Efir məkanı şou-biznesin yaratdığı mənəvi böhrandan qurtulmalıdır

 

Bəşər cəmiyyəti inkişafının elə yüksək sosiomədəni mərhələsinə adlayıb ki, bu gün müasir dövlətin və ya xalqın inkişafını informasiyasız təsəvvür etmək çətindir. Tarixən çox dəyərli əmtəə, qiymətli sərvət sayılan informasiya müasir qloballaşma dövründə sivil toplumun mütərəqqi inkişafının ən vacib ünsürlərindən birinə çevrilir. İctimai həyatın bütün sahələri üzrə operativ məlumatların "qəbulu" müasir insan cəmiyyətinin zəruri mənəvi-fizioloji və sosial tələbatlarından biri kimi özünü göstərir. Bütün dünyada elektron kütləvi informasiya vasitələrinin - internet şəbəkəsinin, ənənəvi və rəqəmsal radio-televiziya sistemlərinin, eləcə də digər interaktiv audiovizual vasitələrin sürətli inkişafı "informasiya seli"nin insanın taleyində, onun yaşam tərzində mühüm rol oynadığını bir daha qabarıq göstərir.

İctimai fikrə təsir imkanları baxımından televiziya və radio bütün digər kütləvi informasiya vasitələrindən daha yüksəkdə dayanır. Televiziya və radio hər evə, ailəyə daxil olub, insanların gündəlik həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Bəs bu gün ictimai rəyə daha geniş təsir imkanlarına malik teleradio şirkətləri cəmiyyət qarşısındakı sosial öhdəliklərinin, peşə davranışı xüsusiyyətlərindən doğan vəzifələrin, nəhayət, milli qanunvericilikdən irəli gələn tələblərin öhdəsindən hansı səviyyədə gəlirlər?

Azərbaycanın efir məkanının ürəkaçan olmayan müasir reallıqları fonunda bu ritorik sualları da birmənalı cavablandırmaq çətindir. Ölkədəki demokratik və liberal şəraitin nəticəsi kimi son 10 ildə yaranmış özəl televiziya və radio kanalları bu gün proqram siyasəti ilə bağlı dərin böhran keçirir, üstəlik, bu böhranın özünü qabarıq göstərən mənəvi təzahürlərini cəmiyyətə ötürür, özləri də fərqinə varmadan mənəvi aşınma, milli-mənəvi, dini, mental dəyərlərdən uzaqlaşma kimi neqativ prosesin vasitəçilərinə çevriliblər. Cəmiyyətin yüksək milli ideallar uğrunda səfərbər edilməsində, xalqın özünəməxsusluğunu şərtləndirən dəyərlərin gənc nəslə aşılanmasında, yüksək bədii-estetik zövqün, musiqi duyumunun formalaşmasında, insanların maariflənməsində, obyektiv informasiya təminatında həlledici rol oynamalı olan televiziyaların əksəriyyətində bu gün tamam fərqli mənzərə hökm sürür. Bir vaxtlar jurnalist tədqiqatları, sənədli filmləri, müəllif proqramları, analitik, maarifləndirici verilişləri ilə böyük nüfuz qazanmış Azərbaycanın televiziyalarının bu gün bütün mahiyyəti ilə primitiv tamaşaçı zövqünə (əslində, zövqsüzlüyünə) hesablanan "şou-qalmaqallar"ın, ikrah hissi doğuran səviyyəsiz "maqazin" proqramlarının ümidinə qalması, ciddi maarifləndirici mövzulardan uzaqlaşması, doğrudan da, acınacaqlı mənzərədir. Əlbəttə, bazar münasibətləri şəraitində müəyyən telekanalların sırf kommersiya maraqları baxımından çox sayda şou-proqramlara yer verməsi ilk baxışda, bəlkə də, təbii görünə bilər. Əslində, telekanalların fəaliyyəti ilə bağlı hər zaman aktual olan ictimai müzakirələrdə "şoularsız televiziya" tezisinə heç vaxt rast gəlinmir. Müasir televiziyada şou verilişlərinin olması tamamilə təbiidir. Narahatlığın kökündə, əslində, bu verilişlərin efir vaxtının böyük bir qismini zəbt etməsi, ümumi səviyyə baxımından aşağı olması, qalmaqal yaratmaq məramı ruhunda köklənməsi, kütləvi tamaşaçı zövqünü korlaması, ən başlıcası, milli-mənəvi, əxlaqi-etik dəyərlərlə bir araya sığmamasıdır. Kommersiya maraqlarına hesablanan bu bayağı və primitiv verilişlərin sayının getdikcə artması cəmiyyətin mütərəqqi inkişaf harmoniyasına zərbə vurur, mənəvi-əxlaqi dəyərlərin deqredasiyası prosesini sürətləndirir, gənc nəsildə yüngül həyat tərzinə marağı artırır.

