Eldən gedən... dildə qalır

 

Belə bir deyim var: "Adam var evdən gedir, adam da var eldən". Eldən gedən itki daha ağır olur. Bu ölümə hamı acıyır, kədərlənir, üz vermiş itkini özününkü bilir. Gəlin etiraf edək ki, belə ölümün özü də hamıya qismət olmur. Belə ölüm şərəfli və mənalı ömrün son akkordu olsa da, bu cür insanlara qalib gələ bilmir. Əksinə, aylar, illər ötüb keçsə də, onlar xeyirdə-şərdə dönə-dönə minnətdarlıqla yad edilir, ruhlarına dualar oxunur.

 

Yəhya Əliyev də belələrindəndir. Salyanda onu hamı Yəhya müəllim kimi tanıyırdı. Haqq-ədalət, düzlük, sadəlik, əxlaqi saflıq nümunəsi idi onun ömür yolu. Bu keyfiyyətləri ona hələ gənc yaşlarında nüfuz qazandırmışdı. Müxtəlif illərdə məsul vəzifələrdə işləmişdi. Əmək fəaliyyətinə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilini başa vurduqdan sonra müəllim kimi bitirdiyi Salyan şəhər N.Gəncəvi adına 2 saylı orta məktəbdə başlamışdı. Qısa müddətdən sonra məktəb komsomol təşkilatının katibi seçilmişdi. Həmin illər təşkilatçılığı, müxtəlif tədbirlərdə etdiyi məntiqli çıxışları rayon rəhbərliyinin diqqətindən yayınmadı. 1965-ci ildə rayon komsomol komitəsinin birinci katibi vəzifəsinə irəli çəkildi. 3 il burada işlədikdən sonra maarif şöbəsinin müdiri təyin olundu. Sonrakı illərdə Salyan Rayon Partiya Komitəsinin təşkilat şöbəsinin müdiri, Xalq Nəzarəti Komitəsinin sədri vazifələrində çalışdı. 1978-ci ildə isə Azərbaycan KP Salyan RK-nın ikinci katibi seçildi və 1991-ci ilə kimi həmin vəzifədə işlədi. Növbəti illərdə Salyan Rayon Sovetinin sədri, Kənd Təsərrüfatı Texnikumunun direktoru, Ərazi Əmək Müfəttişliyinin rəisi olan Y.Əliyev dəfələrlə yüksək mükafatlarla təltif edilib. Bunlar Yəhya müəllimin qısa əmək bioqrafiyasıdır. Bəs, nə idi onu başqalarından fərqləndirən, rayon əhalisinə, bütün salyanlılara sevdirən?

Təbii ki, ilk növbədə çalışdığı bütün vəzifələrdə ədalətli olması, haqqı nahaqqın ayağına verməməsi, mənəvi saflığı, fəal vətəndaş mövqeyi və digər insani keyfiyyətləri. İnsan amili olan yerdə Yəhya müəllim üçün vaxt ölçüsü yox idi. Qəbuluna gələn hər bir vətəndaşı səbirlə, təmkinlə dinləyib onlara kömək göstərərdi. Belə məsələlərdə qanunsuzluğa yol verən idarə, müəssisə rəhbərləri onun ciddi tənqidindən yaxa qurtara bilməzdilər. Y.Əliyevin xarakter cizgilərindən biri də prinsipiallıq idi. Raykomun bürolarında müzakirə olunan məsələlərə öz mövqeyini açıq şəkildə bildirərdi. İşinin başdan aşmasına baxmayaraq, müntəzəm surətdə qəzet və jurnalları oxuyar, bədii ədəbiyyat nümunələrini həvəslə mütaliə edər, diqqətini çəkən maraqlı fikirləri, şeir misralarını bunun üçün ayırdığı xüsusi dəftərçəsinə qeyd edərdi. Bəlkə elə buna görə idi ki, Yəhya müəllim yaxşı həmsöhbət idi. Yeri gəldikcə dünyada, ölkədə, gündəlik həyatımızda baş verən hadisələrə həmişə düzgün qiymət verərdi. Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların, həmsədrlərin tutduğu ikili mövqeni heç cür qəbul etmir, belə siyasət sahiblərini "sac fətiri" adlandırardı. Qarabağ haqqında yaşının ahıl çağında da emosiyasız danışa bilmirdi.

O, özünə, övladlarına qarşı da çox tələbkar idi. Tənbəlliyə, biganəliyə qarşı barışmaz mövqe tutardı. Y. Əliyev nəinki Salyanda, bütün Muğanda böyük nüfuz sahibi idi. Lakin bu hörmətdən heç vaxt sui-istifadə etməmiş, ehtiyacı olan anlarda belə heç kəsin qapısını döyüb nəyinsə xahişini etməmişdi. Zabitəsinə, mənəvi saflığına, keçdiyi mənalı həyat yoluna görə müxtəlif mərasimlərdə içəri girdiyi zaman yaş etibarilə ondan böyük olanlar da ayağa durub yerlərini Yəhya müəllimə təklif edərdilər. Lovğalıqdan, hər cür böhtandan, şərdən çox-çox uzaqda dayanardı. Sadəliyi və təvazökarlığı ilə ziyalı adını daha da yüksəltmişdi. Bütün bunlara görə ölümü cəmi Salyan camaatını, onu tanıyanları bərk sarsıtdı.

