ARDNŞ-də ABŞ nümayəndə heyəti ilə
görüş
ARDNŞ-nin prezidenti Rövnəq
Abdullayev Amerika Birləşmiş Ştatlarının
Energetika məsələləri üzrə katibinin müavini
Daniel Ponemanın başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Qonaqları səmimi salamlayan
ARDNŞ prezidenti Azərbaycanla ABŞ arasında ikitərəfli
münasibətlərin daim yüksələn xətlə
inkişaf etdiyini bildirib. O, ABŞ administrasiyasının Azərbaycanda
həyata keçirilən enerji layihələrinin gerçəkləşməsinə
həmişə dəstək verdiyini minnətdarlıq hissi
ilə qeyd edib və bu dəstəyi yüksək qiymətləndirib.
Vaxt tapıb rəhbərlik etdiyi
nümayəndə heyəti ilə
görüşdüyü üçün ARDNŞ prezidentinə
təşəkkür edən Daniel Poneman ötən ay Azərbaycanda
"Əsrin müqaviləsi"nin 15-ci ildönümü ilə
əlaqədar bayram təntənələrinin keçirildiyini
xatırlayaraq, bu tarixi saziş çərçivəsində
həyata keçirilən layihələrin hər iki ölkə
üçün qarşılıqlı strateji maraq kəsb
etdiyini vurğulayıb.
Son 15 ildə Azərbaycanda həyata
keçirilən enerji layihələrindən ətraflı
söz açan R. Abdullayev ölkənin neft-qaz ixracı
marşrutlarının diversifikasiyasına nail olunduğunu
xüsusi vurğulayıb. O, Azərbaycanda güclü neft-qaz
infrastrukturunun yaradıldığını və hazırda Xəzərdə
hasil olunan enerji daşıyıcılarının Avropa
bazarına çıxarılması üçün
heç bir texniki problemin qalmadığını nəzərə
çatdırıb. Bu günlərdə Azərbaycan və
Qazaxıstan prezidentlərinin iştirakı ilə ARDNŞ və
"KazMunayQaz" arasında imzalanmış sənədlərə
toxunan R.Abdullayev başlanmış prosesin uğurla sona
çatdırılacağına əmin olduğunu bildirib.
Amerikalı qonaq Azərbaycan-Qazaxıstan Xəzər Nəqliyyat
Dəhlizinin yaradılması istiqamətində göstərilən
səylərin öz ölkəsində müsbət qiymətləndirildiyini
deyib.
Avropaya enerji nəqlinin həyata
keçirilməsi məqsədini daşıyan Cənub Enerji
Dəhlizinin genişləndirilməsi layihəsinə
ABŞ-da mühüm əhəmiyyət verildiyini
vurğulayan D.Poneman bu istiqamətdə region ölkələri
arasında aparılan danışıqların gedişi ilə
maraqlanıb. Cənub Enerji Dəhlizi layihəsinin Azərbaycan
tərəfindən dəstəkləndiyini, "Şahdəniz"
layihəsinin bu baxımdan mühüm əhəmiyyət
daşıdığını söyləyən ARDNŞ
prezidenti Türkiyə və Türkmənistanla
danışıqların mövcud durumu haqqında qonaqlara məlumat
verib. Daniel Poneman məlumat üçün ARDNŞ prezidentinə
təşəkkürünü bildirib və qeyd edib ki,
ABŞ bundan sonra da Cənub Enerji Dəhlizinin genişləndirilməsi
layihəsinin reallaşdırılması üçün
lazım olan bütün köməyi göstərməyə
hazırdır.
Görüşdə Azərbaycan
qazının Avropaya tranziti məsələləri müzakirə
olunub, Avropanın enerji təminatına dair ətraflı fikir
mübadiləsi aparılıb.
Azərbaycan.- 2009.- 9 oktyabr.- S. 6.