Fransa və bütövlükdə Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır

 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində xüsusi layihə üzrə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə müzakirəli görüşlər davam etdirilir. Oktyabrın 9-da Fransanın Azərbaycandakı səfiri Qabriel Keller layihə çərçivəsində mərkəzin qonağı olmuşdur.

"Müasir regional geosiyasət kontekstində Azərbaycan-Fransa münasibətləri" mövzusunda keçirilmiş toplantıda ölkələrimiz arasındakı tarixi, siyasi, iqtisadi və mədəni əlaqələrdən danışılmışdır. Səfir bildirmişdir ki, Fransa Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır və ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələr yüksələn xətt üzrə inkişaf edir.

Hər iki ölkənin parlamentlərarası əlaqələrinin mövcud səviyyəsindən razılığını bildirən diplomat qeyd etmişdir ki, Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Fransaya çoxsaylı səfərləri və imzalanmış sənədlər iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə vermişdir. Səfir Azərbaycanın həm enerji resurslarının hasilatçısı, həm də tranzit ölkə kimi strateji əhəmiyyətə malik olduğunu vurğulamışdır.

Avropa İttifaqının (Aİ) Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini vurğulayan Q.Keller ölkəmizin Avropa Qonşuluq Siyasəti və "Şərq tərəfdaşlığı" proqramlarında iştirakının buna bariz nümunə olduğunu bildirmişdir. Aİ Azərbaycan kimi sabit və zəngin bir ölkənin öz yaxın qonşuluğunda olmasında maraqlıdır. Diplomat həmçinin Azərbaycanın yüksək səviyyəli tolerant ölkə olmasının xüsusi təqdirəlayiq olduğunu qeyd etmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Fransanın ATƏT-in Minsk qrupunun üzvü olduğunu xatırlatmış və münaqişənin tezliklə sülh yolu ilə həllinin vacibliyini vurğulamışdır. O qeyd etmişdir ki, Fransa və bütövlükdə Aİ Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Tədbirdə Xarici İşlər Nazirliyinin və Azərbaycan Diplomatik Akademiyasının məsul əməkdaşları, Milli Məclisin deputatları, diplomatlar, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər iştirak etmişlər.

 

 

Azərbaycan.- 2009.- 10 oktyabr.- S. 5.