Məhkəmə-hüquq islahatlarının keyfiyyətcə
yeni mərhələsi
Müasir dünya xalqın iradəsi
əsasında dövlət idarəçiliyi
missiyasını üzərinə götürmüş
liderlər qarşısında yeni şərtlər müəyyənləşdirir.
Bu şərtlərin hansı səviyyədə yerinə
yetirilməsi, çağdaş dünyamızda gedən
inkişaf proseslərinin ölkənin milli tərəqqisinə
doğru istiqamətləndirilməsi hər bir dövlət rəhbərinin
siyasi səriştəsindən uzaqgörənliyindən,
xalqına və vətəninə
bağlılığından asılıdır. 2008-ci ilin 15
oktyabr seçkilərində xalqın böyük
etimadını qazanaraq ikinci dəfə dövlət
başçısı seçilən cənab İlham Əliyevin
ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə
nəzərdən keçirdikdə, onun bu şərtlərə
necə dəqiqliklə əməl etdiyinin bir daha şahidi
oluruq.
Dövlət
başçısı İlham Əliyev hələ 2008-ci il
oktyabrın 24-də keçirilmiş andiçmə mərasimində
xüsusi vurğulamışdır ki, demokratik proseslərin
davamlı şəkildə aparılmadığı
hansısa dövlətin iqtisadi sahədə davamlı və
yüksək nəticələr əldə etməsi, beynəlxalq
arenada layiqli yerini tutması, insan hüquqlarının təminatı
sahəsində mühüm irəliləyişlərə
nail olması mümkün deyildir. Azərbaycan Prezidenti bu vədini
də praktik fəaliyyəti ilə doğruldaraq məhkəmə-hüquq
və ədliyyə sistemində islahatları davam etdirmiş,
eyni zamanda, məhkəmə orqanlarının maddi-texniki
bazasının möhkəmləndirilməsi istiqamətində
bir sıra sərəncamlar imzalamışdır. Cənab
İlham Əliyevin 21 noyabr 2008-ci il tarixli sərəncamı
ilə bir qrup hakim, o cümlədən Məhkəmə-Hüquq
Şurasının bəzi üzvləri yüksək dövlət
təltiflərinə və fəxri adlara layiq
görülmüşlər.
Azərbaycan Prezidentinin son bir ildə
məhkəmə və ədliyyə sisteminin fəaliyyətinin
təkmilləşdirilməsi məqsədilə
imzaladığı ən mühüm sənədlərdən
biri 2009-cu il 6 fevral tarixli "Azərbaycan ədliyyəsinin
inkişafına dair 2009-2013-cü illər üçün
Dövlət Proqramı" olmuşdur. Dövlət
proqramının preamblua hissəsində
vurğulandığı kimi, ölkəmizdə hüquq
sisteminin müasirləşdirilməsi, məhkəmə-hüquq
islahatlarının davam etdirilməsi ədliyyə
orqanlarının və məhkəmələrin fəaliyyətinin
son dövrün tələbləri səviyyəsində
qurulmasını, ədalət mühakiməsinin səmərəliliyinin
artırılmasını, vətəndaşların məhkəmələrə
və ədliyyə orqanlarına müraciət
imkanlarının asanlaşdırılmasını, regionlarda
hüquq infrastrukturunun genişləndirilməsini, yeni nəsil
hüquqşünaslarının
formalaşdırılmasını, cəza-icra siyasətinin
humanistləşdirilməsini zəruri edir. Dövlət
proqramının imzalanması da məhz ədliyyə
orqanlarının və məhkəmələrin dinamik
inkişafının təmin edilməsi, yeni informasiya və
kommunikasiya texnologiyalarının tətbiqi, normativ-hüquqi və
maddi-texniki təminatın
yaxşılaşdırılması, kadr potensialının, ədliyyə
orqanlarının sosial müdafiəsinin gücləndirilməsi
məqsədi daşıyır.
Dövlət proqramının
imzalanması ədliyyə orqanlarının və məhkəmələrin
dinamik inkişafının təmin edilməsi, yeni informasiya və
kommunikasiya texnologiyalarının tətbiqi, normativ-hüquqi və
maddi-texniki təminatın
yaxşılaşdırılması, kadr potensialının
gücləndirilməsi məqsədi daşıyır.
Dövlət proqramının 6-cı hissəsində məhkəmə
fəaliyyətinin təkmilləşdirilməsi və
infrastrukturunun yaxşılaşdırılması sahəsində
bir sıra tədbirlər nəzərdə tutulmuşdur.
