Bakıda görkəmli şərqşünas alim Aida
İmanquliyevanın 70 illiyinə həsr olunmuş Beynəlxalq
İbn Ərəbi Simpoziumu işə
başlamışdır
Oktyabrın 10-da Bakıda,
"Buta" sarayında XX əsrin görkəmli şərqşünas
alimi, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın
70 illik yubileyinə həsr edilən "Şərq və Qərb:
ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr"
mövzusunda Beynəlxalq İbn Ərəbi Simpoziumu işə
başlamışdır.
Milli Elmlər Akademiyasının
və Böyük Britaniyanın Oksford Universitetinin İbn Ərəbi
Cəmiyyətinin təşkilatçılığı ilə
keçirilən simpoziumda dünyanın humanitar və ictimai
elmlər sahəsində aparıcı elm mərkəzləri
olan ABŞ-ın Corc Vaşinqton və Boston universitetlərinin,
Rusiya Elmlər Akademiyasının Maksim Qorki adına Dünya Ədəbiyyatı
İnstitutunun, Sankt-Peterburq Şərq Əlyazmalar
İnstitutunun, eləcə də Fransa, İspaniya, Misir,
Böyük Britaniya, Türkiyə, İran, Suriya, Əlcəzair,
Latviya, Qazaxıstan və başqa ölkələrin
tanınmış alimləri, elmi ictimaiyyətin nümayəndələri,
habelə Azərbaycanın dövlət və hökumət
nümayəndələri, Milli Məclisin deputatları
iştirak edirlər.
Elmi tədbirdə Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı, alimin qızı Mehriban Əliyeva
iştirak etmişdir.
Salonda
quraşdırılmış monitorlarda Aida
İmanquliyevanın mənalı ömrünün müxtəlif
məqamlarını əbədiləşdirən slaydlar
nümayiş olunmuşdur.
Simpoziumu giriş sözü ilə
açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov
demişdir ki, tədbir mədəniyyətlərarası dialoqun
davamıdır. Bu dialoq görkəmli şərqşünas
alim, gözəl insan və pedaqoq Aida İmanquliyevanın elmi
yaradıcılığının əsas mahiyyətini daha
mükəmməl öyrənməyə xidmət edir.
Simpoziumun professor Aida xanımın 70 illik yubileyinə həsr
olunmasında da dərin rəmzi məna vardır. Azərbaycan
Şərqlə Qərbin qovuşduğu məkanda yerləşdiyinə
görə həm Qərbi, həm də Şərqi qavramaq
üçün nadir imkanlar verir. Azərbaycanın ictimai həyatı
və mədəniyyəti həm Şərqin, həm də
Qərbin mütərəqqi ideya və dəyərlərini
özündə yaşadır.
Müasir dünyamızın bir
sıra qlobal siyasi, iqtisadi, sosial problemlərlə üzləşdiyini
diqqətə çatdıran M.Kərimov, Aida
İmanquliyevanın bir fikrini yada salmışdır:
"Şərqdə həyatın təkmilləşməsi
üçün yalnız hissi aləm və fəlsəfi
idrakın dərinliyi bəs olmadığı kimi, hələ
mədəni nailiyyətlər və texniki tərəqqi də
insanın mənəvi və sosial dirçəlişi
üçün kifayət deyildir". Bu problemlərin həlli
həm siyasi-iqtisadi, həm də elmi-mədəni müstəvidə
Qərblə Şərqin dialoqundan keçir.
AMEA-nın prezidenti bildirmişdir
ki, fəxr etdiyimiz müsəlman renessansının
yaranması XII əsrin dahi şəxsiyyətlərindən
olan və "Vəhdəti vücud" nəzəriyyəsinin
müəllifi İbn Ərəbi kimi insanların fəaliyyəti
nəticəsində mümkün olmuşdur.
İbn Ərəbini həm də
"şeyxül-əkbər" adlandırırdılar.
Müasir dünyada sufiliyə artan maraq 1977-ci ildə
Böyük Britaniyada İbn Ərəbi Cəmiyyətinin
yaranmasına gətirib çıxarmışdır. Bu cəmiyyət
1984-cü ildən Böyük Britaniyada, 1987-ci ildən etibarən
ABŞ-da hər il İbn Ərəbinin
yaradıcılığına həsr olunmuş simpoziumlar
keçirir.
Azərbaycanın klassik və
müasir ədəbiyyatında İbn Ərəbinin
ideyalarına rast gəlindiyini diqqətə çatdıran
M.Kərimov demişdir ki, bu baxımdan növbəti simpoziumun
Azərbaycanda keçirilməsi bizim üçün fəxrdir.
