Zamanın lideri
Məlumdur ki,
sürətli inkişafa yol açan idarəçilikdə əldə
edilmiş müvəffəqiyyətlərin davam etdirilməsi,
eyni zamanda yeni nailiyyətlərin qazanılmasına səbəb
olan mühüm amillərdən biri kimi uğurlu siyasi varislik
ənənələrinin qorunması çıxış
edir. Bu mənada Azərbaycanda müstəqil dövlətçilik
ənənələrini formalaşdıran ümummilli lider
Heydər Əliyevin müəllifi olduğu inkişaf
strategiyasının Prezident İlham Əliyev tərəfindən
inamla davam etdirilməsi qısa müddətdə Azərbaycanı
təkcə Cənubi Qafqazın yox, bəzi hallarda
inkişaf tempinə görə, dünyanın liderinə
çevirmiş, onun sabit və qüdrətli dövləti
imicini daha da möhkəmləndirmişdir.
Milli dövlətçilik ənənələrinin layiqli
davamçısı
Prezident İlham Əliyev
ölkəyə rəhbərlik etdiyi müddətdə ulu
öndərin banisi olduğu milli dövlətçilik ənənələrinə
sadiq qalmaqla Azərbaycanın dövlət müstəqilliyini
daha da gücləndirmiş, yeni mərhələdə onun
daimiliyini, dönməzliyini təmin etmişdir. Elə buna görə
də xalqımız alternativi olmayan inkişaf strategiyası nəticəsində
qazanılmış nailiyyətlərin davam etdirilməsi, Azərbaycanın
sabaha doğru inamla irəliləməsinin təmini
üçün cənab İlham Əliyevə tam dəstək
vermiş və bu, istər 2003-cü il, istərsə də
2008-ci ildə keçirilən prezident seçkilərində
özünü əyani büruzə vermişdir.
O da faktdır ki, müdrik
xalqımızın cənab İlham Əliyevi strateji
islahatlar kursunun layiqli davamçısı qismində qəbul
etməsi tam reallıqlara söykənir. Cənab
İlham Əliyevin 1995-2003-cü illərdə fəaliyyət
göstərdiyi sahələrdə nümayiş etdirdiyi vətənpərvər,
praqmatik və yüksək idarəçilik keyfiyyətləri
təbii olaraq onun xalqın mütləq çoxluğunun
etimadını qazanmasına və beləliklə, şəksiz
lider kimi qəbul edilməsinə səbəb
olmuşdur. Göstərilən dövr ərzində
onun fəaliyyəti təkcə ölkə daxilində sabit
inkişaf kursuna töhfələr verməmiş, həm də
Azərbaycanın beynəlxalq arenada mövqelərinin siyasi,
iqtisadi və digər vacib sferalarda güclənməsində
müstəsna rol oynamışdır. Məsələn,
Azərbaycanın 2001-ci ildə Avropa Şurasına
tamhüquqlu üzv qəbul edilməsindən sonra
sözügedən qurumun Parlament Assambleyasında Azərbaycanı
təmsil edən nümayəndə heyətinin rəhbəri
cənab İlham Əliyevin təşəbbüskarlığı
və diplomatik fəallığı nəticəsində elə
ilk sessiyadan etibarən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri
özündə əks etdirən sənədlər
yayılmağa başladı. Məhz cənab İlham Əliyevin
rəhbərliyi altında qurumda ölkəmizi təmsil edən
deputatlar AŞ PA-nın müxtəlif dövlətlərdən olan üzvləri ilə yaxın münasibətlər
qurur, ölkəmizin qarşılaşdığı problemlər,
torpaqlarımızın 20 faizinin Ermənistan silahlı
qüvvələri tərəfindən işğal
olunması, bir milyondan çox insanın qaçqın və
məcburi köçkün kimi yaşaması barəsində
ətraflı məlumatlar verirdilər. Bunun
nəticəsi olaraq Avropa Şurası Nazirlər Komitəsinin
108-ci sessiyasının rəsmi məlumatında Ermənistanın
təcavüzkar siyasəti pislənildi və burada aydın
şəkildə qeyd olundu ki, Avropa Şurası ölkələrin
ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin
toxunulmazlığını dəstəkləyir.
