Yeni arzular,yeni vəzifələr

 

Yetmiş yaşlı Gəncə Dövlət Universitetinin nüfuzu ilbəil artır, əlaqə-ünsiyyət dairəsi getdikcə genişlənir. Universitetin 15 nəfər məzunu Yunanıstanın, Bolqarıstanın, Hollandiyanın, Fransanın və İtaliyanın ali məktəblərində təhsillərini davam etdirir. Cari ildən etibarən universitetin daha 12 nəfər məzunu dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında öz biliklərini artıracaq. Bu yaxınlarda Bolqarıstanın Rosse Universitetindən altı aylıq təcrübə keçmək üçün iki nəfər Gəncəyə gəlib. Türkiyədən isə GDU-nun magistraturasına 18 nəfər qəbul olunub.

Kollektivin nüfuzu artdıqca bu qocaman təhsil ocağına gələnlərin sayı çoxalır. Cari ildə universitetin bakalavr bölməsinə 1052, magistraturasına isə 121 nəfərdən çox oğlan və qız qəbul olunub ki, bu da əvvəlki illərdəkinə nisbətən xeyli çoxdur.

Yetmiş yaşlı Gəncə Dövlət Universitetinin təcrübəli kollektivi yeni dərs ilinə təzə binada yeni təhsil proqramı ilə başlamışdır. Bu yaxınlarda universitetin yubileyini qeyd etdik. Keçilən yola nəzər saldıqca, istər-istəməz özündə daxili bir qürur duyursan: bu qocaman təhsil ocağının professor-müəllim heyəti bütün dövrlərdə, xüsusən, ölkəmiz müstəqillik əldə etdikdən sonra bilikli, bacarıqlı kadrların hazırlanmasında, gənc nəslin təlim-tərbiyəsində böyük işlər görüb. Ümummilli lider Heydər Əliyevin çox yüksək dəyərləndirdiyi müəllim adı bizim üçün həmişə əziz, uca olub. Ulu öndər deyirdi ki: "Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram. Çünki hər birimizə təhsil, bilik verən, bu səviyyəyə qaldıran məktəbdir və məktəbdə təhsil verən müəllimdir. Orta məktəb olsun, yaxud ali məktəb, fərqi yoxdur, hamısında təhsil verən müəllimdir. Ona görə də həyatımda ən çox sevdiyim adamlar mənim müəllimlərim olubdur. Mənə ilk təhsil verən, birinci sinifdən başlayaraq təhsil verən müəllimlərin hamısını böyük minnətdarlıqla xatırlayıram və bu fürsətdən istifadə edib müəllim peşəsinə bir daha yüksək hörmət və ehtiramımı bildirirəm. Sizə də tövsiyə edirəm ki, müəllim adını yüksək tutasınız".

Ümummilli lider Heydər Əliyevin bu dəyərli sözlərini təsadüfi xatırlatmadım. Çox xoşdur ki, adı, peşəsi müqəddəs sayılan müəllimlərin hazırlanıb xalqın xidmətinə göndərilməsində məhz 70 yaşlı universitetimizin də öz layiqli payı var. Elə buna görə də şərəfli yol keçmiş bu təhsil ocağının fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, 70 illik yubileyi münasibəti ilə Prezident İlham Əliyevin sərəncamı ilə əməkdaşlardan 2 nəfəri Azərbaycan Respublikasının əməkdar elm xadimi, 11 nəfəri əməkdar müəllim, 1 nəfəri əməkdar jurnalist fəxri adlarına layiq görüldü, 12 nəfəri isə "Tərəqqi" medalı ilə təltif edildi. Bu hörmət, ehtiram uzun illərin gərgin zəhmətinin bəhrəsidir.

Yeri gəlmişkən universitetimizin keçdiyi inkişaf yoluna qısa nəzər salaq. Ötən əsrin otuzuncu illərinin əvvəllərində Gəncə məktəblərində 351 nəfər müəllim işləyirdi. Onlardan yalnız 33 nəfərinin ali təhsili var idi. Hətta 31 məktəb direktorundan yalnız iki nəfər ali təhsilli idi. Ölkənin qərb regionunda, eləcə də çoxsaylı soydaşlarımız yaşayan qonşu respublikalarda müəllim kadrlarına olan ciddi ehtiyacı ödəmək məqsədilə Azərbaycan Xalq Komissarları Soveti Gəncədə ikiillik müəllimlər institutunun yaradılması barədə 14 aprel 1938-ci il tarixli qərar imzaladı. Həmin vaxtdan 23 müəllimi, 244 tələbəni əhatə edən təbiyyat və fizika-riyaziyyat fakültələrindən ibarət institut fəaliyyətə başladı. Gələcəyin məşhur şairi Əhməd Cəmil, sonralar akademik səviyyəsinə yüksəlmiş Ələkbər Quliyev, Musa Musayev və başqaları bu ali təhsil ocağının ilk müəllimləri sırasına daxil oldular.

