Qanunun məcburedici qüvvəsi hərəkətə gətirilməlidir

 

İnsan xilqəti elə qurulub ki, çox vaxt eşitdiyinə, oxuduğuna deyil, məhz gördüyünə inanır. Təbliğat və təşviqat vasitələri içərisində vizual effektin şəriksiz liderliyi tək müasir informasiya texnologiyalarının inkişafı ilə bağlı məsələ deyil, eyni zamanda ideoloji işin çox zabitəli və qüvvətli bir alətinə çevrilməsi ilə əlaqədardır.

Azərbaycanın orta statistik tamaşaçısının yeganə mövcud televiziyanın istehsal etdiyi məhsulları izləməyə məhkum olduğu dövr keçmişdə qalıb. Müstəqillik, demokratiya, vətəndaş cəmiyyəti institutlarının formalaşması, ictimai həyatın, cəmiyyətin sosial-siyasi seqmentlərinin təşəkkülü ümumbəşəri nemət olan söz və mətbuat azadlığının bərqərar olmasına, çap və elektron media vasitələri şəbəkəsinin az qala həndəsi silsilə ilə artmasına münbit zəmin yaratmışdır. Belə bir kəmiyyət marafonu isə, heç şübhəsiz, neqativlərsiz ötüşməmişdir; bütün qınaq, məzəmmət, tənqid və təhnizlərin tək ünvanı fəaliyyətlərin ən vacib parametri sayılan keyfiyyət və peşəkarlıq olmuşdur.

Son günlər Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsi ölkə ictimaiyyəti, ziyalılar, media mənsubları və ələlxüsus da peşəkarlar arasında ciddi müzakirə təlatümü yaratmışdır. Əslində, qeyri-adi heç nə baş vermir, bəzilərinin bunu ajiotaj kimi təqdim etməsinə rəğmən. Sadəcə, hörmətli akademik, həmişə olduğu kimi, növbəti dəfə də cəmiyyətin inkişafı, mənəvi-əxlaqi dəyərlərin qorunub zənginləşməsi və təbliğ edilməsində televiziyanın rolu, bu sahədə fəaliyyət göstərən bəzi quruluşların xalqın maarifləndirilməsi kimi kifayət qədər ciddi bir missiyaya yanlış və zərərli yanaşması ilə bağlı düşüncələrini bölüşmüşdür. Həmin fikirlərdəki ciddilik, qətiyyət, konkretlik isə toxunulan məsələnin fövqəladə əhəmiyyəti ilə izah olunmalıdır. Ona görə də bəzi suallarımızı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmliyə ünvanladıq.

 

- Nuşirəvan müəllim, adıkeçən məqaləyə cəmiyyətin belə bir isti, impulsiv reaksiyası başadüşüləndir. Çünki söhbət tək asudə vaxtımızı "öldürən", bizləri əyləndirən bir elektron media quruluşundan deyil, eyni zamanda ailəmizin bir üzvünə çevrilərək bu və ya digər yaşam tərzini, dəyərlər məcmusunu bizlərə təşviq etməyə çalışan nəhəng təbliğat resursundan gedir. Yəni vəziyyət bu qədərmi dramatikdir?

