Sumqayıtın söz sərvəti

 

60 yaşlı gənclik şəhərinin özünəməxsus ədəbi ənənələri var. Sumqayıt yarandığı gündən ədəbi mühiti və tanınmış söz-sənət sahibləri ilə seçilən şəhərdir. Azərbaycan poeziyasının görkəmli nümayəndəsi şair Əli Kərimin bu şəhərlə sıx əlaqəsi və uzun müddət respublika ədəbi gəncliyinə rəhbərlik etmiş Vaqif İbrahimin Sumqayıtda yaşaması həqiqətən burada söz sərvətinin inkişafına böyük təkan verib. İmzaları ilə təkcə Sumqayıtda deyil, respublikada tanınan Əşrəf Veysəlli, Ofelya Babayeva, Ağəddin Mansurzadə, Xasay Cahangirov, Feyzi Mustafayev şəhərin sayılıb-seçilən ziyalılarından olublar. Sumqayıtlı şairlərdən Rafiq Yusifoğlunun, Mir Sabirin, Tofiq Məmmədin şeirləri orta məktəb dərsliklərinə salınıb. Ədəbi gəncliyin istedadlı nümayəndələrindən Məmməd İlqar, Zirəddin Qafarlı, Şaiq Vəli və başqaları məhz burada yaşayıb-yaradırlar. Sumqayıtın təkcə sənayesi deyil, söz sərvəti də çox zəngindir.

Elə buna görə də Sumqayıtda Azərbaycan Yazıçılar Birliyinin bölməsinin yaradılması təsadüfi deyildi. AYB-nin Sumqayıt bölməsi 1996-cı ilin dekabrında təsis edilib. Bölmənin rəhbəri şair Sabir Sarvandır. Ədəbi yaradıcılığa ötən əsrin 70-ci illərindən başlayan Sabir Sarvan respublika mətbuatında müntəzəm dərc olunan müəlliflərdəndir. Onun "Çıx qaranlıqdan" və "Özümü sözə çevirdim" şeirlər kitabı oxucular tərəfindən rəğbətlə qarşılanıb. Sabir Sarvan Prezident təqaüdçüsüdür (2009-cu il üzrə). Sözə və sənətə məsuliyyətlə yanaşan müəllifin "Sözümün içində qocalmışam mən" adlı şeiri ömrünü sözə, yaradıcılığa girov qoyan insanların həyat və məramı haqqında ən gözəl qiymətdir. Həqiqətən də sözü bütün varidatlardan üstün tutan, qədrini bilən insanlar ömrünü ona bağlayanda elə onun içində də yaşlaşırlar. Bəlkə də buna görə Sabir Sarvan belə deyir: "Özümü sözə çevirdim, sözü kağıza köçürdüm". Söz də insanın içinin ətridir. Mənəviyyatın necədirsə, sözün də o çeşmədən su içir.

Söhbət zamanı Sabir Sarvan bildirdi ki, AYB-nin Sumqayıt bölməsinin 70-ə yaxın üzvü var. Bölmənin nəzdində "Turan", "Zərif", "Tumurcuq" adlı ədəbi məclislər və uşaq klubu fəaliyyət göstərir. Bölmə yarandığı vaxtdan fəaliyyətini əsasən iki istiqamətdə qurub: klassik və müasir Azərbaycan, eləcə də dünya ədəbiyyatının və gənclərə vətənpərvərlik hissini aşılayan əsərlərin təbliği. Bu məqsədlə şəhərdə fəaliyyət göstərən təşkilatlarla iş birliyi qurulub və bir sıra tədbirlər həyata keçirilib. Şəhər təhsil şöbəsi ilə birlikdə Aşıq Ələsgərin yubileyi, Mikayıl Müşfiqin, Rəsul Rzanın, Əli Kərimin şeirlərinin sumqayıtlı məktəblilər arasında bədii qiraət müsabiqəsi keçirilib. Bölmənin şəhər ziyalıları ilə birlikdə "Müasir ədəbiyyat və onun tədrisi problemləri" mövzusunda keçirdiyi müzakirə xüsusilə diqqət çəkir. Dərslik müəlliflərindən Tofiq Hacıyevin, Nizami Cəfərovun, Zaman Əsgərlinin iştirak etdiyi bu tədbirdə müəllimlərlə bərabər, şagirdlər də öz arzu, təkliflərini və iradlarını bildiriblər.

