər
olmasında yaxından iştirak etməlidirlər. Özü
də uşaqlar və yeniyetmələr üçün
hazırlanan müxtəlif səpkili maarifləndirici
verilişlərin mövzu arealı istər təbiət,
kainat, kosmos, sənət, heyvanlar və bitki aləmi ilə
bitməməli, həmçinin çoğrafi-tarixi anlamda məzmun
daşımalı, keçmişə və gələcəyə
işıq tutmalıdır.
Lakin təəssüf ki, indi bir
çox hallarda yerli telekanallarda biznes maraqlarının öndə
tutulmasının nəticəsidir ki, bu gün teleefirlərdə
milli-mənəvi dəyərlərimizə zidd hesab oluna biləcək,
uşaqlarımızın və yeniyetmələrimizin tərbiyəsinə
mənfi istiqamətdə çox böyük təsir
göstərəcək lazımsız verilişlərin
sayı kifayət qədərdir. İndi televiziyalarda efirə
gedən bir çox verilişlər insanları maarifləndirmək
əvəzinə onların əxlaqi-mənəvi tərbiyəsinin
pozulmasında özünəməxsus rol oynayır. Bu, ilk
növbədə, bir qayda olaraq, bayağı xarakter
daşıyan şou-biznes verilişlərinə aiddir.
Sözügedən problemə toxunarkən akademik Ramiz Mehdiyev
tamamilə haqlı olaraq qeyd edir ki, Azərbaycan ictimaiyyətini
narahat edən və ən çox müzakirə olunan məsələlərdən
biri də aşağı səviyyəli, keyfiyyətsiz əyləncə
və şou-biznes xarakterli verilişlərin çəkisinin
artmasıdır. Faktdır ki, həmin verilişlər
şou-biznes nümayəndələrinin marağına
uyğun olsa da, belə efir proqramlarının səviyyəsi,
cəmiyyətə nümayiş etdirilən məqamlar kifayət
qədər bayağı xarakter daşımaqla yanaşı,
insanların, ilk növbədə isə gənc və yeniyetmələrin
dünyagörüşünə mənfi təsir göstərir,
onların zövqünü korlayır.
Bu problemin digər vacib tərəfi
isə, akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, şou-biznes
xarakterli verilişlərin əksəriyyətinin ictimai əhəmiyyət
kəsb etməyən mövzulara həsr olunması, müəyyən
mənada cəmiyyətdə neqativ tendensiyaların
yayılmasına istiqamət verməsidir: "Həmin
verilişlərdə tamaşaçılara şou-biznes
nümayəndələrinin dəbdəbəli həyat tərzi
təbliğ olunur, onların bir-biri ilə münasibətləri,
mübahisələri araşdırılır. Əksər əyləncə
verilişlərinin ixtisaslı kadrlarla deyil,
aparıcılıq edən müğənni və ya
şou-biznes nümayəndələrinin iştirakı ilə
təşkil olunması yaxşı hal kimi qəbul olunmur.
Çox hallarda bu tipli aparıcıların
davranışlarından gənclər özləri
üçün nümunə götürməyə çətinlik
çəkirlər".
Azərbaycanın efir məkanında özünü kifayət qədər qabarıq göstərən problemlərdən biri də xaricdə istehsal olunmuş filmlərin nümayişi ilə bağlıdır. Telekanallarda efirə gedən belə filmlərin təhlili onların iki aspektdən problem yaratdığını əyani şəkildə büruzə verir. Onlardan birincisi filmlərin dublyaj edilməsi, digərləri isə belə filmlərin janrı, əks etdirdiyi mövzularla bağlıdır. Məqaləsində bu kimi məsələlərə toxunan akademik Ramiz Mehdiyev yazır: "Xüsusi qeyd edilməlidir ki, bu gün Azərbaycan televiziya kanallarında milli mentalitetimizə yad, mənəvi və əxlaqi dəyərlərimizə zidd film, serial və kliplər çoxluq təşkil edir. Yerli istehsal olan yeni müasir telefilmlərin olmaması ciddi problem kimi qalmaqdadır".
Təcrübə göstərir ki, həqiqətən də televiziya vasitəsilə yayımlanan bir sıra xarici filmlər, xüsusən də qətl, ölüm, oğurluq, başqalarına işgəncə kimi filmdə əks olunan mövzular tez bir zamanda uşaqların əxlaq və davranışlarında özünün mənfi təsirlərini əks etdirir. Belə filmlər, ilk növbədə, uşaqların həssas, zərif ruhlarını güclü şəkildə təhrik edir və onlarda ruhi və cismi iztirablar, qəflətən qorxu və həyəcan yaradır. Digər tərəfdən, belə filmlərin ictimai zərərlərinə də biganə qalmaq olmaz. Saf və məsum uşaqlar belə filmlərə tamaşa etdikcə, onların "qəhrəman"larını təqlid etməyə çalışır və hətta onlarda cinayətə əl atma hissləri də baş qaldırır. Bundan başqa, bu qəbildən olan bəzi filmlərdə, həmçinin serial və kliplərdə Azərbaycan mentalitetinə zidd olan səhnələr gənclərdə və yeniyetmələrdə bir mənəvi deqradasiyaya da yol açmaqdadır.