2001-ci ilin aprelində AŞ
PA-nın yaz sessiyasında daha çox diqqət cəlb edən
məqam Azərbaycan nümayəndə heyətinin rəhbəri
cənab İlham Əliyevin çıxışı oldu.
Avropada mütəşəkkil cinayətkarlığın mərkəzlərindən
birinin Azərbaycanın işğal edilmiş ərazilərində
olduğunu diqqətə çatdıran cənab İlham Əliyev
bildirirdi: "Azərbaycan ərazisinin 20 faizinin
Ermənistan silahlı qüvvələri tərəfindən
işğal olunması ilə nəinki bir milyon azərbaycanlı
qaçqın evsiz-eşiksiz qalıb, çoxsaylı şəhərlərimiz,
kəndlərimiz, mədəniyyət abidələrimiz, əcdadlarımızın
qəbirləri büsbütün dağıdılıb, bir sözlə, erməni
işğalçılarının zəbt etdikləri ərazidə
bütün infrastruktur məhv edilib, həm də ermənilərin
işğal etdikləri ərazidə mütəşəkkil
cinayətkarlığın inkişafı üçün
çox əlverişli şərait yaranmışdır.
"Dağlıq Qarabağ respublikası" deyilən ərazidən
narkotik bitkilərin yetişdirilməsi və
daşınması üçün istifadə edilir. Narkotiklərlə
məşğul olan işbazlar və tiryək alverçiləri
orada özlərini təhlükəsiz və çox rahat
hiss edirlər".
Cənab İlham Əliyev
Dağlıq Qarabağ münaqişəsinə ədalətli
münasibət bildirilməsinin zəruriliyinə də
xüsusi diqqət çəkirdi: "Nə vaxta kimi Avropa
belə bir fakta göz yumacaq ki, Avropa Şurasının bir
üzvü olan Ermənistan başqa bir üzvün - Azərbaycanın
ərazilərinin 20 faizini işğal altında
saxlayır?" Məhz belə qətiyyətli
mövqedən sonra AŞ PA-da Dağlıq Qarabağ
münaqişəsinə münasibətdə daha ciddi
dönüş yarandı. 2003-cü ilin yanvarında Azərbaycan
nümayəndə heyətinin rəhbəri cənab İlham
Əliyevin AŞ PA-nın sədr müavini və büro
üzvü vəzifələrinə seçilməsilə
ölkəmizin bu qurumla əlaqələri bir qədər də
yüksək səviyyəyə çatdı. Bundan sonra Azərbaycanın
qurumda yeni bir uğuru 2003-cü ilin yay sessiyasında qeydə
alındı. Həmin sessiyada "Avropada muxtar vilayətlərin
müsbət təcrübəsi" məsələsi ətrafında
müzakirələr aparılırdı. Burada məhz cənab
İlham Əliyevin təklifi ilə muxtar vilayətlərin ərazi
bütövlüyünü pozmaq səlahiyyətlərinə
malik olmadığı barədə müddəa sənədə
əlavə edildi. Yenə də ermənilərin ciddi
müqavimətinə baxmayaraq, cənab İlham Əliyevin qətiyyətli
mövqeyi onların geri çəkilməsinə səbəb
oldu. Beləliklə, sözügedən sənədə
"muxtariyyət verilməsi dövlətin özünün
suverenliyinə və ərazi bütövlüyünə əsaslanmalıdır"
cümləsi əlavə edildi. Bu, faktiki olaraq, Dağlıq
Qarabağdakı separatçı rejimin müstəqillik tələblərinin
qarşısına sədd çəkən çox
mühüm bir addım idi. Sənədin Azərbaycanın
istədiyi şəkildə qəbul edilməsi həm də
muxtariyyətin ərazi bütövlüyü prinsipindən
sonra gəldiyini göstərirdi. Ermənilərin buna
qarşı çıxması isə heç bir nəticə
vermədi və Azərbaycan qurumda növbəti uğurunu
qazanmış oldu.
