Xalqın mənafeyini önə çəkən qətiyyətli
mövqe
Azərbaycan və
Ermənistan prezidentlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin
iştirakı, əsasən də Rusiyanın dövlət
başçısı Dmitri Medvedevin vasitəçiliyi ilə
Kişinyovda gerçəkləşən növbəti
görüşü konkret nəticə ilə yadda qalmasa da,
danışıqlar prosesinin pozitiv məcrada
inkişafının təmin edilməsi, prinsipial mübahisə predmeti olan məqamlar
üzrə müzakirələrin davam etdirilməsi
baxımından faydalı sayıla bilər. Münaqişə
tərəfləri arasında danışıqların
intensivləşməsi fonunda son bir ildə dövlət rəhbərləri
səviyyəsində sayca dördüncü
görüşün keçirilməsi ümumən prosesin
irəlilədiyinə dəlalət edir. Ümidverici amil həm
də bundan ibarətdir ki, bu görüşlərin təşkilində
Ermənistana siyasi və iqtisadi təsir imkanları kifayət
qədər böyük olan Rusiya səmimi fəallıq
nümayiş etdirmişdir.
2009-cu ildə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində
canlanma müşahidə olunur və bunu inkar etmək
mümkün deyil. Münaqişə tərəfləri
arasında birbaşa təmasların intensivləşməsi
- həmsədrlərin iştirakı ilə dövlət
başçıları səviyyəsində keçirilən
görüşlər prosesin irəlilədiyini deməyə əsas
verir. Bu da təsadüfi deyil - dünyada baş
verən mühüm geosiyasi dəyişikliklər fonunda Cənubi
Qafqazdakı bu əsas münaqişə ocağının
söndürülməmiş qalması qlobal planda cərəyan
edən proseslərə mənfi təsir göstərməklə
yanaşı, burada iqtisadi və siyasi maraqları olan
aparıcı dövlətlərin, habelə beynəlxalq təşkilatların
mənafelərini də ciddi şəkildə təhdid edir.
Bu intensivlik eyni zamanda Qərblə
münasibətləri gərginləşən Rusiyanın
bölgədə nüfuzunu bərpa etmək cəhdləri
kimi də şərh edilir. Hesab olunur ki, rəsmi Moskva Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində əsas
təşəbbüsü öz üzərinə
götürməklə regiona nüfuz imkanlarını qoruyub
saxlamağa, reabilitasiya olunmağa çalışır.
Yaranmış vəziyyətdə Rusiyanın for-postu olan Ermənistan
da danışıqlar prosesindəki qeyri-konstruktiv mövqeyindən
geri çəkilmək, müəyyən qaçılmaz
reallıqları qəbul etmək məcburiyyətində
qalmışdır. Ermənistanın rəhbərliyi bununla həm
də Qərblə münasibətlərinin normal məcrada
inkişafına çalışır.
İndiyə qədər bu
münaqişənin "həll açarı"nın
Rusiyanın əlində olması ilə bağlı
mülahizələr kifayət qədər real əsaslara
söykənir. Hər halda, Rusiyanın "for-postu" Ermənistana
təsir göstərmək imkanı daha real
görünür. Rəsmi Moskva bu addımı atmaqla, həm
bölgədə nüfuz imkanlarını genişləndirə,
həm də Azərbaycanla enerji sahəsindəki əməkdaşlığını
daha da dərinləşdirə bilər. Rusiya ilə Azərbaycan
arasındakı enerji əməkdaşlığının
bu prosesə dolayısı ilə pozitiv təsiri də istisna
edilmir.