- Hesab edirəm ki, həmin məqalənin sonunda dayanan imza özlüyündə qaldırılan məsələnin nə dərəcədə vacib olduğunu isbatlayır. Bəli, Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqaləsi ilə artıq neçənci dəfədir ki, ölkənin taleyi üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərin yanında olduğunu vurğulayır. Həmin məqalələr öz mövzusuna, predmetinə, auditoriyasına, toxunduğu məsələlərin palitrasına görə fərqlənsə də, ideya-qayəvi leytmotiv eynidir; taleyüklü məsələlərdən yana bir vətəndaş təəssübü, inkişafın ümumu qanunauyğunluqlarının dəyərləndirilməsinə filosof yanaşması, keçdiyimiz və getdiyimiz yolun düzgünlüyünə ali məmur məsuliyyəti... Bəli, bu gün ölkənin efir məkanında baş verən əndazəsizliklərlə bağlı qəzetlər mütəmadi olaraq tənqidi ruhda məqalələr dərc ediblər, ziyalılarımız, adi vətəndaşlar da mövqelərini bildiriblər. Televiziya və radio yayımı sahəsində dövlət siyasətini həyata keçirən qurum olaraq biz də dəfələrlə mövqeyimizi açıqlamışıq. Dəhliz, köşk pıçıltıları böyüyərək ciddi müzakirələrə, prinsipial polemikalara qədər yol keçib. Ancaq məsələnin bu cür kəsə, konseptual qoyulması təşəbbüsü məhz hörmətli akademikə məxsusdur. Məqalədəki dərin və analitik təhlil, problemlərə baxış bucağının çoxvektorluğu, tənqidlə yanaşı tövsiyənin də yer alması, elektron KİV-in "mətbəx"inə bələdlik, tənqidi qeydləri səbəbləndirmiş problemlərin düzgün təsnifatı, ən başlıcası isə obyektivlik müəllifin xeyirxah məramından xəbər verir.

Həmin məqalə indiki mərhələdə işində dönüş yaratmaq qəsdi olan hər bir telekanal üçün konseptual və əməli fəaliyyət proqramına çevrilməlidir. Oradakı sağlam və obyektiv tənqid, eyni zamanda vəziyyətdən çıxış yollarının göstərilməsi, sərgilənən narahat vətəndaş mövqeyı müəllifinə təşəkkür qazandırır.

Bəli, efirdəki bəzi məsələlərin dramatik həddə çatdığını etiraf etmək olar. Bunun səbəblərini cənab Ramiz Mehdiyev belə səciyyələndirir: "Azərbaycan televiziya və radio kanallarının monitorinqi göstərir ki, maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları arasında ciddi disbalans yaranmış, peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər teleradio rəhbərlərini o qədər də maraqlandırmır".

Kifayət qədər ciddi ittihamdır, ancaq ədalətlidir, göz qabağında olan faktlara əsaslanır. Səslənən tənqid təkcə bayağı, duzsuz şou-proqramlar, intellektual səviyyəsi və elementar savadı bu işi görməyə imkan verməyən aparıcılar, nə şəxsi keyfiyyətləri, nə də ki sənətkarlıq imkanları ona efirdən təbliğ olunmağa imkan verən müğənnilərlə bağlı deyil. Belə düşünmək sadəlövhlük olardı. Az-çox zövq mədəniyyəti olan, qonşu Rusiyanın, Türkiyənin kanallarını izləmək imkanı olan adamlar görürlər ki, bizim teleefirdəki şou-proqramlar həqiqi şou verilişlərinə parodiyadan başqa bir şey deyildir. Elmi-kütləvi proqramlar həkim məsləhətləri və falçı məclisləri, maarifçilik funksiyası aşpazların, asudə vaxtlarında müğənniliklə məşğul olanların mətbəxdəki fərasətlərinin təbliği ilə əvəz olunub. Yaş təbəqələrinin, müxtəlif zümrə və qrupların maraq dünyası "yaddan çıxıb".

Amma bir məsələ də unudulmamalıdır: bəli, istənilən başqa sahələr kimi, teleradio məkanı da qüsurlardan, nöqsanlardan xali deyil. Və Prezident Administrasiyasının rəhbəri hörmətli Ramiz Mehdiyevin məqaləsinin faydalı və xeyirxah motivi həmin çatışmazlıqları göstərməklə aradan qaldırılmasına səfərbər etməsindədir: "Televiziya kanalları öz fəaliyyətlərində ciddi dönüş etməli və tamaşaçının, cəmiyyətin maraqlarına xidmət edən efir siyasəti həyata keçirməlidirlər. İlk növbədə televiziya kanallarının konsepsiyası, strateji hədəfləri, onların siması müəyyənləşməli, bir-birini təkrarlamaq meyillərindən imtina olunmalıdır".

