Tamaşaçının və ya oxucunun
hüquqlarını necə qorumalı
Bu gün Azərbaycan
Respublikası özünün iqtisadi-siyasi və ictimai
inkişafının yeni mərhələsini yaşayır. Cəmiyyətin demokratikləşməsi, hüquqi
islahatların aparılması, vətəndaşların
hüquq və azadlıqlarının təminatı,
onların dövlətin idarə olunmasında fəal
iştiraka cəlb olunması sahəsində dövlət
siyasəti uğurla həyata keçirilir. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
bugünlərdə "Azərbaycan" qəzetində dərc
olunmuş "Azərbaycanın efir məkanı: problemlər
və vəzifələr" başlıqlı məqaləsi
məhz demokratik, hüquqi cəmiyyət quruculuğu prosesində
ideologiya, informasiya siyasəti, mənəviyyat, milli-mənəvi
dəyərlərin qorunması kimi amillərin əhəmiyyətindən
və milli jurnalistikamızın bu gün üzləşdiyi
problemlərə həsr olunmuşdur.
Məqalədə
qeyd olunduğu kimi, Azərbaycan Respublikasında beynəlxalq
hüquq normalarına və qanunvericiliyin tələblərinə
cavab verən azad kütləvi informasiya vasitələrinin təşəkkülü,
jurnalistlər üçün əlverişli fəaliyyət
mühitinin yaradılması hüquqi dövlət və vətəndaş
cəmiyyəti
quruculuğunun reallaşdırılmasına xidmət edən
əsas şərtlərindən biridir və daim dövlətin
diqqət mərkəzindədir. Azərbaycan
dövlətinin milli mətbuatın inkişafına qayğısı
sayəsində müasir demokratik cəmiyyətin əsas
göstəricilərindən sayılan söz və məlumat
azadlığının təminatı məqsədilə həm
qanunvericilik, həm də praktik istiqamətlərdə
geniş tədbirlər həyata keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi illər ərzində kütləvi informasiya vasitələrinin
maddi-texniki bazasının
yaxşılaşdırılması, jurnalistlərin
yaradıcılıq potensialının genişləndirilməsi
sahəsində mühüm irəliləyişlər əldə
olunmuşdur. Milli mətbuatımızın
inkişafına qayğı bu gün də davam etməkdədir.
Mübaliğəsiz
deyə bilərik ki, Azərbaycan cəmiyyətinin yeniləşməsinin
bünövrəsini təşkil edən dayaqlardan birincisi məhz
müasir təfəkkürə, dövlətçilik
mövqeyinə, intellektual potensiala malik olmaqla yanaşı,
milli mənəvi-əxlaqi köklərə bağlı olan
vətəndaşın formalaşması, yəni, İnsan amilidir. Məhz yüksək mənəvi keyfiyyətlərə
malik olan, savadlı, təşəbbüskar insanların
yetişməsi sayəsində cəmiyyət irəliyə
doğru addımlayır, onun aparıcı intellektual quvvəsi
- elitası yaranır, ölkədə ümumbəşəri
dəyərlərə, demokratik prinsiplərə nə dərəcədə
əməl olunması, onun qlobal ictimai-siyasi və mədəni
proseslərdə iştirakı əmsalı, dövlətin
inkişaf perspektivləri barədə rəy
formalaşır.
Demokratik inkişaf
yolu seçmiş cəmiyyəti digərlərindən fərqləndirən
cəhətlərdən biri burada insan hüquqlarına və
əsas azadlıqlarına riayət edilməsidir. Əgər
hər hansı bir cəmiyyətdə bu hüquq və
azadlıqlar gözlənilmirsə və ya əksinə,
onlardan sui-istifadə
edilirsə, yaranan vəziyyət tərəqqiyə,
inkişafa ciddi təhdidə çevriləcəkdir. Bütün arzuolunmaz halların
qarşısının alınmasının ən optimal yolu
isə beynəlxalq təcrübədə uğurla
sınaqdan çıxarılan metod - cəmiyyətə və
dövlətə münasibətdə istehlakçı
yanaşma tərzinin, istehsalçı təfəkkürlə
əvəz olunmasıdır. Burada əldə olunacaq "son
məhsulun" maddi və ya intellektual xarakter
daşımasının isə prinsipial fərqi yoxdur.
