Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə

 

I. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu (bundan sonra - Fond) Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (bundan sonra - Nazirlik) nəzdində fəaliyyət göstərir.

1.2. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əsasnaməsini, habelə bu Əsasnaməni rəhbər tutur.

1.3. Fond öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, kredit, maliyyə və sığorta təşkilatları, sahibkarlığın ictimai birlikləri ilə əlaqəli şəkildə həyata keçirir.

1.4. Fond dövlət təsisatıdır, sərəncamında dövlət əmlakı vardır, müstəqil balansa, bank və xəzinə hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin əksi və öz adı olan möhürə, müvafiq ştamp və blanklara malikdir.

1.5. Fond Azərbaycan Respublikasının dövlət büdcəsindən Fondun saxlanılması üçün ayrılan vəsait hesabına maliyyələşdirilir. Qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada Fondun fəaliyyətindən və qanunvericiliyə uyğun olaraq digər mənbələrdən daxil olmuş vəsaitlər Fondun bu Əsasnamə ilə müəyyən edilmiş hüquq və vəzifələrinin həyata keçirilməsində maliyyə mənbəyi kimi istifadə edilə bilər.

1.6. Fond Bakı şəhərində yerləşir.

 

II. Fondun məqsədi, vəzifələri və hüquqları

 

2.1. Fondun məqsədi Azərbaycan Respublikasında sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına kömək göstərməkdən, onlara maliyyə dəstəyi verməkdən ibarətdir.

2.2. Fondun əsas vəzifələri aşağıdakılardır:

2.2.1. Fondun vəsaitləri hesabına Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini qanunvericiliyə uyğun maliyyələşdirmək;

2.2.2. Fonda maliyyə ehtiyatlarının cəlb olunması üçün tədbirlər görmək, o cümlədən maliyyə bazarlarından kreditlərin cəlb olunması barədə danışıqlar aparmaq və təkliflər vermək;

2.2.3. Fonda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün verilmiş vəsaitlərin səmərəli və təyinatı üzrə istifadə olunmasını təmin etmək;

2.2.4. Fondun vəsaitləri hesabına maliyyələşdiriləcək investisiya layihələrinin ekspertizasını həyata keçirmək;

2.2.5. sahibkarlığın inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək;

2.2.6. sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahə və regional proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

2.2.7. Fondun vəsaiti hesabına güzəştli kreditlərin alınması üçün investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını müəyyən etmək;

2.2.8. kreditlərin öz təyinatına uyğun istifadə olunmasına nəzarət etmək məqsədilə monitorinqlərin keçirilməsi qaydalarını müəyyən etmək;

2.2.9. sahibkarlıq subyektlərinə zəruri olan hüquqi, iqtisadi və digər məlumatların toplanmasına və yayılmasına, bazar konyunkturunun öyrənilməsinə, sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasına kömək etmək;

2.2.10. sahibkarlıq subyektləri üçün kadrların hazırlanmasına və onların ixtisaslarının artırılmasına dəstək vermək;

2.2.11. sahibkarlıq subyektlərinin xarici iqtisadi fəaliyyətinin genişləndirilməsinə yardım etmək;

2.2.12. ölkədə sahibkarlığın bazar infrastrukturlarının formalaşmasına və inkişafına kömək göstərmək;

2.2.13. sahibkarlıq subyektləri üçün zəruri elmi-texniki biliklərin və yeniliklərin təbliğinə kömək etmək;

2.2.14. qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirmək.

2.3. Fond öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

2.3.1. Fonda vəsaitlər cəlb etmək və bu məqsədlə könüllü ianə, yardım, qrant alınması və digər bu kimi əqdlər bağlamaq;

2.3.2. Fondun fəaliyyətinin məqsədinə uyğun olaraq və öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında və xarici ölkələrdə hüquqi və fiziki şəxslərlə işgüzar münasibətlər yaratmaq;

2.3.3. sərəncamında olan dövlət əmlakından qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək;

2.3.4. sahibkarlıq fəaliyyəti ilə bağlı beynəlxalq konfranslar, simpoziumlar və digər tədbirlər təşkil etmək, Azərbaycan Respublikasında və xaricdə keçirilən belə tədbirlərdə iştirak etmək;

2.3.5. daxili və xarici investisiyaların cəlb edilməsi və onlardan səmərəli istifadə olunması ilə bağlı tədbirlər keçirmək, qanunvericilikdə nəzərdə tutulmuş qaydada sərgilər və yarmarkalar təşkil etmək;

2.3.6. Fondun vəzifələrinin yerinə yetirilməsi üçün müvəkkil kredit təşkilatlarından lazımi məlumatları və hesabatları almaq;