Bütövlükdə, efir siyasətinin ciddi təshih olunmasını, idarəetmə, marketinq və menecment fəaliyyətinin təkmilləşdirilməsini önə çəkən müəllif bu sırada yaradıcılıq məsələlərinə də toxunmuş, ixtisaslı kadr seçimi, onların peşəkarlığının artırılması məsələlərinə vurğu etmişdir. Bəli, sirr deyil ki, bugünkü televiziyanın maddi-texniki bazası, maliyyə durumu nə qədər güclü olursa-olsun, onun simasını keyfiyyətli verilişlər təyin edir. Bu cür verilişləri isə yalnız peşəkar, istedadlı jurnalistlər hazırlaya bilərlər. Etiraf edək: potensial seyrçini razı salmayan, hələ bir qədər də irəli getsək, qıcıqlandıran yayımlanan efir məhsullarının keyfiyyətsizliyi ilə yanaşı, həm də onları təqdim edən aparıcıların əksəriyyətinin səriştəsizliyi, qüsurlu nitqi, nimdaş zövqü, səhnə mədəniyyətinin olmamasıdır. Bu, artıq patologiyaya çevrilmiş bir bəladır.

Gəlin məsələyə bir qədər geniş aspektdən, lap hüquqi müstəvidən yanaşaq. İctimai münasibətin bir tərəfi istehsalçı, yəni yayım təşkilatı, digər tərəfi isə istehlakçı, yəni ölkə vətəndaşıdır. İstənilən halda Azərbaycan izləyicisinin bütün başqa sahələrdə olduğu kimi, bu intellektual sahədə də keyfiyyətli məhsul tələb etmək hüququ var. Burada isə artıq peşəkarlıq məsələsi önə çıxır. Bəli, kəskin dayanıb bu məsələ. Cənab Ramiz Mehdiyev öz məqaləsində peşəyönümü məsələsinə toxunur və bir qədər də irəli gedərək "...indiki mərhələdə telekanallarda çalışan kadrların ixtisaslarının artırılması məqsədilə ölkədə əsaslı tədbirlər haqqında düşünməyin" vaxtının çatdığını söyləyir. Hörmətli akademikin sözünün qüvvəti, bir neçə il bundan əvvəl biz Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinə müraciət edərək ixtisasartırma kurslarına oxşar nəsə bir qurumun yaradılmasını təklif etdik. Çünki əvvəllər bir teleradio yayımçısı və BDU-nun jurnalistika fakültəsi fəaliyyət göstərirdi. İndi yayımçıların sayı təkcə paytaxtda səkkizə çatıb. Regionlarda 14-dürlər. Əməkdaşların sayı minlərlə ölçülür. Qoyulan tələblər isə günbəgün artır, forma və məzmun yeniliyinin tətbiq olunması zəruriləşir, peşəkarlığın cilalanması məsələsi, həmişəki kimi, aktual olaraq qalır. Televiziya Akademiyasının yaradılması ideyası indi xüsusi aktuallıq kəsb edir. Bu gün ölkənin maddi potensialı da buna imkan verir. Ad xatirinə deyil, nəticə xatirinə yaratmaq lazımdır bu qurumu. Ora peşəkar kadrlar, uyğun maddi-texniki baza lazımdır. Çalışacağıq ki, ilkin olaraq MTR Şurasının nəzdində bir treninq kursları təşkil edək. Bunu QHT-lərin köməyi ilə reallaşdırmaq fikrindəyik. Gələcəkdə isə həmin kursların bazasında Televiziya Akademiyası, yaxud elə bir qurum təsis etmək olar ki, heç olmasa ciddi ixtisasartırma təlimləri tədris edə bilsin. Telekanal rəhbərlərinin özləri də bunda maraqlıdırlar.

- Teleefirdəki mənəvi aşınma, peşəkarlığın sabit zəif səviyyəsi, meyar və dəyərlərin deqradasiyası, efir mədəniyyətinin və aparıcıların intellektual səviyyəsinin kasadlığı, proqramlara dəvət olunan ekspert və mükalimə tərəflərinin düzgün seçilməməsi biganə qalmağı bacarmayan ictimaiyyət nümayəndələrinin və mətbuatın daima toxunduğu mövzulardan olub. Ancaq televiziya rəhbərlərinin təkəbbürü, görünür, onlara vaxtında öz təsərrüfatlarında səliqə-sahman yaratmağa macal buraxmayıb. Bəs MTRŞ necə, ölkənin teleradio sənayesinin fəaliyyətindəki çatışmazlıqlarla bağlı real təsir rıçaqlarına malikdirmi?