AMEA prezidenti bildirmişdir ki, beynəlxalq
simpoziumda Şərq-Qərb elmi-mədəni əlaqələrini
nəzəri problem kimi əsaslı və sistemli şəkildə
tədqiq və təhlil edərək şərqşünaslıq
elminin bu istiqamətində yeni mərhələ açan
görkəmli alim Aida İmanquliyevanın
yaradıcılığına, ortaq mənəvi dəyərləri,
sivilizasiyaların yeni inkişaf mərhələsinin mədəni
təməlini formalaşdıran amillərə, İbn Ərəbinin
bədii, fəlsəfi yaradıcılığı ilə Azərbaycan
klassik ədəbiyyatı arasında əlaqə və digər
mövzulara həsr olunmuş məruzələr dinləniləcək,
bu istiqamətdə müasir dünya elmini
düşündürən problemlər ətraflı
müzakirə olunacaqdır.
Növbəti simpoziumun Bakıda
keçirilməsi ilə bağlı təklifi eşidəndə
bir qədər təəccübləndiyini xatırladan
İbn Ərəbi Cəmiyyətinin sədri Qrenvill Kollinz
demişdir ki, biz Azərbaycanda İbn Ərəbi nəzəriyyəsini
araşdıran alimlərin olmadığını
düşünürdük. Ancaq sonradan məlum oldu ki, biz
haqlı deyilik. Azərbaycanda İbn Ərəbi
yaradıcılığı geniş tədqiq edilmişdir.
Bu istiqamətdə görkəmli şərqşünas Aida
İmanquliyevanın xidmətlərini xüsusi qeyd etmək
istəyirəm.
Qrenvill Kollinz bildirmişdir ki, məhz
Aida İmanquliyevanın 70 illiyinə həsr olunmuş bu
simpoziumun Bakıda keçirilməsi çox mühüm
hadisədir.
Akademik Aleksandr Kudelin Rusiya Elmlər
Akademiyasının prezidenti Yuri Osipovun təbrik məktubunu
oxumuşdur.
Məktubda deyilir ki, simpozium
dünyada sivilizasiyalararası dialoqun məntiqi
davamıdır. Əhəmiyyəti olduqca böyük olan tədbirin
gündəliyinə daxil edilmiş mövzular XXI əsrdə
Şərq ilə Qərb arasında bərabərhüquqlu
münasibətlərin təşəkkül tapmasına xidmət
edir. Simpoziumun görkəmli şərqşünas Aida
İmanquliyevanın xatirəsinə həsr olunması alimin
Azərbaycan elminə verdiyi töhfənin təsdiqidir. Aida
İmanquliyeva şərqşünaslıq elminə
böyük töhfələr vermiş, ərəb məhcər
ədəbiyyatının tədqiq olunmasında məxsusi
xidmətləri olmuşdur.
Beynəlxalq simpoziumun Bakıda
keçirilməsinin görkəmli şərqşünas
Aida İmanquliyevanın 70 illik yubileyinə layiqli elmi töhfə
olduğunu diqqətə çatdıran Azərbaycan
Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anar milli ədəbiyyatımızda
Şərq-Qərb dialoqu mövzusuna toxunmuşdur. Şərqdə
ilk dram əsərlərinin, ilk operanın, teatrın ölkəmizdə
yaranması Azərbaycanın həmişə Qərb dəyərlərini
və Şərq ruhunu birləşdirən bir məkan
olduğunu göstərir. 2009-cu ildə Bakının
İslam mədəniyyətinin paytaxtı elan edilməsi, bu
istiqamətdə keçirilən tədbirlər və elə
bu simpoziumun özü sübut edir ki, Azərbaycan indi də
Şərq və Qərb mədəniyyətlərinin
inkişafına çalışır.
Azərbaycanda İbn Ərəbi
yaradıcılığının geniş tədqiq
olunmasını müsbət hal kimi qiymətləndirən
amerikalı professor Seyid Hüseyn Nasr görkəmli alim Aida
İmanquliyevanın xatirəsinə həsr olunmuş bu
simpoziumun əhəmiyyətini vurğulamışdır.
Şərq filosoflarının
dünya elminə verdiyi töhfələrin göz
qabağında olduğunu qeyd edən Seyid Hüseyn Nasr bu
istiqamətdə İbn Ərəbinin xidmətlərinin
böyük olduğunu demişdir. Biz onun
yaradıcılığını daha dərindən öyrənməliyik.