Azərbaycanın
iqtisadi yüksəlişinin əsası olan uğurlu neft
strategiyasının həyata keçirilməsi və "Əsrin
müqaviləsi" kimi möhtəşəm bir layihənin
imzalanmasında da Azərbaycan Dövlət Neft Şirkətinin
vitse-prezidenti kimi cənab İlham Əliyevin xüsusi rolu
olmuşdur. Belə ki, xarici neft şirkətlərinin Azərbaycana
cəlb edilməsi üçün beynəlxalq səviyyədə
danışıqlar aparmaq bacarığında olan, neft sahəsində
ölkəmizlə əməkdaşlığın
perspektivinə xarici şirkətləri inandıra bilən,
eyni zamanda ölkənin mənafelərini daim ön planda
tutmağı bacaran bir professional şəxs kimi cənab
İlham Əliyev kifayət qədər böyük
uğurlara imza atıb. Məhz cənab İlham
Əliyev danışıqlar prosesində fəal iştirak
etməklə yanaşı, yeni neft strategiyasının
hazırlanmasının, uğurla həyata keçirilməsinin
ən aparıcı iştirakçılarından oldu və
beləliklə də, xarici şirkətlərlə uzun
sürən danışıqların müvəffəqiyyətlə
yekunlaşmasında misilsiz xidmətlər göstərdi. Türkiyədə, ABŞ-da neft müqaviləsinin
imzalanmasına dair aparılan danışıqlarda cənab
İlham Əliyev yüksək səviyyədə öz
diplomatik bacarığını nümayiş etdirdi,
özünə, ümumilikdə Azərbaycana qarşı
böyük inam və etimad formalaşdırmağa nail oldu.
Cənab İlham Əliyev
Milli Məclisin deputatı, həmçinin Yeni Azərbaycan
Partiyasının sədr müavini kimi
yürütdüyü uğurlu fəaliyyəti ilə də
özünün ölkənin ən layiqli siyasətçilərindən
biri olduğunu təsdiqlədi və ictimai nüfuzunu
artırdı.
Uğurlara doğru gedən yol
Həm daxildə, həm
də beynəlxalq aləmdə qazanılan bu və digər
uğurlar 2003-cü ildə xalqın maraq və mənafeyini
öz siyasətində ehtiva edən, rasional siyasət, cəlbedici
proqram və ideyalarla tanınan cənab İlham Əliyevin
dövlət başçısı seçilməsilə nəticələndi. Bu seçim bir
daha təsdiqlədi ki, Azərbaycan xalqı ulu öndər
Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunu
bütün sahələrdə öz təhlükəsizliyinin,
iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təminatına
yönələn və alternativi olmayan konsepsiya kimi qəbul
edir. Hadisələrin sonrakı gedişi bir daha Azərbaycan
xalqının qibtəediləcək dərəcədə
doğru seçim etdiyini göstərdi.
2003-cü ilin 31
oktyabrında Vətənə və xalqa sədaqət
andı içərək səlahiyyətlərinin
icrasına başlayan Prezident İlham Əliyev Azərbaycanın
növbəti iqtisadi, siyasi inkişaf istiqamətlərini ən
xırda detallarına qədər dəqiq müəyyənləşdirməklə
davamlı tərəqqini təmin etmiş, ilk növbədə
sosialyönümlü inkişaf strategiyasının daha
böyük sürətlə həyata keçirilməsinə
nail olmuşdur. Ötən altı ildə yaşananlar da bunun
ən bariz təsdiqi hesab oluna bilər. Tarix
üçün elə də böyük olmayan bu zaman kəsiyində
ölkənin bütün problemlərinə milli dövlətçilik
və milli maraqlar kontekstindən yanaşan, cəmiyyətin
ümumi inkişaf qanunauyğunluqlarını dəqiq şəkildə
qiymətləndirməyi bacaran Prezident İlham Əliyev məhz
bu keyfiyyətləri sayəsində qarşıda duran
prioritetlərin uğurlu həllinə nail ola bilmişdir.
Məhz qeyd
olunanların nəticəsidir ki, Prezident İlham Əliyevin
son 6 illik fəaliyyətinin üstün cəhətlərindən
biri də onun milli maraqlar naminə cəsarətli və
prinsipial addımlar atması, ölkənin taleyüklü
problemlərinə həssaslıqla yanaşması,
reallığı operativ və obyektiv şəkildə dəyərdəndirən praqmatik siyasi lider
olması, ən optimal, düzgün qərar qəbul etməsidir.
