Telekanalların efir siyasəti tamaşaçıların və cəmiyyətin maraqlarına xidmət etməlidir

 

"Azərbaycan" qəzeti qaldırılan problemin ictimaiyyətin davamlı gündəmində olduğunu nəzərə alaraq "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" mövzusunda "dəyirmi masa" təşkil etdi. Tədbirdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə, Milli Məclisin deputatları - Zahid Oruc, professor Fəzail İbrahimli, professor Cəmil Həsənli, Fazil Mustafa, həmçinin Milli Televiziya və Radio Şurasının üzvü Qafar Cəbiyev, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, professor Qulu Məhərrəmli, Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Azəripress" (APA) informasiya agentliyinin rəhbəri Vüsalə Mahirqızı, xalq artisti Mənsum İbrahimov, "Azərbaycan Teleradio Verilişləri" QSC-nin "Ədəbi-dram verilişləri" baş redaksiyasının Baş redaktoru Sadıq Elcanlı, İctimai Televiziyanın departament direktoru Füzuli İsmayılov iştirak edirdilər. Qeyd edək ki, "dəyirmi masa"da iştirakla bağlı ATV rəhbərliyi ilə ilkin razılaşma olsa da, son anda telekanalın təmsilçiləri nümayəndələrini göndərməyərək deməyə sözlərinin olmadığını bildirdilər.

Tədbiri "Azərbaycan" qəzetinin Baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV giriş sözü ilə açaraq dedi:

- Akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqaləsi "Azərbaycan" qəzetində dərc olunduğu günün səhər saatlarından başlayaraq redaksiyamıza çoxsaylı telefon zəngləri gəlməyə başladı. Məqalə ilə tanış olan oxucularımız müəllifə onları daim düşündürən, bütün cəmiyyətimizi narahat edən və dövlətçiliyimiz üçün vacib olan bir məsələyə toxunduğuna görə dərin minnətdarlıqlarını bildirir, müəyyən təkliflərlə çıxış edir və bu yazıdan sonra televiziyaların öz fəaliyyətlərində ciddi dönüş yaradacaqlarına inamlarını ifadə edirdilər.

Məqalə elə işıq üzü gördüyü gündən geniş ictimai rezonans doğurub. Akademik Ramiz Mehdiyev bu yazısında xüsusən ölkənin ziyalı və intellektual təbəqəsinin, televiziyanın cəmiyyətdə rolunu daha yaxşı bilən insanların arzularını ifadə edib. Redaksiyamıza edilən çoxsaylı oxucu müraciətlərinin özü artıq məqalədə qaldırılan məsələlərlə bağlı ictimai müzakirələrin başlanması demək idi. Müzakirələrdə bir ürəkaçan məqam da diqqəti xüsusilə cəlb edir: İqtidaryönümlü mətbuatla yanaşı, müstəqil və müxalifət partiyalarına mənsub qəzetlər, fərqli əqidəyə mənsub olan insanlar məqalədə qaldırılan məsələlərə, Azərbaycanın efir məkanında baş alıb gedən mənfi proseslərin və tendensiyaların tənqidinə birmənalı dəstək verirlər. Siyasi baxışları müxtəlif olan bütün qəzetlərlə yanaşı, eyni zamanda, bütün internet xəbər portalları məqaləni təqdir edən, dəstək verən mövqelərlə, fikirlərlə zəngindir. Bu onu göstərir ki, Azərbaycan xalqı, Azərbaycan ziyalısı özünün milli-mənəvi dəyərlərinə, gənc və böyüməkdə olan nəslin tərbiyəsinə biganə deyil və vahid mövqedə birləşərək mental baxışlarımıza, əxlaq normalarımıza zidd olan neqativ hallara qarşı kəskin reaksiyasını ifadə etməyi bacarır.

Bu gün Azərbaycan demokratik dəyərləri və azad bazar iqtisadiyyatı prinsiplərini rəhbər tutaraq sivil və bəşəri yolla inamla, sürətlə inkişaf edir. Bu inkişafın əsas göstəricilərindən biri ölkəmizdə təsbit edilən mətbuat və söz azadlığıdır. Azərbaycanda mətbuat və söz azadlığı bərqərar olunmaqla yanaşı, onun mövcudluğu üçün təkmil qanunvericilik bazası yaradılıb. Ən əsası, Azərbaycan iqtidarı azad sözün, azad mətbuatın inkişafına daim öz qayğısını göstərir. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev 1998-ci il avqustun 6-da çox müdrik bir addım ataraq mətbuat üzərində olan senzura nəzarətini ləğv etdi. O dövrdə çoxları hesab edirdilər ki, bu, hələ tezdir. Amma tarix bir daha göstərdi ki, ulu öndər Heydər Əliyev həmişə olduğu kimi, bu məsələdə də haqlı imiş. Əslində, Azərbaycanın müstəqil mətbuatının tarixi də məhz həmin dövrdən hesablanmalıdır.

Ulu öndərin azad sözün və mətbuatın inkişafına yönəlik müdrik siyasəti bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Yəni, sonrakı dövrlərdə azad sözün inkişafı üçün möhkəm qanunvericilik bazasının yaradılması ilə bahəm mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, əlavə dəyər vergisindən azad olunması, müstəqil qəzetlərin mətbəələrə olan borclarının əvvəlcə dondurulması və sonra ləğv edilməsi, dəfələrlə birdəfəlik maddi yardımların göstərilməsi, Prezident İlham Əliyevin sərəncamı ilə milli mətbuatımızın yubileyinin keçirilməsi, jurnalistlərə dövlət mükafatlarının verilməsi, fəxri adlara layiq görülməsi Azərbaycan hakimiyyətinin azad sözün möhkəmlənməsinə olan diqqətinin bariz təcəssümüdür. Ən nəhayət, mətbuata dövlət qayğısının gözəl nümunələrindən biri kimi Kütləvi İnformasya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbulunu göstərmək olar. Bu il aprelin 4-də həmin konsepsiya əsasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Bu fond müstəqil mətbuatın işinə müdaxilə etmədən, onun daxili işlərinə qarışmadan qrantlar verməklə mətbuata yardım göstərir. Beləliklə, bu fondun yaradılması və fəaliyyətə başlaması ilə Azərbaycan iqtidarı azad sözün inkişafına öz dəstəyini artıq neçənci dəfə ifadə etmiş oldu.

Təbii ki, müstəqil televiziya və radioların fəaliyyəti də azad sözün göstəricisidir. Dövlət onların işinə müdaxilə etmir. Amma bir müddətdir ki, müstəqil mətbuatın və müstəqil telekanalların fəaliyyətində xoşagəlməz meyillərin meydana çıxdığı müşahidə olunmaqdadır. Bu, çap mətbuatında "reket" qəzetlərin yaranması, elektron informasiya vasitələrində isə ucuz və mənəvi dəyərlərə zidd şouların baş alıb getməsi, ciddi proqramlar ortaya qoymayan televiziyaların ölkənin ziyalı və intellektual təbəqəsini özündən uzaqlaşdırmasıdır.

Dövlətimizin qarşısında çox mühüm vəzifələr durur. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, gəncliyin azərbaycançılıq ideyası əsasında, müstəqil dövlətçiliyimizə sədaqət, ərazi bütövlüyümüzün bərpası yolunda hər an mübarizəyə hazır olmaq, vətənpərvərlik və digər bu kimi mənəvi keyfiyyətlər ruhunda tərbiyəsi də bu vəzifələr sırasında yer alır. Vətənini, dövlətini sevən, xalqının gələcəyini düşünən hər bir Azərbaycan vətəndaşı, eləcə də televiziya kanallarımız bu məsələlərə biganə qalmamalıdırlar.

Çox sevindirici haldır ki, hörmətli akademik, Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev Azərbaycanın efir məkanındakı problemlərlə bağlı kəskin, obyektiv və prinsipial mövqedən çıxış edərək yerli televiziya kanallarının proqram siyasətində ciddi yanlışlıqlara yol verdiklərini dərin təhlillərlə izah etdi. Məqalə çox əhatəli şəkildə yazılıb və Azərbaycan teleməkanının bütün mövcud vəziyyəti orada öz əksini tapıb. Nəzərə almalıyıq ki, məqalədə qaldırılan məsələlər bütün Azərbaycan iqtidarının mövqeyidir və dövlətin iradəsi kimi ictimaiyyətə təqdim olunur.

Bu məqalə ətrafında artıq ictimaiyyət geniş müzakirələrə başlayıb. Bizim bu tədbirimizin də məqsədi akademik Ramiz Mehdiyevin məqaləsi ətrafında diskussiya aparmaq, fikir və mülahizələrimizi bölüşdürməkdir. İnanıram ki, bu "dəyirmi masa"da "Nə etmək lazımdır?" sualı ətrafında çox dəyərli fikirlər səsləndiriləcək, mövqelər ortaya qoyulacaqdır.

