Türk dünyasını birləşdirən lider

 

Ötən əsrin sonlarında müstəqil dövlətçiliyini bərpa etmiş Azərbaycan Respublikası eyni tarixi kökə, dinə, dil qrupuna, oxşar mental dəyərlərə malik xalqlarla münasibətlərini tamamilə yeni müstəvidə qurmaq imkanı əldə etmişdir. Respublikamız bu gün bütövlükdə türkdilli xalqlara məxsus ortaq dəyərlərin, müsbət ənənələrin daşıyıcısı olaraq, onların vahid məqsəd və ideyalar ətrafında konsolidasiyasını gerçəkləşdirmək əzmi nümayiş etdirir. Bütün həyatı boyu türkdilli xalqların qədim tarixi keçmişinin, milli-mənəvi dəyərlər sisteminin müdafiəsində dayanmış ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyevin son 5 illik fəaliyyəti bu baxımdan diqqəti xüsusi cəlb edir.

Dünya təcrübəsində tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələr gətirmək mümkündür. Minilliklər boyu yol gəlməklə tarixin sərt sınaqlarından üzüağ çıxmış, milli dövlət qurmaq, müstəqil yaşamaq haqlarını əzmlə qorumuş türkdilli xalqların ideya-mənəvi birliyini təmin edən amillər isə daha çoxdur. Təməl prinsipində dahi Atatürkün "Yurdda sülh, cahanda sülh" tezisi dayanan türkçülük ideologiyası möhkəm ideoloji istinad nöqtəsi kimi daha geniş coğrafi ərazidə türkdilli xalqları bir-birinə sıx şəkildə bağlayır, onlarda milli kimlik şüurunu, həmrəylik, təəssübkeşlik hisslərini və duyğularını gücləndirir. Bu birlik və həmrəylik eyni zamanda, çoxqütblü əməkdaşlığın subregional inteqrasiya modelinin - türkdilli dövlətlərin müxtəlif qlobal enerji və kommunikasiya layihələrinin gerçəkləşdirilməsi naminə birgə səy göstərməsini, geniş iqtisadi əlaqələr qurmasını təmin edir.

Azərbaycan Prezidenti İlham Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir. Dövlət başçısı türkdilli xalqların oxşar milli irsinə, ülvi və pak dəyərlərinə, mental xüsusiyyətlərinə həm də ümumi müqaviməti və səfərbərliyi təmin edən güclü ideoloji-siyasi təsir vasitəsi kimi yanaşır. Cənab İlham Əliyevin fəaliyyətini yaxından izləyən hər kəs təsdiqləyə bilər ki, bu gün Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır. Rəsmi Bakı Avropa və ümumilikdə Qərb, habelə Rusiya ilə mövqeləri yaxınlaşdırmaqla bərabər, türk dünyasının mənəvi birliyinin siyasi təzahürünə nail olmaq, dünya qarşısına bütün cəhətlər üzrə daha üstün sivilizasiya ilə çıxmaq zərurətini diqqətdən kənarda qoymur. Türkdilli respublikaların birliyi istiqamətində səylərin son illər daha da intensivləşdirilməsi bu qənaəti bir daha gücləndirir. Son illər regionda və dünyada cərəyan edən siyasi-iqtisadi proseslər də türk xalqlarının birliyini aktual məsələ kimi gündəmə gətirir.

Ölkə başçısı İlham Əliyev dünya siyasətinə təsir imkanları olan türkdilli dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində mühüm addımlar atmışdır. Türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid ideya və məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni mövqe nümayiş etdirməsi, bədnam erməni lobbisinə qarşı mütəşəkkil mübarizəyə qoşulması cənab İlham Əliyevin ən çox səy göstərdiyi məsələlərdəndir. Rəsmi Bakının tarixi, siyasi və dini baxımdan Azərbaycana yaxın olan türkdilli respublikalarla ikitərəfli və çoxtərəfli münasibətlərin genişləndirilməsi təşəbbüsləri də məhz bu məqsədə xidmət edir. Dövlət başçısı bu zərurəti hələ 2006-cı ilin martında Bakıda keçirilmiş Dünya azərbaycanlılarının II qurultayında xüsusi önə çəkmişdir. Azərbaycana strateji müttəfiq olan Türkiyə ilə diaspor quruculuğu və lobbiçilik sahəsində fəaliyyətin əlaqələndirilməsi də həmin qurultayın yaddaqalan, vacib qərarlarındandır.

