Ələsgər müəllimin işığı

 

Azərbaycan ərəbşünaslıq elminin patriarxı və fəal iştirakçısı olmuş Ələsgər Məmmədov bənzərsiz şəxsiyyəti, maraqlı dərsləri və çoxsaylı dərslikləri ilə yaddaşımın ən məhrəm guşələrinin birində qərar tutub. İndi həmin o guşədən boylanan Ələsgər müəllimin işıqlı siması xatirələrimə bir istilik gətirir. O, həm xarizmatik elm və təhsil fədaisi, həm də pərvanəsi kimi şərqşünaslarımız arasında böyük nüfuz sahibi idi. Bununla belə, hədsiz təvazökarlığı, xidmətlərinin ictimaiyyət tərəfindən etirafı məsələsində iddiasızlığı da vardı ki, elə bilirəm, şəxsiyyətinə bəslənən sevgini şərtləndirən çoxsaylı səbəblərdən biri də onun bu sadəliyi idi.

 

Onun haqqında vaxtilə ərəb mətbuatı da yazırdı. Xatirimdədir, ötən əsrin 70-ci llərinin ortalarında Bağdadda çıxan "Əs-səqafə əl-cədidə" ("Yeni mədəniyyət") jurnalında "Görkəmli sovet ərəbşünası doktor Ələsgər" başlıqlı geniş bir məqalə getmişdi. Məqalədə professorun elmi yaradıcılığı və pedaqoji fəaliyyəti əhatəli şəkildə işıqlandırılır, ölkəmizin ərəbşünaslıq elmində göstərdiyi xidmətlərdən danışılırdı. O zaman müəllimimə böyük sevgi ilə həmin yazının xülasəsini yazıb "Ədəbiyyat və incəsənət" qəzetində həvəslə dərc etdirmişdim.

Ələsgər müəllim haqqında yazanlar onun taleyindən keçmiş bir məsələni xüsusilə vurğulayırlar. Bu, onun məşhur Nürnberq prosesində aparıcı mütərcimlər siyahısında tarixə düşməsilə bağlıdır. Müharibə filmlərindən yaxşı tanınan Reyxstaq rəhbərlərinə qurulan məhkəmədə bir azərbaycanlının iştirakı jurnalistlər, kütləvi oxucu auditoriyası üçün maraqlı olduğundan Ələsgər müəllimi həmin məhkəmədə iştirakına dair ara-sıra suala tuturdular. Professor gəncliyində yer alan bu epizodun qabardılmasından o qədər də xoşlanmazdı. Zarafata salıb gülə-gülə deyərdi: "Əşi, bir işdi olub da, gedib haradasa tərcüməçilik etmişəm, indi buna görə bütün elədiklərim, zəhmətlərim qala bir kənara, elə gərək faşistlərə qurulan məhkəmədə iştirakımdan danışalar?" Təbiəti etibarilə şöhrətpərəst olmayan Ələsgər Məmmədov tarix kitablarında onun adı keçən həmin işi son dərəcə epizodik, özü üçün elə bir əhəmiyyət kəsb etməyən tale anlarından saymağında haqlı idi. Ancaq bunu da əlavə etmək yerinə düşər ki, alman dilinin mükəmməl bilicisinin 1947-ci ildən ömrünün sonuna kimi ərəb dilinə aid otuzdan artıq orijinal, bənzərsiz dərslik və dərs vəsaiti yazması alim istedadına gözəl bir ştrix də sayıla bilər.