İstər daxili, istərsə də xarici siyasətdə
son altı ildə Prezident İlham Əliyev ümummili liderin
siyasi kursunu davam etdirməklə yanaşı, onu özünəməxsus
novatorluqla, dinamizmlə inkişaf etdirmiş və daha da zənginləşdirmişdir.
Daxili siyasətdə bu, ilk növbədə,
aşağıdakı vəzifələrin irəli
sürülməsi və onların həlli yollarının
tapılmasında özünü göstərmişdir:
Birincisi, Azərbaycanda
bir dənə olsun belə çadır şəhərciyinin
qalmaması. Hələ 2003-cü ildə prezident
seçildikdən sonra cənab İlham Əliyev
bildirmişdi ki, 5 il ərzində Azərbaycanda bir dənə
də çadır şəhərciyi qalmayacaq və bu vədə
nəinki 5 il, əksinə, daha az zaman, yəni 4 il müddətində nail olundu,
bütün çadır şəhərcikləri ləğv
edildi.
İkincisi,
qaçqın və məcburi köçkünlərin
sosial müdafiəsinin əsas məsələ olaraq
qabardılması. Bu kateqoriyadan olan insanların
yaşayış vəziyyətinin
yaxşılaşdırılması və məşğulluğun
artırılmasına dair 2004-cü ildə qəbul
edilmiş dövlət proqramının icrası çox uğurla aparıldı. Bu
müddət ərzində məcburi köçkünlərin
həyat şəraitində, maddi təminatında ciddi
dönüşlər olmuş, onlar bütün təminatı
olan yeni qəsəbələrə
köçürülmüşdür. Sözügedən
proses indi də davam etməkdədir.
Üçüncüsü,
yoxsulluğun aradan qaldırılması üçün daha
səmərəli tədbirlərin görülməsi.
Ümumiyyətlə, Prezident İlham Əliyev dəfələrlə
vurğulamışdır ki, sosial-iqtisadi hüquqların
müdafiəsi sahəsində dövlətin əsas vəzifəsi
mütərəqqi iqtisadi və sosial islahatları həyata keçirmək, iqtisadi
inkişaf prosesində hər bir vətəndaşın
iştirakını təmin etmək, mövcud potensialdan hər
bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli
şəkildə yararlanmasına şərait yaratmaqdır.
Praqmatizmə və real əməli işlərə söykənən
siyasətin əsas məğzində məhz insan və şəxsiyyət
amili dayanır. Bunun nəticəsidir ki, əgər 2003-cü
ildə yoxsulluq şəraitində yaşayanların sayı
49 faiz idisə, artıq bu rəqəm 13 faizə kimi
azalıb. Bu, onu göstərir ki, Azərbaycanda uğurlu iqtisadi
inkişaf, iqtisadi islahatlar ilk növbədə, insanların
yaşayış səviyyəsinin
yaxşılaşmasına xidmət edir. Həmçinin
aztəminatlı vətəndaşların sosial müdafiəsi,
istehsalçı və istehlakçının
maraqlarının uzlaşdırılması, bir sözlə,
sosial-liberalizm xətti cənab İlham Əliyevin prezidentlik
dövrünü səciyyələndirən prioritet istiqamətlərdən
biri kimi diqqəti çəkir.
Dördüncüsü,
800 minə qədər yeni iş yerinin açılması.
Azərbaycan Prezidentinin elmi əsaslara söykənən
sosial-iqtisadi siyasəti nəticəsində 2003-cü ilin
sonlarından bəri respublikada məhz göstərilən
sayda yeni iş yeri açılmış, yüzlərlə
təhsil, səhiyyə, mədəniyyət obyektləri tikilmiş, əhalinin
sosial müdafiəsinin möhkəmləndirilməsi
üçün real resursların dayanıqlı mənbəyi
yaradılmışdır.
Beşincisi, regionların
iqtisadi inkişafı və aqrar islahatların növbəti mərhələsilə
bağlı dövlət proqramlarının
hazırlanması. Regionlara yüksək diqqət və
qayğının bariz təcəssümü kimi 11 fevral
2004-cü il tarixdə imzalanmış birinci "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər)
Dövlət Proqramı"nda bölgələrin tarazlı
və davamlı inkişafı, sosial infrastrukturun yeniləşdirilməsi,
sahibkarlığın, özəl sektorun yüksəlişi,
ölkə iqtisadiyyatının neft amilindən
asılılığının aradan qaldırılması üçün
kompleks tədbirlər müəyyənləşdirilmişdi.