Acınacaqlı hal burasındadır ki, bir vaxtlar insanların qətiyyən qəbul etmədiyi yabançı davranış, düşüncə, geyim tərzi, bir sözlə, xalqın tarixən formalaşmış mental dəyərləri ilə bir araya sığmayan kosmopolit dəyərlər tədricən cəmiyyət üçün adiləşdirilir. Konservativ ruhlu orta və yaşlı nəsildə neqativ təzahürlərə qarşı müqavimət gücü nisbətən möhkəm olsa da, uşaq və yeniyetmələr, eləcə də gənclər zaman keçdikcə telekanalların ictimai şüura sırıdığı bu "yeniliklər"ə tədricən uyğunlaşmağa başlayırlar. Bu gün Azərbaycan telekanallarının gənc və yeniyetmə tamaşaçılarının timsalında milli kökdən, düşüncə tərzindən və psixologiyadan, adət-ənənələrdən uzaqlaşan bir nəsil yetişdirilməsi istiqamətindəki "fəaliyyətləri" böyük təhlükədən xəbər verir. Çoxlarının o qədər də ciddiliklə fərqinə varmadığı bu proses, əslində, xalqın genefonduna, milli "mən"inə, özünəməxsusluğuna tuşlanan silaha bənzəyir.

Ulu öndər Heydər Əliyevin böyük müdrikliklə müəyyənləşdirdiyi azərbaycançılıq ideologiyası milli-mənəvi, əxlaqi dəyərlərə bağlı azərbaycanlı obrazı yaratmağa xidmət etdiyi halda, telekanallarda bu prosesin sanki əksinə yönəlmiş dağıdıcı dalğaya rast gəlirik. Telekanalların daha çox gəlir əldə etmək, qazanmaq niyyəti əgər cəmiyyətin sağlam düşüncə tərzinə, mənəvi ovqatına, gənc nəslin psixologiyasına, ümumən mənəvi idealların ucuzlaşmasına gətirib çıxarırsa, buna heç bir halda haqq qazandırmaq olmaz.

Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində işıq üzü görmüş "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsi respublikamızın efir məkanının müasir problemlərini, üstün və qüsurlu cəhətlərini açıb göstərməklə yanaşı, aktuallığı, peşəkar və obyektiv yanaşma tərzi, analitik təhlili ilə cəmiyyətdə müsbət rezonans, əks-səda doğurub. Telekanallardan cəmiyyətə sırınan mənəvi ucuzlaşmaya, yeknəsəqliyə, milli olmayan düşüncə və həyat tərzinə əsl vətəndaş, ziyalı və peşəkar filosof kimi münasibətini ifadə edən akademik Ramiz Mehdiyev dərin araşdırma və təhlilə əsaslanan bu məqaləsində həm də yaranmış vəziyyətdən çıxış yollarını göstərmişdir.

