Rumıniya-Azərbaycan əlaqələri strateji müttəfiqliyə
çevrilir
Azərbaycan Prezidenti
İlham Əliyevin Rumıniyaya rəsmi səfərinin
yekunları ölkələrimiz arasında münasibətlərin
bütün sahələrdə keyfiyyətcə yeni mərhələdə
inkişaf etdiyini, qarşılıqlı inam və etimadın
gücləndiyini bir daha təsdiqləyir. Səfərin ümumi xarakteri deməyə
əsas verir ki, bu gün rəsmi Buxarest Azərbaycanın
Şərqi Avropadakı ən yaxın və etibarlı
müttəfiqlərindən birinə çevrilmişdir. Eyni
zamanda Rumıniya dünya enerji sektorunda mühüm mövqelərə
çıxan respublikamızla əməkdaşlığın
dərinləşdirilməsinə səmimi maraq göstərir,
bu istiqamətdə bütün lazımi addımları
atır.
Azərbaycan və
Rumıniya bir sıra beynəlxalq və regional məsələlərdə
oxşar mövqedən çıxış edirlər. Şərqi
Avropanın aparıcı dövlətlərindən
sayılan Rumıniya Azərbaycanın Transqafqaz nəqliyyat-kommunikasiya
sistemi vasitəsilə Qərbi Avropaya
çıxışının təmin edilməsi baxımından əlverişli geosiyasi məkandır.
Rəsmi Buxarest respublikamızın zəngin karbohidrogen
ehtiyatlarının Qərb bazarlarına ixracı prosesində
fəal iştirakçı olmaq arzusunu gizlətmir və
konkret təkliflərlə çıxış edir. Azərbaycan
tərəfi isə hansısa mərhələdə Xəzər
neftinin Bakı-Konstansa marşrutu ilə nəqli layihəsinin
reallaşması mümkünlüyünü istisna etmir.
Azərbaycanın
Rumıniya ilə əməkdaşlığa xüsusi maraq
göstərməsinin mühüm səbəblərindən
biri də bu postsosialist dövlətinin qısa müddətdə
Avratlantik strukturlara inteqrasiya sahəsində böyük
uğurlar qazanması, habelə hərbi-texniki sahədə
yüksək nəticələr əldə etməsidir. 2000-ci ildən
NATO-nun üzvü olan Rumıniya 2007-ci il yanvarın 1-dən
həm də Avropa İttifaqının tamhüquqlu
üzvü statusuna yiyələnmişdir. Azərbaycanın
NATO-nun "Sülh naminə tərəfdaşlıq"
proqramının üzvü olması, habelə "Fərdi əməkdaşlıq
üzrə əməliyyat planı"na qoşulması ona
Rumıniya ilə hərbi sahədə geniş əməkdaşlıq
imkanları yaradır. Rəsmi Buxarestin Avropa İttifaqına
üzvlük üçün nəzərdə tutulan təşkilati
məsələləri uğurla həll etməsi təcrübəsindən
yararlanmaq baxımından Azərbaycan üçün də
olduqca əhəmiyyətlidir. Rumıniya respublikamızın
perspektivdə təşkilata üzvlüyünün
gerçəkləşməsi üçün lazımi dəstəyi
verəcəyini də dəfələrlə bəyan
etmişdir. Dost ölkənin modern ordu quruculuğu sahəsində
qazandığı müsbət nəticələrin mənimsənilməsi
və praktik olaraq gerçəkləşdirilməsi Azərbaycan
üçün də olduqca mühüm əhəmiyyət
kəsb edir.
Azərbaycan Prezidenti İlham Əliyevin
Mərkəzi və Şərqi Avropa ölkələri ilə,
o cümlədən Rumıniya ilə münasibətlərə
xüsusi önəm verməsi də məhz bu reallıqlarla
şərtlənir. Dövlət
başçısının 2004-ü ilin oktyabrında
Rumıniyaya gerçəkləşən ilk rəsmi səfəri
iki ölkə arasındakı münasibətlərin yeni
müstəvidə inkişafı baxımından
mühüm əhəmiyyət daşımışdır. Səfər
zamanı imzalanmış "Azərbaycan Respublikası ilə
Rumıniya Respublikası arasında Birgə Bəyannamə"
ikitərəfli münasibətlərin perspektiv prioritetlərinin
müəyyənləşdirilməsi baxımından
müstəsna əhəmiyyətə malik olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin dost ölkəyə
səfəri çərçivəsində imzalanmış
sazişlər narkotik-psixotrop maddələrə və
onların qanunsuz dövriyyəsinə qarşı birgə
mübarizəni, habelə təhsil, elm, gömrük, təhlükəsizlik,
ədliyyə, informasiya mübadiləsi sahəsində əməkdaşlıq
və qarşılıqlı yardımı nəzərdə
tutur.
