Görkəmli alimin xatirəsinə həsr olunmuş
konsert
"ÜNS" teatrında
görkəmli şərqşünas alim Aida
İmanquliyevanın xatirəsinə həsr edilmiş konsert
olmuşdur. Həyatdan vaxtsız köçən Aida
xanım özündən sonra zəngin elmi irs qoyub
getmişdir.
Xatirə konserti həm kədərli,
həm də şən notlara köklənmişdi. Aydın məsələdir,
insan xatırlandıqca yaşayır.
Gecədə Aida xanımın
qızı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva
iştirak edirdi.
Pərdə qalxanda
tamaşaçıların gözləri qarşısında
həyatda silinməz və parlaq iz qoyub getmiş böyük
alimin nəhəng portreti canlandı, musiqi sədaları
salona yayıldı.
Məcnun Kərimovun rəhbərliyi
altında qədim musiqi alətləri ansamblının
ifasında "Naxışbəstə" səsləndi.
Sonra tamaşaçılara Bəyimxanım Mirzəyeva və
Elnur Zeynalovun ifasında Üzeyir Hacıbəylinin "Leyli və
Məcnun" operasından təsirli görüş səhnəsi
təqdim olundu.
Konsertin böyük hissəsi
Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev
adına Azərbaycan Dövlət kamera orkestrinin müşayiəti
ilə keçmişdir. Udçalan Mircavad Cəfərovun
ifasında Fikrət Əmirovun "Mən səni araram"
mahnısı səslənmişdir. Konsertin proqramına xalq
mahnısı "Sarı gəlin", Vasif Adıgözəlovun
"Qərənfil" mahnısı, tarzən Rüfət Həsənovun
mahir ifasında Nazim Rzayevin "Çahargah
rapsodiyası", kamançaçalan Elşən Mansurovun
ifasında Süleyman Ələsgərovun "Tarantella" əsəri,
Səid Rüstəmovun "Hardasan" mahnısı da daxil
edilmişdi.
Samir Cəfərov və Nurlanə
Abbaszadənin ifasında Səid Rüstəmovun
"İntizar" mahnısı ürəkləri riqqətə
gətirdi. Sonra Samir Cəfərov tamaşaçılara
Üzeyir Hacıbəylinin "Sevgili canan"
romansını bəxş etdi. Ənvər Sadıqov
akkardeonda Emin Sabitoğlunun əsərini, "Natiq" ritm
qrupu isə "Naxışlar" kompozisiyasını ifa etmişlər.
Konsert "Uzundərə" rəqsinin
və "Rəqs çələngi"nin ifası ilə
başa çatmışdır.
Konsert Aida xanım
İmanquliyevanın bir-birini əvəzləyən fotoşəkilləri,
habelə zövqlə seçilmiş Şərq miniatürləri
fonunda davam edirdi.
AzərTAc
Azərbaycan.- 2009.- 11 oktyabr.- S. 2.