- Milli Televiziya və Radio Şurasının yaradılmasının bu gün yeddi ili tamam olur. 2002-ci ilin məhz bu günü ulu öndər Heydər Əliyev "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə fərman imzaladı. Bir neçə aydan sonra isə bu sahədə fəaliyyəti tənzimləyən dövlət qurumu kimi MTRŞ yaradıldı. Əslində, hər bir iş müəyyən bir təcrübə əsasında qurulanda, belə demək mümkünsə, ortada bir sələf nümunəsi olanda işləmək də asan olur. Təəssüf ki, biz sıfırdan başlamalı olduq. Və ötən müddət ərzində ölkənin efir məkanında həm keyfiyyət, həm də kəmiyyət sarıdan xeyli dəyişikliyə nail olduq. Şuranın elan etdiyi müsabiqələrdə qalib gələn müxtəlif şirkətlərə televiziya və radio yayımı ilə məşğul olmaq üçün xüsusi razılıq verilmişdir. Efir tezlikləri müstəqil dövlətimizin maddi sərvətləri sırasına daxil olsa da, yaxın keçmişədək həmin tezliklərdə xarici ölkələrə məxsus kanallar yayımlanırdı. Məhz dövlətin bu sahədə sərgilədiyi prinsipial və qətiyyətli mövqe sayəsində həmin tezliklər əcnəbi şirkətlərdən alınaraq milli yayımçılar arasında müsabiqəyə çıxarıldı. Bu gün televiziya və radio vasitəsilə yayımlanan bütün verilişlərin dövlət dilində səslənməsi də az sayılacaq nailiyyət deyil.

Televiziya və radio çox böyük məsuliyyət tələb edən dinamik, sürətlə inkişaf edən, eyni zamanda da mürəkkəb bir sahədir. Cəmiyyətdəki hadisələrin arxasında deyil, yanında, bəzən isə önündə gedən bir sahədir. Şura bu təsərrüfatdakı işlərin vəziyyəti ilə qısa tanışlıqdan sonra başladı televiziya kanallarının fəaliyyətini hüquqi cəhətdən tənzimləyən, ictimai münasibətlər sistemindəki məsuliyyətini müəyyənləşdirən qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi, normativ sənədlərin hazırlanması ilə məşğul olmağa. Mövcud qanunvericilikdə bu sahədə ciddi boşluqlar vardı. 2005-ci ilədək həm praktik, həm hüquqi, həm də mövcud beynəlxalq təcrübə baxımından bu sahədə ortaya çıxan işləri yoluna qoyduq. Şuranın özünün də strukturunun formalaşması prosesi paralel gedirdi. İkinci mərhələyə ölkədəki mövcud televiziya kanallarının lisenziyalarının verilməsi ilə başladıq. Sonra Azərbaycan dilinin efir məkanında öz yerini tutması məsələsini qaldırdıq. Təbii ki, bu, çox ağır və ağrılı bir proses idi. Əvvəlcə Azərbaycan dilində gedən verilişlərin efir çəkisinin 75 faiz olmasını şərt kimi irəliyə sürdük. Azərbaycan ərazisində milli tezliklərdə yayımlanan xarici televiziya kanalları və radio stansiyalarının fəaliyyətini dayandırdıq. Kəmiyyət baxımından da yeniliklər oldu. Bizim fəaliyyətimiz dövründə iki ümumrespublika yayımçısı - İctimai televiziya və "Xəzər" televiziyası qeydiyyata alınıb yayıma başladı. Dövlət Televiziya və Radiosu səhmdar cəmiyyətə çevrildi. Üç radio - İctimai, Xəzər və Media FM radiosu öz auditoriyasını toplamağa başladı. 8 ümumrespublika yayımçısı, 14 regional, 13 kabel televiziyası az görünməsin sizə. Bu, yayım potensialının zənginliyi ilə yanaşı, həm də tamaşaçıların seçim imkanı deməkdir.

