Görkəmli şərqşünas alim Aida
İmanquliyevanın xatirəsi yad edilmişdir
Oktyabrın 9-da XX əsrin
tanınmış şərqşünas alimi Aida
İmanquliyevanın 70 illik yubileyinə həsr edilən
"Şərq və Qərb: ortaq mənəvi dəyərlər,
elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq
İbn Ərəbi simpozium iştirakçıları, Milli Məclisin
deputatları, elmi ictimaiyyətin nümayəndələri və
unudulmaz elm fədaisinin ailə üzvləri İkinci Fəxri
xiyabana gələrək professor Aida xanım
İmanquliyevanın xatirəsini dərin ehtiramla yad etmiş,
məzarı üzərinə əklillər qoymuş,
gül dəstələri düzmüşlər.
Aida İmanquliyevanın
qızı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban Əliyeva alimin məzarı üzərinə
gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etmişdir.
Akademik Vasim Məmmədəliyev
Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri olan
Aida İmanquliyevanın həyatı, elmi irsi və
yaradıcılıq fəaliyyəti barədə məlumat
vermişdir. Bildirmişdir ki, Azərbaycan şərqşünaslığında
yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı
və ilk azərbaycanlı ərəbşünas qadın,
elmlər doktoru Aida xanım İmanquliyeva özündən
sonra çağdaş ərəb ədəbiyyatının
tədqiqində yeni bir səhifə açmış, yeni bir
məktəbin əsasını qoymuşdur.
Aida İmanquliyevanın elmi
araşdırmalarının zirvəsi olan "Yeni ərəb
ədəbiyyatı korifeyləri" monoqrafiyası
keçmiş ittifaq, o cümlədən Azərbaycan şərqşünaslığında
mühüm hadisə olmuşdur.
Aida İmanquliyeva nisbətən
qısa ömür sürməsinə baxmayaraq, özündən
sonra zəngin elmi irs qoyub getmiş, fundamental tədqiqatları
ilə təkcə Azərbaycan və əski sovet şərqşünaslığını
deyil, eyni zamanda, dünya şərqşünaslığını
zənginləşdirmiş, inkişaf etdirmişdir.
Aida xanım gözəl həyat
yoldaşı, mehriban ana, vəfalı dost, olduqca zərif bir
qadın idi. Yüksək vəzifələr, elmi titullar,
ictimai həyatda fəallıq onu bu ümdə insani keyfiyyətlərdən
əsla məhrum edə bilməmişdi.
Sonra A.İmanquliyevanın və
onunla yanaşı uyuyan valideynlərinin ruhuna dualar
oxunmuşdur.
Azərbaycan.- 2009.- 10 oktyabr.- S. 3.