Azərbaycanda səfərdə olan Litvanın kənd təsərrüfatı naziri Milli Məclisin Aqrar siyasət komitəsinin üzvləri ilə görüşmüşdür

 

Ölkəmizdə səfərdə olan Litvanın kənd təsərrüfatı naziri Kazis Starkyaviçyusun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 7-də Milli Məclisin Aqrar siyasət komitəsinin üzvləri ilə görüşmüşdür.

Komitə sədri Eldar İbrahimov parlamentin fəaliyyəti, aqrar sahə ilə əlaqədar qəbul olunmuş qanunlar və hazırlanan qanun layihələri, ölkəmizdə həyata keçirilən islahatlar barədə ətraflı məlumat vermiş və demişdir ki, məqsədimiz müasir, güclü iqtisadiyyat qurmaq, onun şəffaf qanunvericilik bazasını yaratmaqdır. Litva ilə Azərbaycan arasında iqtisadi, humanitar və parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğulayan E.İbrahimov hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirmişdir.

O bildirmişdir ki, son illər Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları dünyanın müxtəlif ölkələrinə ixrac olunur və dünya bazarında kifayət qədər yüksək reytinq qazanmışdır. Bu sahədə özəl sektorun da xüsusi rolu vardır.

E.İbrahimov demişdir ki, hazırda komitə üzvləri əlaqədar təşkilatlarla birlikdə beynəlxalq standartlara cavab verən "Pambıqçılıq haqqında", "Taxılçılıq haqqında", "Fitosanitar nəzarəti haqqında" yeni qanun layihələri üzərində iş aparır. Bu qanunların qəbulu ölkəmizdə kənd təsərrüfatının inkişafında əhəmiyyətli rol oynayacaqdır.

Litvalı nazir Kazis Starkyaviçyus qonaqpərvərliyə və ətraflı məlumata görə minnətdarlığını bildirmiş, Bakıya "Caspian Agro-2009" kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və qablaşdırılması beynəlxalq sərgisində iştirak etmək məqsədilə gəldiklərini qeyd etmişdir. Qonaq sərginin açılışında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüklərini, dövlətimizin başçısının Litva Ticarət Evinin təşkil etdiyi pavilyonda sərgilənən kənd təsərrüfatı və emal sənayesi məhsullarının keyfiyyətini yüksək dəyərləndirdiyini xüsusi qeyd etmişdir. Kazis Starkyaviçyus ölkəmizlə qənnadı, süd məhsulları və geyim sahəsində mübadilənin vacibliyini bildirmişdir.

Söhbətdə ölkəmizdə aqrar sahənin inkişaf perspektivləri, iqtisadi infrastrukturun möhkəmləndirilməsi, istehsal məhsullarının beynəlxalq bazara çıxarılması və digər məsələlər barəsində də fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 8 oktyabr.- S. 2.