Bələdiyyə seçkilərinin vaxtı təyin
edildi
Oktyabrın 7-də Məzahir Pənahovun
sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının
iclası keçirilmişdir.
Mərkəzi Seçki
Komissiyasının mətbuat xidmətindən bildirmişlər
ki, komissiya əvvəlcə Azərbaycan Respublikasında
növbəti seçkilərin təyin edilməsi barədə
məsələyə baxmışdır. Bu məsələ
barədə məlumat verən Mərkəzi Seçki
Komissiyasının sədri bildirmişdir ki, artıq 10 ildir
ölkəmizdə bələdiyyələr fəaliyyət
göstərir və bu yerli özünüidarə
qurumları gənc institut olmasına baxmayaraq, fəaliyyət
göstərdikləri qısa müddət ərzində zəngin
təcrübə qazanmış və onların işlərinin
faydalı əmsalı ildən-ilə artır. Carı ildə
bələdiyyələrin səlahiyyət müddəti
başa çatır və bu qurumlara növbəti
seçkilərin təyin edilməsi üçün əsas
yaranmışdır. Seçki Məcəlləsinin tələbinə
əsasən, seçkilər səsvermə gününə
azı 75 gün qalmış təyin edilməlidir. Respublika
üzrə 1718 bələdiyyəyə 15 682 üzv
seçilməlidir. İşğal altındakı
rayonlarımızın əhalisi təəssüflər olsun
ki, bu seçkilərdə iştirak edə bilməyəcəkdir.
Sədr qeyd etmişdir ki, komissiya
bələdiyyə seçkilərinin keçirilməsi ilə
əlaqədar hüquqi bazanın gücləndirilməsi
üçün normativ xarakterli aktlar təsdiq edərək dərc
etdirmiş və onları aşağı seçki
komissiyalarına çatdırmışdır. Həmin sənədlər
mətbuat və Mərkəzi Seçki Komissiyasının
internet səhifəsi vasitəsi ilə rəsmiləşdirilmişdir.
Sonra komissiyanın sədri MSK
üzvlərinə bələdiyyə seçkilərinin təyin
edilməsinə dair qərar layihəsi barədə məlumat
vermişdir. Mərkəzi Seçki Komissiyası qərara
almışdır ki, Azərbaycan Respublikasında növbəti
bələdiyyə seçkiləri 2009-cu il dekabrın
23-ü, çərşənbə gününə təyin
edilsin və seçki keçiriləcək bələdiyyələrin
siyahısı dərc edilsin.
Mərkəzi Seçki
Komissiyasının katibi Natiq Məmmədov "Azərbaycan
Respublikasında bələdiyyə seçkilərinin
hazırlanıb keçirilməsi üzrə əsas hərəkət
və tədbirlərin Təqvim planı"nın təsdiq
edilməsinə dair məsələ barədə məlumat
vermişdir. Komissiya Təqvim planının təsdiq edilməsi
barədə qərar qəbul etmişdir.
Komissiyanın iclasında cari məsələlərə
də baxılmışdır.
İclasda ATƏT-in Bakı
ofisinin, ABŞ və Fransa səfirliklərinin, Milli Demokratiya
İnstitutunun (ABŞ), Seçki Sistemləri üzrə Beynəlxalq
Fondun (ABŞ) təmsilçiləri və kütləvi
informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 8
oktyabr.- S. 7.