Azərbaycan-Kuba əlaqələri yeni mərhələyə qədəm qoyub

 

Azərbaycan və Kuba xalqları arasında əlaqələr yeni mərhələdə və müxtəlif sahələr üzrə uğurla inkişaf edir. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov oktyabrın 8-də ölkəmizdə səfərdə olan Kuba Respublikasının xarici işlər nazirinin müavini Daqoberto Rodriges Barrera ilə görüşündə bildirdi.

Kubanın xarici işlər nazirinin müavininin Azərbaycana səfərinin mühüm əhəmiyyət kəsb etdiyini deyən Səməd Seyidov hər iki ölkənin dostluq əlaqələrinə toxunaraq qonağa respublikamızda həyata keçirilən uğurlu islahatlar barədə ətraflı məlumat verdi. Komitə sədri bildirdi ki, Azərbaycan və Kubanın siyasi-iqtisadi sahələrdə ortaq maraqları, eyni zamanda ölkələrarası qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi üçün geniş imkanlar mövcuddur. Səməd Seyidov dedi ki, qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə daha da yaxşı inkişafı üçün parlamentlərarası münasibətlərin möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Kuba Respublikası xarici işlər nazirinin müavini də öz növbəsində yüksək qonaqpərvəliyə görə təşəkkürünü bildirərək iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın perspektiv inkişafından danışdı. Daqoberto Rodriges Barrera Azərbaycan və Kuba arasında parlamentlərarası əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin və daha da genişləndirilməsinin vacibliyinə toxundu. Qonaq bildirdi ki, Azərbaycan-Kuba əlaqələrinin daha yüksək səviyyədə inkişafı üçün qarşılıqlı təcrübə mübadilələri xüsusi əhəmiyyət kəsb edir. Daqoberto Rodriges Barrera hər iki ölkənin ali qanunverici orqanları arasında təcrübə mübadiləsinin aparılması üçün Milli Məclis üzvlərini ölkəsinə dəvət etdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edildi.

 

 

Azərbaycan.- 2009.- 9 oktyabr.- S.3.