Şərqlə Qərbi yaxınlaşdıran qlobal
böhran
"Böyük iyirmiliy"in
üçüncü sammiti dövlətlərin qlobal
böhranın araşdırılmasında
qarşılıqlı ittihamlarla müşayiət olunan əvvəlki
görüşlərindən fərqli olaraq praqmatik
müzakirələrlə keçdi və dünyanın
siyasi səhnəsində qeyri-adi yenilik kimi yaddaşlarda
qaldı.
Liderlər ötən həftə
bir neçə gün davam edəcək forumun keçirilməsi
üçün ABŞ-ın Pensilvaniya ştatında qədim
bir şəhəri seçmişdilər. Bu, Pittsburq Allageyni, Oqaya və Momonqaxela
adlı 3 çayın kəsişməsində yerləşən
gözəl bir şəhərdir. Əhalisi 300 mindən
artıqdır. Avropalılara qədər bu yerlərin sakinləri
Alleqavic, Adena və Delavar adlı hindu qəbilələri və
irokezlərin oturaq tayfaları olub. Sonra bu ərazilər
uğrunda fransızlar və ingilislər çəkişiblər.
Şəhərin yaranma tarixi 1758-ci ildən İngiltərənin
o zamankı baş naziri Uilyam Pittin şərəfinə tikilən
istehkamdan başlanır.
"Böyük iyirmiliy"in
Pittsburq sammitinin nəticələrinin təhlil olunması, hələ
ki, şərhçilər tərəfindən davam edir, lakin
elə ilk baxışdan aydın görünəni odur ki,
sonuncu tədbir dünya liderlərinin əvvəlki iki
toplantısına nisbətən sakit və
qarşılıqlı anlaşma ruhunda keçdi. Ötən
sammitlərdə az qala böhranın səbəbkarı kimi
ittiham edilən ABŞ da bu dəfə tamamilə başqa bir
qiyafədə göründü. Ağ Evin rəhbəri təşəbbüsü
ələ keçirərək "Böyük
iyirmiliy"in qlobal iqtisadi əməkdaşlıqda daimi
şura kimi fəaliyyət göstərəcəyini,
"Böyük səkkizliy"in isə bundan sonra da tarixin
arxivinə silinmədən iqtisadi problemlərdən
uzaqlaşaraq milli təhlükəsizlik məsələləri
ətrafında birləşəcəyini bəyan etdi.
Dünya ictimaiyyətinin gözündə ABŞ bir neçə
günün içində son zamanlar böhranın
ağırlaşması ilə bağlı itirdiyi siyasi
xalların bir qismini geri qaytara bildi. "Böyük
iyirmilik" daim tənqid hədəfinə çevrilmiş
müşavirələrindən dövlət
başçılarının nüfuzlu forumu səviyyəsinədək
yüksəldi.
Dünya hələ resessiyadan
çıxmadığı üçün ABŞ Prezidenti
və İngiltərənin Baş naziri bütün dövlətləri
bank dərəcələrini artırmamağa və
iqtisadiyyatın müxtəlif sektorlarını dəstəkləməməyə
səslədilər. ABŞ, həmçinin,
ixracatçı ölkələrdən Çin, Hindistan və
Braziliyanı digər ixracatçı ölkələrlə
balansı gözləmək üçün daxili
istehlakı fəallaşdırmağa
çağırdı. Hindistan, Braziliya və Çinin Beynəlxalq
Valyuta Fondu və Dünya Bankı şuralarında
hüquqlarının artırılması tələbi də,
Avropanın etirazlarına baxmayaraq, ABŞ tərəfindən
dəstəkləndi və əldə edilən
razılığa görə, səslər inkişaf
etmiş və inkişafda olan ölkələr arasında bərabər
- əlli-əlliyə nisbətində bölündü. Lakin
maliyyə bazarları üzərində beynəlxalq nəzarətin
miqyasları ilə bağlı razılıq əldə
olunmadı. Bir sözlə, Ağ Ev bu sammitin Barak Obamanın
qələbəsi ilə başa çatdığını
bəyan etməkdən çəkinmədi. Maraqlısı
odur ki, Rusiya mətbuatı da eyni mövqedən
çıxış edərək öz liderlərinin qələbəsini
qeyd edir.