 

Aydın MİRZƏZADƏ:

- Belə bir "dəyirmi masa"nı təşkil etdiyinə görə "Azərbaycan" qəzetinə təşəkkürümü bildirirəm. Akademik Ramiz Mehdiyevin Azərbaycan teleməkanındakı mövcud problemlərlə bağlı "Azərbaycan" qəzetində dərc olunan konseptual, dərin məzmunlu və əhatəli məqaləsi artıq bir neçə gündür ki, ölkədə ictimai fikrin əsas mövzusu kimi diqqəti cəlb edir. Hörmətli akademik məqalədə yerli televiziya və radio qurumlarının kifayət qədər ciddi və ağrılı problemlərinə toxunub. Amma ən maraqlısı odur ki, yazı təkcə problemlərin qabardılması ilə bitmir. Akademik Ramiz Mehdiyev bütün problemləri dərindən təhlil etməklə ondan çıxış yollarını da aydın şəkildə göstərib.

Akademik Ramiz Mehdiyev görkəmli filosof kimi vaxtaşırı fəlsəfə nəzəriyyəsini ictimai problemlər kontekstində təqdim edir. Bu dəfə də onun mövzusu ictimai inkişafımızın maraqlı bir məqamına toxunub. Bugünkü inkişafımızın müxtəlif sahələri və istiqamətləri vaxtaşırı tədqiq edilir, onların daha yaxşı inkişaf etməsi üçün həm dövlət, həm cəmiyyət tərəfindən ciddi addımlar atılır. Ancaq televiziya elə bir məkandır ki, ora administrativ müdaxilə qeyri-mümkündür. Hətta bir sıra hallarda cəmiyyət tərəfindən teleməkandakı problemlərlə bağlı edilən iradlar və yaxud təkliflər telekanalların rəhbərləri tərəfindən azad sözə müdaxilə kimi qiymətləndirilir.

Azərbaycanda yerli telekanallardakı vəziyyətə dair mövzu heç də təsadüfi deyil, mətbuatda, hətta parlamentin özündə də vaxtaşırı qaldırılan bir məsələdir. Bu məqalədən sonra biz bir daha məsələyə hörmətli Ramiz müəllimin gözü ilə baxaraq aydınlıq gətiririk ki, problem təkcə bir teleşirkətin və ya bir qrup insanın məsələsi deyil. Bu, ümumilikdə xalqımızın, dövlətimizin, bugünkü nəslin inkişafı ilə bağlı məsələdir. Bu baxımdan hesab edirəm ki, sözügedən problem ətrafında ictimai müzakirələrin keçirilməsi, müxtəlif insanların öz münasibətlərini bildirməsi olduqca mühümdür.

Şou-biznes cəmiyyətimizin reallığıdır. Bundan qaçmaq qeyri-mümkündür. Heç kəs şou-biznesin telekanallarda işıqlandırılmasının əleyhinə deyil. Əgər şou-biznesin və eləcə də şou və əyləncəli proqramları ümumiyyətlə televiziyadan çıxarsaq, bunun özü başqa qüsurların yaranmasına gətirib çıxarar. Amma söhbət ondan gedir ki, şou-biznes bu gün telekanallarda digər proqramları öz altında əzir və hətta mənəvi lider rolunu oynamağa çalışır. Şou-biznes mədəniyyətin dar hissəsi sayıla bilər, amma mədəniyyətin tamamən özü demək deyil. Lakin bu gün şou-biznes bütün mədəniyyətimizə və ictimai fikrimizə ağalıq etmək fikrinə düşüb! Bu zaman o, televiziyalardakı intellektual boşluqdan, peşəkarlığın olmamasından və digər çatışmazlıqlardan çox uğurla istifadə edir. Bu gün öz fikirləri və xüsusən mənəviyyatı ilə cəmiyyətə nəinki örnək ola bliməyən, əksinə, öz əməlləri, həyat tərzi ilə ictimaiyyətin qınaq obyektinə çevrilən şəxslər cəmiyyətə mənəvi atalıq etmək arzusuna düşürlər. Nəticə etibarilə bütün bunlar gənclərimizin mənəvi zövqünün zərərli istiqamətdə formalaşmasına, cəmiyyətdə yanlış ictimai fikrin ayaq tutub yeriməsinə səbəb olur.

Məsələn, yerli telekanallarda vaxtaşırı keçirilən "Azəristar", "Yeni ulduz" "Xalq ulduzu" və sair bu səpkili digər yarışmalarda qalib yalnız bir nəfər olur. Ancaq 4-5 min nəfər insan qalib olmaq üçün telekanala gələrək ərizə verir. Gəlin görək, ali məktəblərin hansı fakültəsində bir yerə 5 min nəfər ərizə verir? Bunun özü göstərir ki, telekanalların teleradio qanunvericiliyinin tələblərinə riayət etməmələri, öz fəaliyyətlərində milli dəyərlərə diqqət və qayğını arxa plana keçirmələri həyatda ciddi məqsədləri olmayan, çox qısa bir müddətdə asanlıqla gəlir əldə etmək istəyən bir nəsilin yetişməsinə gətirib çıxarmaqdadır. Hansı ki, onlar yaxşı mühəndis, iqtisadçı, həkim olmaq əvəzinə şou-biznes qalmaqalları ilə yadda qalan, qısa müddətdə hər şeyə sahib olan və televiziyalardan düşməyən "ulduza" çevrilməyə çalışırlar. Hesab edirəm ki, bunlar gələcəyimiz üçün çox ciddi problemlərdir və hörmətli akademikimiz Ramiz Mehdiyev də diqqəti məhz bu cür məsələlərə yönəldib.

Azərbaycan cəmiyyəti televiziyalarımızı günün tələblərinə cavab verən bir həmsöhbət kimi görmək istəyir. Biz telekanallardan öyrənmək, günümüzü olduğu kimi görmək istəyirik. Amma çox təəssüflər olsun ki, bunların heç birini müşahidə etmirik. Etiraf etməliyik ki, son zamanlarda milli telekanallara baxmamaq ziyalılarımızın bir çoxu üçün adi normaya çevrilmişdir. Nəzərə alsaq ki, hər bir telekanal özlüyündə bir ideologiyanın daşıyıcısıdır, onda onların mənəvi dəyərlərə zidd fəaliyyətlərinin gələcəkdə hansı arzuolunmaz nəticələrə gətirib çıxaracağı göz qarşısında olan bir məsələdir.

Tamaşaçı zövqünün formalaşmasında telekanalların rolu böyükdür. Biz bu sahədə telekanallarımızdan böyük addımlar gözləyirik. Məqalənin bir neçə gündür ki, işıq üzü görməsinə baxmayaraq, bununla bağlı telekanallardan elə də ciddi reaksiya yoxdur. Sanki tənqid hədəfində onlar deyillər. Olan reaksiyaların özü də qaneedici deyil. Dünənə qədər mənəviyyatımızı korlamaqla məşğul olan şəxslər indi verilişin adını dəyişməklə sanki mənəviyyatımızı formalaşdırmaq funksiyasını yerinə yetirməyə çalışırlar. Məgər bu problemdən çıxış yoludur? Hesab edirəm ki, televiziyalar proqramların tərtibatında çox ciddi radikal dəyişikliklər etməlidirlər. Bu məsələdə lazım gələrsə, hətta administrativ müdaxiləyə də yol verilməlidir.

 

Fəzail İBRAHİMLİ:

- Azərbaycan telekanallarındakı biabırçılıq uzun müddətdir ki, cəmiyyətin bütün təbəqələri tərəfindən böyük narahatlıqla qarşılanır. Buna görə akademik Ramiz Mehdiyevin bu mövzuda tənqidi yazı ilə çıxış etməsi və həmin məqalə ətrafında bu cür ictimai müzakirələrin təşkil edilməsi olduqca faydalıdır.

Biz ilk növbədə məsələnin qoyuluşunda bir qədər diqqətli olmalıyıq. Məsələn, bu yaxınlarda qeyri-hökumət təşkilatları ilə bağlı layihə Milli Məclisə təqdim olunanda bəzi kütləvi informasiya vasitələri məsələni hökumətin guya QHT-lərə qarşı total hücumu kimi izah etməyə çalışdılar. Amma əsl həqiqət tamamilə başqa idi. İndi də akademik Ramiz Mehdiyevin məqaləsindən sonra belə bir məsələ məqsədyönlü şəkildə ortaya qoyula bilər ki, guya hökumət televiziyalara qarşı total hücuma keçmək istəyir. Yaxud da televiziyalarla hakimiyyət arasında bir müharibə başlayır. Ona görə bu məsələdə kifayət qədər diqqətli olmaq lazımdır.

Akademik Ramiz Mehdiyevin bu məqaləsi ilə tanış olan hər kəs görər ki, onun mahiyyəti Azərbaycanın milli-mənəvi dəyərlərini qoruyub saxlamaqdan və ona hörmətlə yanaşmaqdan, xalqın gözündən düşən, etimadını qazanmaq ehtimalından uzaqlaşan televiziyaların özünə kömək etməkdən ibarətdir. Mən məqaləni diqqətlə oxumuşam. Uzun müddət insanların ürəyində kök salan, cəmiyyətdə gedən söhbətlərə, Milli Məclisdə epizodik şəkildə qaldırılan məsələlərə bu yazıda fundamental və əsaslı formada münasibət bildirilir. Qüsurlardan və nöqsanlardan qurtulmaq müstəvisində fəaliyyətə təkan vermək nöqteyi-nəzərindən məqalədə yer alan fikirlər kifayət qədər ədalətlidir. Yazı tamamilə obyektivdir və aparılan dərin araşdırmaların nəticəsidir.