Tarixi təcrübə
göstərir ki, vətəndaşların ətrafda cərəyan
edən proseslərə, iqtisadi, siyasi və mədəni
problemlərə laqeydlik, biganəlik göstərməsi,
yalnız daxili, fərdi tələblərin təminatına
yönəldilən istehlakçı münasibətinin
yaranması və ictimai təfəkkürdə möhkəmlənməsi son nəticədə
dövlətin təkcə intellektual potensialına deyil, onun
iqtisadi, siyasi, hətta hərbi imkanlarına da mənfi təsir
göstərir. Bu baxımdan akademik Ramiz
Mehdiyevin məqaləsində xüsusilə
vurğulandığı kimi, ölkədə yeni insanın
tərbiyəsi, dövlət quruculuğu prosesində insan
amilinin gücləndirilməsi və cəmiyyətdə
yaradıcı mühitin formalaşmasında kütləvi
informasiya vasitələrinin böyük və danılmaz rolu
vardır. Bu gün müasir Azərbaycan mətbuatını
məhdudiyyətsiz olaraq çuğlamış
özbaşınalığın, mənəviyyatsızlığın,
bəzən isə milli-mədəni dəyərlərlə,
kəskin ziddiyyət təşkil edən və "milli mədəniyyət"
adı altında təbliğ olunan mədəniyyətsizliyin
bir adı var: Azərbaycan dövlətçiliyinin, Azərbaycan
xalqının gələcəyini hədəf seçmiş
İDEOLOJİ TƏXRİBAT. Bunun bilərəkdənmi, yoxsa
səviyyəsizlik üzündən torədildiyini söyləməyi
digər mütəxəssislərin ixtiyarına buraxaq.
Demokratik cəmiyyət
quruculuğu heç də köhnə ənənələrin
tam olaraq inkar olunması demək deyildir. Təbii ki, uzun
müddət siyasi-ideoloji məkanına daxil olduğumuz sovet
cəmiyyətinin də jurnalistika ilə bağlı öyrəniləsi,
tətbiq ediləsi təcrübələri mövcuddur. Sovet
dövrünün jurnalisti şərəfli peşə sahibi
olmaqla bərabər, ictimai rəyi formalaşdıran mütəxəssis,
geniş dünyagörüşünə, mənəvi
keyfiyyətlərə malik ideoloji işçi kimi dəyərləndirilirdi.
Mətbuat işçisinin özu də, yaradıcı təfəkkürünün
bəhrəsi olan məqalələr, verilişlər də
başqalarına örnək idi. Hətta
hansı sözün düzgün
yazılışını, tələffüzünü qəzetlərdən,
radio və televiziyadan öyrənirdik. İstər televiziya və
radio kanallarında, istər qəzet və jurnallarda
çalışan jurnalistlərin peşə fəaliyyətlərinin
məğzini maarifçilik, problemlərə dövlətçilik,
qanunçuluq mövqeyindən yanaşması, yüksək
məsuliyyət hissi təşkil edirdi. Lakin Azərbaycan
xalqı dövlət müstəqilliyini bərpa etdikdən
sonra, bəzi üzdəniraq və naşı siyasətbazlar
guya, demokratik cəmiyyətdə ideologiyanın yersiz, hətta
totalitarizmi mühafizə edən mənfi amil kimi dəyərləndirməklə
onun "demokratiya" anlayışı ilə ziddiyyət təşkil
etdiyini bildirirdilər. Halbuki
dünyanın bütün demokratik dövlətlərində
ölkə vətəndaşlarının hüquq və
azadlıqlarının, eyni zamanda, söz
azadlığının təminatına yönəldilən,
onları dövlətçilik prinsipləri ətrafında
birləşdirən ideologiya mövcuddur. Belə
dövlətlərin iqtisadi, siyasi, mədəni və
intellektual sahələrdə əldə etdikləri yüksəlişlər,
ilk növbədə, milli ideologiyanın mövcudluğunun və
inkişafının təzahürüdür. Nəticədə
Azərbaycan mətbuatı uzun müddət milli ideyalardan,
ideologiyadan uzaqlaşmış, bir çox siyasi, mədəni
və sosial problemlərin yaranmasına, eləcə də ətrafda
cərəyan edən hadisələrə istehlakçı
münasibətin yaranması təhlükəsinə gətirib
çıxarmışdır.