2.3.7. zərurət yarandığı təqdirdə Fondun vəsaitləri hesabına maliyyələşdiriləcək investisiya layihələrinin ekspertizası üçün kənar mütəxəssisləri (ekspertləri) cəlb etmək;

2.3.8. Fondun vəsaiti hesabına sahibkarlıq subyektlərinə verilən vəsaitlərin investisiya layihələrində nəzərdə tutulmuş təyinatına uyğun istifadə olunmasına nəzarət etmək üçün müvəkkil kredit təşkilatları vasitəsilə və müstəqil surətdə monitorinqlər aparmaq, bu vəsaitdən təyinatı üzrə istifadə edilmədikdə verilən vəsaitin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görmək;

2.3.9. qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

III. Fondun vəsaitlərininformalaşması və istifadəsi

 

3.1. Fondun vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:

3.1.1. Azərbaycan Respublikasının dövlət büdcəsinin təxsisatları;

3.1.2. Fondun fəaliyyətindən əldə olunan daxilolmalar, o cümlədən verilmiş güzəştli kreditlər üzrə əsas borc, faiz, cərimə və komissiyon haqqı üzrə ödənişlər;

3.1.3. yerli və xarici hüquqi və fiziki şəxslər tərəfindən könüllü verilən ianələr;

3.1.4. xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən verilən yardımlar, qrantlar, yerli və xarici maliyyə bazarlarından qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət tərəfindən alınmış kreditlər;

3.1.5. qanunvericilikdə nəzərdə tutulan digər mənbələr.

3.2. Fondun vəsaitinin istifadəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq həyata keçirilir.

3.3. Fondun vəsaitinin istifadəsi haqqında məlumat üç aydan bir kütləvi informasiya vasitələrində dərc edilməlidir.

 

IV. Fondun idarə olunması

 

4.1. Fondun ali idarəetmə orqanı onun Müşahidə Şurası (bundan sonra - Müşahidə Şurası) hesab olunur.

4.2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Fondun idarə edilməsi ilə bağlı aşağıdakı tədbirləri həyata keçirir:

4.2.1. Fondun fəaliyyətinə dair hesabatları təsdiq edir;

4.2.2. Fondun strukturunu, struktur bölmələrinin əsasnamələrini, müəyyən edilmiş ştat sayına uyğun ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

4.2.3. Fondun Müşahidə Şurasının sədrini, icraçı direktorunu, onun müavinini və baş mühasibini vəzifəyə təyin edir və vəzifədən azad edir.

 

V. Müşahidə Şurası

 

5.1. Müşahidə Şurası sədr daxil olmaqla 7 (yeddi) üzvdən ibarət say tərkibində təşkil edilir.

5.2. Müşahidə Şurasının 3 (üç) üzvü aşağıdakı mərkəzi icra hakimiyyəti orqanları tərəfindən (hər mərkəzi icra hakimiyyəti orqanından bir nəfər olmaqla) təyin edilir:

5.2.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

5.2.2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

5.2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.

5.3. Müşahidə Şurasının 4 (dörd) üzvü Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən təyin edilir.

5.4. Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

5.5. Fondun Müşahidə Şurası:

5.5.1. Fondun fəaliyyətinə nəzarəti həyata keçirir;

5.5.2. Fondun vəsaitlərinin səmərəli yerləşdirilməsi məqsədilə iqtisadiyyatın sahələri və iqtisadi rayonlar üzrə prioritet istiqamətləri müəyyənləşdirir;

5.5.3. müvəkkil kredit təşkilatlarının seçilməsi meyarlarını təsdiq edir və onların seçilməsi barədə qərarlar qəbul edir;

5.5.4. Fond ilə müvəkkil kredit təşkilatları arasında Fondun vəsaitlərinin istifadə edilməsinin şərtləri haqqında bağlanılan müqavilələrin nümunəvi layihələrini təsdiq edir;

5.5.5. Fondun vəsaiti hesabına güzəştli kreditlərin alınması üçün investisiya layihələrinin tərtib olunmasına dair tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını təsdiq edir;

5.5.6. Fondun vəsaiti hesabına verilmiş kreditlərin təyinatına uyğun istifadə olunmasına nəzarət etmək üçün monitorinqlərin aparılması qaydalarını təsdiq edir;

5.5.7. müvəkkil kredit təşkilatları üçün əsas və əlavə limitləri müəyyən edir;

5.5.8. Fondun vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan konkret layihələrə dair müsabiqələrin keçirilməsi üçün meyarları müəyyən edir;

5.5.9. Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təkliflər verir;

5.5.10. Fondun fəaliyyətinin auditor yoxlamalarını təşkil edir və nəticələri barədə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə məlumat verir;