Akademik Ramiz Mehdiyev məqalədə ən birincisi, hər bir Azərbaycan insanını düşündürən və ciddi narahat edən mühüm bir problemi gündəmə gətirməklə əsl vətəndaş mövqeyi və qətiyyətli ziyalı iradəsi ifadə etmişdir. İkincisi, məqalədə müstəqilliyimizə qarşı şimaldan, cənubdan, şərqdən, qərbdən yönəlmiş yad baxışlar və məkirli niyyətlərə qarşı güclü olmaq zərurəti və bu sahədə teleekran məkanının gücü diqqətə çəkilmişdir. Üçüncüsü, Azərbaycanın efir məkanında cəmiyyətin ümumi inkişafına mənfi təsir göstərən məqamlara diqqət çəkilmiş, təhlillər obyektiv reallıqları əks etdirməklə yanaşı, faktlar və rəqəmlərə söykənmişdir. Dördüncüsü, teleekran məkanında mövcud olan qüsur və nöqsanlar göstərilməklə yanaşı, bunlardan xilas yolları da qeyd olunmuşdur. Bu isə özlüyündə milyonlarla tamaşaçısını itirən bir çox teleekranlara ciddi köməkdir.

Fürsətdən istifadə edib məni daha çox narahat edən və məqalədə tezis formasında toxunulan iki məqama diqqəti yönəltmək istərdim. Azərbaycan xalqı üçün ailə çox müqəddəs məfhumdur. Qəribədir ki, özəl telekanalların hamısında ailə qurmadan dünyaya uşaq gətirmək ərəfəsində olan bir qadın haqqında veriliş gedir, onun evi, maşını, bağı göstərilir. Özü də dəfələrlə! Sizcə belə verilişlərin təsiri necə ola bilər? Həmin verilişlərin mənfi təsirləri bunlar ola bilər: Ərə getmədən ana olmaq mümkündür, namussuz olub, varlı qadına çevrilmək mümkündür və s... Bunlar bir tərəfə, bəs dünyaya gələn körpə kim olacaq? Budur faciə! Yaxud, qulağı sırğalı və oriyentasiyası qeyri-müəyyən olan "kişilər" veriliş aparır və teleulduza çevrilir, telekanallar tərəfindən əxlaq meyarı kimi cəmiyyətə sırınır. Amma soruşulmur ki, bu hansı əxlaqa xidmət edir?

Bütün bunlar ümummilli fəlakətə aparan yollardır. Məhz bunların qarşısının alınması variantları müzakirə etdiyimiz məqalədə göstərilmişdir. İnanıram ki, bu ideyaları bütün xalq dəstəkləyəcək və bu sahədə ciddi addımlar atılacaq. Biz məhz televiziyaların saflaşmasına xidmət edən fikirlərlə çıxış edib onları natəmiz məqamlardan xilas etmək üçün iş aparmalıyıq.

Akademik Ramiz Mehdiyevin məqaləsi Azərbaycan mənəviyyatına olan hücumun qarşısını almaq üçün geniş bir proqramdır. Televiziya ekranları bizim güzgümüzdür, onu qüsur və nöqsanlardan təmizləmək həm televiziya kanalları, həm cəmiyyət, ən əsası xalqımız üçün vacibdir.

 

Zahid ORUC:

- Öncə bu "dəyirmi masa"nı təşkil etdiyinə görə "Azərbaycan" qəzetinə öz təşəkkürümü bildirirəm. Zəngin ənənələri olan "Azərbaycan" qəzeti hər zaman öz səhifələrində milli-mənəvi dəyərlərimizlə bağlı məsələlərə geniş yer verir. Bu mövzunun daim gündəmdə saxlanması onu göstərir ki, "Azərbaycan" mətbuatın əsas prinsiplərinə sadiq olan bir qəzet kimi xalqımızın mənəvi dəyərlərinin hər addımda uca tutulmasında maraqlıdır. Akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" başlıqlı məqaləsinin də məhz "Azərbaycan" qəzetində işıq üzü görməsini hesab edirəm ki, bu mətbu orqana verilən bir dəyərdir.

Akademik Ramiz Mehdiyev Azərbaycan dövlətinin idarəçiliyində mühüm bir simadır. Prezident Administrasiyasına rəhbərlik edən bir şəxs kimi ölkəmizdə həyata keçirilən dövlət quruculuğunda onun misilsiz xidmətləri var. Cənab Ramiz Mehdiyev həm də xalqımızın ümummilli lideri Heydər Əliyevə yaxın bir insan, ulu öndərin sadiq məsləkdaşı olaraq dövlətimizin və cəmiyyətimizin dərin qatlarında gedən proseslərin doğru mahiyyətini və məntiqini bilən bir alimdir. Elə buna görə də akademik Ramiz Mehdiyevin hər kitabı, əsəri, məqaləsi, fəlsəfi araşdırmaları cəmiyyətdə çox müsbət ictimai reaksiyalar doğurur.

Bu gün müzakirəsinə yığışdığımız mövzuya gəldikdə isə öncə qeyd etmək istərdim ki, akademik Ramiz Mehdiyev bu məsələdə həm də xalqının bu gününə, sabahına canı yanan layiqli vətəndaş münasibətini ortaya qoyub. Mükəmməl vətəndaş və peşəkar məmur mövqelərinin bir-birini tamamlaması belə dərin məzmunlu, konseptual məqalənin ərsəyə gəlməsinə imkan yaradıb.

Aparılan müzakirələr göstərir ki, ictimai müqavimət tamamən korlanmayıb, korşalmayıb. Seyrçi auditoriyasının bir hissəsini yüngül düşüncələrə bağlama mövqeyi bu illər ərzində müəyyən səviyyədə özünə yer edibsə də, amma məqsədlərinə tam nail ola bilməyib.

Televiziyalar və radiolar ictimai rəyin formalaşmasında mühüm vasitədir. Mənim aləmimdə televiziyanı insanlar yaratmır. Televiziyalar insanları yaradır. Bununla bağlı bir misal çəkmək istəyirəm. Birinci İraq müharibəsindən sonra Amerika Birləşmiş Ştatları özünün hərbi siyasi strateqlərinə tapşırır ki, bir İraq əsgərini neytrallaşdırmaq üçün nəyin daha kəsərli vasitə olduğunu aydınlaşdırsınlar: informasiya siyasətinin, yoxsa silahın. Araşdırmalardan sonra bəlli olub ki, bir İraq əsgərini mənəvi cəhətdən diskriminasiya etmək, onu müharibə düşüncələrindən uzaqlaşdırmaq, dövlətinin yeritdiyi siyasətə qarşı çıxarmaq üçün informasiya siyasətinə yalnız 300 dollar xərc qoyulmalıdır. Amma bir İraq əsgərinin silahla fiziki məhv edilməsi orta hesabla 3 min dollara başa gəlir. Göründüyü kimi fərq on dəfədir! Ona görə də bu gün dünyanın əsas beyin mərkəzləri təmsil etdikləri dövlətlərin assimilyasiya və ekspansiya siyasətini məhz televiziya üzərində qurmaqda maraqlıdırlar. Ən müxtəlif verilişlərin ayrı-ayrı ölkələrdə dublikatları ona görə yaranır ki, sadəcə olaraq yad maraqları təbliğ etsin.

Əvvəldə qeyd etdim ki, televiziya insanı, xalqı yaradır. Ona görə ki, televiziya həm də dəyərləri, ideyaları formalaşdırır. Çox təəssüf ki, ucuz şou və əyləncəni təqdim edənlər çox ciddi auditoriyalara sahib olurlar. Hətta onların auditoriyaları bir çox siyasətçilərin auditoriyasından daha böyükdür. Ona görə insanlar getdikcə daha çox onların mənəvi hakimiyyəti altına düşməyə başlayırlar. Belə olan təqdirdə dərindən fikirləşməliyik: Biz televiziya hakimiyyətini bu cür simalara verməklə gənc və böyüməkdə olan nəslin gələcək proseslərə hazırlığını necə təmin edirik? Mənə elə gəlir ki, hörmətli Ramiz Mehdiyevin məqaləsinin ən mühüm tezisi məhz bu məsələni özündə ehtiva edir. Yəni, biz gələcəyə hansı dəyərləri özünə həyat idealı seçmiş nəsillə gedirik və gələcəkdə baş verəcək proseslərdə, regional və beynəlxalq situasiyada bu xalq özünü necə göstərəcək?