Təəssüflər
olsun ki, bu gün Azərbaycan jurnalistikasının bir
çox problemləri, ilk növbədə, mətbuata
hüquqi və mədəni maarifçilik, vətənpərvərlik
tərbiyəsinin mənbəyi kimi deyil, "informasiya
bazarı" kimi yanaşmanın nəticəsində meydana
gəlmişdir. "Qara bazar"ın alqı-satqı münasibətlərinin
milli ideologiyaya, mətbuata nüfuz etmək, təsir göstərmək
imkanlarının təhdid xarakteri alması məhz bu
bazarın qanunları ilə işləyən
istehlakçı-jurnalisti yüksək mənəvi dəyərlərin
gözlənilməsinə, demokratik prinsiplərin bərqərar olunmasının, insan hüquq və
azadlıqlarının qorunmasına deyil, öz təfəkkürünə,
əxlaq tərzinə uyğyn bildiyi şəxslərin tələbatını
ödəməyə çalışacaq, ucuz sensasiya, qeybət,
bazar söhbətləri, bazar danışığı və
başqalarının mənəviyyatını,
hüquqlarını pozmaqla asan yolla əldə olunan pulun
arxasınca qaçacaqdır. Belə jurnalistlər
üçün "mətbuat azadlığı",
"informasiya bazarı" anlayışları mənəviyyatsızlığı,
çirkin oyunları pərdələmək
üçün örtükdən başqa bir şey deyildir.
Belələri unutmamalıdırlar ki, mətbuat
azadlığı onlara digər insanların hüquq və
azadlıqlarını pozmağa səlahiyyət vermir, əksinə,
Azərbaycan jurnalistikasından daha böyük məsuliyyət,
daha böyük peşəkarlıq tələb edir. Jurnalist
çalışdığı informasiya vasitəsinin təyinatından,
əqidəsindən asılı olmayaraq, ilk növbədə,
vətəndaşdır. Onu da sakini olduğu ölkənin,
nümayəndəsi sayılan xalqın mənafeyi
düşündürməlidir. Azərbaycanın
milli maraqları onu da narahat edən məsələlərdən
biri olmalı və fəaliyyətini bu maraqların təminatına
yönəltməlidir. Əks halda, üzdəniraq qələm
və mikrafon sahiblərinin fəaliyyəti ölkənin milli
maraqlarına qarşı yönəldilmiş təhdidə
çevrilə bilər.
1998-ci ildə ümummilli lider
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan
mətbuatında senzura birdəfəlik olaraq ləğv
edilmişdir. Senzuranın ləğvi Azərbaycan kütləvi
informasiya vasitələrinin formalaşmasına,
inkişafına geniş təkan vermişdir. Lakin o da məlum
olub ki, təsadüfi şəxslər kütləvi
informasiya vasitələrinə müdaxilə edərək
maarifçilik təcrübəsini, mədəni və
intellektual səviyyəsini aşağı salmışlar. Mətbuat
azadlığı, demokratiya bu gün Azərbaycan
jurnalistikasının müəyyən çevrələrinin
irəli sürdüyü "hər şeydən
danış, hər şeydən yaz" prinsipinə deyil,
"zəruri olanı diqqətə çatdır"
metoduna söykənməlidir. Fikir müxtəlifliyi, proseslərə
fərdi yanaşma tərzi demokratiyanın təzahürlərindən
biri olsa da, ondan sui-istifadə edilməməlidir.