Xatırladaq ki, hələ
ötən ilin payızında Moskvada keçirilən
görüş çərçivəsində Azərbaycan,
Rusiya və Ermənistan prezidentlərinin son 14 ildə ilk dəfə
birgə bəyannamə imzalaması danışıqlar prosesini
intensivləşdirmək, problemi qarşılıqlı
güzəştlər əsasında həll etməklə
bağlı siyasi
iradə nümayişi kimi yadda qalmışdır. ATƏT-in Minsk Qrupu həmsədrlərinin
iştirakı ilə imzalanmış bəyannamədə
münaqişənin beynəlxalq hüququn prinsipləri və
normaları, bu çərçivədə qəbul
olunmuş qərarlar və sənədlər əsasında
siyasi yolla həlli, Cənubi Qafqazda vəziyyətin
sağlamlaşması, regionda sabitliyin və təhlükəsizliyin
bərqərar edilməsi, iqtisadi inkişaf və hərtərəfli
əməkdaşlıq üçün əlverişli şərait
yaradılması məsələləri əksini
tapmışdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin
münaqişənin siyasi yolla həllinin əsas prinsiplərinin
işlənib hazırlanması məqsədilə 2007-ci il
noyabrın 29-da Madriddə tərəflərlə
keçirilmiş görüşü və sonrakı
diskussiyalar nəzərə alınmaqla həmsədrlərin
vasitəçilik səylərinin davam etdirilməsinin
böyük əhəmiyyətə malik olması da bəyannamə
ilə təsdiqlənmişdir.
Tərəflər
Moskva görüşündə razılaşmışlar ki,
münaqişənin sülh yolu ilə həllinə nail
olunmasının bütün aspektləri və mərhələləri
hüquqi öhdəliklər yaradan beynəlxalq təminatlarla
müşayiət edilməlidir. Azərbaycan, Rusiya və Ermənistan
prezidentlərinin münaqişənin həlli ilə
bağlı imzaladıqları rəsmi sənəddə məsələnin
yalnız və yalnız beynəlxalq hüquq norma və
prinsipləri əsasında həlli vacibliyi önə çəkilmişdir.
Bu prinsiplərin Ermənistanın deyil, məhz Azərbaycanın
maraqlarına daha çox cavab verdiyini xüsusi
vurğulamağa ehtiyac yoxdur. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsində beynəlxalq
hüquq və normaları, ədalət meyarı Azərbaycanın
tərəfindədir və bunu dünya ictimaiyyəti də
birmənalı təsdiq edir. Beynəlxalq
hüququn digər normaları, habelə dövlətlərin ərazi
bütövlüyü və toxunulmazlığı prinsipi də
Ermənistan tərəfindən kobudcasına pozulmuşdur.
İşğal faktının BMT, ATƏT, Avropa
Şurası, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı,
habelə ədalət prinsipindən çıxış edən
bir çox dövlətlər tərəfindən
tanınması Ermənistana bu məsələdə
hansısa "cığallıq" etməyə,
reallığı danmağa imkan vermir.
Nəticədən asılı
olmayaraq, Kişinyov görüşünün də məhz
Madrid prinsipləri əsasında aparılması deməyə
əsas verir ki, danışıqlarda ərazi
bütövlüyü prinsipi prioritet olaraq qalır. Kişinyovda MDB Dövlət
Başçıları Şurasının iclasında
iştirak edən Prezident İlham Əliyev Azərbaycan
televiziyasına dərin məzmunlu müsahibəsində bir
daha danışıqlar prosesinin ictimaiyyət
üçün böyük maraq kəsb edən bəzi
prinsipial məqamlarını açıqlamış, habelə
Türkiyə-Ermənistan danışıqları
fonunda regionda yaranmış situasiyaya münasibətini ifadə
etmişdir. Azərbaycan Prezidenti bir daha bildirmişdir ki,
danışıqlar prosesində Azərbaycanın prinsipial
mövqeyi dəyişməz olaraq qalır: Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində öz
həllini tapmalı, erməni silahlı qüvvələri
işğal olunmuş bütün torpaqlardan
çıxarılmalı, məcburi köçkünlər
doğma torpaqlarına qayıtmalıdırlar. Yalnız
bundan sonra Dağlıq Qarabağın Azərbaycanın ərazi
hüdudları çərçivəsində gələcək
statusu ilə bağlı müzakirələr başlaya bilər:
"Danışıqlara gəldikdə, deyə
bilərəm ki, müsbət dinamika vardır. Əgər bu
olmasaydı, indiyə qədər bu danışıqlar
aparılmazdı. Danışıqlara bizim sadiq
qalmağımızın əsas səbəbi ondan ibarətdir
ki, danışıqlar prosesində çətin də olsa,
irəliləyiş vardır. Son 5-6 il ərzində
çox vacib məsələlər
razılaşdırılıb. İlk növbədə, Ermənistan
qüvvələri Dağlıq Qarabağın ətrafında
yerləşən bütün işğal edilmiş
torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır.
