İbn Ərəbinin fəlsəfi irsi müasir fransızdilli ədəbiyyatda

 

Oktyabrın 9-da Bakıda XX əsrin görkəmli şərqşünas alimi Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilən "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda beynəlxalq İbn Ərəbi simpoziumu keçiriləcək. Qeyd edək ki, Şərq fəlsəfi mədəniyyətinin inkişafına mühüm təsir göstərmiş İbn Ərəbi müsəlman orta əsrlərinin ən müəmmalı və ziddiyyətli şəxsiyyətlərindən biri olmuşdur.

Simpozium ərəfəsində müasir fransız şərqşünaslığının İbn Ərəbi yaradıcılığına münasibətilə bağlı yazını oxucuların diqqətinə təqdim edirik.

Məqalədə Mişel Xodkiyeviçin, Klod Addasın, Əhməd Yusefin, Anri Korbenin, Osman Yəhyanın, Mişel Malerbin, Emil Brünşviqin, Layla Xəlifənin, Camil Aysanini və başqalarının araşdırmaları əsas götürülmüşdür.

Mühiyə əd-din Əbu Əbdallah Məhəmməd ibn Əli əl-Hatimi əd-Tai - İbn Ərəbi (1165-1240) Pireney yarımadasında o dövrün sivilizasiyalarının kəsişdiyi, fəlsəfə və mədəniyyət mərkəzi olan Əndəlisin Mursiya şəhərində anadan olmuşdur. Erkən yaşlarından müsəlman dindarlığı ilə əhatə olunmuş, ənənəvi təhsil almış, artıq 19 yaşında ikən sufi olmuşdur. Əsərlərində başına gəlmiş nurlanmalar, bəzən isə keçmiş dövrlərin sufiləri və peyğəmbərləri ilə görüşləri barədə çoxsaylı məlumatlar var.

Tədqiqatçılar onun yaradıcılığında Əl-Qəzali ideyaları ilə əlaqələri və polemikanı üzə çıxarmış, 14 yaşında ikən onun Kordovada İbn Rüştlə ilk görüşü haqqında məlumatlar vermişlər. 31 yaşında ikən Fes şəhərində keçirdiyi nurlanma zamanı o, Məhəmməd peyğəmbəri görmüş və "Müdrikliyin möhürü" əsərini - peyğəmbərlik ensiklopediyasını yaratmışdır.

Məkkədə ikən İbn Ərəbi özünün 15.000 vərəqlik çoxcildli traktatını, sufiliyin metafizik aspektlərini izhar etdiyi şah əsərini - "Məkkə kəşfləri"ni tərtib etməyə başlamış və bu əsərə görə "Əflatunun oğlu" adını qazanmışdır.

İbn Ərəbi sufi kosmoqoniyasını, "kiçik dünya", "Allahın obrazı" kimi götürülən insan haqqında və yaradılışın səbəbi barədə təlimi, "məqam" və "hal" haqqında sufi təsəvvürlərini işləyib hazırlamış, "vəhdət əl-vücud" haqqında təlim yaratmışdır. Onun yaradıcılığına orijinallıq verən iki ilahi əksliyi özündə birləşdirən, "aralıq" dünya barədə müddəadır.

Qeyd edək ki, mursiyalı Böyük Şeyxin təlimi, ispaniyalı tədqiqatçı Migel Azin Palasposun, Lui Masinyonun və Anri Korbenin araşdırmalarına görə, islam regionunda dirçəlmiş və Qərbdə öyrənilməyə başlanmışdır.

İbn Ərəbi 846 əsərin müəllifidir. Anri Korben hesab edir ki, onların sayı 856 olmuşdur və 550-si 2917 əlyazma şəklində günümüzə qədər gəlib çatmışdır. Bu nəhəng irs suriyalı tədqiqatçı Osman Yəhyanın islam elmlərini, o cümlədən şəriəti və yaxud ezoterik qanunlar olan Quranı, Sünnəni və hüququ (fiqh), Həqiqəti - yəni, metafizik və ezoterik həqiqətlərin toplusunu və nəhayət, təriqəti - yəni, həqiqətin reallaşdırılmasına istiqamətlənmiş mənəvi yolu özündə cəmləşdirən, "İbn Ərəbi, əsərlərinin tarixi və təsnifatı" adlı əsərində işıqlandırılmışdır.

