Şərəflə yaşanan ömür
İnsanın şəxsiyyət
kimi əsl dəyəri onun elmi və ziyalı kamilliyi ilə
ölçülür. Bu ağır, əziyyətli, eyni
zamanda şərəfli işi özlərinə həyat
kredosu seçənlər, həm də bəşəri dəyərlərin
qorunub zənginləşməsində əvəzsiz xidmətlər
göstərirlər. Belələrinin rəftar və
düşüncəsi insanpərvərliklə yoğrulur,
onlar öz xoşbəxtliklərini başqalarının səadət
və rifahında görürlər. Azərbaycan mütəfəkkiri
N.Tusinin məşhur kəlamı var: "Əsl alim o kəsdir
ki, onun ruhu, rahatlığı elmdədir". Ruhun
rahatlığını elmdə tapan, həm alim, pedaqoq, həm
ictimai xadim kimi şöhrət qazanan, həm də xoş
ünsiyyəti, təvazökarlığı ilə fərqlənən
şəxsiyyətlərldən biri də AMEA-nın
müxbir üzvü, A.İ.Qarayev adına Fiziologiya
İnstitutunun direktoru, "Müqayisəli və yaş
neyrokimyası" laboratoriyasının rəhbəri,
akademiyanın biologiya elmləri bölməsinin akademik-katibi
Telman Ağayevdir.
Görkəmli alimin həyatı
və elmi fəaliyyəti haqqında düşüncələrimi
fikir süzgəcindən keçirərkən hələ 40
il əvvəl, tanınmış bioloq, Donetsk Tibb
İnstitutunun professoru B.R.Sorokanın T.Ağayev haqqında
dediyi sözlər yada düşdü: "Telman Ağayev
müsbət keyfiyyətləri və alimlik istedadını
son dərəcə təbii ahəngdarlıqla özündə
birləşdirən nadir şəxsiyyətlərdəndir.
Bu çox mühüm amildir. Çünki ülvi, saf
duyğulara malik olmadan elmin çətin və keşməkeşli
yollarında inamla irəliləmək mümkün deyil".
Telman Ağayev, sözün həqiqi mənasında, əsl
alimdir. Ömrünün 75-ci ilinin astanasında 50 illik zəngin
elmi və ictimai fəaliyyəti onun öz həyat kredosuna nə
qədər sadiq qaldığını sübut edir. Alimin həyatda
tutduğu yol neçə-neçə nəslə elmin sirlərini
öyrətmək, mənəviyyatımızın
saflığını, zənginliyini qorumaq yoludur. Telman
Ağayevin fəaliyyəti geniş və zəngindir. Qeyri-adi
duyumuna, gözlənilməz proqnozlarına, heyrətamiz fəhminə
görə minlərlə insanın dərin hörmət və
məhəbbətini qazanmış bu insan hər şeydən
əvvəl böyük bir ziyalıdır. Bu o deməkdir ki,
Telman müəllim aydın və nurlu insandır. Onun yetirmələrinə
bəxş etdiyi işıq mənəvi
paklığından, intellektinin möhkəmliyindən, şəxsiyyət
bütövlüyündən qidalanır. Telman müəllim
həm də görkəmli bir tədqiqatçıdır.
Onun bütün uğur və nailiyyətinin bünövrəsində
gərgin zəhmət və bu zəhmətə
qarışan böyük istedadı durur. Fəaliyyət sahəsi
geniş, maraq dairəsi qlobal olan professoru fiziologiya elminin
bütün problemləri maraqlandırır.
...1935-ci il oktyabrın 10-da Zəngəzur
mahalının Sisian (Qarakilsə) rayonunun Vağədi kəndində
anadan olmuşdur. İbtidai təhsilini kənd orta məktəbində
almış, sonra Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunun zootexnika fakültəsinə daxil olmuşdur.
T.Ağayevin elmi istedadı tez bir zamanda üzə
çıxmışdır. Əmək fəaliyyətinə
1960-cı ildə Naxçıvan MR-in keçmiş Nazirlər
Sovetində başlamışdır. Əvvəlcə təlimatçı,
sonra kənd təsərrüfatı üzrə referent vəzifəsində
çalışmışdır. 1963-cü ildə isə
muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyində
heyvandarlıq şöbəsinin müdiri təyin
olunmuşdur. 1964-cü ildən isə bütün fəaliyyətini
elmi istiqamətə yönəltmişdir. 34 yaşında
namizədlik, 49 yaşında isə Sankt-Peterburqda doktorluq
dissertasiyalarını böyük uğurla müdafiə
etmişdir. 1989-cu ildən isə professordur. 2001-ci ilin iyun
ayında AMEA-nın müxbir üzvü seçilmişdir.