Bu, deyə bilərəm ki, danışıqlar prosesində
böyük irəliləyişdir. Çünki 4-5 il bundan əvvəl
4 rayonun, ondan sonra 5 rayonun boşaldılmasından söhbət
gedirdi. Ancaq danışıqlar prosesində atılan
addımlar nəticəsində bu gün artıq deyə bilərəm
ki, bu, razılaşdırılıbdır".
Dövlət
başçısı danışıqlarda müəyyən
irəliləyişlərə rəğmən, bütün
dünyanın ümidlə gözlədiyi Kişinyov
görüşünün nəticəsiz başa
çatmasını Ermənistanın qeyri-konstruktiv
mövqeyi ilə izah edərək bildirmişdir ki,
münaqişə həll olunmayınca bölgədə hansısa
müsbət meyildən söhbət gedə bilməz. Dövlət başçısı İlham Əliyev
müsahibəsində Türkiyə və Ermənistan
arasında münasibətlərin nizamlanmasını nəzərdə
tutan protokolların imzalanması məsələsinə də
münasibətini bildirmiş, Azərbaycanın bu məsələ
ilə bağlı mövqeyinin dəyişməz olduğunu
vurğulamışdır.
Xatırladaq ki, cənab
İlham Əliyev hələ Təhlükəsizlik
Şurasının bu ilin aprel ayında keçirilmiş
iclasında bəyan etmişdir ki, Azərbaycan digər ölkələr
arasındakı münasibətlərə müdaxiləni
diplomatik normalar baxımından qəbul etmir. Bununla belə,
"Regionda yaranan, yaxud da yarana biləcək vəziyyətə
uyğun şəkildə öz siyasətimizi aparmaq bizim təbii
hüququmuzdur və bu hüquqdan istənilən formada istifadə
edəcəyik" - deyən dövlət
başçısı Azərbaycan televiziyasına müsahibəsində
bir daha vurğulamışdır ki, rəsmi Bakı
hansısa dövlətin daxili işlərinə, ikitərəfli
münasibətlərinə qarışmaq niyyətində
deyildir. Türkiyənin Ermənistanla sərhədləri
açacağı ilə bağlı məlumatlara gəlincə,
dövlət başçısı qardaş ölkənin
belə bir addım atacağına, hansısa protokolda əksini
tapmış məsələnin praktik surətdə icra ediləcəyinə
inanmadığını demişdir.
Hələ fevral
ayından etibarən Türkiyə-Ermənistan sərhədlərinin
açılacağı ilə bağlı məlumatlar həm
qardaş ölkədə, həm də Azərbaycan cəmiyyətində
müəyyən narahatlığa səbəb olsa da, rəsmi
Ankara bu xəbərlərin reallıqdan kənar olduğunu dəfələrlə bəyan
etmişdir. Türkiyənin Baş naziri Rəcəb
Tayyib Ərdoğan may ayında Bakıya səfərində qətiyyətlə
bəyan etmişdir ki, iki türkdilli ölkənin strateji
müttəfiqliyindən narahatlıq keçirən müəyyən
dairələrin nə deməsindən asılı olmayaraq, rəsmi
Ankaranın Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı mövqeyi qəti
və birmənalıdır. Qardaş ölkənin
rəhbərliyi Azərbaycanın işğal olunmuş
torpaqları azad edilməyənə qədər Ermənistanla
diplomatik-siyasi münasibətlərin qurulmayacağını
dəfələrlə bildirmiş, bu qətiyyətli
mövqeyə hamının güvənli yanaşmasını
istəmişdir. "Azərbaycanın Dağlıq
Qarabağ məsələsindəki həssaslığı,
həmçinin bizim də həssaslığımızdır.