5.5.11. Fondun fəaliyyəti ilə bağlı zəruri olan normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim edir;

5.5.12. Fondun cari fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə edir.

5.6. Müşahidə Şurasının işinin təşkili:

5.6.1. Müşahidə Şurası öz iclaslarını rübdə bir dəfədən az olmayaraq keçirir. Müşahidə Şurasının növbədənkənar iclasları Müşahidə Şurasının sədrinin və ya Fondun icraçı direktorunun təşəbbüsü ilə keçirilə bilər;

5.6.2. Müşahidə Şurası sədrinin müavini və katibi Şuranın ilk iclasında açıq səsvermə və iştirakçıların adi səs çoxluğu ilə seçilir. Şurada üzvlüyə görə hər hansı əmək haqqı və ya mükafat ödənilmir.

5.6.3. Müşahidə Şurasının iclasları üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın qərarları açıq səsvermə və iştirakçıların adi səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə Şura sədrinin səsi həlledici hesab edilir;

5.6.4. Müşahidə Şurasının iclasları müvafiq qaydada protokollaşdırılır, protokol və protokola əlavələr sədr və katib tərəfindən imzalanır;

5.6.5. Müşahidə Şurasının iclaslarında qəbul olunmuş qərarlar aidiyyəti üzrə göndərilir, bir nüsxəsi isə Fondda saxlanılır.

 

VI. Fondun işinin təşkili

 

6.1. Fondun cari fəaliyyətinə Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən Fonda həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün birbaşa məsuliyyət daşıyan icraçı direktor rəhbərlik edir;

6.2. Fondun icraçı direktoru:

6.2.1. Fondun cari işini təşkil edir, xəzinə və digər hesablarını açır;

6.2.2. zəruri hallarda müvəkkil kredit təşkilatlarından sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar daxil olan müraciətlərin ekspertizası üçün kənar mütəxəssisləri (ekspertləri) cəlb edir;

6.2.3. Fondun vəsaiti hesabına güzəştli kreditin alınması ilə bağlı müvəkkil kredit təşkilatlarının müraciətlərinə baxır və ekspertizanın rəyindən asılı olaraq həmin müraciətlərin təmin olunması və ya imtina edilməsi barədə müvafiq qərarlar qəbul edir;

6.2.4. monitorinqlər nəticəsində müəyyən edilmiş qaydalara riayət olunmadığı hallar aşkar edildikdə müvəkkil kredit təşkilatlarına və sahibkarlıq subyektlərinə qarşı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət edir;

6.2.5. Fondun işçilərini (icraçı direktorun müavini və baş mühasib istisna olmaqla) vəzifəyə təyin edir və vəzifədən azad edir, icraçı direktorun müavini və Fondun digər rəhbər işçiləri arasında vəzifə bölgüsü aparır, Fondun işçilərinin vəzifə təlimatlarını təsdiq edir, onlar barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq edir;

6.2.6. Fondun fəaliyyətinin yaxşılaşdırılmasına dair təkliflər verir;

6.2.7. öz səlahiyyətləri çərçivəsində Fondun işçiləri üçün icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir və onların icrasına nəzarəti təşkil edir;

6.2.8. Azərbaycan Respublikasında və xarici ölkələrdə dövlət və bələdiyyə orqanları ilə münasibətlərdə Fondu etibarnaməsiz təmsil edir;

6.2.9. Fondun vəzifələrinin icrası ilə bağlı Fondun səlahiyyətləri çərçivəsində hüquqi və fiziki şəxslərlə danışıqlar aparır;

6.2.10. Fondun fəaliyyəti ilə bağlı rübdə bir dəfədən az olmayaraq Müşahidə Şurasına hesabatlar təqdim edir;

6.2.11. maliyyə ili başa çatdıqdan sonra bir ay müddətində Fondun illik maliyyə hesabatını baxılmaq üçün Müşahidə Şurasına təqdim edir;

6.2.12. Fondun bu Əsasnamədə göstərilən vəzifələrini həyata keçirmək üçün Müşahidə Şurasının səlahiyyətlərinə aid olmayan digər vəzifələri həyata keçirir.

 

VII. Fondda uçot və hesabat

 

7.1. Fond qanunvericiliyə müvafiq olaraq öz fəaliyyəti üzrə mühasibat uçotu və statistik hesabatlar aparır və müəyyən olunmuş qaydada maliyyə və digər hesabatları aidiyyəti üzrə təqdim edir.

 

VIII. Fondun yenidən təşkili və ləğv edilməsi

 

8.1. Fondun yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

8.2. Fond ləğv edildikdə onun qalan əmlakı dövlətin sərəncamına keçir.

 

 

Azərbaycan.- 2009.-  9 oktyabr.- S. 5.