Azərbaycan telekanallarının müasir acınacaqlı durumunu kifayət qədər dolğun, obyektiv və peşəkarlıqla canlandıran görkəmli akademik ümumən cəmiyyəti narahat edən neqativ təzahürlərə də kəskin iradını bildirib. Məqalədə kifayət qədər peşəkarlıqla diqqətə çəkilən məsələləri televiziya kanallarının problemlərinə elmi-konseptual baxış kimi də dəyərləndirmək olar. Akademik "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsində ölkə televiziyalarının milli-mənəvi dəyərlərin təbliği, ictimai əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi, vətənpərvərlik, uşaqların və yeniyetmələrin intellektual inkişafı ilə bağlı verilişlərini təqdir etməklə yanaşı, efir məkanında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes proqramlarının çəkisinin artmasını haqlı olaraq ictimai narahatlıq doğuran məsələ kimi səciyyələndirir. Məqalədə bu neqativ prosesi doğuran obyektiv və subyektiv səbəblər də təhlil süzgəcindən keçirilmiş, yaranmış vəziyyətin dolğun mənzərəsi verilmişdir: "Son illər dünyada kinoindustriya, şou-biznesin güclü inkişafı telekanalların proqram siyasətinə ciddi təsir göstərir. Şou-biznes sahəsində çalışan şəxslər daha tez məşhurlaşırlar. Televiziya kanalları həmin təbəqəni cəlb etmək üçün ciddi rəqabət aparırlar. Bu, aktyor və müğənnilər, şou-biznes nümayəndələrinin də maraqlarına uyğundur, onların imiclərini yüksəltməyə, daha çox reklam olunmağa ehtiyacları var. Deməli, qarşılıqlı maraq şou-biznesin ekranlara ayaq açmasına və daha çox efir vaxtı zəbt etməsinə şərait yaradır. Eyni zamanda, şou-biznesin parlaq nümayəndələri ilə yanaşı, istedadsız, lakin bu sferada populyarlaşmaq istəyən və reklama ciddi ehtiyacı olan şəxslər teleefirə can atır və onların bir qismi müxtəlif vasitələrlə istəklərinə nail olurlar. Təbii istedadları, peşəkarlığı olmayan belə şəxslər daha çox bayağılıq, açıq-saçıq danışıq və geyim tərzi ilə özlərini tanıtdırmaq istəyirlər. Bu, Azərbaycan telekanallarında özünü qabarıq şəkildə büruzə verən problemlərdən biridir. Nəticə etibarilə efirdə ictimai tələbat olmayan keyfiyyətsiz şou-biznes verilişlərinin sayı artır".

Ailə-məişət mövzularından uzağa getməyən dedi-qodulara, vulqar söhbətlərə geniş yer verən bəzi şou proqramların qonaqlarının əksəriyyətinin şou-biznes nümayəndələri olması da tamamilə başadüşüləndir. Doğrudur, həmin verilişlərə qonaqların hansı prinsiplərlə dəvət olunmasının görünməyən tərəfləri də var. Ümumən isə, istedadı, səsi, ifa tərzi, yüksək daxili mədəniyyəti ilə deyil, milli-mənəvi və əxlaqi dəyərlərlə uzlaşmayan bayağı, şit hərəkətləri, cəmiyyətə açıq hörmətsizlik ifadə edən ikrahdoğurucu davranış tərzi, vulqar leksikonu, intellektual kasadlığı, qalmaqal yaratmaq "məharəti" ilə seçilən şou-biznes nümayəndələrinin efirdə hökmranlıq etməsi bəzi əyləncəli verilişlərin mahiyyətindən irəli gəlir. Tamaşaçı zövqünü və dünyagörüşünü zəhərləyən bu verilişlərin böyük əksəriyyətində nə üçün müğənnilərin, şou-biznes nümayəndələrinin aparıcılıq etməsinin səbəblərini başa düşmək də çətin deyil: belələri əxlaqi davranış və düşüncə komplekslərindən tamamilə uzaq olmaqla, tamaşaçı rəyini nəzərə almır, ictimai qınaq və narazılıqlardan çəkinmir. Üstəlik, istədikləri cür danışmaqla və yüngül hərəkətlər etməklə, aparıcılıq etdikləri verilişi guya populyarlaşdırmaq istəyirlər. Həmin verilişlərin əksəriyyətində "ssenari" və məqsəd isə, adətən, bir olur: şou-biznes nümayəndələrini bir-birinə qarşı ittihamlara, təhqirlərə sövq etmək, hədyanlarını efirdə nümayiş etdirmək və bu cür cılız üsulla auditoriya toplamaqE Ümumiyyətlə, televiziya işi ilə birbaşa əlaqəsi olmayan təsadüfi şəxslərin aparıcılıq etməsinə yasaq qoyulmasının, deyəsən, vaxtı çatıb. Ən azından, bir həqiqəti dərk etmək lazımdır ki, aparıcılıq edən müğənni heç zaman obyektiv, vicdanlı, tərəfsiz ola bilməz. Onlar bu və digər formada sponsorlardan, sponsor qismində çıxış edən şirkətlərdən asılı vəziyyətdədirlər. Üstəlik, əksər müğənnilərin dünyagörüşü, savadı, nitqi, səviyyəsi onlara aparıcılıq etməyə imkan vermir.