1939-cu ildə tarix, Azərbaycan dili və ədəbiyyat fakültələri yaradıldı, təbiyyat fakültəsinin fəaliyyəti genişləndirilərək təbiyyat-coğrafiya fakültəsi oldu.

1943-cü ildə pedaqoji kollektivə yeni bir sevinc bəxş edildi. İnstitutumuzun bazasında dördillik Gəncə Dövlət Pedaqoji İnstitutu yaradıldı və ona məşhur təbiətşünas alim, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin adı verildi. İkinci dünya müharibəsinin ağır sınaqlarından uğurla çıxan kollektiv dinc quruculuq illərində böyük inkişaf yoluna qədəm qoydu. Professor-müəllim heyətinin tərkibində də əsaslı dönüş yarandı. 1946-1950-ci illərdə akademiklərdən Əlisöhbət Sumbatzadə, Əziz Mambetov, professorlardan İbrahim İbrahimov, Məmmədyusif Axundzadə, Səlim Cəfərov, Həzrət Səfərov kimi görkəmli alim-tədqiqatçılar institutun daha da inkişaf etməsi üçün öz elmi-pedaqoji töhfələrini verdilər. 1957-1958-ci tədris ilində artıq professor-müəllim heyətinin sayı 86 nəfərə çatmışdı ki, onların 18 nəfərinin elmi dərəcəsi var idi. 1965-ci ildə dörd fakültədə 2536 nəfər tələbə təhsil alırdı, onlarla 13 kafedranın əməkdaşları məşğul olurdular.

1968-ci ilin statistik məlumatına görə, ötən müddət ərzində institutumuz 10 min nəfərdən çox müəllim hazırlamışdı. Məzunlardan 7 nəfəri elmlər doktoru və professor, 50 nəfəri isə elmlər namizədi, dosent adını almış, bir çoxu rəhbər vəzifələrə irəli çəkilmişdi. Onların monoqrafiyaları, tədris vəsaitləri və məqalələri elmi ictimaiyyət arasında geniş rəğbət qazanmışdı. Təsadüfi deyildir ki, kollektivimiz tədrisdəki və elmi-tədqiqat işlərindəki uğurlarına görə Nazirlər Sovetinin 18 iyun 1969-cu il tarixli sərəncamı ilə birinci kateqoriyalı ali məktəblər sırasına daxil edilmişdi.

Həmin dövrdə institutun maddi-texniki bazası xeyli möhkəmləndi. Ötən əsrin yetmişinci illərinin əvvəllərində dördmərtəbəli yeni tədris korpusu və hər şəraiti olan yataqxana binası istifadəyə verildi. İllər keçdikcə tədrisin keyfiyyəti yüksəlir, ixtisasların, fakültələrin sayı artır, kafedralar çoxalırdı. 1998-1999-cu tədris ilində institutda 18 nəfər elmlər doktoru, 153 nəfər elmlər namizədi fəaliyyət göstərirdi. 1992-ci ildə yaradılan aspirantura şöbəsi gənc tədqiqatçı-alimlərin yetişməsində mühüm rol oynayır.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra institutumuzun fəaliyyəti yeni məcraya, yeni inkişaf yoluna qədəm qoydu. 1998-ci ildə institutda xarici dillər fakültəsi açıldı. 1999-cu ildə fransız dili şöbəsinin yaradılması haqqında müqavilə bağlandı. Alman dili ixtisasının fəaliyyəti də xarici dillər üzrə savadlı milli kadrların hazırlanmasına ciddi şərait yaratdı.

Təhsil ocağımızın inkişafında ulu öndərin qayğısı və köməyi xüsusi qeyd olunmalıdır. Ümummilli liderin təşəbbüsü ilə təhsil sahəsində aparılan islahatlar öz bəhrəsini verməyə başladı. Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli qərarı ilə ali məktəbə universitet statusunun verilməsi bu qayğının parlaq təzahürüdür. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin qayğısı və köməyi sayəsində Gəncə Dövlət Universitetinin nüfuzu ilbəil artır, fəaliyyət dairəsi genişlənir.

Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yeni Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində görülən işlər xüsusi qeyd olunmalıdır.

