İçərişəhərlə tanışlıq
Görkəmli şərqşünas
Aida xanım İmanquliyevanın 70 illik yubileyi münasibətilə
Bakıda keçirilən "Şərq və Qərb: ortaq
mənəvi dəyərlər, elmi-mədəni əlaqələr"
mövzusunda Beynəlxalq İbn Ərəbi simpoziumunun
iştirakçıları oktyabrın 9-da qədim
İçərişəhərlə tanış
olmuşlar.
Qoşaqala qapısından
başlanan gəzinti zamanı Nazirlər Kabineti yanında
"İşərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl
Cabbarov Azərbaycan Prezidentinin fərmanı ilə
yaradılan idarə haqqında qonaqlara ətraflı məlumat
vermiş, ötən əsrlərin yadigarı olan abidələrin
qorunması və bərpasına göstərilən dövlət
qayğısından danışmışdır.
"Şirvanşahlar sarayı
kompleksi" Dövlət Tarix-Memarlıq Muzey-Qoruğuna gələn
simpozium iştirakçılarına məlumat verilmişdir
ki, XV əsrin əvvəllərində inşa olunmuş
Şirvanşahlar sarayı kompleksi Azərbaycan
memarlığının nadir incilərindəndir. Onun tikililəri
İçərişəhərin təpələrindən
birinin ən hündür nöqtəsində yerləşir.
Sonra qonaqlar İçərişəhərin
baş planı, Bazar meydanı və Qız qalası ilə
tanış olmuşlar. Onlara Qız qalasının tarixi barədə
ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, Qız
qalası yerli əhəng daşından
hörülmüşdür. Qala iki hissədən - təxminən
28 metr hündürlüyündə silindrik hissə və dənizə
tərəf uzanmış uzunsov dayaq divardan ibarətdir. Bu
cür formaya əsasən müdafiə tikililərində,
istehkamlarda rast gəlinir. Qız qalası əzəmətli
bir müdafiə tikintisi olmaqla bərabər, ümumi həcm
quruluşunun, nisbətlərinin və nəhayət,
hörgüsünün düşünülmüş şəkildə
işlənməsi cəhətdən də yüksək səviyyəli
memarlıq və bədii qiymətə malik bir əsərdir.
Xüsusi olaraq diqqətə
çatdırılmışdır ki, qala 1964-cü ildən
muzey kimi fəaliyyət göstərməyə
başlamış və 2000-ci ildə YUNESKO-nun qorunmalı
tarixi abidələr siyahısına salınmışdır.
Qonaqlar Karvansarada çay süfrəsinə
dəvət edilmişlər.
İçərişəhərlə
tanışlıq Beynəlxalq İbn Ərəbi simpoziumunun
iştirakçılarında xoş təəssürat
doğurmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 10 oktyabr.- S. 3.