Fransız tədqiqatçısı, filosof və tərcüməçi Anri Korben İbn Ərəbini "bütün zamanların ən böyük teosoflarından biri" adlandırmış və özünün 1958-ci ildə Fransada nəşr olunmuş "İbn Ərəbi təlimində yaradıcı təxəyyülün konsepsiyası" adlı məşhur monoqrafiyasını ona həsr etmişdir.

Anri Korben istər Qərbin xristian, istərsə də Şərgin sufi mistik ənənələrini eyni hərarətlə qarşılayırdı. O, qeyd edirdi ki, sufi mətnləri həm orta əsrlərin xristian teoloqlarına, həm də sufi mütəfəkkir və şairlərinin qəbul etdikləri simvolları əxz etmiş Avropa ədəbiyyatına mühüm təsir göstərirdi. Monoqrafiyadakı Dante və Şekspirin ədəbi kosmologiyası ilə İbn Ərəbi mistik düzənlərinin müqayisəli təqdimatı onu daha oxunaqlı edir. Ələlxüsus, Dantenin və Renessans dövrü müəlliflərinin rəmzi göstərişləri ilə Böyük Şeyxin təliminin əsas anlayışlarından biri olan "təxəyyül dünyası" gerçəklərinin müqayisə edilməsi daha təsirlidir. Burada Korben heç də əxzetmədən deyil, məcazi deyimin mistik mahiyyətindən söhbət açır, yəni, Korbenin İbn Ərəbi təliminin məcazi tərkibinə baxışları bu mütəfəkkirə verilmiş və Avropa ədəbiyyatında indiyə qədər işlənən "panteist" və ya "panteistik monizm" kimi ənənəvi və geniş yayılmış deyimlərdən mühüm dərəcədə fərqlənir.

İbn Ərəbi yaradıcılığı sufizmin zirvəsidir. Ona qədər sufilik Əbu Talib əl Maki və Əbu Hamid əl Qəzalidə müşahidə edildiyi kimi, bir növ, praktik mistika idi. Ondan sonra isə sufilik müsəlman ezoterizminin mümkün qədər sistemləşdirilmiş məcmusu, dünya ezoterizminin zirvəsi - başdan-başa teosofiya - təsəvvüf idi.

Fransız tədqiqatçısı Roje Döladrierin fikrincə, İbn Ərəbi ona qədər heç kəs tərəfindən işlənilməmiş teoloji, mistik və metafizik irsin müəllifidir.

İbn Ərəbi səyahəti sevirdi. Çoxsaylı faktlar onu Əlcəzairin Buji şəhərində inşa edilmiş və "fütuvva" din cəngavərləri ilə onlara rəhbərlik edən Böyük müəllim və ya Ali Şeyxin yaşadığı monastır-qalalarla bağlayır. Bujidə, Bonedə, Şerşeldə, Oranda "ribat" adlandırılan bu sayaq monastır-qalalar dəniz sərhədləri boyunca yerləşirdi. Həmin monastır-qalalar bu hərəkatın tərəfdarı olan xəlifə əl-Nəsir (1191-1223) tərəfindən qanuniləşdirilmişdir.

Əlcəzairli tədqiqatçı D.Aysani R.Brünşviq və E.Dermengem tərəfindən təqdim olunmuş mənbələrə istinadən Böyük Şeyxin hicri təqviminin 597-ci ilində Bujiyə gəldiyini yazır. Onun bu şəhərdəki qarabasmaları-gözəgörünmələri haqqında E.Dermengem İbn Ərəbidən iqtibas edir: "Bir dəfə gecə mən özümü bütün səma cisimləri ilə bağlanmış kimi hiss etdim. Onların hər biri ilə məni böyük mənəvi sevinc bağlayırdı". Dermengem daha sonra yazır ki, səma cisimləri və əlifba hərfləri ilə bağlanmalar nəhayətdə onu mənəvi nikaha gətirib çıxarır. Bujidə onun çoxsaylı əlaqələri mövcud idi. Məsələn, İbn Ərəbi tez-tez Sidi Bu Medienadan iqtibaslar gətirər və onu bizim şeyx, imam... müəllimlər müəllimi adlandırardı.