Maliyyə böhranının bütün dünyanı bürüyən bir dövrdə universitet üçün xeyli miqdarda vəsait ayrıldı. Bu hesaba iki tədris binası əsaslı surətdə təmir edildi, idman zalı yenidən quruldu. Əsas binada istilik sistemi, su, kanalizasiya, rabitə, elektrik xətləri yeniləşdirildi, pillələrə, foyelərə mərmər plitələr döşəndi. Binanın fasadı Gəncənin ümumi memarlıq üslubuna uyğun təzələndi, köhnə üslublu pəncərələr dekorativ şüşələrlə əvəz edildi.

İş şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi çox önəm daşıyır. Lakin əsas məsələ tədris prosesinin müasir tələblər səviyyəsində qurulmasına nail olmaqdan ibarətdir. Elə buna görə də kollektivimiz Avropa təhsilini əhatə edən "Bolonya prosesi"nə qoşulmuşdur. Proqramın tələbinə uyğun olaraq birinci kursa gələn tələbələrin hər biri üçün fərdi tədris planları tərtib edilmişdir. Həmin planlar əsasında müəllimlərin dərs yükləri müəyyən edilmiş, müvafiq fakültə dekanlarının təqdimatı ilə "tyütor xidməti" yaradılmışdır.

Bizdə tədris prosesinin kredit sistemi əsasında təşkilinə hələ 2006-2007-ci tədris ilindən başlanılmış, ilk dəfə riyaziyyat-informatika fakültəsinin informatika ixtisasında eksperiment kimi tətbiq olunmuşdur. Birillik təcrübədən sonra, 2007-2008-ci tədris ilində 4 fakültədə 11 ixtisas üzrə, cari tədris ilindən isə bütün fakültələrdə kredit sisteminə keçilmişdir.

"Bolonya prosesi"nin Baltik ölkələrin ali məktəblərində necə qurulduğunu öyrənmək məqsədilə bir qrup əməkdaşımız Vilnüs və Kaunas universitetlərinə ezam olunmuşlar. Gətirilən tədris planları və digər sənədlər orada istifadə olunan sənədlərlə müqayisə edilmiş, fərqli və oxşar cəhətlər araşdırılmış, müntəzəm surətdə qabaqcıl iş təcrübəsindən istifadə edilməsinə başlanılmışdır.

Kredit sisteminin tələblərinə uyğun auditoriyalar, laboratoriyalar kompüterlərlə təmin edilmişdir. Universitetdə yaradılan sürətli internet şəbəkəsi əməkdaşların tam istifadəsinə verilmişdir.

Müasir dövrdə yüksək səviyyəli mütəxəssislərin hazırlanması beynəlxalq əlaqələrin yaradılmasını tələb edir. Universitet bu istiqamətdə hələ 2006-cı ildən fəaliyyətə başlamış, Avropa İttifaqının dəstəklədiyi Erazmus Mundus proqramı çərçivəsində təhsilin bütün pillələri üzrə Avropa universitetlərində kadr hazırlığına diqqəti artırmışdır. 2007-ci ilin sentyabr ayından icrasına başlanmış bu layihə 2011-ci ilədək davam edəcəkdir. Layihənin əsas məqsədi Avropa ölkələrinin aparıcı ali təhsil ocaqlarında magistr, aspirant və doktor hazırlamaqdan, bakalavr pilləsində oxuyan tələbələrin həmin universitetlərdə təhsillərinin davam etdirməsinə şərait yaratmaqdan, tədqiqatçılara elmi yaradıcılıq məqsədi ilə qısa, yaxud uzunmüddətli ezamiyyələr imkanı verməkdən, təhsil və elm sahəsində uyğun kafedralar arasında əməkdaşlıq münasibətlərini genişləndirməkdən ibarətdir. Layihədə Fransa, Almaniya, İtaliya, Portuqaliya, Litva, Bolqarıstan və digər ölkələr iştirak edir. Gəncə Dövlət Universiteti həmin ölkələrin ən nüfuzlu yeddi universiteti ilə bağladığı müqavilələr çərçivəsində təcrübə toplamaq və təhsil almaq hüququ qazanmışdır. Artıq Lissabon Dövlət Universiteti (Portuqaliya), Soloniki ATEİ Universiteti (Yunanıstan), Bolqarıstan Rousse, Latviya Rezekne Auqstskola Universiteti, Hollandiya HAS Den Bosh Universiteti, Litva Mykolas-Romerius Universiteti ilə qarşılıqlı müəllim və tələbə mübadiləsi aparılmışdır.

Beynəlxalq əlaqələrin qurulması üçün ikinci istiqamət Şərqi Avropa ölkələrinin (Macarıstan, Çexiya, Slovakiya) universitetləri və elm mərkəzi ilə əldə olunmuş razılaşmalardır. Üçüncü istiqamət isə Almaniyanın Baden Vütenburq universitetləri ilə əlaqələrin qurulması üçün yazılmış layihə təklifidir. Həmin təklif Almaniyanın Azərbaycandakı səfirliyinə və Baden Vütenburq Universitetlər şəbəkəsinə təqdim edilmişdir.

