Simpozium iştirakçıları Qobustanda
Aida xanım İmanquliyevanın
70 illik yubileyi münasibətilə Bakıda keçirilən
"Şərq və Qərb: ortaq mənəvi dəyərlər,
elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq
İbn Ərəbi simpoziumunun iştirakçıları
oktyabrın 9-da Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda
olmuşlar.
Simpoziumda iştirak etmək
üçün paytaxtımıza gəlmiş ABŞ,
Böyük Britaniya, Fransa, İspaniya, Rusiya, Misir, Türkiyə,
İran, Suriya, Əlcəzair, Latviya, Qazaxıstan və
başqa ölkələrin aparıcı elm adamlarına
burada ilk olaraq "Qobustan" sənədli filmi təqdim
edilmişdir. Dünyanın nadir möcüzələrindən
olan Azərbaycanın Qobustan qayaüstü rəsmlərindən,
bu qədim abidənin tarixindən və hazırkı vəziyyətindən
bəhs edən film iştirakçılar tərəfindən
maraqla qarşılanmışdır.
Əməkdar artist Natiq
Şirinovun rəhbərliyi ilə "Ritm"
nağaraçılar qrupunun ifası da
iştirakçılarda xoş əhval-ruhiyyə
oyatmışdır.
Burada qonaqlara məlumat
verilmişdir ki, Bakıdan 65 kilometr aralıda yerləşən
bu qoruqda qədim dövrlərə aid qayaaltı
sığınacaqlar, kurqanlar və qayaüstü təsvirlər
aşkar olunmuşdur. Qobustan qayalarında insan, heyvan, kollektiv əmək,
qayıq şəkilləri, döyüş və ov səhnələri
təsvir edilmişdir. Oyma, sürtmə, çapma və
cızma üsulları ilə çəkilmiş təsvirlərin
ən qədimləri eramızdan əvvəl 8-ci minilliyə
aiddir.
Bildirilmişdir ki, Qobustanda 100 mindən artıq arxeoloji materiallar tapılmışdır. Buradakı Qavaldaş daş dövründə yaşamış qədim insanların istifadə etdiyi musiqi alətidir. Qobustan qayalarında qədim Azərbaycanın "Yallı" rəqs səhnələri təsvir olunmuşdur. Bu rəqsin uğurlu ov üçün ovsun mərasimi olduğu bildirilmişdir.
Diqqətə çatdırılmışdır ki, qayalardakı Roma yazısı eramızın 81-96-cı illərinə aiddir və altı sətirdən ibarətdir. Bu, Roma imperatoru Domisianın dövründə 12-ci Roma legionunun burada olduğunu göstərir.
Məlumat verilmişdir ki, Qobustan qoruğu dünya əhəmiyyətli tarixi abidədir və 2007-ci ildə YUNESKO-nun Maddi-Mədəni İrs siyahısına daxil edilmişdir.
Qayaüstü təsvirlərə heyran qalan İslam Konfransı Təşkilatı Parlament Assambleyasının baş katibi, türkiyəli ptofessor Mahmud Erol Kılıc demişdir: "Azərbaycan insan yaranışından bugünədək bəşər tarixinin bütün dövrlərinə aid tarixi-arxeoloji abidələrlə zəngin bir ölkədir. Qobustan sirli-sehrli bir diyar, qədim qayaüstü təsvirlər və ilk insan düşərgələri və s. tarixi abidələrlə zəngin arxeoloji məkandır. Bu gün dünya tarixçiləri belə bir fikir irəli sürürlər ki, bir çox xalqlar hazırda yaşadıqları ərazilərə qədim zamanlarda buradan köç etmişlər. Burada olmaq mənim üçün çox xoşdur. Bu möhtəşəm abidənin, tarixi məkanın bütün dünyaya tanıdılması olduqca vacibdir".
Türkiyəli
qonaq həmçinin bildirmişdir ki, dünyada olduqca məşhur,
islam filosofları arasında əvəzsiz yeri olan İbn Ərəbi
özündən sonra 800-ə yaxın əsər qoyub
getmişdir. Onun yazdığı bu əsərlər bu
gün də dünyada məşhurdur. Onun əsərləri
haqqında dünyanın hər yerində müxtəlif tədbirlər,
konfranslar keçirilmişdir. Belə mötəbər alimlərin
əsərlərini, tapıntılarını böyük zəhmətlər
hesabına öz xalqının övladlarına tanıdan, təqdim
edən dünya alimlərindən biri də Azərbaycanın
ilk qadın şərqşünası Aida
İmanquliyevadır. Onun 70 illik yubileyi ərəfəsində
qardaş ölkədə keçirilən bu simpoziumda dinləyəcəyimiz
hər bir məruzə söz və fikir xəzinəsinə
verilmiş ən dəyərli töhfə kimi qiymətləndirilməlidir.
Ona görə ki, Aida xanım kimi alimlər min bir zəhmət
hesabına Şərqin böyük söz sərraflarının
əsərlərini tədqiq etmiş və onların yoluna
işıq salmışlar. Bütün bunların fonunda demək
olar ki, biz Bakıya olduqca şərəfli bir iş
üçün gəlmişik. Burada Şərq və Qərb
sivilizasiyalarının dialoqu, qarşılıqlı təsiri
və əlaqələri sahəsində Azərbaycan aliminin
apardığı tədqiqatlarla, göstərdiyi xidmətlərlə,
bütövlükdə onun zəngin irsi ilə yaxından
Azərbaycan.- 2009.- 10 oktyabr.- S. 3.