Bölmə tərəfindən Sumqayıtda yaşayan şair və yazıçılar haqqında məlumat kitabçası, eləcə də bölmə üzvlərinin əsərlərindən ibarət müxtəlif almanaxlar çap edilmişdir. İşıq üzü görən toplular arasında ikisi xüsusilə diqqət çəkir. Bunlardan biri vətənpərvərlik ruhunda yazılmış şeirlərdən ibarət almanaxdır. "Vətən deyən şeirlər" adlı bu topluda AYB Sumqayıt bölmə üzvlərinin son illərdə qələmə aldığı poetik nümunələr toplanıb. Eləcə də "Qanadlandıq uçmağa" adlanan almanaxda Sumqayıt məktəblilərinin şeirlərindən ibarət bir çələng təqdim edilib. AYB üzvlərinin arasında tərcümə ilə məşğul olan müəlliflər də var. Onların yaradıcılığını əks etdirən almanax isə "Dünya Sumqayıtdan keçir" adlanır. Ümumiyyətlə, son illərdə sumqayıtlı şair və yazıçılar çox fəaldırlar. Onların hər birinin kitabları müntəzəm surətdə işıq üzü görür. Şəhərin sayılıb-seçilən ziyalı xanımlarından olan Ofelya Babayeva ilk əmək fəaliyyətinə bu şəhərdə başlayıb. Müxtəlif saylı orta məktəblərdə direktor vəzifələrində çalışan Ofelya Babayeva dəfələrlə Sumqayıt Şəhər Sovetinin deputatı olub. Sumqayıtın ictimai həyatında fəallığı ilə seçilən Ofelya xanım həm də incə ruhlu şeirlər müəllifidir. Onun şeirləri rus, Ukrayna, türk dillərinə tərcümə edilib. "Sevinc", "Dalğalar", "Səfərə çıxıram" şeirlər kitabı pərəstişkarları tərəfindən rəğbətlə qarşılanıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, nasir, publisist Məmməd Namaz əsasən uşaq şairi kimi tanınıb. Onun "Yaz yağışı", "Kəpənək özünə gül əkir", "Muğanlı kosmonavt", "Payızda güllər kövrək olurmuş", "Analar kövrək olur" və digər kitabları həm kiçik yaşlı oxucular, həm də böyüklər üçün maraqlıdır.

1972-ci ildən Sumqayıtda yaşayan Əvəz Mahmud Lələdağ sayılıb-seçilən qələm sahiblərindən biridir. Onun şeirləri mətbuat və almanaxlarda müntəzəm çap edilir. Müəllifin tarixi mövzuda yazdığı dramları Sumqayıt Dövlət Dram Teatrında tamaşaya qoyulub. Həm publisistika, həm də bədii yaradıcılıqla məşğul olan Əvəz Mahmud Lələdağ respublikanın qabaqcıl maarif xadimidir. O, dəfələrlə Sumqayıt şəhər və qəsəbə sovetlərinə deputat seçilib. Hazırda 25 saylı məktəbin direktoru vəzifəsində çalışan Əvəz Mahmud Lələdağ həm də Sumqayıt Şəhər Ziyalılar Cəmiyyətinin sədridir.

Tofiq Məmməd ədəbi fəaliyyətinə Sumqayıt şəhərində başlayıb. Uzun müddət "Sumqayıt" qəzeti redaksiyasında çalışan Tofiq Məmməd "Vətən torpağı", "İki günəş", "İki qardaş, bir bacı" adlı şeirlər kitablarının müəllifidir. Tofiq həm də jurnalistdir. Publisistik yazılarından ibarət "Ömrümüzün günəşi adlı" kitabı da oxucuların ixtiyarına verilib. Tofiq Məmməd Sumqayıtın "qocaman" şairlərindən sayılır. Elə bir tədbir, ədəbi məclis az tapılar ki, Tofiq Məmməd orada iştirak etməsin.

Dünyasını vaxtsız dəyişmiş şair Akif Səməd də bir müddət Sumqayıtda yaşayıbyaradıb. Bu şəhərin ədəbi mühitinin cilalanmasında onun da xidmətləri olub. Tələbəlik illərindən bədii yaradıcılıqla məşğul olan şairin "Qiblə yelləri", "Uzaqlardan gəlirik", "Adəmdən özümə yol" kitabları işıq üzü görübdür. Bu gün də sumqayıtlı söz adamları və oxucular şairi ehtiramla yad edir, tez-tez ədəbi görüşlərdə onu xatırlayır, şeirlərini səsləndirirlər.