Efir məkanımıza
reallıqla diqqət edək. Əgər bu gün əhali
arasında rəy sorğusu aparılsa, məlum olar ki, Azərbaycan
ziyalılarının böyük qismi bəzi televiziya
kanallarına ya heç tamaşa etmir, ya xəbərlər
bülletenlərini seyr etməklə kifayətlənir, bir çox
hallarda övladlarını yerli şou verilişlərinə
baxmağı qadağan edirlər. Peyk və ya kabel vasitəsilə
yayımlanan kanallar milli televiziya şirkətləri
üçün ciddi rəqabət mühiti
yaratmışdır. Bu rəqabətdə uduzan isə, təəssüf
ki, Azərbaycan televiziya məkanıdır. Bunun obyektiv səbəbləri
var. Milli efir məkanında yayımlanan verilişlərin
böyük hissəsi, təbii ki, azlıq təşkil edən
peşəkar verilişlər istisna olunmaqla səviyyəsizliyin,
bayağılığın təbliğindən başqa bir
şey deyil. Həmin verilişlərdə "Azərbaycan
elitası" təqdim olunan zümrə əsasən
qalmaqalları, əxlaqsız, mənəviyyatsız hərəkətləri
ilə ad çıxarmış şoumen və müğənnilərdən
ibarətdir. Təsəvvür edin ki, məhz belə adamlar
televiziya kanalları vasitəsilə gəncliyə mənəviyyatdan,
əxlaqdan və vətənpərvərlikdən dərs
keçirlər, "mənim kimi ol" deyirlər. Peyk vasitəsilə
xarici ölkələrə yayımlanmaq imkanına malik olan
kanallarda onlar "Azərbaycanın tanınmış
simaları" kimi təqdim olunur, orta statistik azərbaycanlının
utanc gətirən obrazını formalaşdırır. Yenə
də təəssüflər olsun ki, Azərbaycanın
intellektual, siyasi, ictimai, mədəni elitasını təşkil
edən insanlar həmin kanallara ya dəvət olunmur, ya da təkliflərdən
imtina edirlər. Adlı-sanlı insanları bu cəmiyyətə
qat-qat çox fayda verən alimləri, incəsənət
xadimlərini, ümumiyyətlə, gənclərə örnək
ola biləcək insanları "maraqsız şəxslər"
kimi dəyərləndirir, milli mədəniyyətimizin,
elmimizin inkişafında rolu olanları unutdurmağa
çalışırlar. Odur ki, əksər
hallarda televiziya kanalına dəvət alan mütəxəssis
ləyaqətini bəri başdan sığortalamaq,
nüfuzunu qorumaq üçün, ilk növbədə,
aparıcının kim olması və daha kimlərin söhbətdə
iştirak edəcəyi ilə maraqlanırlar.
Azərbaycan televiziya
kanallarının ixtisaslaşdırılması zərurəti
bu gün də aktualdır. Bu gün televiziya məkanımızda
nəinki qlobal problemlərə, hətta Azərbaycan
miqyasında olan məsələlərə peşəkarlıqla
toxunan, əhalinin maarifləndirilməsini məqsəd
seçən, ilk növbədə, vətəndaşlara
öz hüquq və azadlıqlarını təlqin edən
verilişlərimiz olduqca azdır. Bu mövzular isə
müxtəlif şou proqramlar, əyləncələr,
lotereya oyunları, şadlıq evlərinin, mebel
mağazalarının, sənəti də şəxsiyyəti
kimi cılız səviyyədə olanların maddi
imkanlarının təbliğatı ilə əvəzlənir.
Səbəb isə yenə də peşəkarlıqdadır.
Yəni, ciddi məsələni yalnız bu problemlə ciddi məşğul
olan, intellektual potensiala malik jurnalist qaldıra bilər.
Sirr deyildir ki, bu gün Azərbaycanın
efir məkanında yayımlanan verilişlərin böyük
hissəsinin mahiyyətini kommersiya məqsədləri təşkil
edir. Aktual mövzulara həsr olunmuş
proqramlarda, söhbətlərdə, debatlarda əksər
hallarda aparıcılar özlərinin, geyimlərinin, sponsorun
təqdimatı ilə məşğul olur, problemi bilmir və
mövzunu tamamilə fərqli istiqamətə, şəxsi
münasibətlərin efir vasitəsilə çözülməsinə
yönəldirlər. İndi Azərbaycanda xeyli televiziya kanalı
fəaliyyət göstərir. Təbii ki, onların sayı
yenə də artırılacaq, imkanları genişləndiriləcəkdir.