MTRŞ-nin fəaliyyəti müəyyən qanunvericilik aktları və nizamnamə ilə tənzimlənir. Yəni, biz müstəqil yayımçıların öz peşə fəaliyyətlərini həyata keçirmək üçün maliyyə, kadr, proqram siyasəti və digər məsələlərinə qarışmırıq. Heç bir kanala deyə bilmərik ki, bu aparıcını dəyiş, yaxud filan verilişə filankəsi aparıcı təyin et. Bu obyektiv reallıq cənab Ramiz Mehdiyevin məqaləsində də öz əksini tapıb: "Lakin MTRŞ teleradio qurumlarının yaradıcılıq, peşə və maliyyə fəaliyyətinə müdaxilə etmək səlahiyyətinə malik deyil və deməli, bu sahələrdə müşahidə olunan çatışmazlıqlara görə məsuliyyət teleradio qurumlarının rəhbərlərinin üzərinə düşür". Biz yalnız monitorinq apara, diqqəti çatışmazlıqlara yönəldə, tövsiyə xarakterli təkliflərimizi verə bilərik. Bir tərəfdən biz demokratik cəmiyyət qururuq, fikir plüralizmi, söz azadlığı ümumbəşəri dəyər kimi qorunur. Digər tərəfdən isə cəmiyyət qarşısında bu sahədə üzərinə müəyyən təəhhüdlər götürmüş televiziya kanallarının fəaliyyəti ilə bağlı cəmiyyətin ən müxtəlif insan təbəqələri tərəfindən narazılıqlar səslənir. Və onların əksəriyyəti haqlıdır. Bu yerdə, heç şübhəsiz, qanunun məcburedici qüvvəsi hərəkətə gətirilməli, birbaşa cavabdeh şəxslərin məsuliyyəti müəyyənləşdirilməlidir.

Məsələn, bizdə kanallara qarşı cərimə sanksiyası mövcuddur. Ancaq o, haçan tətbiq olunur - terrorizmə, milli-dini ayrı-seçkiliyə çağırışa, dövlətin ərazi bütövlüyünə, müstəqilliyinə zidd, reklam haqqında qanunvericiliyin pozulması və s. hallarda kanalları cərimə etmək hüququna malikik. İndi milli-mənəvi dəyərlərin pozulmasına görə cərimə sanksiyasının tətbiq olunması da aktuallaşır. Halbuki vaxtilə bu məsələni MTRŞ qaldırmışdı və təəssüflər olsun ki, onda müvafiq qurumlar bizə dəstək vermədilər.

- Yaradıcılıqdan söz düşmüşkən. İctimai televiziya, AzTV-nin bəzi layihələri istisna olmaqla, qalan yayımçıların fəaliyyətində axtarış, dolğun məzmunla zənginləşdirilmiş yeni forma tapıntıları, bayağı və nimdaş şou bataqlığından, deyək ki, intellektual-əyləncəli proqramlara keçid istəyi görünmür. Bu nə ilə bağlıdır: tamaşaçının zövq mədəniyyətinin korşalması ilə, telekanalların özünün yaradıcılıq imkanlarının tükənməsi ilə, yoxsa ucuz reytinq və qazanc dalınca qaçmaq nəfsi ilə?