Bu gün Azərbaycanda telekanalların sayı o qədər çox olmasa da, onların nümayiş etdirdiyi maqazin və şou verilişlərinin əksəriyyəti bir-birini təkrarlayır. Bəzi telekanallar tamaşaçı marağını cəlb etmək üçün yeni mövzular axtarıb tapmaq əvəzinə plagiatlığa yol verir, hətta müəllif proqramlarının oxşarını yaratmaqdan belə çəkinmirlər. Tanınmış şou-biznes nümayəndələrinin yüngül, dəbdəbəli həyat tərzinə - bahalı mənzillərinə, evlərinə, geyimlərinə həsr olunmuş eyni ssenarili verilişləri bu baxımdan xüsusi qeyd etmək olar. Mənzillərində, bağ evlərində çəkilən, istedadın, yaradıcılığın deyil, dəbdəbəli və harın həyat tərzinin təbliğinə yönələn bu verilişlərdə müğənnilərin qarderobundan tutmuş hamam əşyalarına qədər - nə varsa, ikrahdoğurucu bir şəkildə efirdə nümayiş olunur. Belə bir şəraitdə efir məkanında əxlaqla əxlaqsızlıq arasında sərhədlərin götürülməsi, televiziya və radioların "ailə televiziyası", "ailə radiosu" statusunu itirməsi, bir sözlə, mənəviyyatsızlığın baş alıb getməsi olduqca üzücü və təəssüf doğuran haldır.

Telekanalların mətbəx mövzusunda - müxtəlif yeməklərin hazırlanması qaydalarından bəhs edən, əksərən canlı yayımlanan verilişləri də özünün yeknəsəq məzmunu ilə tamaşaçını sıxır. Bu verilişlərin aparıcıları kimi, çox vaxt qonaqları da kulinariya kimi məsuliyyətli bir peşənin incəliklərindən xəbərsiz olurlar. Canlı efirdə qayğanaqdan başqa heç bir yeməyi hazırlaya bilmədiyini etiraf edən şou-biznes nümayəndəsinin evdar qadınlara bu sahədə dərs keçmək istəyi isə kifayət qədər gülünc mənzərə yaradır. Sanki bu gün bəzi telekanallarımız maarifçilik missiyalarını yemək reseptlərinin təqdimatı ilə bitmiş hesab edirlər.

Şou-biznesdə qazanılmış sərvətin efirdə bu cür formada təbliğ edilməsi cəmiyyətdə sosial çətinlikləri olan insanların narazılığına səbəb olmaqla yanaşı, asan yolla pul qazanmaq həvəsinə düşən müəyyən gənclərin psixikasına da mənfi təsir göstərir. Şou-biznesin asan yolla pul qazanmağa imkan verən, firavanlığa aparan bir vasitə kimi ictimai şüura sırınması xüsusilə dözülməz haldır! Təəssüflər olsun ki, bu dolayı təbliğat həyata yetkin baxışı hələ formalaşmayan gənc nəslin dünyagörüşündə mənfi izlər də buraxır. Bu gün səsi oldu-olmadı, "SMS" yarışı üzərində köklənən musiqi müsabiqələrinə düşmək, "ulduza" çevrilib varlanmaq eşqi ilə bəzi telekanalların qarşısında az qala baş yaran gəncləri və yeniyetmələri görmək, doğrudan da, xoşagəlməz mənzərədir. Onların böyük əksəriyyətini həmin verilişlərə istedadları deyil, nəyin bahasına olursa-olsun şou-biznes nümayəndəsinə çevrilmək istəkləri gətirib çıxarır.