Proqrama əsasən, 2009-2013-cü illərdə məhkəmələrin
fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar
külliyatının və onların şərhinə dair vəsaitlərin
hazırlanması, "Ədliyyə sisteminin müasirləşdirilməsi"
layihəsi çərçivəsində məhkəmə
fəaliyyətində, o cümlədən işlərin
qeydiyyatı və hərəkətində, məhkəmə
proseslərinin aparılmasında yeni texnologiyaların tətbiqi,
habelə məhkəmələrin maddi-texniki bazasının
yaxşılaşdırılması və onlar
üçün lazımi iş şəraitinin təmin edilməsi,
yeni yaradılmış Bakı, Gəncə, Sumqayıt,
Şirvan və Şəki apellyasiya məhkəmələrinin
inzibati binalarla təmin edilməsi nəzərdə tutulur.
Ümumilikdə, dövlət proqramı ədliyyə
orqanları ilə yanaşı, məhkəmələrin də
fəaliyyətinin müasirləşdirilməsinə və təkmilləşdirilməsinə
yeni imkanlar açır.
Xüsusi vurğulamaq
lazımdır ki, 2009-cu ilin 18 mart referendumunun nəticəsi
kimi Konstitusiyaya edilən əlavə və dəyişikliklərin
bir qismi məhkəmələrin fəaliyyəti ilə
bağlı olmaqla, ədalət mühakiməsinin keyfiyyətinin
yüksəldilməsinə, vətəndaşların qanuni mənafeyinin
daha etibarlı müdafiəsinə xidmət edir. 125-ci maddəyə
edilən əlavəyə görə məhkəmə
icraatı həqiqətin müəyyən edilməsini təmin
etməlidir. Yəni, həqiqətin müəyyən edilməsi
bir konstitusion öhdəlik kimi məhkəmələrin
üzərinə qoyulur. 129-cu maddənin (Məhkəmə qərarları
və onların icrası) II hissəsinə edilən əlavədə
isə qeyd olunur ki, məhkəmə qərarının icra
olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə
səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının
129-cu maddəsində məhkəmənin qəbul etdiyi qərarların
dövlət adından çıxarılması və məcburi
icra olunması təsbit edilmişdir. Təcrübə
göstərir ki, insan hüquq və azadlıqlarının
etibarlı təmini baxımından məhkəmələrin
çıxardığı qərar və qətnamələrin
qanunvericilikdə nəzərdə tutulmuş vaxtda və
qaydada icrası vacib məsələlərdən biridir.
Qanunvericiliyə əsasən, məhkəmə
icraçılarının və ya məhkəmə nəzarətçilərinin
səlahiyyətləri hüdudunda irəli sürdükləri
tələblər Azərbaycan Respublikası ərazisində
bütün fiziki və hüquqi şəxslər
üçün məcburidir. Təklif olunan əlavə isə
məhkəmə qərarlarının icrasının məcburiliyi
ilə bağlı müddəaya konstitusion təminatı
gücləndirir.
Məhkəmə-hüquq
sektorunda bir ilin ən mühüm hadisələrindən biri
də Azərbaycan Respublikası Ali Məhkəməsinin ən
müasir standartlara cavab verən yeni binasının istifadəyə
verilməsi olmuşdur. Dövlət başçısı
İlham Əliyevin iştirakı ilə hələ
2006-cı ilin avqustunda əsası qoyulmuş Ali Məhkəmənin
yeni binasının bu ilin may ayında təntənəli
açılış mərasiminin keçirilməsi məhkəmələrin
müasirləşdirilməsi istiqamətində tədbirlər
sisteminin ardıcıl xarakter daşıdığını
bir daha təsdiqləyir. Ali Məhkəmənin yeni binası
möhtəşəm görünüşü ilə
paytaxtın yaraşıqlı, müasir tikililəri
sırasında xüsusi yer tutur. Bina memarlıq
baxımından mütəxəssislər tərəfindən
yüksək qiymətləndirilmiş, Azərbaycan Memarlar
İttifaqının "Müstəqillik dövrünün ən
yaxşı layihəsi" nominasiyası üzrə
mükafata layiq görülmüşdür. Etiraf etmək
lazımdır ki, Ali Məhkəmənin yeni binası yüksək
iş şəraitinə, maddi-texniki bazaya,
informasiya-kommunikasiya texnologiyalarının səviyyəsinə
görə hətta Avropanın analoji məhkəmələrini
də üstələyir.
