"ITU Telecom World 2009" çərçivəsində ikt-nin sürətli inkişafı üçün zəruri investisiya tədbirləri müzakirə edilmişdir

 

Bu günlərdə Cenevrədə keçirilən "ITU Telecom World 2009" dünya tədbiri çərçivəsində iştirakçılar informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində qlobal siyasəti və dünya iqtisadiyyatının bu vacib sektorunun sürətli inkişafı üçün zəruri investisiya tədbirlərini müzakirə etmişlər.

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) mütəxəssisləri tərəfindən hazırlanmış məruzədə qeyd olunmuşdur ki, qlobal maliyyə böhranı zamanı telekommunikasiya sahəsi tam defoltdan qurtara bilmiş, genişzolaqlı sistemlərə olan istehlakçı tələbatı isə əsas dünya bazarlarında artmaqda davam edir. 5 ildə yeni xətlərin çəkilməsi sahəsində 30 faizlik davamlı artım proqnozlaşdırılır. Bununla yanaşı, məruzədə bildirilir ki, maliyyə böhranı yüksək texnologiyaların yeni məhsullarının tətbiqini ləngitmişdir. BTİ mütəxəssislərinin fikrincə, hökumətlər telekommunikasiya sahəsinin təşviq imkanlarına baxmalıdır. Burada əsasən telefon, şüşə-lif və genişzolaqlı texnologiyalar üçün yeni həllərin işlənib hazırlanması nəzərdə tutulur. BTİ-nin ekspertləri hesab edirlər ki, telekommunikasiya sahəsinin təşviqi iqtisadiyyatların inkişafına müsbət təsir göstərəcəkdir. BTİ-nin Baş katibi Hamadun Ture qeyd etmişdir: "İqtisadçılar hələ ki qlobal maliyyə böhranı ilə mübarizə üçün müvafiq üsullar axtarırlar. Lakin biz inanırıq ki, informasiya-kommunikasiya texnologiyaları və genişzolaqlı şəbəkələrə sərmayə qoyuluşu iqtisadiyyatın təşviqində vacib rol oynayır".

 

 

Azərbaycan.- 2009.- 8 oktyabr.- S. 3.