Prezident İlham Əliyev paytaxtın Filarmoniya bağında aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də paytaxtın Filarmoniya bağında aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.

Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva bağı gəzdilər.

Məlumat verildi ki, 1830-cu ildə İçərişəhərin qala divarına bitişik ərazidə salınan və uzun müddət qədim Bakının yeganə istirahət məkanı olan Filarmoniya bağının maraqlı tarixi vardır. XIX əsrin əvvəllərində Bakının komendantı İrandan gələn bütün gəmi sahiblərinin qarşısına hərəyə bir çuval qara torpaq gətirmək barədə şərt qoymuşdu. Gətirilən torpağın tökülüb yayıldığı bu ərazidə bitkilərin çeşidi zənginləşdirilir, beləliklə də bağ şəhərin "yaşıl adası"na çevrilir. XIX əsrin 60-70-ci illərində bu bağın ərazisi xeyli genişləndirilmişdir. Ötən əsrin əvvəllərində isə Şəhər Dumasının qərarı ilə bu ərazidə indiki Filarmoniya binasının tikilməsi o vaxtlar Qubernator bağı adlanan istirahət guşəsinin şöhrətini daha da artırmış, əraziyə xüsusi yaraşıq vermişdir. Sahəsi 4,6 hektar olan bu bağ əvvəlcə Qubernator, sonra Mixaylov bağı adlanmışdır. O vaxtlar da bu bağa digərlərindən daha çox diqqət və vəsait ayrılırdı. Çünki bağdakı sıx yaşıllıq Şəhər Dumasının fəxri idi.

Bağ salınandan sonrakı dövrdə ilk dəfə burada abadlıq işləri ötən əsrin 70-ci illərində aparılmışdı. Uzun inkişaf mərhələsi keçən bağ bir çox dövrlərdə baxımsızlıqdan ziyan çəkmişdir. Bundan əlavə, ərazidə uzun müddət zövqsüz iaşə obyektlərinin inşası bağın təyinatını da dəyişmişdir.

Lakin Prezident İlham Əliyevin diqqət və qayğısı bu bağın da tarixi şöhrətini qaytarmağa imkan vermişdir. 2007-ci ilin mayında əraziyə gələn dövlətimizin başçısı burada abadlıq və yenidənqurma işlərinin aparılması ilə bağlı tapşırıqlarını vermişdi. Prezident İlham Əliyev mütəmadi olaraq əraziyə gələrək işlərin gedişi ilə maraqlanmış, yenidənqurma prosesinin orijinal üslubun saxlanılmaqla həyata keçirilməsinin vacibliyini bildirmişdi.

Aparılmış yenidənqurma işləri nəticəsində Filarmoniya bağı da Bakının digər parkları kimi paytaxt sakinlərinin maraqlı istirahət yerinə çevrilmişdir.

Bağdakı fəvvarə, pavilyon və köşklər yenidən qurulmuş, XIX əsr paytaxt memarlığının Qərb meyillərinin Şərq üslubu ilə uzlaşdırılması bağın dizaynına xüsusi yaraşıq vermişdir. Bağın özünəməxsus bitki örtüyü olduğu kimi qorunub saxlanılmış, yenidənqurma mərhələsində yaşıllıq zolağının artırılmasına daha çox diqqət yetirilmişdir. Yenidənqurma prosesində Bakının tarixi, onun keçmişi ilə sıx bağlı olan bağın bədii tərtibatı xüsusi diqqətdə saxlanılmışdır. 1865-ci ildə burada əkilən dekorativ bitkilər öz gözəlliyi ilə diqqəti çəkir, yeni ağac və gül kolları da bağdakı yaşıllıq zolağına, ümumilikdə isə park elementlərinə əlavə rəng qatır. Yenidənqurma zamanı burada nadir ağac növləri - palıd, sidr və göyrüş ağacları əkilmiş, yeni suvarma sistemi quraşdırılmışdır.

 

Bağda yeni planlaşdırma işlərinin aparılması və bu prosesə xarici mütəxəssislərin də cəlb olunması ilk növbədə burada görülən işin keyfiyyətindən xəbər verir. Fransanın "İnter Art" şirkətinin məxsusi olaraq layihələndirdiyi bağda orijinal formada tikilən fəvvarə Bakıda ilk dəfə məhz burada yerləşdirilmişdir. Fəvvarə və onun arxasındakı memarlıq tikilisi həm dizaynına, həm də koloritinə görə Bakının nostalji hissləri doğuran elementlərinin bir yerdə cəmləşdiyi məkan kimi diqqəti çəkir. Bağda yeni ağaclar əkilmiş, ərazi müxtəlif bitkilərlə zənginləşdirilmiş, gözəl landşaft kompozisiyaları yaradılmışdır. Bakıda ilk dəfə olaraq bu bağda klassik musiqi səsləndiriləcəkdir.

Dövlətimizin başçısının və xanımının diqqətinə çatdırılmışdır ki, bağda bərpa və yenidənqurma işləri ilə yanaşı, arxeoloji qazıntılar da aparılmışdır. Ərazidə İçərişəhərin ikinci qala divarı və qala qapısı da aşkar olunmuşdur.

Tamamilə yenidən qurulan kafeteriyada paytaxt sakinlərinin, qonaqların istirahətinin təşkili üçün hər cür şərait yaradılmışdır.

Bağla tanışlıqdan sonra Prezident İlham Əliyev burada yenidənqurma işlərinə cəlb olunmuş Fransanın "İnter Art" şirkətinin nümayəndələri ilə görüşmüş, işləri yüksək səviyyədə yerinə yetirən mütəxəssislərə uğurlar arzulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 8 oktyabr.- S. 1.