Vəziyyəti düzəltmək mümkündür
Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin
ölkəmizdəki elektron KİV-lərin durumuna həsr
olunmuş məqaləsini böyük maraqla oxudum. Məqalə
aktuallığı və bu sahədəki reallıqların
obyektiv işıqlandırılması ilə seçilir.
İctimai narahatlıq doğuran məsələlərə
toxunan akademik Ramiz Mehdiyev haqlı olaraq qeyd edir: "Televiziya
kanallarında aparıcı problemi kəskindir. Bir çox
hallarda aparıcıların peşəkarlıq səviyyəsi,
nitqi standartlara uyğun gəlmir. Bəzi proqramların, əsasən
də əyləncə xarakterli verilişlərin
aparıcıları jurnalistikadan uzaq, efir mədəniyyəti
və peşəkarlığı aşağı olan şəxslərdir.
Bir sıra "aparıcıların" telejurnalistika sahəsindəki
təcrübəsizliyi, qeyri-peşəkarlığı
haqlı olaraq cəmiyyətdə narazılıq doğuran məsələdir".
Qaldırılan məsələlər
uzun illər həyatı telejurnalistika ilə bağlı
olmuş bir şəxs kimi məni də ciddi narahat edir.
Ürəkağrısı ilə bu məqalənin hər sətrini,
hər sözünü oxuyaraq bir daha anladım ki,
aparıcının, xüsusilə də müəllif proqramının
aparıcısının materialı təqdimetmə tərzindən
nəinki toxunulan məsələyə münasibət,
bütövlükdə proqrama və hətta layihəyə
münasibət fərqli ola bilər. Vaxtilə televiziya
kanalının aparıcısı onun aynası, vizit
kartı, belə demək mümkünsə, simvolu
sayılırdı. Bütün dünyanın yayım təcrübəsində
durum indi də dəyişməz olaraq qalır. Bəs bizdə?
Hansı aynadan söz açmaq olar? Bu aynada əks olunanlar,
inanmıram ki, könülaçan olsun.Televiziya
özü-özlüyündə cəmiyyətin
aynasıdır. Mən tez-tez özümə sual verirəm:
bizim televiziya cəmiyyətimizi düzgün əks etdirə
bilirmi? Təəssüf ki, bir çox hallarda özümə
ünvanladığım bu suallara müsbət cavab
tapmıram. Halbuki Prezident İlham Əliyevin
apardığı siyasətlə ölkəmizin, cəmiyyətimizin
bütün sahələrində əvəzsiz işlərə
imza atılır. Mədəniyyətimizi,
idmanımızı yüksəldən proseslər baş
verir, məmləkətimizin fərəhli tarix səhifələri
yazılır. Cəmiyyət canlı bir orqanizmdir. O
yaşayır, inkişaf edir. İndi
işıqlandırılmalı saysız mövzular olduğu
halda, televiziya kanallarında ən böyük yer maqazin və
qalmaqal proqramlarına verilir. Hörmətli akademik Ramiz Mehdiyev
də məqaləsində bir sual səsləndirir: "Xaricdə
Azərbaycan kanallarına baxan soydaşlarımızda, xaricilərdə
ölkəmiz haqqında hansı təsəvvür
yaranır? Biz onlara ölkəmizdə gedən ictimai-siyasi,
sosial-iqtisadi, mədəni proseslər haqqında hansı məlumatı
veririk?"
Şəxsən mən
"televiziya tamaşaçıların tələbi nədirsə,
onu əks etdirir" fikri ilə qətiyyən razı deyiləm!
Demək olar, hər evdə, hər mənzildə
quraşdırılan və Rusiya, Türkiyə, Avropaya istiqamətləndirilən
peyk antenaları da insanların digər ölkələrin
teleefirində daha keyfiyyətli və maraqlı proqramların
axtarışında olduğundan xəbər verir. Milli
televiziyanın bir nümayəndəsi kimi, bu hal məni,
sözün əsl mənasında, dəhşətə gətirir.