Hazırda Sumqayıtda yaşayıb-yaradan şairlərdən Məmməd Namaz, Xıdır Alovlu, Rafiq Yusifoğlu, Mir Sabir, Aftandil Ağbaba, Rafiq Oday, Xan Rəsuloğlu, Qiyas Həmid, Əli Nəcəfxanlı, Qənirə Mehdixanlı, Qüdrət Muğanlı, Zakir Zahir, Gülbala Mehdi, Məryəm Aslanqızı və başqaları Sumqayıt ədəbi mühitinin parlaq simalarından sayılır. Sabir Sarvan söyləyir ki, "Bizdən sizə qalan sözdü" adlı almanaxda çap olunan şeirlərdə, müəlliflərin təqdim etdiyi əsərlərdə heç bir sözə, nöqtəyə, vergülə belə toxunmadan həmin yazıları səhifələrə yerləşdirdik. Ona görə bəlkə də ilk kitabdır ki, redaktoru yoxdur. Məqsədimiz bu oldu ki, almanaxı hər bir oxucu oxusun və qiymətini versin. Bu "əl dəyməyən" şeirləri oxuduqca heyrətə gəldik. Həqiqətən də bu şəhərdə yaşayıb-yaradan qələm sahibləri sözün qədrini bilir, ona məsuliyyətlə yanaşırlar. İmzasını heç tanımadığımız, yalnız bu almanaxda oxuduğumuz müəlliflərdən bir neçəsinin adını çəkmək istəyərdik ki, şeirləri son dərəcə gözəl və mükəmməldir. Məsələn, Südabə Ağayevanın vətənlə bağlı çəkdiyi bayatılara fikir verək:

 

Fələk, evin varmı sənin,

Gəlim evini mən yıxım.

Fələk, yurdun yoxmu sənin,

Gəlim yurdunu mən yıxım.

 

Yaxud da Nisə Qədirovanın "Ata" şeiri çox lakonik və mənalıdır:

 

Əlləri susuz torpağa bənzəyirdi,

Çiyinləri yorğun çinara.

Gözləri dalğasız bir dənizdi,

Ruzisi halal, ürəyi təmizdi.

Ümidləri sonsuz,

arzuları müqəddəs!

Atam!

Məni öz ardınca ucalığa

səsləyən kəs.

 

Sumqayıt ədəbi mühitində pərvazlanan qələm sahiblərinin bədii yaradıcılığı təsdiqləyir ki, onlar həqiqətən söz atəşinin pərvanələridir. Sözə ciddi mövqedən yanaşmaq, onun qədrini bilmək, məsuliyyətini dərk etmək yaradıcılığa həmişə uğur gətirən amildir. Bu səbəbdən də gənclik şəhərinin ədəbi mühitinin istiqaməti düzgün təyin edilib. Bakıda yaşayıb-yaradan görkəmli şair və yazıçıların sumqayıtlı həmkarları ilə tez-tez görüşüb onlara məsləhət verməsi təqdirəlayiq haldır. Bundan başqa, tanınmış şair Məmməd Aslanın bu şəhərdə yaşaması və onun tez-tez gənc ədəbi qüvvələrlə, xüsusilə də şairlərlə görüşü Sumqayıt ədəbi mühitinin daha da maraqlı olmasına öz təsirini göstərir. AYB-nin Sumqayıt şəhər bölməsinin sədri Sabir Sarvan söyləyir ki, belə ustad qələm sahiblərinin aramızda olması həqiqətən sözün, sənətin qədrini bilməyə bir təkandır. Gənclər hər dəfə Məmməd Aslanla görüşdən sonra növbəti müzakirəyə sanballı əsərlər təqdim edirlər. Vaxtilə Sumqayıtın şəninə şeirlər yazan Nəbi Xəzri deyirdi: "Canlanıb hər qarış yer Sumqayıtda". Sanki bu şux nəğmənin ahənginə uyğun olaraq biz də demək istəyirik: "Xarüqələr yaradır söz Sumqayıtda".

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 9 oktyabr.- S. 7.