2006-cı il iyunun 4-də Azərbaycan
Prezidenti İlham Əliyev Qara Dəniz dialoq və əməkdaşlıq
forumunda iştirak etmək üçün Buxarestdə rəsmi
səfərdə olmuşdur. Səfər zamanı ikitərəfli
əməkdaşlığın ən müxtəlif aspektlərinə
dair faydalı müzakirələr aparılmışdır. Həmin ilin oktyabrın 11-də isə Rumıniya
Prezidenti Trayan Beseskunun başçılıq etdiyi nümayəndə
heyətinin Bakıya gerçəkləşən rəsmi səfəri
isə ikitərəfli münasibətlərin inkişafı
üçün geniş potensialdan daha səmərəli
istifadə yollarının aranması, bir sıra mühüm
saziş və razılaşmaların əldə olunması
ilə yaddaqalan olmuşdur. Səfər
zamanı keçirilən müxtəlif səviyyəli
görüşlərdə Prezident Trayan Besesku Azərbaycanın
regionda artan roluna və nüfuzuna xüsusi diqqət çəkmiş,
eyni zamanda Rumıniyanın Cənubi Qafqazda gerçəkləşdirilən
layihələrdə fəal iştiraka maraq göstərdiyini
demişdir. O, Xəzər hövzəsinin zəngin
enerji resurslarının Qərbə daşınmasında
ölkəsinin tranzit əhəmiyyətini xüsusi
vurğulamış, bu istiqamətdə Azərbaycanla səmərəli
əməkdaşlığın tərəfdarı
olduğunu söyləmişdir.
İkitərəfli
münasibətlərin strateji müstəvidə
inkişafını təmin edən amillərdən biri də
Rumıniya Prezidentinin Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq
hüquq normalarına əsaslanan ədalətli mövqe
nümayiş etdirməsi, Azərbaycanın ərazi bütövlüyünü,
suverenliyini birmənalı dəstəkləməsidir.
Rumıniya bu məsələdə kifayət qədər səmimi,
aşkar və obyektiv mövqe nümayiş etdirir. Rumıniya
Prezidenti Trayan Beseskunun münaqişə ilə bağlı qətiyyətli
açıqlamaları dost ölkənin bu məsələdə
mövqeyinin dəyişməz və ədalətli
olduğunu bir daha təsdiqləyir. O, həmçinin rəsmi
Buxarestin Azərbaycanın ərazi
bütövlüyünü və suverenliyini birmənalı
tanıdığını vurğulamışdır.
Dövlət
başçısı İlham Əliyevin və Azərbaycanın
birinci xanımı Mehriban xanım Əliyevanın 2007-ci ilin
sentyabrında Buxarestə gerçəkləşən
işgüzar səfəri beynəlxalq miqyaslı təşkilata
çevrilmiş Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin
açılması ilə əlamətdar olmuşdur. Buxarestdə Heydər Əliyevin
xatirəsinin əbədiləşdirilməsi istiqamətində
atılan bu addım ölkələrimiz arasında istər
siyasi, istərsə də mədəni-humanitar sahələrdə
əlaqələrin genişləndiyinə dəlalət edir.
Rumıniya Prezidenti Trayan Besesku
Heydər Əliyev adına xiyabanın rəsmi
açılış mərasimindəki
çıxışında demişdir: "Bu gün Buxarestdə
Heydər Əliyev Fondunun yerli nümayəndəliyi
açılır. Eləcə də burada Heydər Əliyevin
adını daşıyan xiyabanın
açılışını keçiririk. Bu isə
rumın xalqının Azərbaycanın tarixinə, eləcə
də Azərbaycan xalqına artıq 15 il bundan əvvəl
böyük bir azadlıq verən ümummilli liderinə olan
hörmət hissinin təzahürüdür. Heydər Əliyev
Azərbaycanın bir qəhrəmanı, Rumıniyanın isə
dostu idi".