Dağlıq Qarabağ məsələsində bu günə
qədər yol verilmiş bəzi möhtəkirliklər
Türkiyə olaraq, Türkiyə Cümhuriyyətinin
hazırkı hökuməti olaraq bizim qəbul etməyimiz
mümkün deyildir. Bu günə qədər necə qəbul
edilməyibsə, bu gün də eyni şəkildə qəbul
edilə bilməz, inanıram ki, belə bir şey bundan sonra
da əsla qəbul edilməyəcəkdir. Çünki burada
bir səbəb-nəticə bağlılığı
vardır. Dağlıq Qarabağın işğalı bir səbəbdir.
Sərhədlərin bağlanması bir nəticədir.
Dağlıq Qarabağ işğal edildiyi üçün
Türkiyə sərhədləri bağlamışdır.
İşğala son qoyulmayınca, bilavasitə sərhədlərin
açılması da mümkün deyildir.
Bunu çox açıq şəkildə
bir çox yerdə ifadə etdiyim kimi, bu gün Bakıda da
bunu ifadə edirəm" - deyə cənab Rəcəb Tayyib
Ərdoğan bildirmişdir.
Şübhəsiz,
cəmi 5 ay əvvəl Bakıda verilmiş bu qətiyyətli
bəyanatdan sonra eyni narahatlıq və ajiotajın yenidən
gündəmə gəlməsi ikitərəfli münasibətlərin
xarakteri baxımından yaxşı hal olmasa da, rəsmi
Bakı cərəyan edən prosesləri kifayət qədər təmkinlə izləyərək
strateji müttəfiqinin öhdəliklərinə sadiq
qalacağına inanır. Cənab İlham Əliyev Azərbaycan
televiziyasına müsahibəsində Türkiyənin dövlət
rəhbərlərinin bu məsələ ilə bağlı
verdikləri açıqlamalara inandığını
bildirmişdir: "...Bizdə olan məlumata görə, bu
protokollarda Dağlıq Qarabağ məsələsinin həlli
nəzərdə tutulmur. Ancaq bununla bərabər,
Türkiyənin rəhbərləri rəsmi bəyanatlarda və
şəxsi görüşlər əsnasında dəfələrlə
bizə bildirmişlər ki, Dağlıq Qarabağ məsələsi
həll olunmayana qədər Türkiyə-Ermənistan
protokolları məclis tərəfindən təsdiqlənməyəcək
və beləliklə, sərhədlər
açılmayacaqdır. Bunu Türkiyənin Prezidenti
demişdir, Baş naziri demişdir, Türkiyə parlamentinin sədri
demişdir, Türkiyənin xarici işlər naziri demişdir
və biz buna inanırıq. İnanırıq ki, belə də
olacaqdır. Belə olan halda bölgəyə sülh gələ
bilər. Belə olan halda bölgədəki bütün
ölkələr bu vəziyyətdən uğurla istifadə
edib öz aralarında bütün məsələləri həll
edə bilərlər. Ancaq bu halda bölgədə
genişmiqyaslı əməkdaşlıq yarana bilər".