Gözəgörünmələrə qərq olmuş şeyx qışqıraraq: "Bu, intəhasız okeandır, onunla təmasda olan hər kəs ona qədər heç kimə nəsib olmamış daha dərin biliklərə, sirlərə və səma cisimlərinin təsirinə vaqif olar" demişdi.

Bir qədər susduqdan sonra: "Bu şəhərdə gözəgörünmələrə məruz qalan kəs buraya gəlmiş əndəlisli gənc ola bilər" demişdi.

Sufiliyə qoşulmaq yolu - gecə yoludur. Burada qaranlıq gecə işıqlı və həlim bir hala gəldiyi zaman onun durduğu müqəddəs yerə keçməkdən söhbət gedir.

"Kollej de Frans"da keçirdiyi seminarda Ahdre Mikel "leyla" (gecə) sözü ilə ondan hissolunacaq qədər fərqli olan və başqa məna daşıyan "leyla" sözünün sirrini izah edir. Onu da deyək ki, "leylanın sirri" ifadəsi ilk olaraq İbn Ərəbi tərəfindən işlədilmişdir.

Tədqiqatçı Əhməd Yusef özünün "İbn Ərəbi və Ümumvəhdət Allahı" adlı məqaləsində qeyd edir ki, İbn Ərəbinin biliklərinin mənbəyi islam mədəniyyətinin, mistikanın, ellinizmin və neoplatonizmin melanjindən, yəni, qarışığından ibarətdir. Daha sonra müəllif bildirir ki, hələ İbn Ərəbiyə qədər Əbu Yezid vəhdət nəzəriyyəsini öz müəllimi əl-Sindidən götürərək üzərində işləmiş və ona Şərq fəlsəfəsi forması vermişdir. Əbu Yezid və İbn Ərəbi arasında baş vermiş görüş islam teologiyasında və Hind-Çin metafizikasında vəhdət nəzəriyyəsinin oxşarlığını izah edə bilər. Deməli, bu nəzəriyyə - vəhdət nəzəriyyəsi - iki mənbəyin - Şərq və Çin fəlsəfi fikrinin çıxış nöqtəsi olmuşdur. Ümumiyyətlə, islam mistikasının, o cümlədən vəhdət nəzəriyyəsinin köhnə İran fəlsəfəsi, hind və ellin ideyaları və xristian mistikası ilə bağlılığına baxmayaraq, müsəlman mistikləri Quranda və peyğəmbər ənənələrində bu nəzəriyyənin motivini tapa bilmiş və öz təfislərini yaradarkən Qurandan mistika mənbəyi kimi istifadə etmişlər.

Maraqlıdır ki, oxşar fikrə biz Mişel Malerbdə də rast gəlirik; özünün "Dünya dinləri" kitabında o, xüsusilə qeyd edir ki, "Məhəmməd peyğəmbərə Quran surələrindən əlavə, həmçinin ezoterik-məxfi vəhylər də nazil olmuşdur ki, öz növbəsində o da bunları ənsardan - tərəfdarlarından bəzilərinə çatdırmışdır". Məhz bu səbəbdən sufi müəllimlər öz təlimlərini sələflərinin uzun-uzadı və həqiqi təlimi ilə əlaqələndirirlər.

Böyük Şeyx ərəb dilinin zənginliyindən məharətlə istifadə edərək xüsusi bir incəliklə "Məkkə kəşfləri"nin 178-ci fəslini məhəbbətə, onun ifadə vasitələrinə və hallarına həsr etmişdir. O, məhəbbət yolunu şərh və izah edərək, sözün həqiqi mənasında, təsəvvüfə mistika tətbiq edir.

