İslam mətbəxi Beynəlxalq kulinariya
festivalının iştirakçıları Heydər Əliyev
Fondunda olmuşlar
Oktyabrın 9-da İslam mətbəxi
Beynəlxalq kulinariya festivalının
iştirakçıları Heydər Əliyev Fondunda
olmuşlar.
Qonaqlara fondun fəaliyyəti barədə
ətraflı məlumat verilmişdir. Bildirilmişdir
ki, fondun əsas məqsədi görkəmli siyasi xadim Heydər
Əliyevin zəngin irsini öyrənmək və təbliğ
etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə
yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə
gələcək nəsillərdə, xarici qonaqlarda əyani
təsəvvür yaratmaqdan, ölkəmizin mədəniyyəti
və tarixinin geniş təbliği ilə əlaqədar
aparılan işlərə kömək göstərməkdən
ibarətdir.
Ümummilli lider Heydər Əliyevin
respublikamıza rəhbərlik etdiyi dövrlərdə islam
ölkələri ilə əlaqələrin inkişafına
xüsusi diqqət yetirildiyi vurğulanmışdır. Ulu
öndərin mədəniyyət, incəsənət və
idmanın inkişafına göstərdiyi qayğıdan
danışılmışdır.
Fondun ziyarətçiləri
görkəmli siyasi və dövlət xadiminin şəxsi
arxivindən götürülmüş və onun fəaliyyətinin
ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara
maraqla baxmışlar. Onlar dünyanın
tanınmış siyasi xadimləri tərəfindən
verilmiş hədiyyələrlə, ulu öndərimizin həyat
və fəaliyyətindən bəhs edən kitablarla,
dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət
xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında
fikirləri ilə tanış olmuş, müxtəlif
ölkələrin liderləri ilə görüşlərdə
çəkilmiş şəkillərdən zəngin təəssürat
almışlar.
Ekspozisiya ilə
tanışlıqdan sonra qonaqlar fondun Xatirə kitabına
ürək sözlərini yazmışlar.
AzərTAc
Azərbaycan.- 2009.- 10 oktyabr.- S. 7.