Qərb dairələri,
o cümlədən Türkiyənin müəyyən rəsmi
şəxsləri Ermənistanla yaxınlaşmanın
Dağlıq Qarabağ münaqişəsinə guya pozitiv təsir
göstərəcəyini, regionda əməkdaşlıq
ab-havasının yaranacağını, rəsmi Yerevanın
mövqeyində yumşalacağını iddia edirlər. Fəqət,
Türkiyə ilə sərhədlərin
açılmasının iqtisadi böhran məngənəsində
sıxılan Ermənistan üçün daha əlverişli
olması reallıqdır və bunun xüsusi şərhə
ehtiyacı yoxdur. Belə bir addım istənilən halda
Türkiyə diplomatiyasının da nüfuzuna xələl gətirə
bilər. Yalnız bu səbəbdən ki, Ermənistan
Türkiyəyə qarşı əsassız ərazi, habelə
qondarma "soyqırımı" iddialarından əl
çəkməyib, eyni zamanda, Azərbaycana qarşı
işğalçılıq, soyqırımı və terror
siyasətini davam etdirir. Belə olan halda, rəsmi Ankaranın
təcavüzkar dövlətlə hər hansı regional əməkdaşlığı,
o cümlədən diplomatik əlaqələr qurması Azərbaycan
üçün də qəbuledilməzdir. Cənab İlham Əliyev
haqlı olaraq bildirmişdir ki, Türkiyə-Ermənistan
yaxınlaşması rəsmi Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı
danışıqlar prosesində Ermənistanın
qeyri-konstruktiv mövqeyini daha da gücləndirə bilər.
Dağlıq Qarabağ münaqişəsinin həllindən əvvəl
Türkiyə-Ermənistan münasibətlərində
yaxınlaşmanın baş verməsi təcavüzkar tərəfin
mövqeyində sərtləşməyə səbəb ola
bilər. Bu mənada, Azərbaycan Prezidenti haqlı olaraq
bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin
həlli və Türkiyə-Ermənistan sərhədlərinin
açılması paralel şəkildə getməlidir.
"Mən tam əminəm ki, iki proses - Dağlıq
Qarabağ münaqişəsinin həlli və Türkiyə-Ermənistan
sərhədlərinin açılması prosesləri paralel
şəkildə getməlidir. Bu proseslər arasında rəsmi
də olmasa, qeyri-rəsmi bağlantı vardır. Bu
bağlantı saxlanılmalıdır və iki məsələ
paralel şəkildə eyni anda həll olunmalıdır. Əks
təqdirdə bölgədə status-kvo mənfi tərəfə
dəyişə bilər.
Status-kvonun dəyişməsi
çox vacibdir. Çünki bizim torpaqlarımız uzun illərdir
ki, işğal altındadır. Biz buna nə vaxta qədər
dözəcəyik?! Ancaq status-kvo əgər mənfi tərəfə
dəyişərsə, bölgədə xoşagəlməz
proseslərin başlanmasına gətirib çıxara bilər.
Hələ ümid edirik ki, Dağlıq Qarabağ məsələsini
biz danışıqlar yolu ilə həll edə bilərik. Əgər
bu ümidlər tükənsəydi, biz bir dəqiqə də
danışıqlarda iştirak etməzdik. Ancaq bölgədə
gedən proseslər və böyük dövlətlərin bu
məsələyə qoşulması, eyni zamanda,
Dağlıq Qarabağ münaqişəsinin həllinə
öz müsbət təsirini göstərməlidir. Mən
inanıram ki, belə də olacaqdır" - deyən dövlət
başçısı Türkiyənin Azərbaycanın bu məsələ
ilə bağlı maraqlarına zidd hansısa addım
atmayacağına əminliyini də ifadə etmişdir.