Ələsgər müəllim həyatının son illərində də, fiziki imkanlarının olduqca məhdud olduğu bir vaxtda da böyük zəhmətə qatlaşaraq çoxillik müəllimlik və müəlliflik təcrübəsinin məhsulu kimi bir neçə kitabını ərsəyə gətirmişdi. Azərbaycanda xarici dillərin tədrisi üçün istifadə olunan ədəbiyyat içində Ə.Məmmədovun müəllifi olduğu dərsliklər öz sanbalı ilə həmişə diqqəti çəkib. Bu mənada dünyasını dəyişdiyi gündən zaman ötsə də, illərin üstünə illər gəlsə də Ələsgər müəllimin adı yaddaşlara bir az da dərindən iz salır. Belə ki, Azərbaycan və rus dillərinə aid vaxtilə yazdığı dərslikləri hazırda ölkəmizdən kənarda da çap edib faydalanırlar. Bunun başlıca səbəbi mürəkkəb qrammatik quruluşlu bir dilin tədrisinə Ələsgər müəllimin gətirdiyi yeniliklərlə bağlıdır. Müsəlman Şərqində Quran dili kimi sayğı göstərilən ərəb dili bir qayda olaraq ənənəvi-primitiv təqlidçilik prinsipinin üstünlük təşkil etdiyi üsullarla, dini mətnlərlə öyrənilirdi. Ələsgər müəllim bu dilin tədrisini Avropa üslubuna uyğunlaşdıraraq əsasən intellektə müraciət üsulu üzərində qurmağa nail olub.

Azərbaycanın sovet dövründə xarici aləmlə çox zəif olan təmaslarını sürdürən qurumlardan biri dövlət radiosunda xarici ölkələrə verilişlər üzrə bir neçə şöbə idi. Ərəbdilli verilişlər redaksiyasını Ələsgər müəllim yaratmışdı və onun ilk redaktoru da özü olmuşdu. Tamamilə onun yetirmələrindən ibarət olan həmin redaksiyada mən bir müddət diktor işləmişdim. 1982-ci ilin may ayı idi. Liviyada mütərcim kimi işləmək üçün uzunmüddətli ezamiyyətə gedəcəkdim. Valideynlərim evimizdə bu münasibətlə kiçicik bir ziyafət düzənləmişdilər. Yeri gəlmişkən, Ələsgər müəllim atam Qasım Qasımzadə ilə ilk gənclik illərindən yaxın münasibətdə idilər. Qonaqlardan biri atamın dostu, həm də qonşumuz akademik Kamal Talıbzadə idi. Ələsgər müəllimə üz tutub mənim ərəbcəni necə bilməyimi ondan soruşanda professor dedi ki, neçə ildir Rusiyada (Sovet İttifaqını nəzərdə tuturdu) yaşayırsan? Kamal müəllim öz yaşını dedi. Ələsgər müəllim: "Deməli, 60 ildir Rusiyada yaşayırsan, de görüm, televiziyada, ya radioda rus dili üzrə diktor işləyə bilərsən?" soruşdu. Kamal müəllim "xeyr, əlbəttə, bacarmaram" - deyə cavab verdi. Ələsgər müəllim mənə işarə edərək dedi: "Bax bu oğlan radionun ərəb dili verilişinin diktorudur". Hamının üzünə bir təbəssüm qondu...

Azərbaycan şərqşünaslarının uğurlarında Ələsgər Məmmədovun da xidmətləri var. Ötən əsrin 90-cı illərinin əvvəllərində müqəddəs kitabımız Qurani-Kərimin ana dilimizdə açıqlaması əsərim böyük tirajla çapdan çıxmışdı. Bir nüsxəsini aparıb ona verəndə öz əməyinin məhsuluna sevinirmiş kimi fərəhlə duyğulanmışdı. Müqəddəs kitabımızın orijinalında elə sözlər var ki, bunların məna qatlarına varanda ayələrdəki hikmətlərin təfsirlərində müəyyən yeniliklərə imkanlar açılır. İndi mənə xatırlamaq xoşdur ki, gəldiyim bəzi leksik qənaətlərimi möhkəmləndirmək üçün bir dəfə Ələsgər müəllimə müraciət etdim, onun ustad dəstəyi məni ilahiyyat mövzusunda maraqlı bir araşdırmaya da sövq etdi.

Ara-sıra, bayramdan bayrama ona baş çəkirdim. Şirin söhbətlərindən, zarafatlarından, duzlu yumorundan doymaq olmurdu. Ələsgər müəllimli məhrəm xatirələrimi indi yaxınlarımla, dostlarımla paylaşanda üzlərini sanki nurlanan görürəm. Bu, Ələsgər müəllimin öz işığıdır.

 

 

Nəriman QASIMOĞLU,

tarix elmləri namizədi

 

Azərbaycan.- 2009.- 10 oktyabr.- S. 7.