Lakin indiki halda bu kanalların auditoriyasında, konsepsiyaları
arasında demək olar ki, heç bir fərq yoxdur. Mövcud
televiziya kanallarının bir neçəsi istisna olunmaqla,
yerdə qalanları eyni simaya, eyni mövzu dairəsinə,
eyni "elitar simalara" malikdir. "Azərbaycan
cəmiyyətinin aparıcı simaları" kimi təqdim
olunan, əslində isə həm peşəkarlığı,
həm mənəvi-əxlaqi keyfiyyətləri ilə nəinki
efirə, heç səhnəyə çıxmağa layiq
olmayan, üzdəniraq "elita" nümayəndələri
bir-birini alçaltmaq, ailə söhbətlərini
ümumxalq müzakirəsi səviyyəsinə
qaldırmaqla əvvəla, tamaşaçıların və
dinləyicilərin, sonra isə tənqid obyekti kimi
seçdikləri insanların hüquqlarını kobud surətdə
pozurlar. Əgər çox yox, cəmi 30 il əvvəl Azərbaycan
gənci alim, hərbçi, mühəndis olmaq istəyirdisə,
indi məhz belə ziyanlı təbliğat sahəsində
asan qazanc mənbəyi olan "sənətçiliyə"
üz tuturlar. Mənəvi deqradasiyanın, mənəvi təhlükənin
də bir mənbəyi buradadır. Xalqın əxlaqını
pozmaq, onun mənəviyyatını
cılızlaşdırmaq ən böyük cinayətlərdən
biridir. Çünki bu cinayətlərin hədəfi Azərbaycan
dövlətinin, Azərbaycan xalqının gələcəyidir.
"Mədəniyyət" adı ilə təbliğ olunan
mədəniyyətsizliyin Azərbaycan Respublikasının
imicinə vura biləcəyi ziyanı sözlə ifadə etmək
çətindir.
Müasir Azərbaycan jurnalistikasının, xüsusilə televiziya jurnalistikasının üzləşdiyi problemlərdən biri də burada çalışan əməkdaşların ümumi səviyyəsinin, dünyagörüşünün, yaradıcılıq imkanlarının günün tələbləri səviyyəsində olmamasıdır. Bu problem Azərbaycan televiziya məkanında yayımlanan bir sıra verilişlərdə özünü daha qabarıq göstərməkdədir. Bəzi jurnalistlər intellektual baxımından bu auditoriyadan qat-qat aşağıda dayanmışdır. İnkişafdan, peşə imkanlarını təkmilləşdirmək kimi keyfiyyətlərdən məhrum olan belə "qələm əhli", təbii ki, ucuz populyarlıq naminə həmin auditoriyanın - dinləyicinin, oxucunun, tamaşaçının səviyyəsini yüksəltmək deyil, məhz onların tələbatını ödəməyə çalışır. Xüsusilə qeyd edilməlidir ki, maarifçilik prosesinə istehlakçı münasibətləri, "qara bazar" səviyyəsində formalaşmış "tələb-təklif" metodologiyası nəticə etibarilə Azərbaycan cəmiyyətində vətəndaş birliyinin, milli birliyin formalaşmasına, intellektual inkişafın təşəkkülünə qarşı yönəldilən təhdiddir. Azərbaycan mətbuatı öz sıralarını məhz belələrindən təmizləməlidir. Belə üzdəniraq əməkdaşların yaratdığı imic nəticəsində özünün tarixi ənənələrinə malik olan Azərbaycan jurnalistikası bu gün asan və dəyərsiz peşələrdən birinə çevrilməkdədir. İş o yerə çatmışdır ki, bir vaxtlar aktual mövzulara həsr olunmuş məqalələri, verilişləri ilə ad qazanmış, cəmiyyət arasında söz və nüfuz sahibinə çevrilmiş peşəkar qələm sahibləri indi özlərini "jurnalist" adlandırmaqdan çəkinirlər.
Qeyd edildiyi kimi, jurnalist adını daşıyan insan daxili mədəniyyəti, savadı, dünyagörüşü, intellekti ilə başqalarına örnək olmalıdır. O, illər uzunu topladığı həyat təcrübəsi sayəsində tamaşaçını ən aşağısı, öz səviyyəsinə qaldırmalıdır, yoxsa indi olduğu kimi, istehlakçının səviyyəsinə enməməlidir. Bugünün televiziya məkanında elə aparıcılar var ki, nəinki normal peşə təhsilindən, hətta elementar davranış tərzindən xəbərsizdirlər.