Biz haqlı olaraq tez-tez Azərbaycanın
regionda liderliyindən bəhs edirik. Şübhəsiz, bu,
danılmaz və qürurverici faktdır. İqtisadi inkişaf
səviyyəsi baxımından Azərbaycan qonşu ölkələrdən
çox-çox yüksəkdə durur. Buna baxmayaraq,
onların kanallarının reytinqləri ilə bizimkilər
heç müqayisə belə oluna bilməz. Təbii ki, bizim
yerli kanallarımızda da alqışalayiq verilişlər
var. Lakin bayağı proqramların bolluğu fonunda onlar
kölgədə qalırlar.
Cənab Mehdiyev yerli kanalların
müasir texnologiyalar və fəaliyyət prinsiplərinin tətbiqində
passivlik nümayiş etdirdiklərinə də toxunur. Bununla
da razılaşmamaq mümkün deyil. Hətta mövzu
axtarışı, onun ifadə tərzi və ümumilikdə
teleprosesin təşkilində də bu passivlik nəzərə
çarpır. Bu gün bütün dünyada teleproqramların
hazırlanması televiziya kanallarından daha çox
prodüser mərkəzlərinin və ayrı-ayrı
studiyaların üzərinə düşən bir işdir. Hətta
kanallara böyük reytinq qazandıran sənədli film və
müəllif layihələri də bir çox hallarda
onların nəzdində yox, digər studiyalarda
hazırlanır. Kanal isə yayım məkanı rolunu
oynayır. Bəlkə elə buna görədir ki, bizim
kanallardakı analoji proqramlar xaricdəkilərdən bu qədər
fərqli, bu qədər zəif və maraqsızdır. Azərbaycanda
əksər hallarda müəllif proqramları telekanalın
öz bazası əsasında hazırlanır. Hər
hansı bir proqram hazırlandığı redaksiyada yeganə
olmadığı və onunla yanaşı, bir neçə
eyni profilli verilişlər hazırlandığından onsuz
da güclü olmayan enerji sanki səpələnir. Nəticədə
hazırlanan proqramların heç biri tam mənada dolğun
alınmır. Halbuki hər hansı bir prodüser mərkəzi
konkret profilli bir proqram hazırladıqda bütün qüvvə
və resurslarını məhz bu işə yönəldir.
Bu isə öz növbəsində teleməhsulun keyfiyyətində
əks olunur.
Bu gün teleməkanda layiqli yer
tutmaq çox çətindir. İllər keçdikcə
televiziya torundakı hər hansı verilişə, xüsusən
də bəyənmədiyin, anlamadığın, qəbul etmək
istəmədiyin bir verilişə uyğunlaşmaq çətin
olur. Layiqli, keyfiyyətli layihələr
qıtlığında, sadəcə, efirdə görünmək
xatirinə ağına-bozuna baxmadan verilişlərdə
iştirak etməyi isə qəbahət sayıram.
Artıq televiziyadakı istehsal
prosesinə münasibəti dəyişməyin
vaxtıdır. Bu prosesə daha çox müstəqil
studiyalar cəlb olunmalı, onlardan yararlanılmalıdır. Əlbəttə,
təklif olunan materialların, təqdimat tərzinin
yayımlanacağı kanala uyğunluğu da nəzərdən
keçirilməlidir. Bu üsul kanallara diqqətlərini
istehsal prosesindən çox, maddi və istehsal
bazalarının möhkəmləndirilməsi üzərində
cəmləşdirməyə yardım edərək yayım
keyfiyyətini tamamilə yeni bir səviyyəyə qaldıra
bilər.
Şəxsən mən sevinirəm.
Sevinirəm ki, çıxış yolları
axtaran, milli televiziyalarımızın inkişafı
üçün çalışan insanlar var. Şadam ki,
Prezident Administrasiyasının rəhbəri də bizim
gündəlik həyatımızı təşkil edən məsələlərə
diqqət yetirir, onların aktuallığını
vurğulayır. Mən inanıram ki, yerli
televiziyalarımızdakı vəziyyət müsbətə
doğru dəyişəcəkdir. İnanıram ki, çox
yaxınlarda elə bir gün gələcək ki, bizim
seyirçimiz televizoru açıb yerli kanalda bir verilişə
baxmağa başladıqda onu xarici kanala dəyişmək istəməyəcək.
Bu, bizim işimizin ən vacib ölçü meyarı
olmalıdır.
Nərgiz CƏLİLOVA,
teleaparıcı
Azərbaycan.- 2009.- 10 oktyabr.- S. 6.