- ATV, ANS, "Lider", "Space", "Xəzər" telekanallarının yayımladığı bəzi şou-proqramlar geniş ictimaiyyət tərəfindən haqlı narazılıqla qarşılanır. İnsanlar dincəlmək, əylənmək məqsədilə mavi ekranın qarşısına keçirlər, oradan isə, demək olar ki, eyni vaxtda şou-proqramlar nümayiş etdirilir. İlk baxışdan burada elə bir qəbahət də yoxdur, bir şərtlə ki, verilişlər keyfiyyətli olsun. Ancaq əfsuslar olsun, mavi ekranlardan evimizə bayağı, şit, bəzən isə insanlarda ikrahdoğuracaq qədər səviyyəsiz verilişlər ayaq açıb yeriyir. Ona görə də bu məsələdə seyrçilərin hüquqları nəzərə alınmalıdır, ictimai qınaq mexanizmi formalaşdırılmalıdır. Bəli, seçim imkanı var. Kabel və peyk televiziyası ilə istədiyin kanalı izləyə bilərsən. Ancaq onlar yaddılar axı. Nə qədər keyfiyyətli, peşəkar səviyyədə hazırlanmış məhsul təqdim etsələr də, biz zövq mədəniyyətimizin formalaşmasında, gənc nəslin tərbiyəsində aparıcı mövqeyin məhz milli televiziyaya məxsus olmasını istəyirik və bu, bir ümummilli mənafe, mənəviyyat məsələsi olduğuna görə onlardan umuruq, tələb edirik.

İkinci məqam. Nə üçün son vaxtlar insanlar şou xarakterli proqramlara daha çox meyil edirlər? İstehsalatla məşğul olanların sayı azalır, xidmət sahəsində çalışanların xüsusi çəkisisə artır. Bura tele və kino sənayesi, restoran, şadlıq sarayları, incəsənətlə məşğul olanlar, bir sözlə, istehsalat və intellektual sferanın xaricində qərar tutmuş insan qrupları aiddir ki, onlar da yüngül, əyləncəli proqramları izləməyə üstünlük verirlər. Və yayımçıların reytinq, deməli, reklam ehtiyacı bu cür adamların zövq və tələblərinə uyğun verilişlər hazılanmasını labüd edir. Etiraf edək, belə bir vəziyyətdə həmin telekanallar heç intellektual, maarifçi verilişlərin hazırlanmasının marağında da deyillər. Onların konkret auditoriyaları var və bu toplumun psixologiyasına, səviyyəsinə uyğun verilişlərin hazırlanması bir istehsalçı kimi onları tam qane edir. Və bu, tək bizi deyil, bütün dünya televiziya şirkətlərini narahat edən bir tendensiyadır. Amerika da, Avropa da bu problemlə qarşılaşıb və çalışıblar ki, optimal çıxış yolu tapsınlar. Məsələn, okeanın o tayında büdcədən maliyyələşən televiziya kanalları açılıb ki, həmin kanallar vasitəsilə proqram siyasətini yönəltmək olur. Bizdə isə problem məhz bu tip verilişlərə maraqlı auditoriyanın geniş olmasıdır. Bu, bir psixo-sosioloji məsələdir, yəni dəyərlər sistemində ciddi assimilyativ proseslər gedir. Ancaq hörmətli Ramiz müəllimin məqaləsində göstərildiyi kimi, bu cür bədbin proqnozlar verən özəl sosioloji tədqiqat şirkətlərinin qənaətləri də obyektiv və əsaslı görünmür.

- Şou-proqramlara auditoriyaların ehtiyacından bəhs etdiniz. Ancaq razılaşaq ki, istər xidmət sahəsi olsun, yaxud qeyri bir sahə, seyrçilərin heç də hamısı bu cür verilişləri təqdir etmir. Televiziya maddiyyat arxasınca qaçmaqda ikən ümdə funksiyalarını unudub. Razılaşaq ki, məsələn, ATV-nin "Xeyir ola"sındakı Aygün Kazımova, "Çal-çağır"dakı Dilarə və dəstəsi, ANS-dəki Turanla Elgiz aparıcı kimi tamaşaçı auditoriyasına heç nə vermədikləri halda, müğənni və aktrisa kimi də nüfuz qazanmırlar.

- "Heç şübhə yoxdur ki, ictimai fikrə təsir imkanları baxımından televiziya və radio bütün digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayanır. Televiziya və radio hər evə, ailəyə daxil olmuş, insanların gündəlik həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir". Bu fikri mən "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsindən misal gətirirəm və hesab edirəm ki, bu iqtibas milli-mənəvi dəyərlərin, insanların etik-estetik və əxlaqi görüşlərinin formalaşmasında efirin oynadığı müstəsna rolu bariz şəkildə görüntüləyir. Deməli, ictimaiyyət efirdən tələb etməkdə haqlıdır.