2006-cı ilin sentyabr ayında isə Ankarada keçirilən Türkdilli dövlətlərin və topluluqların X dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı dövlət başçısı İlham Əliyevin türk dövlətləri arasında birləşdiricilik missiyası həyata keçirən və bu sahədə böyük uğurlar qazanan lider olduğunu bir daha təsdiqləmişdir. Forumdakı çıxışında bədnam erməni təbliğatına qarşı hücum diplomatiyasının vacibliyini diqqətə çəkən cənab İlham Əliyev demişdir: "Bəzi hallarda bizim haqqımızda süni şəkildə mənfi rəy formalaşdırılır və bunun arxasında Türkiyə və Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan erməni lobbisinin fəaliyyəti dayanır. Biz bunu çox gözəl bilirik və hiss edirik. Bizim əleyhimizə çox böyük, mütəşəkkil, böyük maliyyə dəstəyinə malik olan və bəzi riyakar siyasətçilər tərəfindən dəstəklənən erməni lobbisi fəaliyyət göstərir. Biz onların təbliğatını ifşa etməliyik, darmadağın etməliyik, ancaq müdafiə naminə yox. Biz hücüm etməliyik, çünki həqiqət bizim tərəfimizdədir" - deyən dövlət başçısı cənab İlham Əliyev türk dünyasına qarşı aşkar düşmənçilik siyasəti aparan bədnam ermənilərin yerində oturdulması vacibliyini önə çəkmişdir. Azərbaycan Prezidenti həmin toplantıda eyni zamanda, Türkdilli dövlətlərin və topluluqların X dostluq, qardaşlıq və əməkdaşlıq qurultayındakı çıxışında həmin forumun 2007-ci ildə Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir.

2007-ci ilin mart ayında Bakıda Azərbaycan və türk diaspor təşkilatlarının I forumunun keçirilməsi də iki qardaş və dost ölkənin xaricdəki diaspor təşkilatları qarşısında duran strateji vəzifələri müzakirə etmək, bu sahədə fəaliyyətin səmərəli koordinasiyasına nail olmaq məqsədi daşımışdır. Qurultayda Azərbaycan və Türkiyənin diaspor təşkilatlarının daha sıx əməkdaşlıq etməsini, bədnam erməni lobbisinə qarşı fəal mübarizə aparmasını nəzərdə tutan razılaşmalar, bəyanatlar qəbul olunmuşdur.

2007-ci ilin dekabrında Bakıda keçirilmiş Türkdilli dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı isə respublikamızın bütövlükdə türkdilli dövlətlərin konsolidasiya və əməkdaşlıq mərkəzinə çevrildiyini göstərmişdir. Bir qayda olaraq Türkiyədə keçirilmiş belə qurultayın ilk dəfə Azərbaycanda təşkili, respublikamızın türk dünyasındakı həlledici rolundan, artan nüfuzundan irəli gəlmişdir. Ümumiyyətlə, qurultayın başlıca məqsədi türk dövlət və cəmiyyətləri arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, onların arasında informasiya mübadiləsinə nail olmaq, iqtisadi inkişaf sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirən tədbirlər görmək, türk dövlət cəmiyyətlərinin ümumi problemlərinin birlikdə həlli yollarını araşdırmaq olmuşdur. Türkdilli dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının Azərbaycan paytaxtında keçirilməsi vahid məqsəd, amal uğrunda həyata keçirilən işlərin yeni mərhələsinə çevrilmişdir.

Qurultay həmçinin Türkdilli Dövlətlər Birliyinin yaradılması üçün zəruri elmi, ideoloji, institusional və hüquqi zəminin formalaşdırılmasına başlamaq məqsədi ilə müvafiq konsepsiyanın hazırlanmasını vacib hesab etmişdir. Eyni zamanda, türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşü daimi katibliyinin yaradılması ideyası alqışlanmış, bu təklifin türk dünyası arasında dostluq, əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, xalqlarımızın qədim tarixə malik çoxəsrlik qardaşlıq münasibətlərinin inkişafına təkan verəcəyinə əminlik ifadə edilmiş, bu istiqamətdə tədbirlər görmək tövsiyə olunmuşdur.

Qurultayın mühüm sənədlərindən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olmuşdur. Həmin sənəddə göstərilmişdir ki, münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlılara qarşı erməni işğalçıları tərəfindən törədilmiş soyqırımı və terror aktlarının, eləcə də digər cinayətlərin beynəlxalq miqyasda ifşası istiqamətində türkdilli ölkələr tərəfindən birgə tədbirlərin görülməsi təmin edilməli, Azərbaycana mənəvi-psixoloji və siyasi dəstək gücləndirilməlidir.

