Şərqşünaslıq elminin zirvəsində dayanan
nurlu insan
Azərbaycan elminin çoxəsrlik
inkişafı tarixində XX əsrin xüsusi yeri var. Məhz
bu dövrdə ölkəmizdə elmin ən müxtəlif
sahələrinin çağdaş metodologiya əsasında
sistemli inkişafı və çiçəklənməsi
başlanmış, digər elm sahələri ilə
yanaşı, ictimai və humanitar elmlər də sürətlə
inkişaf edərək milli və ümumbəşər elminə
dəyərli töhfələr vermişdir.
Bu sırada Azərbaycan şərqşünaslıq
elmi ayrıca qeyd olunmalıdır. Çünki bu dövrdə
Rusiya və Avropa şərqşünaslığının ən
mütərəqqi ənənələri və milli təcrübə
zəminində respublikamızda sözügedən elmin ən
müxtəlif sahələri intensiv təşəkkül və
təkamül mərhələsi yaşamış, qüdrətli
elmi potensial yaranmış, yüksək ixtisaslı milli şərqşünas
kadrlar yetişmişdir. Hər əsəri elmdə yeni
söz, yeni tapıntı olan parlaq alimlər,
işıqlı şəxsiyyətlər öz fundamental tədqiqatları
ilə Azərbaycan şərqşünaslığının
özünəməxsus simasını müəyyənləşdirərək
keçmiş sovet şərqşünaslığında
xüsusi "Azərbaycan məktəbi"nin
mövcudluğunun etiraf olunmasını təmin etmişlər.
Görkəmli şərqşünas-alim,
Azərbaycanda ərəbşünaslıq üzrə ilk
qadın filologiya elmləri doktoru, professor Aida xanım
İmanquliyeva həmin məktəbin inkişafında
böyük xidmətləri olan, eyni zamanda, keçmiş
ittifaq və dünya miqyasında onu layiqincə təmsil edən
nüfuzlu alimlərimizdən olmuşdur. Dərin nəzəri
bilikləri, analitik təfəkkürü, geniş
erudisiyası, zəngin mütaliəsi, bir neçə Şərq
və Qərb dillərini bilməsi sayəsində
apardığı tədqiqatlar və yazdığı əsərlər
qısa bir vaxt ərzində ona nəinki keçmiş sovetlər
birliyində, hətta bir çox xarici ölkələrdə
də geniş şöhrət qazandırmışdır.
Aida Nəsir qızı
İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində
ziyalı ailəsində anadan olmuşdur. 1957-ci ildə
Bakı şəhərinin 132 saylı orta məktəbini
qızıl medalla bitirən Aida xanım elə həmin il Azərbaycan
Dövlət Universitetinin (indiki BDU-nun) şərqşünaslıq
fakültəsinin ərəb filologiyası bölməsinə
daxil olmuşdur. 1962-ci ildə universiteti bitirəndən sonra
burada Yaxın Şərq xalqları ədəbiyyatı tarixi
kafedrasının aspirantı olmuş, daha sonra keçmiş
SSRİ EA Asiya xalqları İnstitutunun aspiranturasında təhsil
almışdır. 1966-cı ildə namizədlik
dissertasiyasını uğurla müdafiə edən Aida
İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq
İnstitutunda öz məhsuldar elmi fəaliyyətinə başlamışdır.
Aida xanım elmin bütün enişli-yoxuşlu
yollarını pillə-pillə keçərək öz zəhməti,
istedadı, zəkası, qabiliyyəti sayəsində
kiçik elmi işçidən baş elmi işçi,
şöbə müdiri, elmi işlər üzrə direktor
müavini və nəhayət, Azərbaycan Elmlər
Akademiyası Şərqşünaslıq İnstitutunun
direktoru vəzifəsinə kimi yüksəlmişdir.
