Gəncədə görkəmli şərqşünas
alim Aida İmanquliyevanın 70 illiyinə
həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir
AMEA Gəncə
Regional Elm Mərkəzində Azərbaycan
şərqşünaslığının
görkəmli nümayəndəsi,
Şərq-Qərb problematikasının sistemli
şəkildə ilk tədqiqatçısı Aida
xanım İmanquliyevanın
anadan olmasının
70 illiyinə həsr olunmuş "Şərq
və Qərb: ortaq mənəvi dəyərlər" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Gəncə Şəhər
İcra Hakimiyyəti başçısının müavini
Akif Ələkbərov
Azərbaycan şərqşünaslığının
görkəmli və parlaq nümayəndələrindən
biri, filologiya elmləri doktoru professor Aida xanım İmanquliyevanın
şərqşünaslıq elminə bəxş etdiyi töhfələrdən
danışmışdır.
Gəncə Elm
Mərkəzinin direktoru,
əməkdar elm xadimi, professor Fuad Əliyevin "Aida xanımın həyat və yaradıcılığı", əməkdar elm xadimi professor Xəlil Yusifovun "Azərbaycan ədəbiyyatında
Şərq-Qərb münasibətləri", tarix
elmləri namizədi Samir Pişnamazovun "Aida xanım İmanquliyeva Azərbaycanda
Şərq-Qərb problematikasının ilk tədqiqatçısıdır"
mövzularında məruzələri
dinlənildikdən sonra
çıxışlar olmuşdur.
Məruzə və çıxışlarda görkəmli
şərqşünas alimin
ərəb filologiyası
sahəsində nəhəng
elmi-tədqiqat işlərindən, bu sahədə onun yazdığı üç
fundamental monoqrafiyanın
əhəmiyyətindən geniş söhbət açılmışdır.
Konfransda AMEA-nın Gəncə Regional Elm Mərkəzi tərəfindən nəşr
edilmiş "Şərqşünaslıq
səmasının sönməz
ulduzu" adlı kitabı da təqdim edilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 9 oktyabr.- S. 4.