Dağlıq Qarabağ məsələsi Ermənistanın Azərbaycana yaratdığı problemdirsə, ekranlarımızın primitivliyi, milli-mənəvi dəyərlərə zidd fəaliyyəti özlərinə meyar seçməsi xalqımızın içindən doğan problemdir. Azərbaycan cəmiyyətinin müxtəlif təmsilçiləri, ziyalılar hər zaman bu problemə həssas yanaşıblar və etirazlarını bildiriblər. Amma etiraf edək ki, çox vaxt bu məsələyə sadəcə çox səssiz, kanalı dəyişməklə reaksiya veriblər. Bizim bu polemikanın əsas hədəfi televiziyaları şou-əyləncə yönümündən uzaqlaşdırmaq və onları inzibati metodlara tabe etdirmək deyil. Təbii ki, əyləncəli verilişlər olmalıdır. Çünki əyləncəli proqramlar cəmiyyətdə buna olan ehtiyacı tamamlayır. Əyləncə olmasa, cəmiyyət də yaşaya bilməz. Amma zənnimcə harada ucuz şou başlayırsa, orada istedad bitir. Başqa cür ifadə etsək, şou istedad olmayan yerdə pərvəriş tapır. Teleradiokanalın intellektual verilişləri tükənəndə və ya bu qəbildən normal proqram hazırlamağı bacarmayanda onun yerini ucuz şoularla doldururlar. Və nəticədə mənəvi aşağılanma üzərində, əxlaqi deformasiyalar müstəvisində biznes qurulmağa başlayır. Halbuki iqtisadi fəaliyyətin dəqiq qaydaları olduğu kimi, teleticarətin də dəqiq müəyyənləşmiş prinsipləri olmalıdır və onun pozulması məsuliyyət yaratmalıdır. Keyfiyyətsiz qida mədəni zəhərləyirsə, keyfiyyətsiz proqramlar kütləvi psixoz yaradaraq beyinləri zədələyir. Çünki epidemiyanın yayılma gücü həmişə böyük olur.

Efir azadlığına gəldikdə isə deyim ki, Avropa ölkələrində televiziyaların idarəetmə müstəqilliyinə baxmayaraq, onlar da dəqiq öhdəliklər qarşısındadır. Kiminsə zövqü və mənəvi aclığı başqa nəsnələr tələb edirsə, o, bunu kabel televiziyaları vasitəsi ilə təmin edə bilər. Əks halda itən sərhədlər, qarışmış dəyərlər cəmiyyətin mental xüsusiyyətlərində bəla kimi özünə yer tapır. Dünənin efir qəhrəmanları sabah küçə və meydanlarda başqa adla qarşımıza çıxanda, gərək təəccüblənməyək. Çünki ekranın projektorunda çox-çox böyüdülərək mahiyyətcə iriləşdirilən personajlar başqaları üçün kumirə çevriləndə aparıcı dəyərlər aşınmış olur. Əyalətdə yaşayan və gələcəyə can atan insana elə gəlir ki, əgər ekran qəhrəman əsgər obrazını, onun mundirini, yaxud dünyəvi alim və ziyalı kultunu təbliğ eləmirsə, əvəzində heç bir üstün keyfiyyəti olmayanların həyat nailiyyətlərini vəsf edirsə, bu halda inkişafın, böyümənin yol xəritəsi ikincilər üzərində cızılır. Beləliklə, ekranlarda pozulan balans eyni ahənglə ictimaiyyətə transformasiya olunur. SMS piratlığı da buradan törəyir. Elmi-yaradıcı viktorinalara deyil, kütləvi müğənniçiliyə aparan yol buradan başlayır. Milli varlığından kənarlaşmaq üçün başqa vasitə gərək deyil! Qətiyyətlə deyirəm ki, Mehriban xanım Əliyeva tərəfindən muğam müsabiqəsi layihəsi meydana gəlməsəydi, mənəvi müqavimətimizi güclü təşkil etmək xeyli çətin olacaqdı.

Beləliklə, ekran güzgü kimi cəmiyyəti əks etdirməyə çalışırsa, bizim milli mahiyyətimizi təhrif etməməlidir. Yəni bu güzgüdə köklü dəyişikliklərə ehtiyac var.

Əgər biz deyiriksə ki, ermənilər 20 faiz coğrafi məkanımızı işğal ediblər, onda deməliyik ki, efir məkanımızın da 30-40 faizi belə yad elementlər, ideologiyalar altındadır. Bu məkanı təmizləmək, Qarabağın da işğaldan azad olunması üçün müstəsna təhlükəsizlik əhəmiyyətinə malikdir.

Hesab edirəm ki, cəmiyyəti mənəvi dəyərlərə zidd şou viruslarından qorumaq üçün akademik Ramiz Mehdiyevin məqaləsi qarşıya çox mühüm vəzifələr qoyur.

 

Rəbiyyət ASLANOVA:

- Akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc edilən "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsi ilk baxışda konkret olaraq Azərbaycanda efir məkanında baş verən proseslərin dəqiq təhlili olmaqla yanaşı, həm də mövcud durumda olduqca ciddi mətləblərdən xəbər verir.

Dünya birliyi bu gün inkişafında nəinki tamamilə yeni, həm də ümumi gələcək üçün ən məsuliyyətli mərhələyə qədəm qoyub. Yaşanılan zamanın sosial-siyasi, iqtisadi inkişafının intensiv tempinə uyğunlaşmaq, həm də mövcud reallıqda mümkün dərəcədə öndə getmək hər bir millətin taleyüklü problemidir.

XXI yüzilliyin insanı yeni bir paradoks çağırışın təzahürləri ilə üz-üzədir, bu gün dəyişə, yeniləşə bilməyən, zamanı önləyə bilməyən, ideyalara, innovasiyalara biganə olan insan da, cəmiyyət də, dövlət də tarixi sınaqdan çıxa bilməyəcək, iflasa məhkum olacaq. "Dünyada dəyişməyən daimi bir şey varsa, o da dəyişikliklərdir" fikrini, fəlsəfəsini rəhbər tutan millət sivilizasiyasının dinamik inkişaf mərhələsində öz varlığını davam etdirəcək.

Qlobal dünyanın ayrılmaz hissəsi olan Azərbaycanın təkamül inkişaf tipindən innovasiyalı inkişaf tipinə keçid alması fundamental strateji məqsəd kimi qarşıda durur. Bu istiqamətdə islahatlar və dinamik strategiyalar əsasında ölkənin inkişafına düşüncə və intellektin real təsirini təmin etmək mühüm məsələdir. Bu islahatları həyata keçirmək üçün insan, vətəndaş necə olmalıdır? Sabah üçün dövlət, millət naminə məsuliyyəti üzərinə götürmək iqtidarında olan insanın tərbiyəsi hansı prinsiplərə söykənməlidir? Yeni formalaşmaqda olan informasiyalı cəmiyyət üzvünün sosial-psixoloji davranış forması necə müəyyən olmalıdır? Hər bir əsrin öz insan modeli mövcud olmuşdur. XXI əsrin insan modeli haqqında mühabisələr, "infosferanın" sakininin kimliyi kimi sualların cavablandırılması hələ xeyli zaman aparacaq. Ancaq bir şey aydındır ki, öz sələflərinə bənzəməyən "yeni insan", "postinsan" sözləri ilə ifadə edilən antropoloji tipin tarix səhnəsinə qədəm qoyması gerçəkdir. O, bizim gənc müasirimizdir.

Bu gün hər bir milli dövlətin informasiya-psixoloji müharibələrin təsirinə qarşı dura biləcək effektli əks-təsir sisteminin formalaşmasına böyük ehtiyac var. Bu vəzifə elə bir dövlət və ictimai inkişaf modelinin axtarışını tələb edir ki, cəmiyyətin sosial-siyasi, psixoloji münasibətlər sistemini stabil, dayanıqlı və intensiv inkişaf etdirə bilsin. Bu model informasiya qarşıdurması, informasiya-psixoloji konfliktlərin yüksək intensivliyini və sosial təhlükələrin artdığı şəraitdə milli identikliyi, milli-mənəvi dəyərləri və mənəvi müqavimət qüvvəsini formalaşdırmalıdır.

Bu həm də milli təhlükəsizlik məsələsidir. Müasir dövrdə informasiyanın psixologiyaya təsiri xarici və daxili siyasətin ən effektiv və universal silahıdır. Bu baxımdan mövcud paradiqmalara yenidən baxılmalı, onlar yeniləşməli, modernləşməlidir.

Mənəviyyat irs, proses, həssaslıq və novatorluq tələb edən yaradıcılıq fəaliyyəti olmaqla üçqat mahiyyətli bir problem kimi mövcuddur. Bu isə öz növbəsində dinamik dəyişən, əksər hallarda dünəninə biganə olan, kosmopolit düşüncəyə köklənən yeni nəslin dünyagörüşünü yaşadığı reallığın milli-mənəvi ideallarına yaxınlaşdırmaq, onların arasında uçurumun yaranmasına yol verməmək kimi çətin vəzifəni irəli sürür.

İnsan bütün hallarda dünyagörüşü və mənəvi təsəvvürlər çərçivəsində seçim edir, ən müxtəlif təsirləri ya təsdiq edir, ya inkar edir, yaxud onlara biganəlik nümayiş etdirir. XXI əsrin insanına təqdim olunan modellərin çoxluğu, bu modellər içərisində milli çəkisinin təhlükə yaradacaq amillərin xüsusi həcminin artması təkzibolunmaz həqiqətdir. Bu baxımdan cəmiyyət bu seçimə düzgün təsir edə biləcək vasitələr sistemini formalaşdırmalıdır. Bunların sırasında ilk növbədə sosial əhatə, mühit, təhsil, elm, KİV taleyüklü məsuliyyət daşıyır.