Dövlət
başçısı İlham Əliyev Ali Məhkəmənin
yeni binasının açılış mərasimində bu
sahədə islahatların davam etdiriləcəyini
bildirmişdir: "Son illər ərzində Azərbaycanda məhkəmə-hüquq
sistemində aparılmış köklü islahatlar öz bəhrəsini
verir. İnsanların məhkəmə orqanlarının qərarlarına
inamı artır. Biz bunu görürük, bilirik və yerlərdən
bu məsələ ilə əlaqədar gələn şikayətlərin
sayı azalır, məhkəmə qərarları ədalətli
çıxarılır. Düzdür, hər bir yerdə
olduğu kimi, biz ədalətsizlikləri də
görürük. Bizim vəzifəmiz ondan ibarətdir ki, bu ədalətsizlikləri
aradan götürək. Həyatımızın bütün
sahələrində ədalət olmalıdır və bu, hər
bir cəmiyyətin inkişafı üçün çox
vacibdir".
Son illərdə yeni mütərəqqi
qaydalara uyğun, çoxmərhələli seçim
prosedurları nəticəsində 157 nəfər yüksək
hazırlıqlı hüquqşünas yazılı və
şifahi imtahanları, habelə uzunmüddətli tədris
kurslarını müvəffəqiyyətlə başa vuraraq
müvafiq hakim vəzifələrinə təyin edilmişlər.
Ədalət mühakiməsinin səmərəliliyinin
artırılmasına xidmət edən bu tədbirlər son
bir ildə də davam etdirilmiş, hakim vəzifəsinə
namizədlərin tam şəffaf şəraitdə, ən
müasir beynəlxalq tələblər səviyyəsində
seçimi həyata keçirilmişdir. Hakim kadrlarına olan
ehtiyacla bağlı hakim vəzifəsinə namizədlərin
sənədlərinin ötən il qəbuluna yenidən
başlanılmış və 440 nəfər öz namizədliyini
irəli sürmüşdür. 2009-cu ilin mayında hakimliyə
namizədlər üçün test imtahanı
keçirilmişdir. İmtahanın hər bir mərhələsi,
o cümlədən sualların seçimi və cavabların
yoxlanılması bilavasitə imtahan keçirilən zalda,
namizədlərin, habelə 30-dək beynəlxalq təşkilat
və yerli QHT təmsilçilərinin, televiziya və mətbuat
nümayəndələrinin qarşısında həyata
keçirilmişdir.
Dörd saat davam edən
imtahanın nəticələri xüsusi dəqiq
avadanlıqla imtahan başa çatan kimi dərhal
yoxlanılaraq nəticələr yerindəcə elan
olunmuş və internetdə yerləşdirilmişdir. Test
imtahanında müvəffəqiyyət qazanmış 213 nəfər
hakimliyə namizədlə şəffaf prosedurlar əsasında
yazılı imtahan keçirilmiş, imtahanın nəticələrinə
görə 111 nəfər növbəti mərhələyə
- şifahi imtahana vəsiqə qazanmışdır. Test
üsulu ilə və yazılı imtahanlarda uğur
qazanmış hakimliyə namizədlərlə bu il
sentyabrın 14-dən şifahi imtahanlar
başlamışdır. Müşahidəçilərin
iştirakı ilə açıq şəkildə
keçirilən imtahanlar zamanı namizədlərə
hüquq sahəsinə aid suallar verilmiş, onların bilik səviyyəsi
ilə yanaşı, məntiqi nəticələr
çıxarmaq qabiliyyəti, ümumi dünya
görüşü müəyyən edilmişdir.
Ümumilikdə, 2008-ci ilin 15
oktyabr seçkiləri Azərbaycanın bütün sahələrində
olduğu kimi, məhkəmə-hüquq islahatlarının
daha geniş miqyasda həyata keçirilməsinə təkan
vermişdir. Son bir ildə həyata keçirilən tədbirlər
deməyə əsas verir ki, insan hüquq və
azadlıqlarının müdafiəsinin yüksək səviyyədə
təşkili, peşəkar hakim korpusunun
formalaşdırılması, məhkəmələrin fəaliyyətində
şəffaflığın təmin edilməsi və digər
konseptual məsələlərin həlli dövlət
başçısının xüsusi diqqət mərkəzindədir.
İnanırıq ki, bu siyasət qarşıdakı illərdə
də davam etdiriləcək, məhkəmələrin
müasirləşdirilməsi və təkmilləşdirilməsi
ölkədə insan hüquq və azadlıqlarının
daha etibarlı təminatına geniş imkanlar yaradacaqdır.
Hikmət MİRZƏYEV,
Ali Məhkəmənin iqtisadi
mübahisələrə dair işlər üzrə
Məhkəmə Kollegiyasının sədri
Azərbaycan.- 2009.- 8 oktyabr.- S. 6.