Bolonya prosesinə qoşulan hər bir ali təhsil müəssisəsi ilk növbədə attestasiyadan keçməli, akkreditasiya olunmalıdır. Bu məqsədlə təhsil ocağında zəruri struktur dəyişikliyi edilmişdir. Bəzi fakültələrdə ixtisaslar onun profilinə, bəzi kafedraların adları isə universitetin istiqamətinə uyğun gəlmirdi. Elmi şurada müzakirə edilib qəbul olunmuş layihəyə əsasən, fakültə və kafedraların adları dəyişdirilmiş, ləğv edilən kafedraların bazasında yeniləri yaradılmış, dərs saatları arasında uyğunsuzluq aradan qaldırılmışdır.

Avropa təhsil məkanına inteqrasiya prosesini sürətləndirmək istiqamətində mühüm addımlardan biri də ali təhsilin bakalavr pilləsi üçün ixtisasların yeni siyahısının hazırlanmasıdır. Bu siyahıya müəllim hazırlığı ilə bağlı yeni bölmə daxil edilmişdir ki, orada 21 ixtisas nəzərdə tutulmuşdur. "İbtidai sinif müəllimi hazırlığı kurikulumu"nun tərtibatı və tətbiq edilməsi üçün seçilmiş üç pilot ali təhsil müəssisəsindən biri də Gəncə Dövlət Universitetidir.

Kurikulum ümumi təhsilin məzmununun müasir tələblər zəminində yeniləşdirilməsini nəzərdə tutur. Heç şübhəsiz ki, kollektiv bu mühüm işin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.

Universitetdə 8 fakültə, 37 kafedra, habelə magistratura, qiyabi, xarici əlaqələr və nəşriyyat şöbələri fəaliyyət göstərir. Hazırda universitetdə bakalavr pilləsi üzrə dörd mindən, magistr təhsili üzrə üç mindən artıq tələbə təhsil alır. Təlim-tərbiyə və elmi-tədqiqat işləri ilə 575 nəfər müəllim məşğul olur. Professor-müəllim heyətinin 16 nəfəri elmlər doktoru və professor, 172 nəfəri isə elmlər namizədi və dosentdir.

Universitetdə elmi kadrların hazırlanmasına və elmi-tədqiqat işlərinin həyata keçirilməsinə böyük diqqət yetirilir. Hazırda 11 nəfər aspirant, 72 nəfər dissertant elmi-tədqiqat işi aparır və 30 nəfər doktorluq dissertasiyası üzərində çalışır.

Universitetimizin fəaliyyətinin mühüm hissəsi müasir təlim metodlarından, informasiya texnologiyalarından bacarıqla istifadə edə bilən, yüksək pedaqoji, psixoloji və metodiki hazırlığa malik müəllim kadrları hazırlamaqdan ibarətdir. Hər il mindən cox tələbəmiz 20 orta məktəbdə pedaqoji təcrübə keçir, əməli vərdişlər qazanırlar.

Universitetdə hazırlanan pedaqoji kadrlara təhsil nazirliyinin təqdim etdiyi vakant yerlərdə işləmək üçün təyinat verilir. Həmin mütəxəssislər üçün iki istiqamətdə həvəsləndirmə tədbirləri müəyyən edilmişdir. Belə tədbirlər pedaqoji fəaliyyətini üç il müddətində eyni iş yerində davam etdirən gənclərə və eləcə də bu qaydada həmin bölgələrdə (yüksək dağlıq rayonlarında) işləmək istəyən digər kateqoriyalı müvafiq ixtisaslı pedaqoji kadrlara şamil olunur.

Uzunmüddətli müzakirələrdən sonra, nəhayət, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ölkənin ictimai-mədəni həyatında əlamətdar hadisədir. Qanunda mövcud nailiyyətlər nəzərə alınmaqla yanaşı, təhsilin dünya sisteminə inteqrasiyası da öz əksini tapmış, onun inkişaf yolları və qarşıda duran vəzifələr çox aydın şəkildə göstərilmişdir.

"Təhsil haqqında" qanun bizim ən ümdə fəaliyyət proqramımızdır və kollektivimiz hər sahədə onun uğurlu icrası üçün əlindən gələni edəcəkdir.

 

 

Elman MƏMMƏDOV,

Gəncə Dövlət Universitetinin

rektoru, professor

 

Azərbaycan.- 2009.- 7 oktyabr.- S. 5.