Təbii ki, yuxarıda sadalanan iradları bütövlükdə Azərbaycan jurnalistikasına şamil etmək olmaz. Müasir Azərbaycan mətbuatı özünün yüksək peşəkarlığı ilə seçilən jurnalistləri, potensialı ilə də zəngindir. Problem isə təbliğat və maarifçilik işində onların deyil, əksər hallarda heç bir peşə hazırlığı olmayan, kütləvi informasiya vasitələrinə təsadüfi gələn şəxslərin milli ideologiya kimi olduqca həssas bir məkanda arzuolunmaz fəaliyyət göstərməsidir.
Hər bir jurnalist ixtisasından, siyasi əqidəsindən, peşəkarlığından, fəaliyyət istiqamətindən asılı olmayaraq, maarifçilik funksiyasını yerinə yetirir. Təbii ki, hər bir kütləvi informasiya vasitəsinin də özünə hədəf seçdiyi auditoriyası var. Mətbuat işçisində yazdığı məqaləyə, hazırladığı verilişə görə fərdi məsuliyyət hissi formalaşmalıdır. Jurnalist müstəsna hüquqlara malik şəxs deyildir. O, sakini olduğu dövlətin qanunları ilə yaşayan və fəaliyyət göstərməli olan vətəndaşdır. Hər bir əməlinə görə digərləri kimi, qanun qarşısında cavabdehdir. Onlara elə bir səlahiyyət, ixtiyar verilməyib ki, "mətbuat azadlığı" anlayışı altında gizlənərək digər insanların hüquqlarını pozsunlar, onların şəxsi həyatına nüfuz etsinlər. Bu baxımdan akademik Ramiz Mehdiyevin məqaləsində də geniş təhlilini tapan problem, eyni zamanda, insan hüquqlarının təminatı ilə bağlı məsələdir. Yaranmış vəziyyət bir daha onu göstərməlidir ki, Azərbaycan mətbuatının özü sıralarını belə təsadüfi insanlardan təmizləməlidir.
Bir məsələni də qeyd etmək istərdim. Bu gün Azərbaycan Respublikasında kütləvi informasiya vasitələri ilə əlaqəli olan müxtəlif qurumlar fəaliyyət göstərir. Bu qurumların funksiyaları, əsasən tövsiyə xarakterli tədbirlərdən ibarətdir. Halbuki dünyanın bir çox dövlətlərdə kütləvi informasiya vasitələrinin dövlət qanunlarına uyğun fəaliyyətinə məhdudlaşdırıcı deyil, nəzarətedici funksiya daşıyan xüsusi təsisatlar mövcuddur. Bu təsisatlar dövlətin mənafeyinə, milli maraqlara, etikaya, mənəviyyata zidd verilişlər yayımlayan radio-televiziya kanallarını cəzalandırmaq, hətta həmin verilişləri qapatmaq səlahiyyətinə malikdirlər. Və onların təcrübəsinin Azərbaycanda da həyata keçirilməsi vaxtı çatmışdır. Kütləvi informasiya vasitələrinə ictimai nəzarət məsələsi yenidən gündəliyə gəlməli və ölkənin tanınmış ziyalılarından, hüquqşünaslarından ibarət nəzarətedici komissiya yaradılmalı və ona qanun çərçivəsində səlahiyyətlər verilməlidir.
Diqqət edin, bu gün Azərbaycanda jurnalistlərin hüquqlarının müdafiəsi məqsədilə xeyli qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Elə isə yaranan təbii bir suala cavab axtaraq: belə hüquqi təminat şəraitində tamaşaçının, oxucunun, dinləyicinin hüquqlarını qoruyan hansısa səlahiyyətli qurum, etik komitə varmı? Təəssüf ki, yox...
Aytən MUSTAFAYEVA,
hüquq elmləri namizədi
Azərbaycan.- 2009.- 10 oktyabr.- S. 6.