Azərbaycanın görkəmli şərqşünas
alimi, professor Aida İmanquliyevanın 70
illik yubileyinə həsr edilmiş elmi konfrans başa
çatmışdır
Bakı Dövlət
Universitetində (BDU) Azərbaycanın
görkəmli şərqşünas
alimi, professor Aida İmanquliyevanın 70
illik yubileyinə həsr olunmuş "Şərqşünaslığın aktual problemləri" mövzusunda respublika elmi konfransı oktyabrın 7-də başa çatmışdır.
Bölmə iclaslarında
davam edən konfransın ikinci günündə Azərbaycan
alimlərinin "Müasir
türk ədəbi dilində perifrastik fel formaları", "İslamın elmə və öyrənməyə
verdiyi dəyər",
"Azərbaycan şərqşünaslığında
Aida İmanquliyevanın
rolu", "Azərbaycan
ərəbşünaslarının xilafət tarixinə dair tədqiqatları", "Professor
Aida İmanquliyeva Azərbaycan şərqşünaslığının
ulduzudur" və digər mövzularda məruzələri dinlənilmişdir.
Məruzələrdə vurğulanmışdır
ki, Azərbaycan ərəbşünaslığının, ərəb ədəbiyyatının
tədqiqi ilə bağlı öyrənilən
mühüm sahələrdən
biri də yeni dövr ərəb ədəbiyyatının
araşdırılması məsələsi
olmuşdur. Bu sahədə
yazılmış dəyərli
tədqiqat əsərləri
arasında görkəmli
ərəbşünas alim
Aida İmanquliyevanın
monoqrafiyaları, elmi-nəzəri məqalələri
mühüm yer tutur. Professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslığını
öz məqalələri,
tədqiqat əsərləri
ilə zənginləşdirmiş,
ona elmi işıq və böyük töhfə vermişdir. Onun əsərləri həm ölkə daxilində, həm keçmiş
SSRİ məkanında, həm
də xaricdə çap olunan beynəlxalq jurnallarda nəşr edilmişdir.
Qeyd edək ki, iki gün
davam edən konfrans çərçivəsində
100-dən çox maraqlı elmi məruzə dinlənilmişdir.
Azərbaycan.- 2009.- 8 oktyabr.- S. 2.