Telman Ağayevin əsas elmi tədqiqatları görmə
impulslarının nəql olunmasında iştirak edən
qlutamat, aspartat və qamma-aminyak turşusu-ergik neyronların
antogenetik inkişafın müxtəlif mərhələlərində
normada və analizatorların funksiyasının pozulması
şəraitində formalaşmasının
qanunauyğunluqlarının yaş xüsusiyyətlərinə
həsr olunmuşdur. Görkəmli alim bu sahədə diqqətəlayiq
nailiyyətlər əldə etmişdir. Həmin tədqiqatlarda
analizatorların funksiyasının pozulmasından sonra sensor
informasiyaların daşınması və analizatorların
plastikliyinin bərpasında neyromediatorların rolu və
onların nəzəri əsasları hərtərəfli
aşkarlanmaqla klinikada sinir sisteminin bərpasının
tamlığı yollarının mümkünlüyü
haqqında elmi təkliflər irəli
sürülmüşdür. Professorun elmi tədqiqat işlərinin
nəticələri 200-dək elmi əsərdə, bir
çox kitab və monoqrafiyalarda əksini tapmışdır.
100-dən çox elmi məqaləsi xarici mətbuatda
çap olunmuşdur.
Görkəmli alim 1993-1999-cu illərdə
AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunda elmi
işlər üzrə direktor müavini vəzifəsində
fəaliyyət göstərmiş, 2001-ci ildən isə
instituta rəhbərlik edir. Elmi-ictimai fəaliyyəti
dövründə T.Ağayev evolyusion fiziologiya və biokimya
sahəsində yüksək erudisiyaya malik bacarıqlı bir
alim kimi tanınıb. Onun rəhbərliyi altında
"İnsan və heyvan fiziologiyası" və
"Biokimya" ixtisasları üzrə 4 doktorluq, 28 namizədlik,
7 magistr dissertasiyası və onlarla diplom işi müdafiə
olunub. Bununla da görkəmli alim təkamül fiziologiyası
və biokimya elmləri sahəsində öz məktəbini
yaradıb. Onun rəhbərliyi altında müdafiə
olunmuş dissertasiyalar yüksək elmi səviyyəsi və
praktiki əhəmiyyəti ilə seçilir.
Telman Ağayev özündə
böyük alimlik istedadı ilə mahir pedaqoqluğu üzvi
şəkildə birləşdirən bir insandır. Əgər
desək ki, onun ömür salnaməsinin ən dəyərli
və mənalı səhifələri tələbə
auditoriyası ilə bağlıdır, heç də
mübaliğə olmaz. Adətən deyirlər ki, alim
yalnız elm yükünün
daşıyıcısıdırsa, müəllim daha şərəfli
bir yükün- elm və təlim-tərbiyənin
daşıyıcısıdır. O, Bakı Dövlət
Universitetində və Azərbaycan Tibb Universitetində pedaqoq
kimi fəaliyyət göstərir, yüksək ixtisaslı
kadrların hazırlanmasında iştirak edir. Tələbələri
elmli və savadlı görmək Telman müəllimin
idealıdır. Onlara qarşı tələbkarlığı
da buradan irəli gəlir. Bir faktı da qeyd edək ki, alimin
elmi informasiyalarla zəngin mühazirələri son dərəcə
maraqlı, canlı və təbiidir. Telman müəllim rəvan
danışığı, tələbələri öz
nitqinə cəlb etməyi, onların peşə
ixtisasını nəzərə alaraq şərh etdiyi elmi
problemlərin axarını gənclərin maraq dairəsinə
doğru istiqamətləndirməyi, dinləyiciləri
problemin ümdə tərəfləri ilə tanış etməyi
çox gözəl bacarır. Fikirlərinin
düzülüşündəki məntiqi
ardıcıllıq, konkretliyə güclü meyil, mürəkkəb
mətləbləri sadə və anlaşıqlı bir tərzdə
şərh edə bilmək məharəti yüksək
natiqlik məharətindən irəli gəlir.