Təsadüfi deyil ki, akademik Ramiz Mehdiyev bu məqaləsində cəmiyyətin daxili proseslərinin infkişafında KİV-in rolunu xüsusilə vurğulayır. Bəzən deyirlər ki, "dördüncü hakimiyyət" birinci hakimiyyət statusuna iddia edir. İnformasiya təhlükəsizliyi milli, siyasi, iqtisadi, sosial, mədəni, mənəvi təhlükəsizlik konsepsiyalarının prioritet istiqamətinə çevrilmişdir. Bu gün KİV-lərin cəmiyyətdə roluna dair hansı konsepsiyanı daha düzgün hesab edirik: KİV-lərin cəmiyyət, kütlə üzərində mənəvi-ideoloji nəzarətini saxlaması vasitəsi kimi, siyasətçilərin öz məqsədləri uğrunda müharibə aparması kimi, məlumatlandırma - ümumi rəyin formalaşdırılması vasitəsi kimi, yoxsa cəmiyyətin intellektual inkişafına və mədəni səviyyəsinin artırılmasına xidmət edən sahə kimi?

Məlumdur ki, KİV-də "gündəliyin müəyyən edilməsi" nəzəriyyəsi ictimai rəyi ifadə edir. KİV-lərdə nə müzakirə olunur, bir mövzudan digərinə keçid necə təmin olunur, yeni mövzu necə ortaya atılır? Gündəliyin müəyyən edilməsi bütün dünyada "strateji kommunikasiya" funksiyasına xidmət edir. Bu funksiya cəmiyyətdə informasiya situsiyasının ölkə üçün arzuolunmaz, əlverişsiz vəziyyət yaratmasının qarşısını almağa və ictimai rəyi yönəltməyə xidmət edir. Strateji kommunikasiya o deməkdir ki, KİV-lər ölkə üçün prioritet sayılan problemləri təklif edir, konkret mövzuları gündəliyə gətirir və tövsiyə edir. Strateji kommunikasiya "nə və necə deyilməlidir?", taktiki kommunikasiya isə "nə vaxt və harada deyilməlidir?" suallarına cavab verir. Bu sahədə vəziyyət necədir? Azərbaycanda KİV-lərdə mövzu, peşəkarlıq və media etikası qıtlığı mövcuddur. Azərbaycanın KİV modeli sizcə dünyada mövcud olan hansı modelə bənzəyir? Ümumiyyətlə bənzəməlidirmi və yaxud necə olmalıdır? Azərbaycanda KİV-lərdə ictimai-siyasi hadisələrin ekspert-analitik şərhi və dəyərləndirmələrin peşəkarlıq və intellektual səviyyəsi qane edicidirmi? Ölkədə ictimai-siyasi, iqtisadi, mədəni, elmi-təhsil, ekoloji, səhiyyə və s. məsələləri işıqlandırmaq üzrə ixtisaslaşan KİV-lərin disbalansı barədə nə düşünürük? KİV-lərin praktikasına Qərb mediasının peşə standartlarının (məs.: anqlo-amerikan jurnalistikanın tərzi və ya TV-də əyləncə janrlarının və s.) təsiri və nüfuzu nə səviyyədə olmalıdır? Biz bu problemlər ətrafında düşünməliyik!

Hər bir xalqın qərinələr boyu formalaşmış yüksək milli-mənəvi dəyərlərini, milli məfkurəsini pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya bu gün öz təmsilçilərini gözləyir.

Bir məqam da bizi düşündürür: Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyasının təbliği nə vəziyyətdədir?

Bu suallar problemlərə cəmiyyətin diqqətinin cəlb edilməsi, yeni düşüncə tərzinin formalaşması üçün əsas olmalıdır. Bu sualların cavabı isə bu gün verilməlidir.

 

Cəmil HƏSƏNLİ:

- Görkəmli dövlət xadimi, akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" sərlövhəli məqaləsi mənim üçün son dərəcə maraqlı yazıdır. Elə yazılar var ki, orada müəyyən bir qrupun, çevrənin maraqları nəzərə alınır. Amma bu məqalə ictimai əhəmiyyətinə, qayəsinə görə bütövlükdə xalqın arzu və istəklərini əhatə edir. Kitablar, qəzet və jurnallar 1-3 min tirajla nəşr edilir və ən yaxşı halda elə bu qədər ailəyə, evə çatır. Amma televizorlar hal-hazırda bütün evlərdə var. Elə bir ailə, mənzil təsəvvür etmək olmaz ki, orada televizor, radio olmasın. Bu baxımdan da telekanalların, radioyayımlarının fəaliyyəti, göstərdikləri və səsləndirdikləri verilişlərin səviyyəsi hər kəsə aid olan məsələdir və hər bir vətəndaşın da bu mövzuda qənaəti var. Bu mənada "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsində toxunulan məqamların ictimai mahiyyəti ümummilli xarakterə malikdir. Məqalədə əks olunan tezislər həm də Azərbaycan dövlətinin baxışlarını əks etdirir. Tam məsuliyyətlə deyirəm ki, həmin yazı eyni zamanda bütün ölkə ziyalılarının maraqlarını, arzu və istəklərini əks etdirir. Bu problemlərlə bağlı müzakirələr son zamanlar tez-tez keçirilirdi. Məsələnin mahiyyəti o qədər böyümüşdü ki, indiki məqamda bu məqalə ilə belə bir sözün deyilməsinə ciddi ehtiyac vardı. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin belə missiyanı üzərinə götürüb bu sözləri deməsi təqdirəlayiqdir. Eyni zamanda, bunun dövlət mövqeyi kimi ifadə edilməsi də məqalədə əks olunan məsələlərin müsbət həllini tapacağına təminat verir.

Məqalə kifayət qədər peşəkarlıqla yazılıb və Azərbaycanın efir məkanı yazıda hərtərəfli təhlil olunub. Sözün açığı, bu məkandakı problemlər baxımından biz mənəvi cəhətdən uçuruma yuvarlanırdıq. Yazının ictimai qayəsi ondan ibarətdir ki, həmin təhlükə göründü və indi onun qarşısının alınması istiqamətində ictimai çağırış mövcuddur. Hər hansı ölkənin intellektual potensialı heç də yalnız mətbuata, kitabların sayına görə ölçülmür. Qloballaşan dünyada qiymətləndirmə həm də televiziyalara əsasən aparılır. Nəzərə almalıyıq ki, televiziya kanalları Azərbaycan xalqının və dövlətinin intellektual potensialını tam miqyasda ortaya qoymur. Tam əminliklə söyləyə bilərəm ki, xalqımızın intellektual potensialı televiziya kanallarının təqdim etdikləri məhdud çərçivədən qat-qat çoxdur. Fikrimcə, məqalədə qaldırılan problemlərin həlli istiqamətində ilk növbədə bu potensialı hərəkətə gətirmək məsələsi gündəmdə olmalıdır. Bu potensial isə var.

Azərbaycan ötən əsrlərdə böyük mədəniyyət yaradıb və onun inkişafı dünya ilə bərabərləşib, beynəlxalq səviyyəyə qalxıb. Bu xalq Qara Qarayevi, Fikrət Əmirovu, Səttar Bəhlulzadəni, Tahir Salahovu və digər dahi şəxsiyyətləri yaradan xalqdır. Televiziyalarda bayağı həyat tərzi təbliğ edən, Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, ictimai fikrinə heç bir dəxli olmayan insanların milləti deyil bu xalq!

Akademik Ramiz Mehdiyevin yazdığı məqalədə qaldırılan problemlər, çalınan həyəcan təbili aktualdır. Biz bu problemlərin qarşısını almasaq, mənəvi cəhətdən uçuruma yuvarlanarıq. XX əsrin əvvəllərində Azərbaycan mütəfəkkirləri, ziyalıları falçılığa, dini fanatizmə qarşı mübarizə aparırdı. XXI əsrin əvvəllərində isə falçılar televiziya verilişlərinə dəvət olunur, onun qəhrəmanına çevrilirlər. Bu, böyük fəlakətdir və ötən əsrin əvvəllərində millətin formalaşması üçün mübarizə aparan böyük bir nəslin ruhuna təhqirdir.

Televiziyalarda Azərbaycan dilinin gözəlliyini hiss etmirik. Bir vaxtlar məşhur aparıcıların ana dilimizdə necə rəvan danışdıqları, onun qayda-qanunlarına riayət etmələri hələ də yadımızdadır. Bu baxımdan mən dil problemini xüsusi vurğulamaq istəyirəm. Yarı rus, yarı Azərbaycan dillərində, heç bir ictimai mənası olmayan meyxanalar kütləviləşib, yarış meydanına çevrilib, ədəbiyyatımız isə arxa plana keçib. Bu yol güclünün cəmiyyətdə təhdid edilməsinə gətirib çıxarır. Bayağılığın primitivliyinin kütləviləşməsi ictimai bəlaya çevrilib.