Fundamental əhəmiyyətli bu proqram ölkəmizin
sosial-iqtisadi yüksəlişində müstəsna rol
oynamışdır və cənab İlham Əliyev Azərbaycanın
ayrı-ayrı bölgələrinə ardıcıl səfərləri
zamanı sənədin icrası vəziyyəti ilə yerində
tanış olmuş, görülən işlərin səmərəliliyini
artırmaq üçün icra strukturlarının rəhbərlərinə
müvafiq tapşırıqlar vermişdir. Proqram
çərçivəsində yerlərdə çoxlu sayda
sosial, mədəni, infrastruktur obyektləri istifadəyə
verilmiş, energetika və kommunal xidmətin səviyyəsi əhəmiyyətli
dərəcədə yaxşılaşmış,
bütövlükdə regionların siması müsbətə
doğru xeyli dəyişmişdir. Bu istiqamətdə fəaliyyətin
davam etdirilməsi məqsədilə regionların
sosial-iqtisadi inkişafı ilə bağlı 2009-2013-cü
illər üçün növbəti proqram hazırlanıb
və uğurla həyata keçirilməkdədir.
Altıncısı,
sahibkarlara qayğının artırılması. Bu gün Azərbaycan
Prezidentinin bilavasitə qayğısı nəticəsində
ölkədə güclü sahibkarlar ordusu
formalaşmışdır və sahibkarlığın daha da
inkişaf etdirilməsi üçün dövlət tərəfindən
hər cür şərait yaradılır. Hər il
sahibkarlığın inkişafına böyük məbləğdə
vəsaitin ayrılması, güzəştli şərtlərlə
kreditlərin verilməsi, kənd təsərrüfatının
inkişafı üçün dövlət tərəfindən
ayrılan subsidiyalar, alınan texnika, verilən dəstək və
bütövlükdə sahibkarlara Prezident tərəfindən
verilən həm mənəvi-siyasi dəstək, həm də
əməli-praktik dəstək qeyri-neft sektorunun
inkişafında çox böyük dönüşə səbəb
olmuşdur.
Yeddincisi, transmilli
layihlər çərçivəsində ölkədə
yeni infrastrukturun yaradılmasına nail olunması. Məlum
reallıqdır ki, indi Azərbaycanın bütün bölgələrində
geniş abadlıq-quruculuq işləri aparılır və
bu, ölkəmizin simasının əhəmiyyətli dərəcədə
dəyişməsinə gətirib çıxarmışdır. Tarixiliklə
müasirliyi özündə təcəssüm etdirən Azərbaycanın
bir çox şəhərləri artıq gözəlliklərinə
görə Avropanın meqapolislərilə müqayisə
edilməkdədir.
Səkkizincisi, güclü ordu.
Dövlət başçısının dəfələrlə
bəyan etdiyi kimi, bu gün Azərbaycan Ordusu regionun ən
güclü, təminatlı, modern ordusudur. Milli
Ordunun müdafiə qüdrətinin və döyüş
qabiliyyətinin artırılması, maddi-texniki təchizatının
yaxşılaşdırılması, o cümlədən hərbi
qulluqçuların sosial müdafiəsi tədbirlərinin
gücləndirilməsi cənab İlham Əliyevin diqqət
mərkəzindədir. Ali Baş Komandan
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həllinin
mümkün olmayacağı təqdirdə, xalqın öz
torpaqlarını azad etmək üçün silaha
sarılacağını gizlətmir və Silahlı Qüvvələrin
buna tam qadir olduğunu bəyan edir.
