Beynəlxalq Simpoziumun iştirakçıları Heydər Əliyev Fondunda olmuşlar

 

XX əsrin görkəmli şərqşünas alimi, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilən "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi Simpoziumunun iştirakçıları oktyabrın 10-da Heydər Əliyev Fondunda olmuşlar.

Qonaqları səmimiyyətlə qarşılayan icraçı direktor Anar Ələkbərov onlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri, fəaliyyəti barədə məlumat vermişdir.

Simpoziumun iştirakçıları əvvəlcə Fondda görkəmli şair və filosof İbn Ərəbinin Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazmalarına baxmışlar. Filosofun "Zahiri və batili elmlər haqqında", "Örtüyün qaldırılması" əsərlərinin əlyazmaları və "Hərflərin sirri haqqında" əsərinin əlyazmasının çap variantı haqqında məlumatlar qonaqlar tərəfindən maraqla qarşılanmışdır. Bildirilmişdir ki, kitabların tarixi 350 il bundan əvvələ gedib çıxır.

Sonra Fondla tanış olan qonaqlara ulu öndərin şəxsi arxivindən götürülmüş, onun həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotoşəkillər, Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan zəngin materiallar barədə ətraflı məlumat verilmişdir. Fondda ümummilli liderin oxuduğu təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlar, milli təhlükəsizlik orqanlarında işlədiyi dövrdəki xidməti vəsiqələri, həm sovetlər dönəmində, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi zaman gördüyü quruculuq işlərini əks etdirən fotolar, aldığı fəxri fərman və sənədlər də saxlanılır. Dahi şəxsiyyətin Bakıda, Naxçıvanda, Moskvada yaşadığı, işlədiyi illər, hakimiyyəti dövrlərində ölkənin müxtəlif sahələrində qazanılan uğurlar, həyata keçirilən layihələr barədə materiallar qonaqlarda böyük maraq doğurmuşdur.

Vurğulanmışdır ki, Fondun əsas məqsədi görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

Qonaqlar Heydər Əliyevin dünyanın tanınmış siyasi lider və dövlət başçıları ilə keçirdiyi görüşləri zamanı çəkilən fotoşəkillərə, onun mədəniyyətə, elmə, bu sahədə çalışan insanlara diqqət və qayğısının təzahürü olan stendlərə tamaşa etmiş, dünyanın müxtəlif ölkələrində ümummilli liderin xatirəsinə göstərilən ehtiramı əks etdirən guşə ilə tanış olmuşlar.

Beynəlxalq İbn Ərəbi Simpoziumunun iştirakçıları Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmə baxmışlar.

Sonda xatirə şəkilləri çəkdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 11oktyabr.- S. 2.