1989-cu ildə Aida xanım
İmanquliyeva Tbilisi şəhərində müvəffəqiyyətlə
doktorluq dissertasiyası müdafiə etmiş, filologiya elmləri
doktoru elmi dərəcəsini və tezliklə bu ixtisas
üzrə professor rütbəsini almışdır. 3
monoqrafiyanın ("Mixail Nüaymə" və "Qələmlər
birliyi", M., 1975; "Cübran Xəlil Cübran", B.,
1975; "Yeni ərəb ədəbiyyatı korifeyləri",
B., 1991) və 70-dən artıq elmi məqalənin müəllifi
olan Aida İmanquliyeva Şərq filologiyası sahəsində
yazılmış bir çox elmi əsərlərin redaktoru
olmuşdur. O, həmçinin Azərbaycan EA Şərqşünaslıq
İnstitutunda fəaliyyət göstərən "Asiya və
Afrika xarici ölkə ədəbiyyatları" ixtisası
üzrə müdafiə şurasına sədrlik etmişdir.
Professor Aida İmanquliyeva Azərbaycan
şərqşünaslıq elmini dəfələrlə
respublika hüdudlarından uzaqlarda (Moskva, Kiyev, Poltava,
Sankt-Peterburq, Hamburq, Halle və s.) ləyaqətlə təmsil
etmişdir. Bununla yanaşı, Aida İmanquliyeva elmi-təşkilati
fəaliyyətində yüksək ixtisaslı ərəbşünas
kadrların hazırlanmasını daim diqqət mərkəzində
saxlamışdır. Təsadüfi deyil ki, institutun "Ərəb
filologiyası" şöbəsinə
başçılıq etdiyi qısa müddət ərzində
onun bilavasitə səyləri ilə 10-dan artıq namizədlik
dissertasiyası müdafiə edilmişdir.
Aida İmanquliyeva Ümumittifaq
Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin,
Şərq ədəbiyyatlarının tədqiqi üzrə
Ümumittifaq Koordinasiya Şurasının və Azərbaycan
Yazıçılar Birliyinin üzvü olmuşdur. O, uzun illər
pedaqoji fəaliyyətlə də səmərəli məşğul
olmuş, Azərbaycan Dövlət Universitetində ərəb
filologiyası fənnindən mühazirələr
oxumuşdur.
Professor Aida İmanquliyeva Şərq-Qərb
qarşılıqlı ədəbi əlaqə və təsiri
problemini sistemli şəkildə araşdıran ilk azərbaycanlı
alimdir. Şərq və Qərb mədəniyyətlərinin
qarşılıqlı təsir və əlaqələrini
öyrənərkən alim hər iki ədəbiyyatın
ümumbəşəri dəyərlərini əsas
götürür, mədəni tərəqqini şərtləndirən
amillərə istinad edirdi. Onun tədqiqatları nəticəsində
bütün dövrlər üçün
aktuallığını saxlayan mütləq bir həqiqət
müəyyənləşmişdir: Şərqin bir çox
ölkələrinin müasir inkişafı bir həqiqəti
ortaya qoyur - Qərbin mədəni dəyərləri o zaman
yerli zəmində kök sala və onu zənginləşdirə
bilər ki, onlar Şərq ənənəsinə və milli
xarakterə uyğun formalarda əxz edilsinlər. Alimin
çoxsaylı elmi əsərlərində Qərb və
Şərq mədəni ənənələrinin sintezi,
yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların
təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki
ərəb ədəbiyyatının, həmçinin
bütün yeni Şərq ədəbiyyatlarının həmin
aspektdə öyrənilməsi üçün çox
mühüm zəmin yaradır və metodoloji əhəmiyyət
daşıyır.
Bir vaxtlar Qərb və Şərq
mədəniyyətlərinin qarşılıqlı əlaqə
və təsirinin tədqiqi hakim ideologiyanın tələblərinə
uyğun olaraq ciddi təhriflərə məruz qalırdı.
Şükürlər olsun ki, o zamanlar artıq arxadadır,
ön plana isə qarşıdurma yox, sivilizasiyaların
dialoqu, ortaq mədəni və mənəvi dəyərlər
çəkilib. Lakin elə o dövrdə yetişən və
alim kimi formalaşan nadir istedad sahibləri var idi ki, zamanı
qabaqlayaraq problemə ideoloji konyunktur mövqeyindən deyil,
universal modellər, ümumbəşəri dəyərlər
müstəvisində yanaşırdılar. Aida İmanquliyeva
məhz belə alim-tədqiqatçılardan idi.