Professor T.Ağayev təkcə
respublikamız üçün deyil, xarici ölkələr
üçün də kadr hazırlığında fəal
iştirak edir. İndiyədək Rusiya, Türkiyə,
İran, Misir, Sudan, Yəmən və s. ölkələr
üçün elmlər namizədləri hazırlayıb.
Bu gün onun rəhbərliyi altında 4 doktorant, 3 aspirant, 5
dissertant, o cümlədən bir nəfər Amerika Birləşmiş
Ştatları vətəndaşı elmi tədqiqat işləri
aparır. Alimin "Görmə impulslarının
çatışmaması zamanı beyin
qabığının müxtəlif nahiyələrində və
görmə analizatorunun strukturlarında qlutamin tursuşunun
mübadiləsi, "Yaddaşdan silinməyən illər",
"Azərbaycan fizioloqları və biokimyaçıları
XX-XXI əsrdə", "Görmə analizatorunun müxtəlif
şöbələrinin funksiyasının tənzim mexanizmində
hipotalamosun rolunun neyrofizioloji tədqiqi" adlı
kitabları dünya alimləri tərəfindən maraqla
qarşılanmışdır. Onun təşkilatçılığı
ilə dəfələrlə respublika biokimyaçılar cəmiyyətinin
konfransları və fizioloqların qurultayı keçirilib.
Professor Azərbaycan
Fizioloqlarının və A.İ.Qarayev adına Fiziologiya
İnstitutunun "Fiziologiya və biokimyanın problemləri"nə
dair XIX, XX, XXI və XXII elmi məcmuələrinin məsul
redaktoru olub. Eyni zamanda "Azərbaycanda fiziologiya elminin
inkişaf tarixi" kitabının müəlliflərindən
biri və redaktorudur.
T.Ağayev 1999-cu ildən indiyədək
respublika Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin
İdarə Heyətinin üzvü, Avropa Federativ Biokimyaçılar
və Molekulyar Bioloqlar Cəmiyyətinin və Beynəlxalq
Beyin Tədqiqatları Cəmiyyətinin üzvüdür.
2005-ci ildən isə A.İ.Qarayev adına Fiziologiya Cəmiyyətinin
prezidentidir. O, YUNESKO-nun Azərbaycan Respublikasında elmi biliklərin
və texnologiyanın (bioetika) Milli Komitəsinin
üzvüdür.
T.Ağayev artıq 10 ildir ki,
A.İ.Qarayev adına Fiziologiya İnstitutuna rəhbərlik
edir. Bu illər ərzində özünü son dərəcə
bacarıqlı təşkilatçı və
qayğıkeş rəhbər kimi tanıdıb. Başqa
cür ola da bilməz. Axı özünün dediyi kimi, bu elm
ocağı onun ailəsidir. Ailə isə yalnız səmimiyyətin
və fədakarlığın ahəngdar birliyi təqdirində
yüksəlməyə və uzun ömür yaşamağa
qadirdir.
Görkəmli alim Telman Ağayev
ömrünün kamillik zirvəsinə gəlib
çatıb. Adətən belə hallarda insanlar
yaşadıqları illərə bir daha nəzər salır
və düşünürlər: görəsən, necə
yaşamışam, arzusunda olduğum işlərin
hamısını yerinə yetirmişəmmi? Telman müəllim
xoşbəxt insandır. Çünki o, böyük elmi, nəcib
davranışı, yüksək mədəniyyəti, sadəliyi
ilə hamının hörmətini qazanıb. Bu illər ərzində
özünün bir xarakterik cəhətinə sadiq qalıb:
onu əhatə edən sosial mühitdəki dəyişikliklərdən
asılı olmayaraq həmişə ləyaqətini, ədalət
hissini qoruya bilib. İnsana şərəflə yaşanan bir
ömür də kifayətdir - deyirlər. Təki bu
ömür xalqın və cəmiyyətin tərəqqisinə,
onun elminin və mədəniyyətinin inkişafına sərf
edilsin. AMEA-nın müxbir üzvü, biologiya elmləri
doktoru, professor Telman Ağayev məhz belə bir ömür
yaşayır.
İ.ƏLİYEVA
Azərbaycan.- 2009.- 10 oktyabr.- S. 7.