Demokratiya hamisi
Doqquzuncusu, güclü demokratik
inkişaf. Azərbaycan Prezidenti İlham Əliyevin
vurğuladığı kimi, demokratik proseslərin davamlı
şəkildə aparılmadığı hansısa dövlətin
iqtisadi sahədə davamlı və yüksək nəticələr
əldə etməsi, beynəlxalq arenada layiqli yerini
tutması, insan hüquqlarının təminatı sahəsində
mühüm irəliləyişlərə nail olması
mümkün deyildir: "Azərbaycanda siyasi islahatlar çox
cəsarətlə aparılır. Bu da bizim prinsipial və
düşünülmüş seçimimizdir. İqtisadi
islahatlar və siyasi islahatlar ölkəmizin inkişafı
üçün çox möhkəm zəmin yaradır. Biz
bu iki amili bərabər, paralel şəkildə həyata
keçiririk və gözəl zəmin əsasında
güclü dövlət quruculuğu prosesi gedir. Bu zəmin əsasında
Azərbaycanda güclü sosial siyasət aparılır".
Ümumiyyətlə,
Prezident İlham Əliyev ilk gündən bildirmişdir ki, hər
bir dövlətin davamlı iqtisadi inkişafını şərtləndirən
mühüm amillərdən biri məhz demokratikləşmə
prosesinin sürətləndirilməsi və bu prosesin tərkib
hissəsi olaraq vətəndaş cəmiyyəti
institutlarının inkişafı, insan və vətəndaş
hüquq və azadlıqlarının müdafiəsi naminə
təkmil mexanizmlərin formalaşdırılmasıdır.
İnkişaf etmiş sivil ölkələrin təcrübəsi
də göstərir ki, ictimai-siyasi həyatın bütün
sahələri üzrə dövlətin hüquqi
bazasının möhkəm təməllər üzərində
qurulması, ictimai ədalət prinsiplərinə ciddi riayət
olunması sabitliyin, vətəndaş həmrəyliyinin və
dinamik iqtisadi inkişafın başlıca təminatlarından
biridir.
Ötən 6 ildə
respublikamızda cəmiyyətin təkamül sistemini,
dövlət idarəçilik mexanizmlərinin səmərəli
fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi
və təkmilləşdirilməsi davamlı prosesə
çevrilmişdir. Bu istiqamətdə həyata
keçirilən islahatlar, tətbiq olunan mütərəqqi
yeniliklər zamanın tələbi ilə səsləşmiş,
cəmiyyətin inkişaf ahənginə adekvat olmuş, ən
başlıcası, insan və vətəndaş hüquq və
azadlıqlarının təmini məsələlərini
özündə maksimum səviyyədə ehtiva
etmişdir. Bu baxımdan Prezident İlham Əliyevin
"Azərbaycan Respublikasında insan hüquqlarının
müdafiəsi üzrə Milli Fəaliyyət Planının
təsdiq edilməsi haqqında" 28 dekabr 2006-cı il tarixli
sərəncamı ölkədə insan hüquq və
azadlıqlarının təmini istiqamətində daha qətiyyətli
və prinsipial addımların atılmasına imkan
yaratmışdır.
Bununla
yanaşı, qeyri-hökumət təşkilatlarının vətəndaş
cəmiyyəti quruculuğu prosesindəki müstəsna rolunu
nəzərə alan cənab İlham Əliyev onların
dövlətlə sıx əməkdaşlığının
təmin olunmasına xidmət edən ardıcıl tədbirlər
həyata keçirir.
Azərbaycan Prezidentinin "Azərbaycan
Respublikasının qeyri-hökumət təşkilatlarına
dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi
haqqında" 27 iyul 2007-ci il tarixli sərəncamının
əsas məqsədi də məhz dövlət orqanları
ilə qeyri-hökumət təşkilatları arasında tərəfdaşlıq münasibətlərinin sabit və səmərəli
sisteminin yaradılması, qeyri-hökumət təşkilatlarının
dövlət və cəmiyyətin inkişafı
üçün əhəmiyyət daşıyan problemlərin
həllinə cəlb olunması, vətəndaş cəmiyyətinin
inkişafının sürətləndirilməsidir.
Cənab İlham Əliyevin
ölkədə siyasi barışığın, vətəndaş
həmrəyliyinin və sülhünün təmin
olunması, əksqütblü qüvvələr arasında
etimad mühitinin formalaşdırılması istiqamətində
atdığı addımlar onun ədalətli rəhbər
obrazını şərtləndirən amillər
sırasında xüsusi
vurğulana bilər. Bununla yanaşı, ölkədə
sabitliyin daha da möhkəmləndirilməsindən tutmuş,
təhsil, səhiyyə, mədəniyyət və digər
sahələrdə də Prezident İlham Əliyevin uğurlu
fəaliyyəti və bu fəaliyyətin nəticələrinin
hər bir azəbaycanlının öz həyatında
müsbət mənada hiss etməsi barədə
geniş söhbət açmaq mümkündür.