Bir alim kimi Aida
İmanquliyevanın maraq dairəsi geniş və
çoxşaxəli idi. Bununla belə, onun çoxsaylı
elmi araşdırmalarının əsas tədqiqat obyekti ərəb
məhcər ədəbiyyatı idi. XIX əsrin sonlarında
bir çox ərəb ölkələrinin, ilk növbədə,
Livanın ictimai-siyasi və iqtisadi həyatındakı
problemlər insanları vətəni tərk edib kütləvi
şəkildə ABŞ-a mühacirət etməyə məcbur
etdi. Livan yaradıcı ziyalılarının ABŞ-a,
xüsusilə də Nyu-York şəhərinə mühacirəti
ilə ərəb məhcər ədəbiyyatının təşəkkülü
başlandı, bu da son nəticədə yeni ərəb ədəbiyyatının
formalaşmasında əhəmiyyətli rol oynayan xüsusi və
özünəməxsus "Suriya-Amerika məktəbi"nə
çevrildi. Ərəb ədəbiyyatını fəal
şəkildə əcnəbi ədəbiyyatların təcrübəsinə
qoşmaq yolu ilə onu yeniləşdirmək missiyası rolu
"Suriya-Amerika məktəbi"nin aparıcı nümayəndələrinin
üzərinə düşdü.
Bununla əlaqədar Aida
İmanquliyevanın çoxsaylı və gərgin
araşdırmaları sayəsində aşağıdakı
nəticələr əldə edilmişdir: ərəb məhcər
ədəbiyyatı nümayəndələrinin ədəbi
yaradıcılığının əhəmiyyəti
ondadır ki, onlar Avropa və Amerika ədəbiyyatının
etik və bədii dəyərlərini yenilik ruhunda əxz
etmiş, yeni formada üzə çıxarmış,
onların nailiyyətlərini ən yaxşı milli ənənələrlə
sintezdə təcəssüm etdirmişlər.
"Suriya-Amerika məktəbi"nin ən istedadlı sənətkarları
əcnəbi ədəbiyyatlardan məhz ərəb ölkələrinin
ən mühüm ictimai inkişaf tələblərinə
cavab verən nailiyyətləri mənimsəmişlər. Bu
yazıçıların fəaliyyəti sayəsində XX əsrin
əvvəllərində ərəb ədəbiyyatı
regional birliklər çərçivəsində qapanıb
qalmaq ənənəsini dəf edə və dünya ədəbi
prosesinə fəal şəkildə qoşula bilmişdir.
"Suriya-Amerika məktəbi"
yazıçılarının yaradıcılığı
qeyri-adi bir sintezin nümunəsi oldu - onun əlaqə dairəsinə
eyni vaxtda üç ənənə: "göl məktəbi",
Amerika transsendentalizmi və rus ədəbiyyatının tənqidi
realizmi daxil oldu. Bunları təhlil edən Aida İmanquliyeva
yazır: "Ədəbi faktların təsviri, müqayisəli
təhlili və öyrənilməsi yeni ərəb ədəbiyyatının
formalaşmasına dair təsəvvürləri nəinki
genişləndirdi, həm də Şərqin yeni ədəbiyyatının
tarixi inkişafının mürəkkəb və ziddiyyətli
formalarının tipoloji baxımdan həqiqi mənzərəsini
canlandırdı. "Suriya-Amerika məktəbi"nin
adıçəkilən üç cərəyanla təmasının
nəticəsi burada müəyyən bədii metodların
formalaşması oldu: "göl məktəbi" və
transsendentalizm Cübran və ər-Reyhaninin
yaradıcılığında romantik metodun təşəkkül
tapmasına səbəb oldusa, rus ədəbiyyatı ilə əlaqə
və ünsiyyət realist Nüayməni
formalaşdırdı".
Alim məhcər ədəbiyyatı
yaradıcılarının ədəbi-bədii üslubunun
bütün incəliklərini tədqiqat obyektinə
çevirir: "Mühacir yazıçılar yeni ədəbi
üslubun yaradıcıları idilər. Onlar mümkün qədər
bu üslubu arxaizmlərdən, ağır sintaktik
quruluşlardan, müxtəlif növ süni bəzək
yığınından azad etmişlər. Bununla bərabər,
onlar ərəb klassik ədəbiyyatının ənənə
və dəyərlərinə sayğılı münasibət
nümayiş etdirmişlər".