Telekanalların çəkdikləri sənədli filmlərin böyük qismi keyfiyyət baxımından heç nəyə yaramır, burada peşəkarlıq, jurnalist əməyi yoxdur. Mən digər ölkələrin telejurnalistlərinin çəkdikləri filmlərlə əlaqədar arxiv materialları ilə necə tanış olduqlarının dəfələrlə şahidi olmuşam. Amma bizim jurnalistlər mütəxəssislərdən aldıqları müsahibəni efirə öz fikirləri kimi təqdim edirlər.

Hər hansı müğənninin məlahətli səsi ola bilər. Lakin o sənətçinin intellektual potensialı imkan vermir ki, həmin şəxs auditoriyaya nəyi isə təlqin, təqdim etsin. Müğənnilər yüngül həyat tərzinin atributlarını televiziyalardan seyrçilərə mənəvi dəyərlər kimi sırıyırlar. Bu isə öz növbəsində haqlı narazılıqlara səbəb olur. "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsində qaldırılan məsələlər ölkəmizin efir məkanının fəaliyyətinin təkmilləşməsində, bu sahənin dövlətimizin milli maraqlarına xidmət etməsində, mənəvi dəyərlərimizin daha geniş təbliğində mühüm rol oynayacaq.

 

Fazil MUSTAFA:

- Düşünürəm ki, "Azərbaycan" qəzetinin kollektivinin təşkil etdiyi bu "dəyirmi masa"dan sonra daha böyük həcmli elmi-praktik konfrans keçirilməlidir ki, efir məkanındakı problemlərlə bağlı fundamental görüşlərimizi ifadə edib konseptual təkliflərimizi təqdim edək. Axı söhbət son dərəcə aktual məsələyə həsr olunmuş məqalədən gedir. Mövzu cəmiyyətdə yalnız bu gün aktuallıq kəsb etmir. Neçə illərdir ki, həmin məsələlər ciddi müzakirə obyektinə çevrilib. Efir məkanındakı problemlərlə bağlı məqalələr yazılır, fikirlər səsləndirilir. Amma mövzunun məhz bu gün aktuallıq kəsb etməsinin səbəbi ondadır ki, akademik Ramiz Mehdiyev kimi intellektual insanın və mühüm dövlət xadimi olan bir şəxsiyyətin bu prosesə müdaxiləsi məlum məsələnin həllinə faydalı olacaq.

Efir məkanlarındakı problemlər yalnız Azərbaycanda deyil, digər ölkələrdə də narahatlıq doğurur. Bu, Rusiyanın məşhur ictimai xadimi Sergey Kapitsanın 2006-cı ildə dərc edilmiş bir məqaləsində ifadə olunmuşdu. Kapitsa bildirirdi: "Prezident Vladimir Putin məndən soruşdu ki, bizim milli ideyamız nədir? Mən cavab verdim ki, televiziyalar nəyi göstərirsə o, artıq milli ideyaya çevrilir. Alimlərin, ziyalıların hazırladığı milli ideya mövcud deyil. İndi bunu televiziyalar formalaşdırır".

Mətbuatdan fərqli olaraq televiziyaların cəmiyyətə təsir imkanları genişdir. Bu məsələdə adın təyinatı düzgün müəyyənləşdirilir. Biznes əxlaq deməkdir və onun kökündə əxlaq dayanır. Əgər "SMS" vasitəsilə kiminsə aldadılması, bir başqasının yanlış formada qalib elan olunması, qeyri-rəqabət mühitində təbliğat aparılması varsa, bu, biznes deyil, fırıldaqdır! Buna isə yalnız televiziya kanalları rəvac verir. Başqa dövlətlərdə aktyorlar insanları məna ilə güldürmək yolunu əsas vasitə hesab edirlər. Bizdə isə tamaşaçıları ləhcə, qadın paltarı, hansısa forma ilə güldürmək ənənəsi üstün tutulur.

Efir məkanındakı problemi inzibati yolla həll etmək məsləhət deyil. Vəziyyətdən çıxış yolunun alternativ variantları da tapılmalıdır. Hesab edirəm ki, ilk növbədə bir sıra ciddi tədbirlər həyata keçirilməli, elmi-kütləvi informasiya agentliyi yaradılmalıdır. Həmin agentlik elmin nailiyyətləri haqda xəbərləri televiziya məkanına ötürməlidir. Bu, sıravi jurnalist işi deyil. Müxtəlif sahələr üzrə debatların sayının daha da artırılması imkanlarına da baxılmalıdır. Burada söhbət yalnız siyasətçilərin deyil, alimlərin də tarixi hadisələrlə, mübahisəli məsələlərlə bağlı müzakirələrindən gedir. Zənnimcə bu məsələləri qısa zaman ərzində həll etməliyik.

Məqalədə vəziyyətdən çıxış yolu kimi bir sıra maraqlı təkliflər də irəli sürülür: cəmiyyət bu prosesə hansı yollarla müdaxilə edə bilər? Bir zamanlar paytaxtın küçələrinin ayrı-ayrı yerlərində loto oynayanların səsləri eşidilirdi. Həmin loto bu gün televiziya kanallarında oynanılır. Biz bu əyləncənin efir məkanına daşınmasının qarşısının alınması yollarını düşünməliyik. Hesab edirəm ki, cəmiyyətin bu məsələlərə müdaxiləsi olduqca vacibdir. Əgər belə olarsa, qısa müddətdə həmin məsələdə dönüş yaratmaq imkanı əldə edəcəyik. Yəni cəmiyyətə düşüncə aşılamayan, heç bir ideya verməyən, asudə vaxtı səmərəsiz keçirməyə xidmət edən verilişlərin hamısını aradan qaldıra bilmərik. Bunun alternativlərini düzgün müəyyənləşdirsək, səviyyəli verilişlərin sayını artırmaq yolu ilə balans yaratsaq, qısa müddət ərzində uğur imkanları qazanarıq.

Düşünürəm ki, vəziyyətdən çıxış yolu kimi alternativ variant tapılmalıdır ki, bu, efir məkanına dövlətin müdaxiləsi kimi görünməsin. Televiziyaların qidalandırıcı mexanizm vasitələri axtarılıb tapılmalıdır.

 

Qafar CƏBİYEV:

- Akademik Ramiz Mehdiyev "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqaləsində Azərbaycan cəmiyyətinin böyük narahatlığına səbəb olan məsələlərə toxunmuşdur. Məqaləni oxuduqca ölkənin efir məkanında baş verənlərlə bağlı təcrübəli dövlət xadiminin, tanınmış alimin düşüncələri, müşahidələri ilə yanaşı, həm də son dərəcə tələbkar tamaşaçı, dinləyici rəyi ilə də rastlaşırsan. Azərbaycan tamaşaçısının televiziya və radiolarımızdan keyfiyyətli məhsullar izləməyə haqqı var. Ona görə ki, bu gün Azərbaycan teleməkanında keyfiyyətli məhsul istehsal etmək üçün televiziya və radioların hər cür şəraiti var.

Televiziyalar normal fəaliyyət göstərmələri üçün güclü maddi-texniki bazaya malikdirlər. Hətta ucqar rayonlarımızda belə televiziyalar fəaliyyət göstərir. Bu sırada Lənkəran, Yevlax, Xaçmaz, Şəkini misal göstərmək olar. Həmin televiziyalar çox müasir bina və maddi-texniki avadanlıqlarla təchiz olunmuşlar və regional kanalların zərurət yaranarsa, peykə çıxmaq imkanları var. Ancaq peşəkarlıq səviyyəsi, əhatə dairəsi baxımından həmin televiziyalar buna hazırdırlarmı? Problem bundadır. Teleməkanda son illər görulən müsbət işlərdən bəhs edərkən bir sıra yeni kanalların açıldığını göstərmək olar. Yaxın tarixi keçmişə nəzər saldıqda, görürük ki, Azərbaycanda yalnız bir telekanal və radio fəaliyyət göstərirdi. Hazırda isə ölkəmizdə 34 teleradio yayımçı fəaliyyət göstərir. Dünyanın ayrı-ayrı inkişaf etmiş ölkələri ilə müqayisədə 8 milyon yarım əhalisi olan ölkə üçün bu rəqəm o qədər də kiçik görünmür.

Ölkəmizdə televiziya və radio yayımı üçün mükəmməl qanunvericilik bazası mövcuddur. "Televiziya və radio yayımı haqqında", eləcə də "İctimai televiziya və radio yayımı haqqında" qanunlar qəbul edilib və zaman-zaman adı çəkilən qanunlara bir sıra mütərəqqi əlavə və dəyişikliklər edilib. Qeyd edim ki, teleradio yayımçılarının fəaliyyətindəki nöqsan və çatışmazlıqların böyük bir qismi "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 32-ci maddəsində proqrama verilən tələblərin pozulması ilə əlaqədardır. Adı çəkilən maddədə göstərilir: "Proqramlar yayım üçün hazırlanarkən aşağıdakı tələblərə əməl olunmalıdır: maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməli, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiya, informasiya, yaxud digər eyni tipli verilişlərlə yüklənməsinin qarşısı alınmalıdır". Açıq etiraf edək ki, qanunun bu tələbi əksər yayımçılar tərəfindən pozulur.