Hacı İmamverdi Əbilov, filologiya elmləri doktoru:

- Sentyabrın ilk səhəri həyat eşqilə dopdolu muğanlılar üçün bəd ovqatla açıldı. Həmyerlilərinin ixtiyar payı olan Yəhya Əliyev çox sevdiyi Vətən torpağına, həmyerlilərinə, dostlarına, doğmalarına əbədi vida dedi. Şux qamətini, kişiyana duruşunu, ilıq təbəssümünü, aydın tələffüzünü, ifadəli baxışlarını özü ilə bərabər axirətə aparan Yəhya müəllimdən yaranmışların qonaq evinə bənzəyən dünyamızda əmanət nə qaldı? Əməllərinin yaddaşlarda naxışlanan hekayətləri. Bu hekayətləri isə nə illərin sərt axarı, nə hadisələrin nahamvar ləngəri yaddaşlardan poza bilər. Ölüm dəhşətli həqiqətdir. Lakin o, xatirələri məhv etməkdə acizdir. Yəhya müəllim ilk gənclik çağlarından ahıllığın astanasınadək doğulduğu Salyanda ciddi-məsul vəzifələrdə işlədi. Bu vəzifəlrin hamısında o, xalqına xidmət etdi. Nəyinsə, kiminsə xatirinə haqqı nahaqqa qurban vermədi. Ünsiyyətdə olduğumuz yarım əsr müddətində mən bir dəfə də olsun onun yersiz əsəbiləşdiyini, səsini yüksəltdiyini görmədim, eşitmədim. Kitab aşiqi idi. Mütaliəyə bu dərəcədə bağlı olan həmyaşıdını xatırlamaqda çətinlik çəkirəm. Büllur əxlaqı, pak əməlləri, namuslu davranışı, təmənnasız xeyirxahlığı ilə ölümsüzlük imtiyazı qazandığı üçün bütün məqamlarda onu sevə-sevə, yana-yana xatırlayanların həmsöhbəti kimi könüllərdə yaşayacaq.

Əjdər Ağayev, pedaqoji elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü:

- Yəhya Əliyevin keçdiyi ömür yolunun şahidlərindən biriyəm. Onu müxtəlif vəzifələrdə çalışan görmüşəm. Hələ gənc ikən ictimai fəallığı, təşkilatçılığı, intellektual səviyyəsi ilə seçilirdi. Pedaqoji İnstitutu bitirib Salyana qayıdandan sonra müəllimliyə başladı. Çox keçməmiş məsul vəzifələrə irəli çəkildi. O, Təhsil Şöbəsinin müdiri işləyərkən yaxşı ənənələri və zəngin təcrübəsi olan məktəblərin, müəllimlərin, məktəb rəhbərlərinin sayı daha da artdı. Yəhya müəllim pedaqoji kollektivlərdə özünütəhsil və yaradıcı işgüzarlıq mədəniyyətini yüksəltdi, qanunçuluq və nizam-intizamı, obyektiv qiymətləndirməni, yaxşını görüb dəyərləndirməyi ön plana çəkdi. Yüksək ziyalılığını, insanlarla ünsiyyət bacarığını nəzərə alaraq onu Rayon Partiya Komitəsinə işə dəvət etdilər. Burada da seçilənlərdən oldu və uzun müddət ikinci katib kimi səmərəli fəaliyyət göstərdi.

Oqtay Rza, geologiya-mineralogiya elmləri namizədi, şair:

- Yəhya müəllimin olüm xəbəri məni çox kədərləndirdi. Qoca Muğan bu ölümlə özünün ən qeyrətli oğullarından birini də itirdi. O, ədalət, düzlük, paklıq rəmzi idi. Doğulub boya-başa çatdığı rayonun şərəf və ləyaqətini həmişə kişi kimi qorudu. Əsl insana məxsus bütün müsbət keyfiyyətləri özündə cəmləşdirmişdi. Haqq-ədalət, təmizlik, düzlük sözləri ilə Yəhya müəllim adı arasında bərabərlik işarəsi qoysaq, doğru olardı. El ağsaqqalı kimi mən onun bütün xeyirdə-şərdə yaxından iştirak etdiyini görmüşəm. Məsləhətləri həmişə faydalı olurdu. Dəbdəbəni sevməzdi. Toy məclislərində yol verilən israfçılığa dözə bilmirdi. Uzun müddət rəhbər vəzifələrdə işlədiyindən dünyada gedən proseslərə obyektiv və dürüst qiymət verə bilirdi. Bütün bunlar onun öz üzərində daim çalışması, həmişə mütaliə etməsi və çoxillik həyat təcrübəsindən irəli gəlirdi. Əminəm ki, övladları Elxan və Mehman atalarının adını həmişə uca tutacaq, onun kimi yaşayıb işləyəcəklər.

 

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2009.- 10 oktyabr.- S. 7.