Aida İmanquliyeva ərəb məhcər
ədəbiyyatının ən müxtəlif bədii
üsluba malik nümayəndələrinin
yaradıcılığını araşdırdı:
Nüaymə yaradıcılığında rus ədəbiyyatının
təsiri ilə formalaşan tənqidi realizmi öyrəndi,
Cübran yaradıcılığında ingilis
poeziyasının təsiri ilə romantik üslubunun
inkişaf prosesini izlədi, Amerika transsendentalistlərinin Əmin
ər-Reyhani və digərlərinin
yaradıcılığında oynadığı rolu müəyyənləşdirdi.
Bu zaman o, yüzlərlə ədəbiyyat oxuyur,
yazıçıların ən məşhur əsərlərini
təhlil edir, onların yaradıcılıq metodunu,
dünyagörüşünü, nəsr və poeziya dillərinin
təkamülünü, lirizmi, müxtəlif qəhrəman
obrazlarının xüsusiyyətlərini tədqiq edir.
Bunlarla yanaşı, dünya ərəbşünaslığında
ilk dəfə olaraq ərəb-Amerika, Qərbi Avropa və rus
ədəbi əlaqələrinin məğzi və əhəmiyyətini
tam aşkara çıxarır, ərəb məhcər ədəbiyyatının
ən görkəmli nümayəndələrinin bədii
üslubunun formalaşmasında Qərb və rus ədəbiyyatlarından
mənimsəmə prosesi və onun nəticələrini
müəyyənləşdirir.
Alimin gəldiyi qənaətə
görə, ədəbi inkişaf prosesi gedişində
maarifçi didaktizm, sentimentalizm cizgiləri qeyd olunan ərəb
yazıçıları tərəfindən aradan qaldırılmış,
romantizmin və tənqidi realizmin poetikası mənimsənilmişdir.
Beləcə, onlar içərisində olduqları tarixi
gerçəkliyi əks etdirmək üçün çox
zəruri olan yeni ideya və yeni formaları özündə
daşıyan Qərb mədəniyyəti və ədəbiyyatının
nailiyyətlərindən yaradıcı surətdə
faydalanmışlar.
Bu yazıçıların hər
biri öz yaradıcılıq metoduna xas olan etik və bədii
dəyərlər ehtiyatını işə salaraq onu
özünəməxsus şəkildə bədii təcrübədən
keçirmişdir. Cübran və ər-Reyhani Qərb
romantizminə müraciət etmişlər. Lakin ərəb
romantik şairlərindən fərqli olaraq, bu
yazıçılar yalnız onun zahiri xüsusiyyətlərini
mexaniki şəkildə qəbul etməmiş, romantizmi
yaradıcı metod kimi, yəni, onlara ərəb gerçəkliyinə
öz münasibətlərini ifadə etmək imkanı verən
yeni nəzər nöqtəsi kimi mənimsəmişlər.
Onlar ilk olaraq maarifçiliyin artıq daralmış çərçivəsini
qırıb romantizm cəbhəsinə keçmişlər.
Cübranın və ər-Reyhaninin
yaradıcılığında romantik istiqamət nəinki mənimsənilmiş,
həm də zənginləşmiş və mürəkkəbləşmişdir.
Bu, bir tərəfdən ərəb ədəbiyyatının
xüsusi ənənələri ilə Qərb romantizmi təcrübəsinin
mürəkkəb sintezi nəticəsində, digər tərəfdən
hər iki sənətkarın fərdi istedadı sayəsində
baş vermişdir. Beləcə, onlar ümumbəşəri
problemlərin qoyuluşu səviyyəsinə yüksəlmiş
və dünya ədəbi prosesinin nəinki bərabərhüquqlu
iştirakçısı olmaq, həm də yeni bədii dəyərlərin
dünya ədəbiyyatına ötürücüsü kimi
çıxış etmək imkanı qazanmışlar.