Türkdilli dövlətlər arasında münasibətlərin yüksələn xətlə inkişaf edərək bütün həyati əhəmiyyətli sahələrdə nailiyyətlərə yol açması adekvat olaraq onların kütləvi informasiya vasitələri arasında əlaqələrin də müasir dövrün tələbləri səviyyəsində qurulmasını, ümumi maraq və mənafelər naminə fəaliyyətin əlaqələndirilməsini zərurətə çevirmişdir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar 2008-ci ilin mayında Bakıda keçirilən Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyi Baş Məclisinin "Türkdilli ölkələrin əlaqələrinin inkişafında xəbər agentliklərinin əməkdaşlığının rolu" mövzusundakı VII iclası bu baxımdan bir sıra mühüm nəticələrlə yadda qalmışdır. Şübhəsiz, Bakıda belə bir mühüm tədbirin keçirilməsi türkdilli dövlətlərin mediasındakı oxşar və fərqli cəhətləri müqayisəli təhlil etməkdən, daha da yaxınlaşdırmaqdan, mövcud əlaqələri dərinləşdirməkdən ibarət olmuşdur. Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın, Şimali Kiprin, Rusiya Federasiyasının, Tatarıstan və Başqırdıstan respublikaları və Ukraynanın Krım Muxtar Respublikasının nümayəndələrinin iştirak etdiyi tədbirdə ümumən türk dünyasında mətbuatın vəziyyəti, qarşıda duran məqsəd və vəzifələrlə bağlı fikir mübadiləsi aparılmış, əməkdaşlıq istiqamətləri müəyyənləşdirilmişdir. Tədbirdə xüsusi vurğulanan fikirlərdən biri də bu olmuşdur ki, türkdilli ölkələr arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafı ilə müqayisədə, xəbər agentliklərinin əməkdaşlığı hələ arzuolunan səviyyədə deyildir. Ümumiyyətlə, türk dövlətlərinin mətbuatı bu sahədə fəaliyyətlərini əlaqələndirməklə, erməni lobbisinin apardığı cəfəng və əsassız təbliğata qarşı daha kəsərli, sistemli və ardıcıl mövqe tutmalı, daim hücum mövqeyində olmalıdırlar. Bunu hər iki ölkənin ümumi maraq və mənafeyi diktə edir.

Bu günlərdə Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci sammitinin keçirilməsi isə ümumtürk birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü strategiyanın uğurlu davamıdır. Xatırladaq ki, ilk dəfə 2006-cı ildə türkdilli ölkələrin dövlət başçılarının sammitində Prezident Nursultan Nazarbayev Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması ideyasını irəli sürmüşdür. Ortaq mədəni irsə, dinə, dilə malik olan dövlətləri bir araya gətirdiyi üçün assambleya böyük əhəmiyyətə malikdir.

Milli Məclisdə baş tutan sammitdə türk dövlətlərinin əməkdaşlığı istiqamətində mövcud potensialdan daha səmərəli istifadə vacibliyi vurğulanmışdır. Sammit iştirakçılarının ümumi fikri bundan ibarət olmuşdur ki, türkdilli dövlətlərin yerləşdikləri bölgələrin dünya siyasətində və iqtisadiyyatında artan rolu türkdilli xalqlar ailəsinin bütün üzvləri arasında sıx birliyi, əməkdaşlığı zəruri edir. Qeyd olunmuşdur ki, eyni kökdən olan, ortaq milli-mədəni dəyərləri bölüşən dost və qardaş xalqların parlament məclisi ölkələr arasında siyasi, iqtisadi, mədəni, humanitar münasibətlərin genişlənməsinə kömək göstərəcək, ölkələr üçün ümumi olan bir çox problemlərin həllinə yol açacaqdır. Türkdilli Ölkələrin Parlament Assambleyası parlamentlərarası ünsiyyətin demokratik forumu kimi təşəkkül tapacaq, bölgələrin əmin-amanlıq və inkişaf ərazilərinə çevrilməsi məqsədi ilə müxtəlif təşəbbüslərin irəli sürülməsinə və həyata keçirilməsinə əlverişli şərait yaradacaqdır.

Sammitdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmış, assambleyanın nizamnaməsi, katibliyinin əsasnaməsi, təşkilatın büdcəsi təsdiqlənmiş, baş katib və onun müavinləri seçilmişdir. Sammitin birinci ümumi iclasının Bakı bəyannaməsi də qurumun gələcək fəaliyyətinin ümumi prinsip və məqsədlərini, mahiyyətini özündə ehtiva edir. Yeni yaradılmış assambleyanın baş katibliyinin Bakıda yerləşməsi də ölkəmizin bu sahədə oynadığı müstəsna rola verilən adekvat qiymətdir.