Müasir qloballaşma dövründə hər bir xalqın milli-mənəvi dəyərlərini, mədəniyyətini, əxlaqını, dünyagörüşünü qoruyub saxlaması son dərəcə vacib və aktualdır. Xoş örnək, nümunə kimi xüsusi vurğulamaq olar ki, Heydər Əliyev Fondu son beş ildə bu istiqamətdə çox mühüm layihələri uğurla həyata keçirir, milli mədəniyyətimizi, adət-ənənələrimizi, düşüncə tərzimizi mənfi təsirlərdən hifz etməyə çalışır. Fondun təşəbbüsü ilə 2005, 2007 və 2009-cu illərdə kökü qədimlərə gedən muğam sənətinin təbliğinə xidmət edən musiqi müsabiqələrinin keçirilməsi, habelə bu günlərdə milli folklorumuzun ayrılmaz hissəsi olan aşıq musiqisinin və Novruz bayramının YUNESKO-nun qeyri-maddi irs siyahısına salınması da deyilənləri bir daha təsdiqləyir.

Son illərdə telekanallarda fundamental jurnalist araşdırması əsasında hazırlanan, aktual problemlərə həsr olunan filmlər və ya verilişlər çox azdır. Azərbaycan telekanallarının əksəriyyətində savadlı, yüksək intellektli, peşəkar kadrlar çalışdığı halda, bu sahədə yaranmış boşluğun səbəblərini izah etmək çətindir. Əlbəttə, bu bir həqiqətdir ki, bazar iqtisadiyyatı şəraitində belə ciddi verilişlərə sponsorluq etmək istəyən şirkətlər azlıq təşkil edir. Lakin müasir televiziyanı bütün mahiyyəti ilə gəlir əldə etməyə meyilli biznes strukturuna çevirmək də olmaz. Cəmiyyətin maariflənməsinə, intellektual-mənəvi yüksəlişinə xidmət edən proqramların, sənədli filmlərin daxili imkanlar hesabına maliyyələşdirilməsi daha məqsədəuyğun olar. Açıq demək lazımdır ki, Azərbaycanın son illər əldə etdiyi böyük iqtisadi uğurların, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu yolunda atılan addımların, qlobal enerji-kommunikasiya layihələrinin təbliğinə, ictimaiyyətə tam dolğunluğu ilə çatdırılmasına yönəlmiş verilişlərin, sənədli filmlərin hazırlanmasına da ciddi maraq duyulmur.

Müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizi işğal altında olan, təxminən 1 milyon vətəndaşı qaçqın və məcburi köçkün kimi yaşayan Azərbaycanda hərbi-vətənpərvərlik verilişlərinin də azlığı kifayət qədər narahatlıq doğuran məqamdır. Doğrudur, indi telekanalların əksəriyyətində hərbi xarakterli proqramlar var. Bununla belə, gənclərin hərbi-vətənpərvərlik ruhunda köklənməsinə, müxtəlif silahlar, döyüş sursatı, hərbi texnika haqqında dolğun təsəvvürünün, bilgilərinin formalaşmasına xidmət edən verilişlərin hazırlanması da ümumi işin xeyrinə olardı. Bundan başqa, telekanallarda uşaq verilişlərinin sayının çoxaldılması, dini maarifləndirmə işinin aparılmasına xidimət edən, habelə yüksək peşəkarlıq tələb edən analitik-siyasi verilişlərin hazırlanması da günün aktual tələbləri kimi meydana çıxıb. Fikrimizcə, bu baxımdan İctimai Televiziyanın hazırladığı proqramların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Ümumiyyətlə, bu televiziyanın bir çox verilişləri səviyyəsinə, ictimai əhəmiyyətinə, milli-mənəvi dəyərlərə bağlı olmasına görə fərqlənir.