Rəsmi Bakı Türkiyə ilə
iqtisadi sahədə - xüsusən də enerji sektorunda əməkdaşlığın
da strateji münasibətlərin mahiyyətinə uyğun
sivil və ədalətli prinsiplərlə qurulmasını
istəyir. Türkiyənin Baş naziri Rəcəb
Tayyib Ərdoğanın bu ilin mayında Bakıya gerçəkləşən
səfəri zamanı Azərbaycandan dost ölkəyə
ixrac olunan təbii qazın qiymətlərinə ədalət
prinsipi əsasında yenidən baxılması məsələsi
müzakirə edilsə də, hələlik bu istiqamətdə
razılaşma əldə olunmamışdır. Hazırda
dünya bazarında təbii qazın 1 kubmetrinin qiyməti 400
dollardan çox olduğu halda, Azərbaycanın mavi
yanacağını Türkiyəyə əvvəlki kimi 120
dollardan satması kommersiya prinsipləri baxımından ədalətli
deyildir. Məhz buna görə də rəsmi Bakı qiymətlərə
yenidən baxılması ilə bağlı qardaş ölkənin
rəhbərliyi ilə danışıqlara başlayıb.
Lakin bu danışıqlar Türkiyə-Ermənistan sərhədlərinin
açılacağı ilə bağlı yayılan məlumatlardan
xeyli əvvəl başlayıb. Dövlət
başçısı İlham Əliyev hələ o zaman təbii
qazın qiymətinə yenidən baxılması məsələsinin
çoxdan müzakirə edildiyini, bunun son aylarda regionda
yaranmış vəziyyətlə bağlı heç bir əlaqəsinin
olmadığını vurğulamışdır.
Bu istiqamətdə
danışıqların hazırkı durumu ilə
bağlı sualına cavab olaraq dövlət
başçısı İlham Əliyev demişdir ki, qaz
alqı-satqısı ilə bağlı məsələlərdə
qiymət, həcm və tarif haqları ədalət
meyarına söykənməlidir. "Bölgədə, yaxud da ki,
dünyada başqa ölkələr arasında bu
alqı-satqı məsələləri necə həll
olunursa, bizim aramızda da eyni qaydada öz həllini
tapmalıdır. Əfsuslar olsun ki, hələ bir nəticə
yoxdur. Qaz alqı-satqısı və qaz tranziti ilə
bağlı danışıqlarda üç əsas məsələ
vardır. Birinci məsələ qiymətdir, hansı ki, ədalətli
olmalıdır. Biz bunu gözləyirik ki, ədalətli qiymət
haqqında razılaşma tezliklə öz həllini
tapacaqdır. İkinci məsələ gələcəkdə
Türkiyəyə veriləcək qazın miqdarıdır.
Bildiyiniz kimi, bu il Türkiyəyə təqribən 7 milyard
kubmetr Azərbaycan qazı ixrac edilib. Hələ ki, ədalətli
olmayan qiymətlə. Mən bir daha demək istəyirəm
ki, biz danışıqları xoş niyyətlə
aparırıq. Ancaq bununla bərabər,
danışıqlarda müzakirə edilən məsələlər
beynəlxalq təcrübəyə uyğun şəkildə
öz həllini tapmalıdır. Belə olan halda Azərbaycan
qazı Türkiyəyə daha da böyük həcmdə
ixrac ediləcəkdir".
Ümumilikdə, Azərbaycan Televiziyasına müsahibə bir daha təsdiqləyir ki, cənab İlham Əliyevin çoxşaxəli xarici siyasətində milli mənafe və maraq amilləri hər zaman olduğu kimi, bu gün də öndədir. Region dövlətlərinin maraqlarını daim nəzərə alan, uzlaşdıran, sülh və iqtisadi tərəqqi naminə təşəbbüskarlıq, fəallıq nümayiş etdirən Azərbaycan maraqlarını qətiyyətlə müdafiə etmək, regionda yaranan hər hansı destruktiv meyillərə, situasiyalara adekvat reaksiya vermək əzmindədir. Rəsmi Bakı istər Dağlıq Qarabağ məsələsində, istər qonşu dövlətlərlə münasibətlərinin xarakterində, istərsə də xalqın təbii sərvətlərindən səmərəli istifadəsi məsələsində, ilk növbədə, xalqın milli maraqlarını əsas götürür.
S.ELMANOĞLU
Azərbaycan.- 2009.- 11 oktyabr.- S. 1, 4.