Bakıya da məhz bu məqsədlə
toplaşmışıq. Hesab edirəm ki, simpoziumun
yaxşı nəticələri olacaqdır. Azərbaycan həmişə
Şərq ilə Qərb arasında körpü rolunu
oynamışdır. Simpozium Bakının Şərqlə Qərbin
qovuşduğu məkan olduğunu bir daha nümayiş
etdirir. Bakı həm müasirliyi, həm də
keçmişi özündə birləşdirir.
İslam Konfransı Təşkilatı
Parlament Assambleyasının baş katibi professor Mahmud Erol
Kılıc qeyd etmişdir ki, Aida İmanquliyeva yeni ərəb
ədəbiyyatının tədqiqinə böyük töhfələr
verən görkəmli Azərbaycan alimidir. Bu simpozium isə
insanlığın, Azərbaycanın, bütün elm
adamlarının xeyrinə xidmət edən bir tədbirdir.
Aida İmanquliyevanın
qızı, Moskva Dövlət Universitetinin Bakı
filialının rektoru, professor Nərgiz Paşayeva görkəmli
şərqşünasın şərəfli ömür
yolu, nəsil şəcərəsi, təhsili, elmi, pedaqoji fəaliyyəti,
təşkilatçılıq və idarəçilik
bacarığı haqqında danışmışdır.
Bildirmişdir ki, Aida
İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində
ziyalı ailəsində anadan olmuşdur. Bakıda 132 nömrəli
orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan
Dövlət Universitetinin şərqşünaslıq
fakültəsinin ərəb şöbəsində ali təhsil
almışdır.
1966-cı ildə namizədlik,
1989-cu ildə doktorluq dissertasiyası müdafiə edən
Aida İmanquliyeva Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutunda kiçik elmi işçidən bu elm
ocağının direktoru vəzifəsinədək yüksəlmişdir.
O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti
rəyasət heyətinin, Şərq Ədəbiyyatının
Tədqiqi üzrə Əlaqələndirmə
Şurasının üzvü idi. Uzun illər pedaqoji fəaliyyətlə
də məşğul olan Aida xanım Sovet İttifaqında
və Azərbaycanda yeni ərəb ədəbiyyatı
kursunun əsas yaradıcılarından biri idi.
Aida xanım İmanquliyevanın
elmi fəaliyyətinin əhatə dairəsi geniş və çoxşaxəli
idi. Onun elmi əsərlərində Qərb və Şərq
mədəni ənənələrinin sintezi,
yaradıcılıq üslubunun inkişafı və yeni bədii
cərəyanların təşəkkül tapması tədqiq
olunmuşdur ki, bu da nəinki ərəb ədəbiyyatının,
həmçinin bütün yeni Şərq ədəbiyyatının
gələcəkdə tədqiqi üçün çox
mühüm zəmin yaratmışdır.
Üç monoqrafiya ("Mixail Nüaymə və "Qələmlər birliyi", "Cübran Xəlil Cübran", "Yeni ərəb ədəbiyyatının korifeyləri") və 70-dən artıq elmi məqalənin müəllifi olan A.İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olmuşdur.
Aida
xanımın doğulduğu, böyüdüyü ailənin
və gəlin gəldiyi ocağın Azərbaycan
xalqının ədəbi-mədəni fikrində öz yeri
və sanbalı vardır. Belə
bir mühit Aida xanımın ədəbi-elmi
yaradıcılıqla gərəyincə məşğul
olması üçün mənəvi zəmin
yaratmışdır. Aida xanımın atası Nəsir
İmanquliyev Azərbaycanın çox məşhur mətbuat
nümayəndələrindən biri olmuşdur. Aida xanım
görkəmli Azərbaycan yazıçısı, alim və
pedaqoq Mir Cəlal Paşayevin ocağına gəlin
köçmüşdür. Boya-başa
çatdığı mötəbər ziyalı mühitinin
məlum təsirinin nəticəsidir ki, Aida xanımın həyat
və yaradıcılığı milli ziyalı qadınlar
içərisində bənzərsizliyi, yüksək dəyərli
xüsusiyyətləri ilə seçilirdi.
Sonra simpozium işini AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun direktoru professor İlham
Məmmədzadənin və İbn Ərəbi Cəmiyyətinin
nümayəndəsi xanım Sesiliya Tvinçin rəhbərlik
etdiyi birinci geniş iclasda davam etdirmişdir.
İclasda ABŞ-dan professor Ceyms
Morris, Rusiyadan professor İ.Lisak, Böyük Britaniyadan doktor Ceyn
Klark, Türkiyədən Mustafa Tahralı və Azərbaycanı
təmsil edən doktor Kamandar Şərifov məruzələrlə
çıxış etmişlər.
