Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

Son illər Tovuz rayonunun sosial-iqtisadi inkişafı, yol digər infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində bir sıra mühüm işlər görülmüşdür. Bu istiqamətdə görülən tədbirlərin daha da sürətləndirilməsi, bütövlükdə 21 min nəfər əhalinin yaşadığı 43 yaşayış məntəqəsini, o cümlədən Ermənistan Respublikası ilə sərhəddə yerləşən 19 dağ kəndini rayon mərkəzi ilə birləşdirən, xüsusi strateji əhəmiyyətə malik olan Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun yenidənqurulması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun yenidənqurulması məqsədilə Tovuz Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon (beş milyon) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 oktyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 8 oktyabr.- S.1.