M.Malerb qeyd edir ki, sufilərdə Allah dedikdə məhəbbət Allahı başa düşülür və ona yalnız məhəbbət vasitəsilə çatmaq olar. "Əgər sən azad olmaq istəyirsənsə, məhəbbətdən sərxoş ol".

İordaniyalı tədqiqatçı Layla Xəlifəyə görə, sufi ənənələrində, ələlxüsus İbn Ərəbidə məhəbbət heç də sufizmin sadə tərkib hissəsi deyil - bu, qnostikin yolu və özünüifadə formasıdır.

İbn Ərəbi "Məkkə kəşfləri"ndə Qurana və Allahın adlarından birinə - "Sevən" (əl-Vədud) adına istinad edərək Məhəbbəti ilahi məqama (məqami-ilahi) bənzədir. Bu məhəbbətdən yalnız Allahı dərk edən varlıq (vücud) və insan emanasiya edir.

L.Xəlifə yazır ki, biz məhəbbətdə ağılsızlığı, dəliliyi yalnız onun əksinin - sədaqətin işığında başa düşə bilərik, çünki dəlilik (cünun) sözü gizli, məxfi (canan) sözündən mənbə alırsa, o zaman pərdələnmiş və ya örtülü olan kəs də idrakı bizdən gizli olandır.

Bu məsələyə M.Xodkiyeviçin yanaşması da maraqlıdır: "Böyük Şeyx iki əksliyi, yəni, dəliliyi və ağlı birləşdirməklə perspektivdə "addat"ın, yəni, iki ziddiyyətin və iki əksliyin ittifaqı anlayışının spiralvari bir hərəkətlə yolçunu mənbədən mərkəzə gətirəcəyini bildirirdi.

İbn Ərəbinin də tez-tez müraciət etdiyi İbn Qasiyədən soruşanda ki Allahı necə tanımaq olar, sonuncu belə cavab verir: "O, əkslikləri birləşdirən kəsdir". Sonra Qurandan iqtibas gətirərək: "Q, birinci və axırıncıdır, əvvəl və axır da Odur" (Quran, 57:3). Sufi ənənələrinə, o cümlədən İbn Ərəbiyə görə, qoşulma yolu insanın ilkin təbiətinə qayıtması yoludur (fitrə). Bu, ilahi mahiyyətə, Kəbəyə, əkslikləri birləşdirən tarazlıq nöqtəsinə, ilahi mehraba və insan qəlbinə qayıdış yoludur.

Həqiqi məhəbbətdə aşiqi mənəvi məqama gətirmək qabiliyyəti var. Bu məqamda o, məşuq sözündən başqa digər hər şeyə kardır, məşuqun simasından savayı bütün simalar kordur, yalnız məşuqun adını çəkə bilməklə özgə bir söhbət etməyə laldır. Onun qəlbinə məhəbbətdən başqa özgə heç bir şey yol tapa bilmir.

 

Surətin daim gözüm önündədir,

Hüsnü-əsma hər zaman dilimdədir.

Məndən necə pünhan qala bilərsən,

Mənzilin ki qəlbimin içindədir?

 

Allaha məhəbbət kainatı vücuda gətirir və Onun heç kəs tərəfindən yaradılmamış "Mən"i ilə qurulmuş dünya arasındakı fərqi dərk etmək bilgisi verir. Fəqət təfriqəyə, parçalanmağa səbəb olan qüvvə eyni zamanda birliyə, vəhdətə aparır. Allahın "digərləri" tərəfindən dərk olunması istəyi həmin yaradılmış varlıqların mövcud olmasını, Onu sevməsini, Onun bilgilərini əldə etməyə can atmaqla yaradılışın məqsədlərinin həyata keçirilməsini tələb edir.

Sufilər bu sayaq, Allahın insanlara olan məhəbbəti ilə insanların Allaha olan məhəbbətindəki tabeçilik münasibətlərinə "O onları sevir, onlar isə Onu sevirlər" deyilən Quran ayəsində bir işarə olduğunu görürlər.