İyun ayında Şəkidə regional telekanalların, sentyabrda isə Bakıda respublika yayımçılarının iştirakı ilə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı tədbir keçirdik. Nəticə olaraq teleməkanda milli-mənəvi dəyərlərin qorunması ilə bağlı bir kitabça da nəşr etmişik. Bu tədbirlər tövsiyə xarakteri daşıyırdı. Özəl kanallar isə dəyərlərimizin tar-mar edildiyi, belə deyək, mənəvi ekspansiyaya məruz qaldığı şou verilişlərinə biznes-layihə kimi baxırlar. Çalışırlar ki, bu layihələr pul gətirsin, reytinq, reklam gətirsin. Reytinq müəyyənləşdirən AGB, "Siar" kimi təşkilatlar apardıqları monitorinqlərin qalibi kimi bu cür verilişləri göstərirlər və nəticədə reklamçılar onlarla əməkdaşlığa üstünlük verirlər. Reklam əldə etməyə, qazanc götürməyə biganə olmayan digər telekanallar da eyni yolla getməyə can atırlar. Amma bir qədər öncə qeyd etdiyim kimi, həmin qurumların nəticələri inam doğurmur. Bu prosesin özü şəffaf deyil, auditoriya nəzərə alınmır. Bununla yanaşı, telekanalların rəhbərləri də öz qurumlarına bir super-market kimi baxmalı deyillər. Vur-tut səkkiz kanal var və onların da üzərinə böyük vəzifələr düşür, məsuliyyətləri böyükdür. Qeyd etdik ki, üç mühüm funksiyası var televiziyanın: maarifləndirmə, məlumatlandırma və əyləndirmə. Nə qədər fərqlənsə də, bu qollar, hər üçü bir yerdə tərbiyəvi funksiya daşıyır, ideoloji gücü var. Problem isə bu gücdən səmərəli, dolğun və peşəkarcasına istifadə etmək bacarığındadır.

Şou-proqramlar və mənəviyyat mövzusunda daha bir narahatlıq doğuran məqam ondan ibarətdir ki, həmin verilişlərə müğənnilər və s. dəvət olunurlar. Onların təbliğ etdikləri meşşan həyat tərzi toplum tərəfindən təqdir olunmur. Acınacaqlısı budur ki, hətta respublika əhəmiyyətli tarixlər qeyd edilərkən belə çəkilişlər bu adamların bağında, evində aparılır və onların həyat tərzi örnək kimi cəmiyyətə sırınır. Əfsuslar olsun ki, bu cür "təbliğat" auditoriyanın yeniyetmələr kəsimi tərəfindən özünə pərəstişkarlar toplaya bilir. O da faktdır ki, bu adamların əksəriyyətinin heç orta məktəb proqramı səviyyəsində biliyi, dünyagörüşü yoxdur. Bu cür yüngül həyat tərzinin təbliğ edilməsi isə, heç şübhəsiz, gənc nəslin təlim-tərbiyəsində ciddi sarpmalara gətirib çıxara bilər. Düşündürücü məsələdir: balalarımız kimdən örnək götürmək istəyir? Əvvəllər bu sırada kosmonavtlar, qəhrəmanlar, məşhur şəxsiyyətlər dururdu. İndi isə bu siyahıda şou biznesin səviyyəsiz, istedaddan uzaq, qeyri-ciddi təmsilçiləri yer almaqdadırlar. Həyəcanlı faktdır.

Daha bir vacib məsələ efirdə Azərbaycan mentalitetinə uyğun olmayan filmlərin, kliplərin, verilişlərin yer almasıdır. Yəni, bəzən efirin doldurulması problemi yaranır. Buna görə də gecə vaxtlarında, tutalım, məhdud yaş qrupları üçün nəzərdə tutulan proqramlar günorta da yayımlanır. Bu isə tərbiyə ilə bağlı problemlərə səbəb olur.