Televiziya və radiolarda Azərbaycan dilinin normalarının pozulması ilə bağlı nümunələrlə hər dəqiqə rastlaşmaq mümkündür. Açığı, bu gün efir məkanında özünü qabarıq göstərən ciddi problemlərdən biri də məhz budur. Bu gün televiziyalarda aparıcılıq edən gənclərin böyük əksəriyyəti ana dilini səlis bilmir, tələffüz zamanı tez-tez kobud səhvlərə yol verirlər. Bəzi kanallarda xəbərlər proqramlarının aparıcı-diktorlarının intonasiyasının Azərbaycan dili üçün səciyyəvi olmadığını da dərhal sezmək olur. Sanki başqa bir xalqın nümayəndəsi Azərbaycan dilində danışır və tez-tez əcnəbi sözlərdən istifadə edir. Televiziya verilişlərinin müğənni, aktrisa, aktyor və digər qeyri-peşəkar aparıcılarının da nitqlərində tez-tez jarqonlara, ara sözlərinə, əcnəbi sözlərə təsadüf olunur. Radiolarda bu baxımdan vəziyyət lap acınacaqlıdır. Özlərini diqqət mərkəzindən, ictimai qınaqdan kənarda qalmış kimi hiss edən radio aparıcıları, sözün həqiqi mənasında, hədlərini aşırlar. Onlar efirdə istədikləri kimi danışır, ikrah doğuran səslər çıxarır, zarafatlaşır, üstəlik, efirə qoşulan dinləyiciləri ələ salmaqdan belə çəkinmirlər. Onların müzakirə mövzusu kimi dinləyicilərə təklif etdiyi mövzuların böyük əksəriyyəti əxlaqi dəyərlərlə, milli mentalitetlə bir araya sığmır. Radionun canlı efirinə buraxılan təsadüfi insanların söylədikləri sərsəm fikirlər, küçə ifadələri insanı dəhşətə gətirir.

Telekanallarda yayımlanan xəbərlərin ümumi məzmumunu əks etdirən titrlərdə də Azərbaycan dilinin normaları kobud surətdə pozulur. Bu titrlərdə sözlərin yazılışında kobud səhvlərə, qrammatik yanlışlıqlara yol verilir. Qaçan sətirlərlə canlı efirə verilən xəbərlərdə də bu cür səhvlərə tez-tez rast gəlmək mümkündür. Fikrimizcə, telekanalların xəbər verilişlərinə rəhbərlik edən peşəkar jurnalistlərin bu vəziyyəti aradan qaldırmaq üçün bir qədər diqqətli olması yetərlidir.

Son illər bəzi telekanalların milli mentalitetə və əxlaqa vurduğu ən böyük zərbələrdən biri də qaçan sətirlər vasitəsilə SMS-lərin yayımlanmasıdır. Bəri başdan bildirək ki, əsasən elan və reklam xarakteri daşıyan, gəlir əldə etməyə hesablanan bu SMS-lərin bir saatda 12 dəqiqədən artıq yayımlanması "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə ziddir. Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev bu məsələyə də xüsusi toxunaraq yazır: "Həmin SMS-lərin məzmunu ciddi tamaşaçını narahat etməyə bilməz. Müşahidələr göstərir ki, qaçan sətirlərdə günün istənilən saatında qeyri-etik, milli-mənəvi dəyərlərə zidd məzmuna malik informasiyalar verilir".