Bir sözlə, Pittsburq sammitini
"iyirmiliy"in bütün iştirakçıları
uğurlu saydı, dövlətlər belə qərara gəldilər
ki, onlar bir-birlərinin iqtisadiyyatlarını zəruri hallarda
təftiş edə bilərlər. Rusiya Prezidenti D.Medvedevin bu
yaxınlarda Yaroslavl sammitində dediyi kimi, bu, bütün
dövlətlərə hər hansı bir ölkədə
baş verən böhranın qurbanına çevrilməmək
imkanı verəcək. Davosda istehza ilə qarşılanan
rusların Pittsburqda bütün təkliflərinə dəstək
verildi.
Pittsburqda qəbul edilən yekun bəyanat
bu sözlərlə başlanır: "İqtisadi məsuliyyətsizlik
dövrünə son qoyaq". Dünya maliyyə sektorunun
islahatları başa çatmasa da, "Böyük
iyirmiliy"i təmsil edən prezidentlər iqtisadi səylərin
birləşdirilməsi nəticəsində artıq bu ilin
sonuna kimi 7 milyon iş yerinin açılmasının
mümkünlüyünü də vurğuladılar.
Eyni zamanda, hərbi müstəvidə
əldə edilən razılıqlar bu sammitin nüfuzunu bir
az da qaldırdı. Barak Obamanın Avropada raketdən
müdafiə sistemini yerləşdirmək niyyətindən
daşınmasını D.Medvedev çox mərd və cəsarətli
qərar kimi qiymətləndirərək Kalininqrad vilayətində
yaradılacaq raket əleyhinə müdafiə kompleksindən
imtina edəcəyini bəyan etdi. Bu sammitdə ən vacibi
iştirakçıların konstruktiv münasibətləri və
dünyanı yaxşıya dəyişmək
maraqlarının üst-üstə düşməsi idi.
"Böyük iyirmiliy"in qəbul
etdiyi yekun bəyanat böhranla bağlı bu vaxtadək qəbul
edilən bütün qərarlardan öz kamilliyi və həlli
vacib, təcili həll olunması planlaşdırılan
problemlərin geniş spektri ilə seçildi. Ən
başlıcası onu qeyd etmək yerinə düşərdi
ki, artıq "Böyük iyirmilik" dünyanın
birqütblü olmasının tərəfdarı deyil və
onun vahid güc mərkəzi tərəfindən idarə
olunmasını uğurlu siyasi addım kimi qəbul etmir.
Pittsburq bəşəriyyətin
yaddaşında güclü və zəif dövlətləri
birləşdirən məkan kimi qala bilər.
"Böyük iyirmiliy"in liderləri Pittsburqda beynəlxalq
iqtisadi əməkdaşlıq üzrə daim fəaliyyət
göstərən foruma çevrildiyini elan etdilər. Bu haqda
təşkilatın yaydığı sənəddə
deyilir. Ən vacibi, milli iqtisadiyyatlarda baş verə bilən
böhranları müntəzəm izləmək və
vaxtında lazımi iqtisadi tədbirləri həyata
keçirməkdir. Nəzərə almaq lazımdır ki,
dünya iqtisadiyyatı yalnız 20 dövlətdən ibarət
deyil, Rusiya Prezidenti belə hesab edir ki, bu məqsədlə
BMT-nin potensialından istifadə etmək ən düzgün
çıxış yoludur.