Bütün bunlar dövlət başçısının
daxildə həyata keçirdiyi siyasətin nə qədər
çoxqütblü olduğunu və sürətli
inkişafa yol açdığını bir daha
nümayiş etdirir. Bu gün Azərbaycanda elə
bir sahə yoxdur ki, o sahə üçün xüsusi konkret
proqram olmasın. İndi ölkəmizdə hər bir istiqamət
üzrə konkret iş cədvəli mövcuddur və hər
istiqamət üzrə konkret proqramlar, onların maddi təminatı,
çox işlək icra mexanizmləri var. Bir sözlə,
Azərbaycanın hərtərəfli inkişafı
üçün bütün şərait
yaradılıbdır.
Millətlər içində Azərbaycan imzası
Azərbaycan təkcə daxildə
yox, beynəlxalq aləmdə aparıcı dövlətlərdən
birinə çevrilib. Hazırda Cənubi
Qafqazın şəksiz lideri sayılan Azərbaycan bu gün
dünyanın siyasi həyatında oynadığı roldan,
tutduğu mövqedən, böyük və kiçikliyindən
asılı olmayaraq, dünyanın bir çox dövlətləri
üçün vacib tərəfdaşlardan biridir.
Şərqlə Qərbi
birləşdirən geostrateji tranzit xətlərinin, qlobal
enerji layihələrinin başlıca təminatçısına
çevrilən Azərbaycan xarici siyasətdə son altı
il ərzində də böyük dərəcədə
öz mövqelərini möhkəmləndirə bilmişdir. Prezident İlham Əliyev
dünya siyasətinə əsaslı təsir imkanları olan
dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı
genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda
Azərbaycanın mövqelərini gücləndirmək
istiqamətində böyük səy və əzmkarlıq
göstərərək bu sahədə də
tarixi uğurlara imza atmışdır. İlk növbədə,
balanslaşdırılmış xarici siyasət nəticəsində
Azərbaycan beynəlxalq mövqelərini və milli təhlükəsizliyini
möhkəmləndirə bilmiş, qlobal məkanda cərəyan
edən proseslərin istiqamətverici subyektlərindən birinə
çevrilməyə nail olmaq kimi mühüm nailiyyətlər
əldə etmişdir. Bütün bunların
fonunda qlobal və yerli təhlükəsizlik
maraqlarının uzlaşdırılması Azərbaycanın
ictimai-siyasi cəhətdən sabit, iqtisadi cəhətdən
sürətlə inkişaf edən, eyni zamanda beynəlxalq
miqyasda maraq və mənafeyini layiqincə təmin edən
dövlətə çevrilməsilə nəticələnmişdir.
Bununla bağlı Prezident İlham Əliyev qeyd etmişdir:
"Biz bütün ölkələrlə ikitərəfli
surətdə faydalı əməkdaşlığın dərinləşməsində
maraqlıyıq, bunu edirik və bizim təşəbbüslərimiz
bu məqsədi güdür. Xarici siyasətdə Azərbaycan
böyük dərəcədə öz mövqelərini
möhkəmləndirə bilmişdir. Bizim
regional müstəvidə təşəbbüslərimiz həm
regional əməkdaşlığın möhkəmlənməsinə
xidmət göstərir, həm də Azərbaycanın
maraqlarına uyğundur. Əminəm ki, bölgədə
bizimlə əməkdaşlıq edən ölkələr də
bu əməkdaşlıqdan razıdır. Bizim bütün təşəbbüslərimiz bu məqsədi
güdür ki, bölgədə sülh, sabitlik daha da
möhkəm olsun, iqtisadi əməkdaşlıq sürətlənsin
və bölgədə yerləşən bütün ölkələr
sülh, sabitlik, dostluq şəraitində
yaşasınlar".