Televiziyaların maarifçi funksiyasından danışarkən ilk əvvəl elmi-kütləvi, sənədli filmlərin istehsalı sahəsində ciddi boşluqların olduğunu göstərməliyik. Cizgi filmlərinin istehsalının bərpa edilməsi mühüm məsələdir. Düşünürük ki, dövlətin maliyyə dəstəyi ilə haradasa 50-60 milli süjetli cizgi filmi çəkilib prokata verilməlidir. Təəssüflər olsun ki, bu məsələlərdə bütün televiziyaların riayət edəcəyi vahid sistem, mexanizm yoxdur. Hər bir televiziya özünün müəyyənləşdirdiyi kriteriya əsasında sənədli film çəkir. Amma bu iş seyrçini qane edirmi, sənətkarlıq baxımından bitkindirmi, qoyulan məqsədə nail olunubmu? Bax, bu, əsas məsələdir. Bu iş o vaxt səmərəli olardı ki, mütəxəssislərin rəyi əsas götürülsün.

Məsələ qaldırmışıq ki, televiziya arxivi yaradılsın və burada Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, idmanı, kulinariyası və s. ilə bağlı ən yaxşı verilişlər toplansın. Məsələn, bu yaxınlarda Heydər Əliyev Fondunun dəstəyi ilə muğam müsabiqəsi ilə bağlı çox yaxşı bir layihə həyata keçirildi. Həmin müsabiqənin görüntüləri maddi mədəniyyət nümunəsi kimi arxivlərə yatırılıb gələcək nəsillərə çatdırılmalıdır. Ölkənin siyasi, mədəni, idman həyatında baş verən əlamətdar hadisələrın lentlərin yaddaşına köçürülmüş görüntülərı tək ayrı-ayrı televiziyaların deyil, bütövlükdə dövlətin mülkiyyətində olmalıdır. Belə bir arxiv yaradılıb Filmfondun tərkibinə də verilə bilər, eyni zamanda bu sahədə dövlətin siyasətini yeridən orqan kimi Şuraya da həvalə edilə bilər.

- Ramiz müəllimin məqaləsi biganəliyi, sosial indefferentliyi bacarmayan və eyni zamanda da mental dəyərlərimizin hifz olunması sahəsində mücadilə verməyə hazır olan insanların, vətəndaşların, ziyalıların uzun müddətdən bəri, belə deyək, qövr edən yarasına məlhəm basdı. Hamı deyirdi, danışırdı, amma nəticə yox idi. Etiraf edək, bu məqalə həm də -əşi, öz kanallarıdır, ona görə də dillənmirlər - sayaq dövriyyədə olan obıvatel qənaətinin də yararsız, keçərsiz olduğunu faş etdi.

- Bir daha təkrara ehtiyac duyuram ki, bu məqalə bütün aspektlərdən aktual, günün tələbləri ilə diktə olunmuş, toplumun narahatlığına səs verən məqalədir, teleradio şirkətlərinə fəaliyyətlərini təshih etmək üçün istiqamətverici bir sənəddir, eləcə də dövlətin bu sahədə siyasətini həyata keçirən bir qurum kimi sonrakı davranış və hərəkətlərimizi müəyyənləşdirən müntəxəbatdır. Hamı soruşur, özünə sual verir: görəsən, Ramiz Mehdiyev mühüm dövlət işlərindən macal tapıb niyə bu mövzuya müraciət edib? Səbəb çox sadədir. Bu məqalənin sifarişçisi cəmiyyətdir. Bir filosof və yüksək vəzifəli dövlət məmuru kimi cənab Ramiz Mehdiyevin bir əli daima cəmiyyətin nəbzində olduğu üçün həmin yazının tam məqamı olduğunu özü müəyyənləşdirmişdir.

Sualınızın ikinci tərəfinə gəldikdə isə, bəli, dövlət göstərdi ki, ümummilli məsələlərdən söhbət gedərkən qarşıda duran məsələləri dərəcəsinə görə təsnif etmir, onların həllinə kompleks yanaşır.

 

 

Müsahibəni təqdim etdi:

Xalid NİYAZOV

 

Azərbaycan.- 2009.- 9 oktyabr.- S. 3.