Azərbaycan Prezidenti İlham Əliyevin
bu günlərdə Rumıniyaya gerçəkləşən
növbəti rəsmi səfəri də iki ölkə
arasındakı münasibətlərin strateji müttəfiqlik
yönümündə inkişafından xəbər verir. Dövlət başçılarının ikitərəfli
görüşü zamanı Azərbaycan-Rumıniya əməkdaşlığının
uğurlu inkişafı, qarşılıqlı surətdə
faydalı iqtisadi əlaqələrin genişləndirilməsi
məsələləri müzakirə edilmiş, hər iki
ölkənin beynəlxalq təşkilatlarda, o cümlədən
Avratlantik strukturlarında bir-birinin mövqelərini
qarşılıqlı dəstəkləməsi vacibliyi
önə çəkilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev
xalqlarımız arasında münasibətlərin qədim
tarixi köklərə malik olduğunu, bu əlaqələrin
hazırkı mərhələdə də uğurla
inkişaf etdiyini razılıqla bildirmişdir. Eyni zamanda
dövlət başçısı rəsmi Buxarestin
Avratlantik strukturlara inteqrasiya prosesinə dəstək verdiyini
razılıqla qeyd etmiş, eyni zamanda iki ölkə
arasında enerji sahəsində əməkdaşlığın
perspektivlərinə toxunmuşdur: "Enerji
resurslarının şaxələndirilməsi həm
istehlakçılar, həm də istehsalçılar
üçün vacibdir və bizim maraqlarımız bu işdə
üst-üstə düşür. Əminəm ki, Nabukko və
digər layihələr uğurla icra olunacaqdır. Neft-qaz sahəsində
əməkdaşlıq, eyni zamanda, Azərbaycan ilə Avropa
İttifaqı arasında imzalanmış strateji tərəfdaşlıq
haqqında Memorandumda da öz əksini tapıb və Avropa
İttifaqı ilə Azərbaycan arasında əlaqələrdə
enerji amili çox mühüm yer tutur. Mən fürsətdən
istifadə edərək Avropa İttifaqı ilə Azərbaycan
arasında münasibətlərin inkişafında xüsusi
rol oynadığına görə Rumıniyaya və cənab
Prezident, şəxsən Sizə öz minnətdarlığımı
bildirmək istəyirəm".
Azərbaycan Prezidentinin
Rumıniyaya rəsmi səfəri zamanı imzalanmış
ikitərəfli sazişlər isə ölkələrimiz
arasındakı münasibətlərin yeni mərhələdə
inkişafına ciddi siyasi-hüquqi zəmin sayıla bilər.
"Azərbaycan Respublikasının Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi və Rumıniyanın
Rabitə və İnformasiya Cəmiyyəti Nazirliyi
arasında rabitə və informasiya texnologiyaları sahəsində
əməkdaşlıq haqqında Anlaşma Memorandumu",
"Azərbaycan Respublikası hökuməti və
Rumıniya hökuməti arasında transsərhəd mütəşəkkil
cinayətkarlığa və beynəlxalq
terrorçuluğa qarşı mübarizə sahəsində
əməkdaşlıq haqqında Saziş", "Azərbaycan
Respublikası hökuməti və Rumıniya hökuməti
arasında fövqəladə halların nəticələrinin
aradan qaldırılması, məhdudlaşdırılması
və azaldılması sahəsində əməkdaşlıq
haqqında Saziş", "Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi və Rumıniyanın Ətraf Mühit Nazirliyi
arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa
dair Anlaşma Memorandumu" gələcək əməkdaşlıq
üçün yaxşı təməl yaradır.
Azərbaycan və
Rumıniya prezidentlərinin imzaladıqları "Azərbaycan
Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın
yaradılması razılaşması haqqında Birgə Bəyannamə"
isə ikitərəfli münasibətlərin prinsiplərini
özündə əks etdirən sənəd kimi xüsusi əhəmiyyət
daşıyır. Sənədin müstəsna əhəmiyyətini diqqətə
çəkən Rumıniya Prezidenti Trayan Besesku demişdir:
"Bu gün Prezident Əliyevlə bizim
imzaladığımız strateji tərəfdaşlıq
haqqında bu bəyannamədə əks olunmuş müddəalar
bir növ, göstərici, bələdçi xarakteri
daşıyır. Qeyd etmək istəyirəm ki, həmin sənəddə
əks olunmuş müddəalar çox real müddəalardır
və onlar hər iki ölkənin milli maraqlarına, o
cümlədən Avropa İttifaqının maraqlarına
uyğun gəlir. Hesab edirəm ki, əgər biz həmin
prioritetləri həyata keçirə bilsək, iki ölkə
arasında strateji tərəfdaşlıq böyük
uğura çevriləcəkdir".
Səfərin yekunları deməyə
əsas verir ki, 1991-ci ildə Türkiyədən sonra Azərbaycanın
dövlət müstəqilliyini ikinci tanıyan Rumıniya Azərbaycanı
regionda özünün yaxın müttəfiqi sayır. Eyni zamanda Azərbaycan neft və qaz
hasilatçıçısı kimi Avropa ilə enerji əməkdaşlığında
Rumıniyanın vacib rolunu xüsusi önə çəkir.
Ən əsası, indi hər iki dövlət əməkdaşlıq
üçün mövcud olan geniş potensialdan maksimum səmərəli
şəkildə yararlanmağa çalışır.
S.ELMANOĞLU
Azərbaycan.- 2009.- 10 oktyabr.- S. 3.