Görkəmli şərqşünas alim Aida
İmanquliyevanın 70 illik yubileyi münasibətilə gənc
tədqiqatçılar arasında keçirilən müsabiqəyə
yekun vurulmuşdur
Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi və
AMEA-nın Şərqşünaslıq İnstitutunun görkəmli
şərqşünas alim, professor Aida İmanquliyevanın 70
illik yubileyi münasibətilə gənc tədqiqatçılar
arasında keçirdikləri müsabiqəyə oktyabrın
8-də yekun vurulmuş, qaliblər
mükafatlandırılmışlar.
Görkəmli şərqşünas
alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida
İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş
konfransda onun şərəfli ömür yoluna və
çoxşaxəli yaradıcılığına, elmi fəaliyyətinə
bir daha ətraflı nəzər salınmışdır.
Komitənin sədri Hicran
Hüseynova XX əsrin görkəmli ziyalılarından, elm təşkilatçılarından
biri olan Aida İmanquliyevanın 70 illik yubileyinin ölkəmizin
elmi ictimaiyyəti üçün əlamətdar hadisə
olduğunu bildirmişdir. Nəcib insan, gözəl alim Aida
xanım İmanquliyeva şərqşünaslıq elminə
böyük töhfələr verdiyi kimi, həm də öz
ardıcıllarını yetişdirmiş, gənc alimlərə
diqqət və qayğı ilə yanaşmış, onlara
elmi potensiallarının üzə çıxmasında dəstək
olmuşdur. "Ərəb filologiyası sahəsində gənc
alimlərin ən yaxşı elmi-tədqiqat əsəri"
adlı müsabiqə də görkəmli alimin xatirəsinə
həsr olunmuşdur.
Şərqşünaslıq
İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər
Baxşəliyeva Azərbaycanda ərəbşünaslıq
üzrə ilk qadın filologiya elmləri doktoru Aida
İmanquliyevanın ərəb məhcər ədəbiyyatının
tədqiq olunmasında məxsusi xidmətlərindən
danışmışdır. Demişdir ki, professor
A.İmanquliyeva dərin nəzəri bilikləri, analitik təfəkkürü,
zəngin mütaliəsi, bir neçə Şərq və Qərb
dillərini mükəmməl bilməsi sayəsində
apardığı tədqiqatlar və yazdığı əsərlər
ona nəinki keçmiş Sovetlər Birliyində, hətta
bir sıra xarici ölkələrdə geniş şöhrət
qazandırmışdır. Alim AMEA-nın Şərqşünaslıq
İnstitutuna rəhbərlik etdiyi illərdə bu elm
ocağının təkmilləşdirilməsi
üçün böyük işlər görmüş,
gözəl alimlər hazırlamışdır. Onun yetirmələrinin
çoxu indi elmlər doktorudur və Aida xanımın elmi məktəbini
uğurla davam etdirirlər. Yubileyi münasibətilə gənc
alimlər arasında keçirilən müsabiqə isə
böyük əhəmiyyət daşıyır.
Konfransda çıxış edən
Bakı Dövlət Universiteti ilahiyyat fakültəsinin
dekanı, akademik Vasim Məmmədəliyev demişdir ki, Aida
İmanquliyeva dövlət işində müvəffəqiyyətlə
çalışan, elmi fəaliyyətlə ciddi məşğul
olan istedadlı alim idi. Onu təkcə Azərbaycanda deyil, bir
çox xarici ölkələrdə də
tanıyırdılar. Aida İmanquliyevanın elmi
araşdırmalarının zirvəsi olan "Yeni ərəb
ədəbiyyatı korifeyləri" monoqrafiyası
keçmiş ittifaq, o cümlədən Azərbaycan şərqşünaslığında
mühüm hadisə olmuşdur.
Alimin ərəb ədəbiyyatına
dair məqalələri, beynəlxalq elmi konfrans və
simpoziumlardakı çıxışları yeni ərəb ədəbiyyatının
daha dərindən öyrənilməsi üçün ən
gözəl mənbələrdən biridir. Bütün bilik
və bacarığını Azərbaycan elminin tərəqqisinə
həsr etmiş Aida xanım İmanquliyeva şərqşünaslıq
elmimizi müxtəlif nüfuzlu beynəlxalq tədbirlərdə
ləyaqətlə təmsil etmişdir.
Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunan "Ərəb filologiyası sahəsində gənc alimlərin ən yaxşı elmi-tədqiqat əsəri" müsabiqəsinin nəticələri elan olunmuşdur. Bildirilmişdir ki, müsabiqədə magistr, aspirant, dissertant və alimlər iştirak etmişlər. Müsabiqəyə 15 elmitədqiqat əsəri təqdim olunmuşdu. Nüfuzlu alim-ərəbşünaslar, təcrübəli elm xadimlərinin daxil olduğu münsiflər heyəti araşdırmadan sonra üç ən yaxşı elmi işin müəllifini qalib elan etmişdir. Birinci yerin qalibi, filologiya elmləri namizədi Bəsirə Əzizəliyevaya mükafatı alimin qızı, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva təqdim etmişdir.
Sonra digər qaliblərə də mükafatlar verilmiş, müsabiqənin 12 iştirakçısına isə diplomlar təqdim olunmuşdur.
1-ci yerin qalibi B.Əzizəliyeva çıxış edərək görkəmli şərqşünas alim A.İmanquliyevanın əlamətdar yubileyi münasibətilə keçirilən müsabiqənin qalibi olmasından iftixar hissi duyduğunu bildirmişdir.
Daha sonra konfrans iştirakçıları görkəmli şərqşünas alim A.İmanquliyevanın məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anmışlar.
Oktyabrın 9-dan 11-dək Bakıda alimin yubileyinə həsr edilən "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi Simpoziumu keçiriləcəkdir. Tədbirdə alimin zəngin tədqiqatları və araşdırmalarına dair müzakirələr aparılacaqdır.
AzərTAc
Azərbaycan.- 2009.- 9oktyabr.- S. 4.