Nəhayət, Türkdilli ölkələrin dövlət başçılarının bu günlərdə Naxçıvanda keçirilmiş IX zirvə görüşü Türkiyə, Azərbaycan, Qazaxısan və Türkmənistan arasında münasibətlərin keyfiyyətcə yeni mərhələdə intensiv inkişafı, ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından mühüm nəticələrlə yadda qalmışdır. Faydalı müzakirələrlə tarixə düşən zirvə toplantısında türk dövlətləri arasında hərtərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin yaradılması vacibliyi önə çəkilmişdir. Eyni zamanda, türkdilli dövlət başçıları ildə iki dəfə - rəsmi və qeyri-rəsmi görüşmək barədə razılığa gəlmişlər. Görüşdə imzalanmış Naxçıvan bəyannaməsinə görə isə yaxın perspektivdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması nəzərdə tutulur.

Dövlət başçısı İlham Əliyev zirvə toplantısındakı dərin məzmunlu çıxışında türkdilli dövlətlərin birliyini zəruri edən amilləri bir daha diqqətə çəkmişdir: "Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli ölkələrdə bütün imkanlar vardır - təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək, türkdilli ölkələr dünya miqyasında böyük gücə çevriləcəkdir. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır. Mən çox şadam ki, bizim aramızda olan birlik son illər ərzində daha da güclənir".

Rəhbəri olduğum "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" (ATXƏM) İctimai Birliyi də cəmiyyət üçün faydalı olan müxtəlif təşəbbüslərlə çıxış edərək türkdilli xalqlar arasında hərtərəfli inteqrasiyanın təmin olunmasına, habelə iqtisadi-siyasi və mədəni əməkdaşlığın dərinləşməsinə çalışır. Təşkilat türk dövlətlərinin siyasi, mənəvi və mədəni birliyinə xidmət edən müxtəlif səmərəli təşəbbüslərlə çıxış edir, mühüm tarixi günlərlə bağlı mədəni-kütləvi tədbirlər keçirir. İctimai birliyin fəaliyyəti eyni zamanda, türkçülük ideyalarının bəşəriyyətin xilasına xidmət etdiyini, türkdilli dövlətlərin regionda yalnız sülh, iqtisadi tərəqqi və inkişaf, habelə demokratik idealların təntənəsi naminə birləşmək niyyətini nümayiş etdirməyə yönəlmişdir.

Bu günlərdə ATXƏM-in dəvəti ilə İstanbulda fəaliyyət göstərən "Azeri Kültür Evi" dərnəyinin üzvləri, türk iş adamları, tarixçilər və sənət adamlarından ibarət nümayəndə heyəti Azərbaycanda olmuşlar. Səfərdə məqsəd Bakıda keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci plenar iclası və Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü ərəfəsində türk ictimai qurumları ilə daha sıx əlaqələr qurmaqdan, müştərək diaspor fəaliyyətini genişləndirməkdən ibarətdir. Səfər çərçivəsində qonaqlar Quba, Salyan və Gəncədə də olmuş, Azərbaycanın tarixi yerlərini, o cümlədən Qubadakı soyqırımı məzarlığını, Gəncədə Cavadxan məqbərəsini, Şah Abbas məscidini, habelə dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etmişlər. Azərbaycanın regionları ilə tanışlıqdan sonra qonaqlar mətbuat nümayəndələri üçün təəssüratlarını bölüşərək məmnunluqla bildirmişlər ki, neft gəlirlərindən səmərəli faydalanmaqla iqtisadiyyatını ildən-ilə inkişaf etdirən, bütün sahələrdə yeniləşən Azərbaycanın türk dünyasının mənəvi, siyasi, iqtisadi birliyini möhkəmləndirən böyük layihələrə imza atması son dərəcə sevindiricidir.

Bütün bunlar deməyə əsas verir ki, 2008-ci ilin 15 oktyabrında xalqın iradəsi ilə ikinci müddətə Azərbaycan Prezidenti seçilmiş cənab İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin daha geniş coğrafi arealda genişləndirilməsinə çalışmaqla, bütövlükdə türk dünyasının qəbul etdiyi, hesablaşdığı, rəğbət bəslədiyi birləşdirici lider statusunda çıxış edir. Bu əzmkar fəaliyyət milli-dini yaxınlıq amili və təəssübkeşlik prinsiplərindən bir qədər də irəliyə gedərək, bütövlükdə türkdilli xalqların dünya siyasətindəki tarixi yerini, beynəlxalq proseslərə təsir imkanlarını və nüfuzunu təmin etməyə yönəlmiş müqəddəs amal, məsuliyyətli və əzmkar missiyadır.

 

 

İlham İSMAYILOV,

"Azərbaycanlıların və

digər Türkdilli Xalqların

Əməkdaşlıq Mərkəzi"

İctimai Birliyinin sədri

 

Azərbaycan.- 2009.- 8 oktyabr.- S. 6.