Tamaşaçı əksər hallarda şoulara əylənmək və sinirlərini sakitləşdirmək məqsədi ilə baxır. Lakin aparıcıların şitliyi, iştirakçıların özündən müştəbehliyi qoyulan mövzuların bəsitliyi ucbatından tamaşaçı efirdən nəinki istədiyi zövqü ala bilmir, üstəlik ya əsəbləşir, yaxud da yad və bayağı təsirlərə məruz qalır.

Heç kəsin tanımadığı "müğənnilərin" bir-biri ilə olan çəkişmələrini, didişmələrini gündəmə gətirmək, yaxud da gündəmdə qalmaq üçün düşündükləri hər cür cəfəng ssenariləri efirə çıxarmağın mənası varmı?! Çox vacibdirmi ki, hansısa müğənninin hamiləliyi, yaxud da hansısa müğənninin nikahı olmadan dünyaya övlad gətirməsi televiziya ekranlarında uzun-uzadı müzakirə mövzusuna çevrilsin?!

Azərbaycanın efir məkanında xəbərlərin tamaşaçı və dinləyiciyə operativ şəkildə çatdırılması ilə bağlı ciddi problemlər mövcuddur. İnformasiya bloklarında ölkəmizin gündəlik ictimai-siyasi və mədəni həyatına dair xəbərlər azlıq təşkil edir. Fikrimcə, efirin cəmiyyət üçün o qədər də önəmli olmayan kriminogen xəbərlərlə yüklənməsi də arzuolunmaz hal kimi dəyərləndirilməlidir. "Televiziya və radio yayımı haqqında" qanunun tələblərinə görə, teleradio kanallarında, "informasiyaların tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmalıdır.

Teleradio yayımçılarının bu sahədəki fəaliyyətlərində də nöqsanlar var. Məsələn, Teleradio Şurasının monitorinqləri nəticəsində müəyyən olunmuşdur ki, bəzi yayımçılar onlar üçün "doğma" hesab olunanları az qala hər gün yerli-yersiz ekrana çıxarır, "ögeyləri" isə əksinə, nə kimi fəaliyyəti və xidmətləri olsa belə, ekrana yaxın buraxmırlar. Sanki, bu və digər telekanal kimlərinsə şəxsi "votçina"sıdır. Bu səbəbdən də bəzi telekanallar hansısa nazirliyi və ya rayonu mütəmadi olaraq ya tənqid edir, ya da yerli-yersiz tərif edir.

Efir məkanı coğrafi baxımdan hüdudları intəhasız dərəcədə geniş olan anlayışdır. Lakin bu o demək deyil ki, efirdə kim nə istəsə onu da edə bilər. Efir insan fəaliyyətinin, bəlkə də ən çox ölçü-biçi və məsuliyyət tələb olunan fəaliyyət sahəsidir. Milyonlarla insan səni seyr edir. Odur ki, efiri özünə fəaliyyət sahəsi seçənlərin nitqi də, məntiqi də, geyim və davranışı da nümunəvi olmalıdır. Şübhəsiz ki, ixtisas təhsili, nəzəri və praktik hazırlığı olmayanlar bu tələblərə çox gec, həm də çətin uyğunlaşırlar. Toydan, mağardan çıxaraq efirə gələnlərin timsalında bu aydın görünür.

Təmsil etdiyim Televiziya və Radio Şurası efirimizdə baş verənlərə heç bir halda biganə qala bilməz. Yəni efirimizin bütün kəm-kəsirləri üçün birbaşa olmasa da ən azı dolayısı yolla Teleradio Şurası da məsuliyyət daşıyır. Məhz bu səbəbdəndir ki, son vaxtlar telekanalların milli-mənəvi dəyərlərlə bağlı işi dəfələrlə şura iclaslarının müzakirəsinə çıxarılmış, müvafiq tövsiyələr verilmiş, nöqsanlara yol vermiş bəzi yayımçılar isə, inzibati və cərimə sanksiyalarına məruz qalmışdır. Heç şübhəsiz, Teleradio Şurası bundan sonra da monitorinqlərin nəticələrinə, mütəxəssis və ekspert rəylərinə, alimlərin, ziyalıların, digər kateqoriyadan olan ictimaiyyət nümayəndələrinin müraciət və təkliflərinə uyğun olaraq efirimizin sağlamlaşdırılıması istiqamətində zəruri tədbirlər görməkdə davam edəcəkdir.

 

Rəbiyyət ASLANOVA:

- Bu gün dünyada gedən informasiya-texnologiya "müharibə"sinin tələblərinə əsasən hər bir dövlət milli maraq və mənafelərinə uyğun olaraq qanunvericiliyində dəyişikliklər edir. Teleradio Şurası da bir-birini təkrarlayan, insanları psixoloji zombiləşdirməyə gətirib çıxaran verilişlərin bağlanması ilə əlaqədar hüquqlarını genişləndirmək istəyirsə, qanunverici orqana təkliflərini göndərməlidir. Biz də öz növbəmizdə təkliflərə baxıb müvafiq qərar qəbul edərik. Bu yolla inzibati qaydalara əsaslanaraq telekanallardakı neqativ proseslərin qarşısını almaq olar.

 

Bəxtiyar SADIQOV:

- Əlavə edim ki, Mətbuat Şurasının da "reket jurnalistika"ya qarşı mübarizə aparılması ilə bağlı heç bir hüququ yox idi. Bununla bağlı biz jurnalistlərin qurultayına müraciət edib əlavə səlahiyyətlər aldıq. Bu gün də Mətbuat Şurasına qarşı təzyiqlər olur, ancaq biz öz yolumuzdan dönmürük və "reket qəzet"lərə qarşı effektiv mübarizə aparırıq.

 

Qulu MƏHƏRRƏMLİ:

- Akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqaləsi Azərbaycan televiziyaları, o cümlədən ictimaiyyəti üçün ciddi həyəcan təbilidir. Bu sahədə problemlər həqiqətən çoxdur. Televiziya sahəsində illərlə müşahidə etdiyimiz problemləri dövlətin yüksək rəsmisi dilə gətirib. Məqalədə televiziya ilə bağlı elə prinsipial, konseptual məsələ yoxdur ki, öz əksini tapmasın. Bu yazıda televiziyalarda gedən proseslər açıq-aydın əks olunub. Məqalə bizi təhrik edir ki, bunların səbəbləri üzərində düşünək: Azərbaycanın televiziya məkanı niyə bu vəziyyətə düşüb? Televiziyalarda elə mənfi tendensiyalar var ki, onlar hələ bir neçə ildən sonra üzə çıxacaq. Bunlar yaradıcılığın istiqamətləri, ümumiyyətlə isə, televiziya jurnalistikasında kadr problemləri ilə bağlıdır. Bu tendensiya davam edərsə, 2-3 ildən sonra daha ciddi genişmiqyaslı problemlərlə üzləşəcəyik.

Etiraf edək ki, bu gün televiziyalara rəhbərlik edənlər telekanala dükan kimi, gəlir mənbəyi kimi baxırlar. Televiziyaya fərdi zövqümüzün nümayişi kimi baxırıq. Fəlakət də elə bundadır! Əksəriyyəti cəmiyyət qarşısında ictimai məsuliyyəti unutmuş insanlardır: Bunun əhatə dairəsi televiziya rəhbərindən tutmuş aparıcıya qədər böyük bir silsilə təşkil edir.

Məqalədə çox ciddi məsələlərə toxunulub. Bir sıra özəl televiziyalarda şou proqramlar, ictimaiyyət tərəfindən tanınmayan müğənnilərin həyat tərzləri barədə gedən verilişlər haqlı tənqid olunub. Həqiqətən də televiziyalar küçə səviyyəsində olan söhbətləri ekrana çıxarır və bununla da uşaqların, yeniyetmələrin psixologiyasına mənfi təsir göstərirlər. Orta məktəbdə şagirdlərə inşa yazdırırlar ki, kim olmaq istəyirsən? Son illərin təcrübəsi gösitərir ki, şagirdlərin əksəriyyəti mügənni olmaq arzusundadr. 10-11-ci sinif şagirdi yazdığı inşada Azərbaycanda heç də populyar olmayan müğənninin adını çəkir və ona oxşamaq arzusunu bildirir. Bundan böyük itki yoxdur! Televiziya verilişlərində bir bəsitlik, primitivlik hökm sürür. İnsanlar artıq vaxtlarını maraqlı, düşündürücü verilişlərə baxmaqla yox, hansısa ekstrasensi izləməklə keçirirlər. Bu, ictimai şüurda gedən ciddi deformasiyanın nəticəsidir.

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, beynəlxalq aləmə uğurlu inteqrasiyası, beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirməsi ilə televiziyaların mövcud səviyyəsi arasında uyğunsuzluq var. Bəzən yaxşı televiziya verilişləri olur, amma ortaya heç nə qoya bilmirlər. Televiziyaların konsepsiyası olmadığına görə, tamaşaçı eyni tipli verilişlərə, bir-birinə oxşayan aparıcılara baxmalı olur. Televiziya proqramının hədəfi nədir, kimə ünvanlanıb - verilişlər hazırlanarkən bu prinsiplər nəzərə alınmır.

