Bakıda Məşvərətçi Şuranın IX iclası keçirilir

 

Oktyabrın 9-da Bakıda İslam dünyasının mədəniyyət strategiyası üzrə Məşvərətçi Şuranın IX iclası işə başlamışdır.

İclasda Azərbaycan, Əfqanıstan, Bruney, İordaniya, Kot-d'İvuar, Səudiyyə Ərəbistanı, Qətər, Seneqal və Sudanın mədəniyyət nazirliklərinin rəsmiləri iştirak edirlər. İki gün davam edəcək tədbir islam ölkələri mədəniyyət nazirlərinin oktyabrın 13-15-də keçiriləcək konfransına hazırlıq xarakteri daşıyır.

Müqəddəs Qurandan surə oxunduqdan sonra İSESKO-nun mədəniyyət departamentinin direktoru Nəub Riah iclas iştirakçılarını qurumun Baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrinin adından salamlamışdır. İslam dünyası üçün vahid mədəniyyət strategiyasının vacibliyini vurğulayan natiq demişdir ki, bu strategiya Dakar konfransında təsdiq edilmişdir. İSESKO bu strategiyanın fəallaşmasına çalışır və belə hesab edir ki, onu dəstəkləmək, islam dünyasından, tarixi vətənlərindən kənarda yaşayan müsəlmanlar arasında təbliğ etmək lazımdır. Əlbəttə, akademik tədqiqatların əhəmiyyəti də böyükdür.

Azərbayacan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsi beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Vasif Eyvazzadə qonaqları islam mədəniyyətinin paytaxtı Bakıda salamlamaqdan məmnunluğunu ifadə etmiş və ölkəmizin islam dünyasının mədəniyyət strategiyasına sadiqliyini vurğulamışdır. V.Eyvazzadə Bakı şəhəri islam mədəniyyətinin paytaxtı elan edilərkən Azərbaycanın üzərinə qoyulmuş öhdəliklərin yerinə yetirilməsi vəziyyəti barədə hesabat vermiş, cari ilin fevralından bəri Azərbaycan hökumətinin, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilmiş tədbirlərdən danışmışdır. Natiq bu tədbirlər sırasında Beynəlxalq Muğam müsabiqəsini, "Şərq-Qərb" Bakı beynəlxalq kino festivalını, I Bakı Beynəlxalq kitab sərgi-yarmarkasını, hazırda davam edən Beynəlxalq islam kulinariyası festivalını və başqalarını sadalamışdır. Xatırlatmışdır ki, ilin sonunadək Bakıda bir sıra islam ölkələrinin mədəniyyət günləri keçiriləcəkdir.

Mədəniyyət Nazirliyinin təmsilçisi diqqətə çatdırmışdır ki, Azərbaycan strateji coğrafi mövqeyindən istifadə edərək islam mədəniyyəti ilə digər sivilizasiyalar arasında körpü rolunu oynamağa çalışır. Məsələn, 2008-ci il dekabrın 2-3-də Avropa ölkələri mədəniyyət nazirlərinin Bakıda keçirilən konfransına Azərbaycanın təşəbbüsü ilə ondan artıq islam ölkəsinin nümayəndələri dəvət olunmuşdular. Əminik ki, orada qəbul edilmiş Bakı bəyannaməsi mədəniyyətlərarası dialoqa öz töhfəsini verəcəkdir. Müştərək mədəniyyət strategiyası o zaman formalaşır ki, orada vahid mədəniyyət, vahid mənbə olur. Bu gün islam ölkələrinin mədəniyyəti vahid mənbəyə, vahid kitaba əsaslanır. Bu kitab müqəddəs Quran kitabıdır.

İclas konfransda müzakirə olunacaq məsələlər barədə məsləhətləşmələrlə davam etdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 10 oktyabr.- S. 5.