İbn Ərəbi varlığın vəhdəti əsasları üzərində bərqərar olan (vəhdət əl-vücud) və mistik fəlsəfə deyimində Allahın vəhdaniyyəti (tovhid) haqqında islami doqmanı ifadə edən sufi məktəbinin banisi kimi tanınır.

İbn Ərəbi özünün "varlığın vəhdəti" təliminə insani bilgilərin ali sintezi kimi, özünə isə "kamil insan"ın təcəssümü kimi baxır. Ümumvəhdət Allahı nəzəriyyəsi isə ilk dəfə onun tələbəsi və kürəkəni Sədr əd-Din əl Kunəvi tərəfindən sistem halına salınmışdır.

Əhməd Yusefin bu təlimə münasibəti belədir: İbn Ərəbinin mistik doktrinası onun varlıq haqqında təsəvvürlərinin təqdim olunması ilə başlayır: o, Allahı mütləq, əbədi, intəhasız, yəni, sonu olmayan bir substansiya kimi, bütün varlıqların mütləq mahiyyəti kimi təsəvvür edir. O, qeyd edir ki, Mütləq bir tərəfdən bütün canlılara xasdır, digər tərəfdən isə dərkolunmaz və transsendentaldır. İbn Ərəbinin mistik dokrtinasına görə, varlıqda yalnız bütün mövcud olanların mahiyyətini özündə cəmləşdirmiş Allah vardır.

Bütün mövcudiyyatın birliyinin təsdiq edilməsi Allahdan başqa bir varlığın mümkünsüzlüyü fikrinə gətirib çıxarır. İslam dininin, ələlxüsus da əl-tovhid (Allahın vəhdaniyyəti) ideyasının əsas prinsipləri ilə uzlaşdırılması ilə bağlı bütün cəhdlərə baxmayaraq, İbn Ərəbinin panteist doktrinası özünün Allah və din konsepsiyası ilə uzlaşa bilmədi.

İbn Ərəbi islamdakı "Allahın vəhdaniyyəti" anlayışından panteizm nəzəriyyəsindəki "Tək" anlayışına keçmək cəhdində bulunurdu, yəni, "Allahdan başqa tanrı yoxdur" deyiminin sintezindən "yalnız Allah vardır" sintezinə keçməyə cəhd edirdi.

İbn Ərəbi "Yalnız Allah var" deyimini dəyişərək "Yalnız bir reallıq var" deyirdi.

Əhməd Yusef yazır ki, beləliklə, İbn Ərəbi yeni prinsiplərin mənbəyində durur. Bu prinsiplərin ən birincisi Allahı "Tək" kimi təqdim etmək idi. İbn Ərəbinin təqdim etdiyi Allah ortodoksal islamda göstərilən Allahdan tamamilə fərqli idi.

İbn Ərəbi irsi bir çox filosofların, şair və sufilərin yaradıcılığına mühüm təsir göstərmişdir. Onun ideyalarının bir qismi şaziliyyə, mövləviyyə, xəlvətiyyə və digər sufi qardaşlıqlarının ideoloji əsasını təşkil edirdi.

İbn Ərəbinin yaradıcılığına çoxsaylı şiə təfsirçiləri və mistikləri tərəfindən şərhlər yazılmışdır. Tədqiqatçı Osman Yəhya yalnız "Müdrikliyin möhürü" əsərinə yazılmış 130 şərhin analizini aparmışdır. Fransızdilli şərqşünaslar tərəfindən İbn Ərəbi irsinin işıqlandırılması və gəlinən nəticə də bu irsin dünya şərqşünasları tərəfindən verilmiş şərhlə prinsipial eynilik təşkil etdiyi aydın görünür. Müşahidə olunan mülahizələrin və qiymətlərin ümumiliyi, fikrimizcə, Böyük Şeyxin ideyalar və simalar dünyasının həqiqiliyini sübut etmək üçün kifayət qədər əsas verir.

 

 

Zöhrə ƏLİYEVA,

fəlsəfə elmləri namizədi

 

Azərbaycan.- 2009.- 7 oktyabr.- S. 7.