Məruzələrdə qeyd
edilmişdir ki, İbn Ərəbinin fəlsəfi irsinə
dair Beynəlxalq simpozium görkəmli şərqşünas
alim Aida İmanquliyevanın yubiley mərasiminə daxil
edilmiş ən sanballı tədbirlərdən biridir.
İbn Ərəbi irsi müxtəlif düşüncə tərzlərinin,
habelə islam və xristianlığın ortaq mənəvi dəyərlər
prizmasından nəzərdən keçirilməsi
üçün ən qiymətli mənbələrdən
biridir. Çağdaş Azərbaycanda ruh və əqlin,
Şərqlə Qərbin vəhdəti ideyasının yenidən
aktuallaşması Aida xanımın bu problem üzrə tədqiqatlarından
sonra başlamışdır. İndi elmi-fəlsəfi
ictimaiyyət görkəmli alim Aida İmanquliyevanın
yubileyi günündə bir daha vəhdət ideyasının
işığına toplaşaraq həmin problemin beynəlxalq
miqyasda müzakirəsini keçirir.
Bildirilmişdir ki, bütün
dinlərin təlqin etdiyi, dini duyğuların mərkəzində
dayanan və bu baxımdan da dinləri yaxınlaşdıran,
onların eyniyyət məqamı kimi çıxış edən
eşqdir. Təsadüfi deyildir ki, İbn Ərəbi təlimi
az qala bütün dünya xalqları tərəfindən dinlər
arasında körpü kimi, vahid din ideyasının təməl
prinsipi kimi qəbul olunur. İbn Ərəbi təliminin izləri
Azərbaycan ədəbi-fəlsəfi fikrində orta əsrlər
dövründə də olmuşdur. İbn Ərəbi və
Nəsimi poeziyasında tez-tez rast gəlinən Haqqın
eşqlə, eşqin gözəlliklə, gözəlliyin məhz
insan gözəlliyi ilə əlaqələndirilməsi əslində
ortaq poetik ənənələrdən xəbər verir.
"İnsan" əslində bütövlükdə cismani
aləmin bir parçası kimi götürülməklə
bərabər, ilahi ruhun daşıyıcıları kimi qəbul
olunur.
Diqqətə
çatdırılmışdır ki, İbn Ərəbidən
başlanan, Cübran, Reyhani, Nüaymə kimi mütəfəkkir
şairlərin yaradıcılığında davam etdirilən
və professor Aida İmanquliyevanın tədqiqatlarında
öz ümumiləşmiş nəzəri təhlilini tapan vəhdət
yolu bu gün sivilizasiyalar arasında qarşılıqlı
anlaşma yaradılması işi üçün də
böyük dəyərə malikdir.
Məruzəçilər
bildirmişlər ki, ərəb məhcər ədəbiyyatının
əsas xüsusiyyətləri, onun çoxəsrlik zəngin
ərəb ədəbiyyatı ilə oxşar və fərqli
cəhətləri, Qərb və rus ədəbiyyatları ilə
əlaqələri, bütövlükdə ərəb ədəbiyyatına
gətirdiyi yeniliklər, müasir ərəb ədəbiyyatı
üçün açdığı üfüqlər və
digər ümdə məsələlər Şərq-Qərb
sintezində öz doğru-düzgün elmi həllini məhz
Aida İmanquliyevanın çoxsaylı fundamental tədqiqatlarında
tapmış, onun gəldiyi nəticələr beynəlxalq
elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərək
nüfuzlu elmi fikirlər kimi qəbul edilmişdir.
Sonra simpozium işini AMEA-nın
Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin
deputatı Gövhər Baxşəliyevanın və
fransalı professor Denis Qrilin rəhbərlik etdiyi ikinci
geniş iclasda davam etdirmişdir.
İclasda akademik Vasim Məmmədəliyev
(Azərbaycan), professorlar Pol Ballafat (Fransa), Viktor Palleja de
Bustinza (İspaniya) və Tariq Çələbi (Misir) məruzə
ilə çıxış etmişlər.
Akademik V.Məmmədəliyev
demişdir ki, filologiya elmləri doktoru, professor Aida
İmanquliyeva haqqında alim, təşkilatçı, ana, zərif
qadın kimi çox yazılıb və bundan sonra daha
çox yazılacaqdır. Çünki zaman onu bizdən daha
çox ayırdıqca biz Aida xanımın
böyüklüyünü, kamilliyini və zənginliyini
daha yaxşı duyur, daha dərindən dərk edirik. Onun
hansı cəhətini daha qabarıq vermək, hansı məziyyətini
ön plana çəkmək müşkül məsələdir.