A.İmanquliyeva
araşdırmalarının sonunda belə bir müddəa irəli
sürür ki, ərəb ədəbiyyatı xarici ədəbiyyatların
nailiyyətlərindən faydalanmasında, ilk növbədə,
məhcər ədəbiyyatı nümayəndələrinə
borcludur. Məhcər yazıçıları Qərb ədəbiyyatının
pozitiv təsiri orbitində olaraq onun ən yaxşı nailiyyətlərini
mənimsəmiş və özlərinə məxsus şəkildə
inkişaf etdirmişlər. Öz əsərlərində
milli ruhu və milli koloriti qoruyub saxlaya bilən bu
yazıçılar yeni ərəb ədəbiyyatının
inkişafında əvəzsiz rol oynamışlar. Məhz
onların yaradıcılığı sayəsində XX əsr
ərəb ədəbiyyatının mövzu dairəsi
genişlənmiş, janr tərkibi daha da rəngarəng
olmuş, bədii ifadənin yeni formaları yaranmış və
ərəb ədəbiyyatı ümumbəşər mədəniyyətinin
ayrılmaz hissəsinə çevrilmişdir.
Bütün bunlarla bahəm,
A.İmanquliyeva tədqiqatlarında mövzu ilə əlaqəli
ümumbəşər elmi-ədəbi və fəlsəfi
fikrində mövcud olan müxtəlif ideya axınlarını,
onların xüsusiyyətlərini, tətbiq sahələrini
öyrənmiş və nəzəri təhlillər
aparmışdır. Bu isə onun
araşdırmalarının dünya standartları səviyyəsində
olmasını, təkcə ərəb ədəbiyyatşünaslığı
üçün deyil, bütövlükdə filoloji
düşüncə üçün ümumnəzəri əhəmiyyətini
təmin etmişdir.
Aida İmanquliyeva ilə 15 il birgə
çalışan insan kimi bir məsələni də
xüsusi vurğulamaq istəyirəm. Ulu Tanrı Aida
xanıma yüksək şəxsi və intellektual keyfiyyətlərlə
yanaşı, qibtədoğuran bir zahiri gözəllik də
bəxş etmişdi. Onun gözəlliyini vəsf etmək
üçün bəlkə də Füzuli qələmi,
Vaqif təbi, Ələsgər sözü gərəkdir.
Çünki bu zahiri gözəllik onun daxili aləmi, zəngin
mənəvi dünyası, incə ruhu və həssas qəlbi
ilə tam bir harmoniya təşkil edirdi...
Bugünlərdə görkəmli
şərqşünas-alim, elm təşkilatçısı,
pedaqoq, filologiya elmləri doktoru, professor Aida xanım
İmanquliyevanın yubileyidir. Yaşasaydı, ailəsi, həmkarları,
tələbələri ilə birlikdə bugünü fərəhlə
qarşılayardı. Çox təəssüf ki, onun
ömür yolu qısa oldu. Amma onsuz ötən illər bir həqiqəti
də ortaya qoydu: Aida xanım bizdən yalnız cismən
ayrılıb - adı dillərdən düşmür, xatirəsi
ürəklərdən silinmir. Onun ruhu aramızda
dolaşır, övladlarında, əsərlərində, tələbələrində,
həmkarlarında yaşayır, yolumuzu
işıqlandırır, bizi sabaha səsləyir. Əsərləri
dönə-dönə oxunulur, təhlil və tədqiq edilir,
tərcümə olunur, yenidən işıq üzü
görür. Nə qədər ki, onun alim qələmi ilə
uğrunda mübarizə apardığı ideya və amallar
aktuallığını itirməyib, eləcə də Şərq
və Qərb münasibətlərində tam anlaşma bərqərar
olmayıb, insanlar dönə-dönə Aida
İmanquliyevanın əsərlərinə müraciət edəcək
və gələcək nəsillər onu daim minnətdarlıqla
xatırlayacaqlar.
Gövhər BAXŞƏLİYEVA,
Milli Məclisin deputatı,
Z.M.Bünyadov adına
Şərqşünaslıq
İnstitutunun
direktoru, filologiya elmləri
doktoru, professor
Azərbaycan.- 2009.- 10 oktyabr.- S. 4.