Günün istənilən vaxtında canlı olaraq yayımlanan, məzmunu ciddi yoxlanılmadan efirə buraxılan bu SMS elan və yazışmaların məzmunu tamaşaçını hiddətləndirməyə bilməz. Azərbaycan tamaşaçısı bu üzdəniraq elanlarda bir-birilə tanış olmaq üçün yer təyin edənlərdən tutmuş müxtəlif ev əşyalarını, hətta böyrəyini satmaq istəyənlərə qədər müxtəlif adamlara rast gəlir. Nə yaxşı ki, artıq ATV kanalının rəhbərliyi akademik Ramiz Mehdiyevin son məqaləsindən sonra efirdə onlayn SMS-ləri və daha bir neçə şou xarakterli verilişi dayandırmaq barədə qərar qəbul edib.

Ciddi problemlərdən biri də telekanallarda nümayiş olunan reklamlarla bağlıdır. Əlbəttə, biz Azərbaycanda çəkilən bir çox reklamların mövzu, ideya baxımından bəsit, primitiv olmasının, tamaşaçıda əks reaksiya doğurmasının üzərində xüsusi dayanmaq istəmirik. Əsas problemlərdən biri də budur ki, həmin reklam çarxlarının əksəriyyətində ədəbi dilin normaları pozulur, leksikonumuza uyğun gəlməyən əcaib sözlər, ifadələr işlədirlər. Məsələn, "Sprite" sərinləşdirici içkisinin reklamında - "Susuzluğuna etibar et", "Jacobs - monarx" qəhvəsinin reklamında - "Zövqətir qüvvəsi", "Snickers" şokoladının reklamında - "Dayanma snikerslə", "Bounty" şokoladının reklamında isə "Cənnət xəzzi" kimi ifadələr buna əyani misal ola bilər.

Bunlar reklamla bağlı problemlərin heç də hamısı deyil. Telekanallar gəlir əldə etmək naminə bəzən "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununa da məhəl qoymur, müxtəlif dərman preparatlarının reklamı ilə məşğul olurlar. Bu, azmış kimi, qadağan olunmuş saatlarda tütün məmulatlarının, spirtli içkilərin də reklamına rast gəlinir. Belə halların qarşısının alınması üçün Milli Televiziya və Radio Şurası öz imkanlarından istifadə etməlidir. Ümumiyyətlə, Milli Məclisin deputatı kimi bu fikirdəyəm ki, Şuraya efir məkanındakı problemlərə qarşı daha kəsərli mübarizə aparmaq üçün əlavə imkanlar yaradılmalıdır. Bir çox dövlətlərdə - uzağa getməyək, kifayət qədər demokratik dövlət kimi tanınan Türkiyədə telekanalların qanunla müəyyən edilmiş yayım tələblərini pozması ciddi sanksiyalarla qarşılanır. Televiziya və radio yayımını tənzimləyən xüsusi dövlət qurumu bəzən hansısa televiziyanın, radionun müəyyən müddətə bağlanması ilə bağlı qərar qəbul edir. Fikrimcə, Azərbaycan Milli Televiziya və Radio Şurasına da qanunvericiliklə belə bir imkan yaradılmalıdır.

Təqdirəlayiq hal kimi vurğulamaq olar ki, Azərbaycanın əksər kanalları hazırda bütün respublika ərazisində yayımlanır. Lakin Azərbaycanın sərhədyanı bölgələrində qonşu dövlətlərin telekanallarının efir məkanımıza ideoloji təcavüzü hallarına geniş rast gəlirik. Xüsusən də cənub və qərb bölgələrində qonşu ölkələrin televiziyalarının milli efir məkanına qanunsuz yayımı və mənfi təsiri daha qabarıq duyulur. Doğrudur, bu texniki problemin həlli üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi son illərdə bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Fikrimizcə, mühüm ideoloji-siyasi mahiyyət kəsb edən bu problemin tamamilə aradan qaldırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Respublikamızın efir məkanında fəaliyyət göstərən teleradio kanallarına xatırlatmaq istərdim ki, "Televiziya və radio yayımı" haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən "Emilli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsi, proqramların keyfiyyətliliyiE" teleradio fəaliyyətinin əsas prinsiplərindəndir.

 

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2009.- 11 oktyabr.- S.3.