Mixay Bayer: "Nabucco qaz kəməri heç vaxt Ermənistanın ərazisindən keçməyəcək"

 

"Mən hesab etmirəm ki, Nabucco layihəsinin səhmdarları qaz kəmərinin keçəcəyi marşrutu dəyişsinlər" - Azərbaycan Respublikası Prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzindəki çıxışında Macarıstanın Nabucco üzrə xüsusi nümayəndəsi M.Bayer belə deyib.

Yeri gəlmişkən bildirək ki, bir az əvvəl Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Andris Piyebalqs da Ermənistanın Nabucco layihəsində iştirak etməyəcəyini açıqlamışdır. Onun sözlərinə görə, ümumiyyətlə, Ermənistanın bu layihədə iştirakı barədə heç söhbət belə getməyib və siyahıya daxil olan ölkələr arasında onun adı yoxdur.

M.Bayer qeyd edib ki, Azərbaycan qazı hazırda istismarda olan Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz boru kəməri) vasitəsilə nəql olunur. Bu kəmər "Şahdəniz" yatağından çıxan mavi yanacağı hazırda Gürcüstana və Türkiyəyə ixrac edir. "Əgər Nabucco layihəsi daha çox qaz tələb edərsə və Cənubi Qafqaz boru kəməri bu qədər qazı ötürmək gücünə malik olmasa, hesab edirəm ki, o zaman kompaniyalar yeni kəmər tikəcəklər" - deyə M.Bayer əlavə edib.

Xatırladaq ki, Nabucco layihəsinin inşasına 2011-ci ildə başlanmalıdır. Bu kəmər Xəzər hövzəsinin və Yaxın Şərqin qazını Avropa Birliyi ölkələrinə daşıyacaq. Kəmərin istifadəyə verilməsi 2014-cü ildə nəzərdə tutulur və bu kəmərin maksimal ötürmə gücü ildə 31 milyard kubmetr olacaq.

 

 

Azərbaycan.- 2009.- 10 oktyabr.- S. 2.