Akademik Ramiz Mehdiyevin məqaləsində telekanallarda vətənpərvərlik təbliğatına olan münasibət də reallığa uyğun təhlil edilib. Ərazilərinin 20 faizi işğal altında olan Azərbaycanda bu gün həqiqətən də çox ciddi vətənpərvərlik təbliğatına ehtiyac var. Ancaq sözügedən məqalədə deyildiyi kimi, yerli telekanallar əsas etibarilə müəyyən hərbi-vətənpərvərlik verilişləri ilə kifayətlənməyə üstünlük verir və bununla qeyd olunan məsələdə öz işlərini bitmiş hesab edirlər. Özü də telekanallarda efirə gedən hərbi-vətənpərvərlik verilişlərinin səviyyəsi çox zaman tələb olunan standartlarda olmur. Halbuki bu gün Azərbaycan gəncliyinin mənəvi yüksəlişi üçün vətənpərvərlik mövzusunda yüksək sənətkarlıqla hazırlanmış verilişlər olmalı, onların efir nümayişinin faiz dərəcələri heç də şou-biznes proqramlarının faiz göstəricilərindən geri qalmamalıdır. Bu, reallıqdır ki, həm sənətkarlıq, həm də ideoloji cəhətdən bu sahədə çox ciddi işlər görməyə ehtiyac var. Vətənpərvərlik məsələsinin, onun təbliğatının lazımi səviyyədə olmaması son nəticədə cəmiyyətdə gedən proseslərə mənfi təsir edir, cəmiyyətin bütövlüyünə, azərbaycançılıq ideologiyası ətrafında birləşməsinə, milli hisslərin, duyğuların ictimai səviyyəyə yüksəlməsinə imkan vermir.
Akademik Ramiz Mehdiyevin məqaləsində efir məkanı üçün kifayət qədər ciddi xarakter daşıyan bir çox digər aktual məsələlərə, mədəni, mənəvi, əxlaqi inkişafa yol açmayan, əksinə, cəmiyyətin zövqünün korlanmasına səbəb olan lüzumsuz mahnı müsabiqələrinə, bir çox aparıcıların peşəkarlıq səviyyəsinin aşağı olmasına, efirlərdə subtitrlər şəklində verilən və bir çox hallarda qeyri-etik xarakter daşıyan SMS-lərə, həmçinin bu qəbildən olan başqa məqamlara da geniş şəkildə toxunulub. Müəllif "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı yazısında problemləri söyləməklə yanaşı, onlardan çıxış yollarını da aydın göstərir. Bu isə sözügedən məqalənin eyni zamanda ictimai maraqları arxa plana keçirən, milli-mənəvi dəyərlərin aşınmasınada müstəsna rol oynayan televiziyalar üçün həm də proqram xarakteri daşıdığını təsdiqləyir. Həmin proqrama əməl etməyəcək telekanalların öz tamaşaçı auditoriyasını tam itirəcəyi şübhə doğurmur. O da inkaredilməz reallıqdır ki, televiziyalar Azərbaycanla yanaşı, dünyada gedən prosesləri lazımi səviyyədə göstərməsə, obyektiv, əhatəli, xüsusi təhlillərlə seçilən informasiyalar verməsə, xalqımızın mədəniyyətini, incəsənətini lazımi səviyyədə təbliğ etməsə, onda istər-istəməz tamaşaçı başqa televiziyalara, o cümlədən sürətlə inkişaf etməkdə və əhatə dairəsini genişləndirməkdə olan kabel, peyk televiziyalarına müraciət etməli olacaq. Bu səbəbdən də indi televiziya kanalları özlərini keyfiyyətcə mükəmməlləşdirməli, professionallaşmalı, özlərinə məxsus bir üslub yaratmalıdırlar. Bununla əlaqədar akademik Ramiz Mehdiyev yazır: "Televiziya kanallarının konsepsiyası, strateji hədəfləri, efir siyasəti ictimai maraqlarla uzlaşdırılmalı, cəmiyyətimizin saflaşması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə töhfə verməlidir".
İnanırıq ki, akademik Ramiz Mehdiyevin qeyd olunan məqaləsi televiziyalarda milli-mənəvi dəyərlərə zidd olan verilişlərə qarşı ictimai qınağın formalaşması və genişlənməsində mühüm rol oynayacaq. Çünki məqalədə cəmiyyət üçün çox aktual məsələlərə toxunulub və onların bundan sonra da geniş müzakirəsinə böyük ehtiyac var.
Beləliklə, qeyd edilənlərdən
bir daha aydın olur ki, Azərbaycanda plüralizm, söz
azadlığının kifayət qədər inkişaf
etdiyi bir dövrdə özəl telekanalların bundan
sui-istifadə edərək neqativ tendensiyalara yol
açması, mədəniyyətdən belə xəbəri
olmayan insanları sənətkar kimi xalqa sırımağa
çalışmaları, vətənpərvərlik ruhunun
güclənməsinə, mədəni, intellektual səviyyənin
artmasına səbəb olan verilişləri ikinci plana
keçirmələri həqiqətən də
günümüzün ən ağrılı problemlərindən
biridir. Çünki bu gün Azərbaycan
tamaşaçısının səviyyəli verilişlərə
böyük ehtiyacı var. Bütün bunların təmin
edilməsi üçün televiziyalara qarşı ictimai təpkinin
formalaşması ilə yanaşı, yaranan problemlərin həlli
üçün digər səviyyələrdə də əməli
tədbirlərə böyük ehtiyac duyulur.
Alış QASIMOV,
Bakı Dövlət Universitetinin
kafedra müdiri,
hüquq elmləri doktoru, professor
Azərbaycan.- 2009.- 7 oktyabr.- S. 4.