"Böyük iyirmilik"
dünya iqtisadiyyatının sabitliyini qorumaq məqsədilə
maliyyə sektorunun işçilərinə pul
mükafatlarının verilməsini tənzimləmək qərarına
gəlib. Etiraf olundu ki, böyük məbləğdə
mükafatların verilməsi yüksək risklə
bağlı qərarların qəbul edilməsinə gətirib
çıxardı. Dünyanın maliyyə sisteminin möhkəmlənməsi
üçün bu sistemin islahatlardan keçməsi
"böyük iyirmiliy"in iqtisadi siyasətinin
özülünü təşkil edəcək. Ona görə
də "iyirmilər" "Maliyyə sabitliyi komitəsi"nin
yüksək risklərə səbəb ola bilən qərarlardan
imtina edən standartların tətbiqini tam müdafiə etdilər.
Sənəddə qeyd olunur ki, nəzarət-təftiş
orqanları şirkətlərdə pul
mükafatlarının verilmə prosedurlarını və
mükafatların strukturlarını öyrənməlidir.
"Böyük iyirmiliy"in
üzvləri "çirkli" pulların yuyulmasına və
terrorist qrupların fəaliyyətinin maliyyələşdirilməsinə
qarşı mübarizə aparmağı öhdələrinə
götürdülər, şəffaflığın gözlənilməsi,
təcrübə və məlumat mübadiləsi ilə
bağlı vahid mövqedən çıxış etdilər.
Qərara alınıb ki, Almaniya
kansleri Angela Merkelin təklif etdiyi çərçivədə
"İqtisadiyyatın dayanıqlı inkişafı
xartiyası" ilə əməkdaşlıq davam etdirilsin.
Beynəlxalq maliyyə institutlarında islahatların
aparılması və yeni maliyyə memarlığının
inkişafı planetdə maliyyə sabitliyinin bərqərar
olmasında əsas rol oynayacaq.
"Böyük iyirmilik"
inkişaf edən və keçid mərhələsini
yaşayan ölkələrdə böhranın
qarşısını almaq üçün BVF-in maliyyələşdirilməsini
bundan sonra da gücləndirəcək.
Eyni zamanda, əhalinin yoxsul təbəqələrinin
ekoloji baxımdan təmiz enerji ilə təmin olunması qərara
alınmışdır.
Bəyanatda xüsusi
vurğulanır ki, əgər işsizliyin aradan
qaldırılması üçün davamlı addımlar
atılmasa, iqtisadi böhran sabitləşdikdən sonra belə
əksər ölkələrdə işsizlik artacaq. Dünya
iqtisadiyyatı sabitləşən kimi hər bir ölkə
işçi bazarının tənzimlənməsinə
başlamalıdır. Bunlardan savayı iş yerlərini
itirmiş və ya itirmək qorxusu güclü olan təbəqələr
üçün sosial müdafiə və kadrların
professional hazırlıqlarını artıran layihələr
həyata keçiriləcək.
Sammit iştirakçıları
2009-cu ilin noyabrına planetin güclü, dayanıqlı və
balanslaşdırılmış inkişafını təmin
edən çərçivə proqramını hərəkətə
gətirmək niyyətindədirlər. "Böyük
iyirmilik" Dünya Bankının gələcəkdə
iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi kimi
problemlərin həllində əsas rol oynaması, vacib
iqtisadi qərarların qəbul edilməsi üçün bu
təşkilatda islahatlar aparılmasının zəruriliyini
vurğuladı.
Yer kürəsində 4 milyard əhali
azsavadlıdır, maliyyə vasitələrinə və yeni
texnologiyalara malik deyil və həmçinin dünya iqtisadiyyatına
lazımi səviyyədə inteqrasiya olunmayıb.
"Böyük iyirmilik" bəyan etdi ki, həyat səviyyəsinin
və əmək məhsuldarlığının başqa
ölkələrdə də inkişaf etmiş dövlətlərin
səviyyəsinə qaldırılması üçün
fundamental islahatların aparılması və birgə tədbirlər
planının həyata keçirilməsi vacibdir.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2009.- 7 oktyabr.- S. 4.