Ulu öndər Heydər
Əliyevin müəllifi olduğu yeni neft
strategiyasının məntiqi nəticəsi olan
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin, eləcə
də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsinə
nail olmaqla Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq
sferada mövqelərinin daha da gücləndirilməsini, onun xarici
investisiyalar üçün açıq və cəlbedici
dövlət imicinin formalaşmasını, etibarlı tərəfdaş
imici qazanmasını da təmin etmişdir. Bütün
bunların məntiqi nəticəsi olaraq Azərbaycanın son
illər dünya enerji bazarında çəkisinin və
rolunun xeyli dərəcədə artması Avropa dövlətlərinin
respublikamızla bu sektorda sıx əməkdaşlığa
can atmasına gətirib çıxarmışdır.
İndi Azərbaycanın qlobal enerji təhlükəsizliyində
mühüm rol oynaması istər Avropa, istər ABŞ, istərsə
də dünyanın bir çox digər dövlətləri,
aparıcı beynəlxalq təşkilatlar tərəfindən
birmənalı şəkildə etiraf edilməkdə,
danılmaz reallıq kimi qəbul olunmaqdadır. Buna
görədir ki, Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynayacaq Nabukko layihəsinin reallaşmasında
Azərbaycan əsas ümid yeri kimi qəbul olunur. Perspektivdə
isə Şimal və Cənubun genişmiqyaslı əməkdaşlığına
böyük imkanlar yaradacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin
tikintisi durur.
Azərbaycan
Prezidentinin xarici siyasət kursu müstəqil dövlətimizin
milli mənafelərinə hörmətlə yanaşan
bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə
əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi
müstəvisi üzərində qurulmuşdur. Avropa ailəsinə
inteqrasiya edən Azərbaycanın Avropa Şurası
qarşısında götürülən öhdəliklərin
yerinə yetirilməsi prosesi başa çatmış,
ölkəmiz Avropa Birliyinin "Yeni Qonşuluq Siyasəti"
və "Şərq tərəfdaşlığı"
proqramına, habelə NATO-nun "Fərdi əməkdaşlıq
üzrə fəaliyyət planı"na qoşulmuş
və modern ordu quruculuğunu təşkilatın
standartlarına uyğunlaşdırmaq istiqamətində
mühüm addımlar atmışdır.
Bütün bunlar
bir daha müstəqil Azərbaycanın son 6 ildə Prezident
İlham Əliyevin rəhbərliyi altında ciddi nailiyyətlərə
imza atması, sürətli iqtisadi inkişaf tempi ilə
dünyada lider mövqelərini qoruyub saxlamasının əyani
göstəricisi hesab oluna bilər. Ölkəmizin ən
böyük nailiyyətlərindən biri isə, zamanın
sürət parametrinin nəzarətə alınması, onun
Azərbaycanın inkişafına
uyğunlaşdırılması, bunun məntiqi nəticəsi
olaraq, qısa müddətdə nəhəng uğurların əldə
edilməsi kimi möcüzənin gerçəkliyə
çevrilməsidir. Bütün bunları layiqincə
qiymətləndirməyi bacaran Azərbaycan xalqı Prezident
İlham Əliyevi davamlı inkişafın, sabitliyin
reallaşmasının təminatçısı hesab edir. Elə
buna görə də Prezident İlham Əliyev o öndərlərdəndir
ki, xalqının tam dəstəyini qazana bilib.
Beləliklə, altı il ərzində
əldə olunan yeni nailiyyətlər, Azərbaycanın
daxili və beynəlxalq uğurları, regionda və
dünyada dinamik inkişaf edən ölkə imici Prezident
İlham Əliyevin simasında əsl lider obrazını
yarada bilmişdir. Azərbaycan xalqının
misilsiz dəstəyinə və etimadına malik olan Prezident
İlham Əliyevin rəhbərliyi altında ölkəmizin
daha böyük nailiyyətlərə imza atacağı isə
bu gün respublika vətəndaşları ilə
yanaşı, beynəlxalq ictimaiyyətin də birmənalı
rəyi, yekun qənaətidir!
Zahid CƏFƏROV,
Bakı Dövlət Universitetinin
dosenti,
hüquq elmləri namizədi
Azərbaycan.- 2009.- 9 oktyabr.- S. 2.