Bakıda İslam mətbəxi beynəlxalq kulinariya festivalı

 

Oktyabrın 6-da Bakı İdman Sarayında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009" layihəsi çərçivəsində İslam mətbəxi beynəlxalq kulinariya festivalı açılmışdır.

Oktyabrın 9-dək davam edəcək festivalda Belarus, Filippin, Gürcüstan, İran, İslandiya, Kanada, Nigeriya, Özbəkistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Yunanıstan və digər ölkələrin aparıcı kulinarlarından ibarət komandalar iştirak edir.

Festival aşıqların ifasında musiqi nömrəsi ilə başlamışdır.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva festivalı açaraq bildirmişdir ki, kulinariya yarışmasının Azərbaycanın mədəni irsinin ən qədim nümunələrindən olan aşıq musiqisi ilə başlaması heç də təsadüfi deyildir. Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycanın aşıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğının nəticəsidir.

Beynəlxalq kulinariya festivalının əhəmiyyətindən danışan S.Məmmədəliyeva demişdir ki, belə bir tədbirin Bakıda keçirilməsi Azərbaycan mətbəxinin dünya miqyasında tanınmasında mühüm rol oynayacaqdır.

Dünya Kulinariya Təşkilatları Assosiasiyasının prezidenti Qissur Qudmundsson, Dünya Folklor Sənəti Təşkilatının prezidenti Karmen Padilya, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru, Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov və başqaları Azərbaycanda keçirilən festivalın böyük əhəmiyyət kəsb etdiyini bir daha vurğulamışlar.

Festivalın keçirilməsinin Azərbaycanda çoxdan gözlənildiyini, nəhayət Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə gerçəkləşdiyini razılıq hissi ilə qeyd edən T.Əmiraslanov tədbirdə ayrı-ayrı ölkələri təmsil edən aşpazların 9 nominasiya üzrə öz bacarıqlarını nümayiş etdirəcəklərini bildirmişdir. Aşpazların işini Beynəlxalq Kulinarlar Federasiyasının nümayəndələrindən ibarət münsiflər heyəti qiymətləndirəcəkdir.

Tədbirdə daha sonra əvvəlcədən quraşdırılmış mətbəxlərdə yarışa start verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 7 oktyabr.- S. 7.