Çünki Aida xanımdakı bu cəhətlər bir-biri
ilə elə möhkəm çulğalaşır ki,
onları ayırmaq olmur. İstər-istəməz ona hərtərəfli
yanaşmalı, ondan hərtərəfli bəhs etməli
olursan. A.İmanquliyeva görkəmli alim idi, o, yeni ərəb
ədəbiyyatının Azərbaycanda tədqiqinin əsasını
qoymuşdur.
Digər məruzələrdə
diqqətə çatdırılmışdır ki, ərəb
məhcər ədəbiyyatı vaxtilə bir çox mütəxəssislər,
xüsusilə, dünya şöhrətli ərəbşünas,
akademik İ.Y.Kraçkovski tərəfindən tədqiq edilsə
də, son dövrdə bu sahənin ən görkəmli, ən
səlahiyyətli nümayəndəsi məhz Aida xanım
idi. Rus tənqidi realizmindən, ingilis romantizmindən və
Amerika transsendentalizmindən kifayət qədər təsirlənmiş,
lakin bu təsiri mexaniki şəkildə deyil, ərəb zəminində,
Şərq kontekstində qəbul etmiş məhcər ədəbiyyatı
yeni ərəb ədəbiyyatının dünya
miqyasında tanınması sahəsində böyük xidmət
göstərmişdir. Şərq ruhunu Qərb
düşüncəsi, Qərb analitizmi ilə birləşdirmiş
Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Mixail
Nüaymə, İlya Əbu Mazi kimi görkəmli sənətkarlar
Şərq-Qərb ədəbi sintezi prosesində
mühüm rol oynamışlar. Bütün bu ümdə məsələlərin
tədqiqi Aida xanımın elmi
yaradıcılığında öz əksini layiqincə
tapmışdır. Aida İmanquliyevanın Şərq
müdrikliyi ilə Qərb həssaslığını
özündə cəmləşdirən ərəb məhcər
ədəbiyyatının yaranması, inkişafı, sənətkarlıq
xüsusiyyətləri, spesifikası, onun başqa ədəbi
məktəblərdən fərqli cəhətləri, məhcər
ədəbiyyatını bir ədəbi cərəyan kimi səciyyələndirən
məziyyətlər barədə mülahizə və fikirləri
bu gün şərqşünaslıq sahəsində görkəmli
mütəxəssislər tərəfindən bəyənilir
və qəbul edilir.
Vurğulanmışdır ki,
Aida İmanquliyeva məhcər ədəbiyyatının ən
görkəmli nümayəndələri Cübran Xəlil
Cübranın və Əmin ər-Reyhaninin daha çox Qərb
romantizminin, Mixail Nüaymənin isə rus tənqidi realizminin
təsirinə məruz qaldığını göstərmiş
və bunun əsas səbəbini onların
dünyagörüşü, düşdükləri
mühit, ədəbi-bədii qayəsi və
yaradıcılıq istiqamətləri ilə
bağlamışdır. Alim çox doğru olaraq belə
bir nəticəyə gəlmişdir ki, Cübran və ər-Reyhanidə
R.U.Emersonun, U.Uitmenin, N.Toronun, Şellinin, Bayronun, Hüqonun təsiri
daha artıq hiss edildiyi halda, Poltavada təhsil almış
Mixail Nüaymənin bədii yaradıcılığında
L.Tolstoyun, İ.Turgenevin, A.Çexovun, ədəbi-tənqidi
məqalələrində isə V.Belinskinin təsiri
müşahidə olunur. Alimin fikrincə, yeni ərəb ədədiyyatının
təşəkkülü və formalaşmasında əhəmiyyətli
rol oynamış "Suriya-Amerika məktəbi"nin
nümayəndələri öz yaradıcılıqları
ilə yalnız ərəb ədəbiyyatında deyil, həm
də Şərq ölkələrinin milli ədəbiyyatlarında
öz davamçıları üçün yol
açmışlar.
Bildirilmişdir ki, Aida
İmanquliyeva kimi alimlər ölməz tədqiqat əsərləri
ilə Qərb ilə Şərqin sivilizasiyalararası
toqquşmadan yan keçməsinə, dialoqun və
qarşılıqlı anlaşmanın ədavətə,
dini fanatizmə qalib gəlməsinə kömək etmişlər.
Beynəlxalq simpozium oktyabrın
11-də öz işini bölmə iclaslarında davam etdirəcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 11 oktyabr.- S. 2.