ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycan Mətbuat Şurasında olmuşdur

 

ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel oktyabrın 7-də Mətbuat Şurasında (MŞ) şura sədri Əflatun Amaşovla görüşmüşdür.

Şuradan bildirmişlər ki, görüşdə hər iki təşkilat arasında media sahəsindəki əlaqələrin genişlənməsi, keçid dövrünü yaşayan Azərbaycan mətbuatının problemləri və bunların həlli yolları barədə fikir mübadilələri aparılıb.

Əflatun Amaşov qonağa Mətbuat Şurasının yaranma zərurəti, media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi istiqamətindəki fəaliyyəti barədə məlumat vermiş, MŞ ilə ATƏT-in Bakı ofisi ilə əməkdaşlığı, reallaşdırılan birgə tədbirlərin əhəmiyyətindən danışmışdır.

Ə.Cankorel görüşün Şura ilə tanışlıq baxımından müstəsna önəm daşıdığını, qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsindən Azərbaycan mətbuatının fayda götürəcəyinə ümidvar olduğunu bildirmişdir. O, bunun üçün məqsədyönlü layihələrin həyata keçirilməsinin və konkret fəaliyyət istiqamətləri üzrə işçi qruplarının yaradılmasının vacibliyini qeyd etmişdir.

 

 

Azərbaycan.- 2009.- 8 oktyabr.- S. 2.