Ekranda ciddi proqramlar, mövzular yoxdur. Bir sıra telekanallarda debatlar deyil, sadəcə müzakirələr aparılır. Debat bir sistemdir və qədim Romadan bu günümuzə gəlib çatıb. Biz debatı televiziya ekranına gətirə bilsək, böyük nəticələr əldə etmiş olarıq. Burada düşünməyin strukturu verilir, arqumentlər gətirilir və onlar əsaslandırılıb sübuta yetirilir. Debat mədəniyyəti həm də insanlara düşünmək texnologiyasını öyrədə bilir. Televiziyanın bir işi də öyrətməkdir. İngilis yazıçısı Artur Klark bildirmişdi ki, II Dünya müharibəsindən sonra ailədə uşaqların üçüncü valideyni yaranıb ki, o da televiziyadır.Yəni televiziya bizə hansı istiqaməti verir. Bunların üzərində dayanmaq lazımdır.

Bu gün özəl televiziyalarda gedən verilişlər insanların zövqlərini korlayır. Akademik Ramiz Mehdiyevin məqaləsində bu məqamlara xüsusilə toxunulmuşdur. Hesab edirəm ki, həqiqətən Azərbaycan televiziyalarında maarifləndirmə işinə diqqət yetirilməlidir. Bizdə maarifləndirmə isə yox səviyyəsindədir. Bu gün ekranlarda primitivlik, süstlük var. Azərbaycanda televiziya tənqidi inkişaf etməlidir. Son illər qəzetlər içərisində ən sanballı məqalələri və kəskin tənqidləri ancaq "Azərbaycan" qəzetində görürəm. Həqiqətən, müasir dövrümüzdə televiziyaları tənqid etmək böyük cəsarət tələb edir. Televiziyalarla bağlı tənqid rubrikası açılmalıdır. Bu məqalə özəl televiziyalara total hücum xarakteri daşımır, adı çəkilən sahədə köklü problemlərin mövcud olduğunu və bunların aradan qaldırılmasının vacibliyini ortaya qoyur. Ən böyük gözləntilərimiz dövlət büdcəsindən maliyyələşən televiziyalaradır. Hesab edirəm ki, sənədli filmlərin çəkilişini sürətləndirməliyik. Unutmamalıyıq ki, televiziyalarda gedən mənfi tendensiyaların qarşısının alınmaması ağır nəticələrə gətirib çıxara bilər.

 

Cəmil QULİYEV:

- Akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqaləsində elmi, nəzəri cəhətdən televiziyanın bütun problemlərinin aspektləri əhatəli şəkildə təhlil olunub. Burada həm dövlət xadiminin, həm də ziyalının mövqeyi ictimaiyyətə çatdırılır. Məqalədə telekanalların cəmiyyətdə, ölkənin ictimai-siyasi həyatında rolu barədə mülahizələr öz konseptual əksini tapıb. Kino sahəsində çalışan insan kimi deyə bilərəm ki, bu sənətin təbliğində televiziyanın böyük rolu vardır. Onu da qeyd edim ki, son illər təkcə ölkəmizdə deyil, bütün dünyada kinoteatrlara axın azalır. Son üç il ərzində kino sənətində nisbətən irəli gedən Rusiyada da kinoteatrlara axın yoxdur. Bu sahə ilə məşğul olanlar kinoteatrların məhz ticarət mərkəzlərinə yaxın ərazidə yerləşməsinə çalışaraq bununla da problemi həll etmək istəyirlər.

Son vaxtlar bəzi telekanallar kino sahəsində təbliğat işinin aparılmasını bir qədər gücləndiriblər. Biz vaxtilə çəkilmiş sənədli filmləri kino lentindən elektron daşıyıcısına keçirib nümayiş etdirməyi düşünürük. Ölkə başçısı cənab İlham Əliyev Azərbaycan kinosunun inkişafına, o cümlədən Dövət Film Fonduna böyük dəstək verir. Gələn il zəruri avadanlıqlar Fransadan alınaraq ölkəmizə gətiriləcək. Bununla da həmin filmləri elektron variantına keçirib televiziyalara təqdim edəcəyik. Dövlət Film Fondu arxiv təşkilat kimi fəaliyyət göstərir və vəzifəsi flimləri qoruyub saxlamaq, tapıb araşdırmaq və onun təbliğinə çalışmaqdır.

Dövlət Film Fondu Milli Televiziya və Radio yayımı Şurasında mütəmadi görüşlər keçirir. Aparılan işlərin nəticəsidir ki, uşaqların və yeniyetmələrin psixologiyasına mənfi təsir göstərən qorxulu, dəhşət yaradan filmlərin azalması tendensiyası müşahidə olunur. Çalışmaq lazımdır ki, bu filmlər televiziya ekranlarından çıxsın. Uşaqlara və yeniyetmələrin gələcək inkişafına bu cür kinoların mənfi təsiri var. Bir cəhəti də qeyd etmək istəyirəm ki, kino siyasəti uşaqlarla da bağlı olmalıdır. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Dövlət Film Fondunun nəzdində Uşaq Kino Evi yaratmağı qərara almışıq. Yəni mütəmadi olaraq uşaqları Kino Evinə dəvət edərək mühazirələr keçirməyi, kinolar nümayiş etdirməyi düşünürük. Vaxtilə çəkilmiş filmlərdəki qəhrəmanlarla onları tanış edəcəyik. Uşaqları kinemotoqrafiyaya cəlb etmək də lazımdır. Bütövlükdə hesab edirəm ki, Azərbaycan televiziyalarında bu sahədə ciddi işlərin aparılması son dərəcə zəruridir.

 

Vüsalə MAHİRQIZI:

- Akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc olunan "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsinin nəşrindən dərhal sonra cəmiyyətdə bu mövzuda gərgin müzakirələr başlandı. Prezident Administrasiyası rəhbərinin ölkəmizdəki dini proseslər mövzusunda yazdığı məqaləsindən sonra da belə diskussiyalar olmuşdu. Hesab edirəm ki, cənab Ramiz Mehdiyev bu məqaləsi ilə əslində televiziyaları xilas etdi. Çünki cəmiyyətin bu qurumlara etibarı və etimadı itmişdi. Tamaşaçılar televiziya kanallarına baxmırdılar və narazılıqlarını verilişlərin boykot edilməsilə ifadə edirdilər. Eyni zamanda televiziya kanalları xəbər mənbəyi kimi funksiyalarını itirmişdilər. Lakin bu məqalədən sonra həmin qurumlarla bağlı məsələ yenidən gündəmə qayıtdı və biz bunu müzakirə edirik ki, necə edək ki, telekanallar informasiya siyasətində öz əvvəlki yerlərini tuta bilsinlər.

Əgər kadr problemi həllini tapmasa, efir məkanında heç nə dəyişməyəcək. Reallıq bundan ibarətdir! Azərbaycan televiziyalarının mövcud kadrları ilə yüksək səviyyəli debatlar təşkil etmək qeyri-mümkündür. Eləcə də bugünkü kadrlarla gələcəkdə yaradıla biləcək elmi araşdırma agentliyinin təklif etdiyi ideyaları həyata keçirmək mümkünsüzdür. Televiziyalarda yaxşı ideyaların həyata keçirilməsi mexanizmini bilən mütəxəssislər çalışmalıdır. Biz "APA" informasiya agentliyi olaraq ayrı-ayrı hadisələr haqda xəbərlər yayırıq. Qəzetlər bu xəbərlərlə bağlı müzakirələr təşkil edirlər. Televiziyalar isə xəbəri olduğu kimi arxivdən götürülmüş hansısa video süjetlə tamaşaçıya çatdırırlar. Elə buna görə də televiziya kanallarının xəbərləri bir-birinə bənzəyir, yəni öz yaradıcılıqları yoxdur.

Zənnimcə yeni aparıcı nəslinin formalaşdırılmasına ehtiyac var. Ali məktəblərin jurnalistika fakültələri bu istiqamətdə səylərini daha da gücləndirməli, xüsusi mütəxəssislər hazırlamalıdırlar. Bununla yanaşı jurnalistləri ayrı-ayrı ölkələrə istehsalat təcrübəsinə göndərmək lazımdır.

Reklam və şou verilişlərinin əleyhinə deyiləm. Azərbaycan televiziyaları heç də ayrı-ayrı ölkələrin televiziyalarından çox şou verilişlər hazırlamırlar. Amma həmin şouda ayrı-ayrı ciddi məsələlər də qaldırılmalıdır. Bir sözlə, verilişdə şou epizodik olmalıdır. Mənə elə gəlir ki, vəziyyətdən çıxış yolu peşəkarlığın artırılmasında və maliyyə məsələlərindədir. Eyni zamanda, qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsinə ciddi ehtiyac var.

Düşünürəm ki, bu gün Azərbaycanın efir məkanında aşağı səviyyəli şou proqramlardan başqa digər problemlər də mövcuddur. Hadisə yerindən operativ məlumatların verilməməsi məsələnin birinci tərəfidir. Məsələnin ikinci tərəfi isə bundan ibarətdir ki, televiziyalar gerçək Azərbaycan əsgərinin obrazını yarada bilmirlər. Halbuki digər ölkələrin televiziyaları bu məsələdə də fərqlidir.

 

 

Azərbaycan.- 2009.- 8 oktyabr.- S. 3, 4, 5.