Aparıcılar tamaşaçıları hara aparır?

 

Televiziya xalqın məişətinə, bir qədər dəqiq desək, mənəvi həyatına daxil olub. Azərbaycan müstəqillik əldə edəndən sonra ümumən kütləvi informasiya vasitələrinin, eləcə də televiziyanın inkişafına xüsusi qayğı və diqqət göstərilir. Ölkədə yüzlərlə qəzet, jurnal və informasiya agentlikləri ilə yanaşı səkkiz ümumrespublika, dörd regional və on üç kabel televiziya kanalı fəaliyyət göstərir. Dövlət KİV-in, eləcə də televiziyanın geniş əl-qol açmasına hər cür imkan və şərait yaradır. Təəssüf ki, bəzi kütləvi informasiya orqanları, xüsusən özəl televiziya kanalları onlar üçün yaradılmış şəraitdən sui-istifadə edirlər. Artıq bu narahatlıq hər yerdə özünü göstərir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev hamını düşündürən bu mühüm məsələyə aydınlıq gətirdi. "Azərbaycan" qəzetində dərc olunmuş "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqalə hamının ürəyindən xəbər verir. Akademik Ramiz Mehdiyevin hər bir çıxışı ölkədə geniş əks-səda doğurur, gələcək inkişafın konkret yollarının müəyyən edilməsində mühüm rol oynayır.

"Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsi bütün ölkəyə səs saldı. Burada ictimaiyyəti narahat edən çox mətləblər açıqlanır. Televiziyalarda aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin getdikcə artdığı, efir vaxtının xalqımızın mentalitetinə yad verilişlərlə doldurulduğu, səriştəli işçilərin, peşəkar kadrların azlığı qeyd olunur, ümummilli dəyərlərin mühafizəsi və təbliğinin vacibliyi xüsusi vurğulanır.

Bunların hər biri geniş söhbətin, professional təhlilin mövzusudur. Biz onlardan yalnız biri haqqında - həmişə seyrçinin, tamaşaçının gözü qarşısında olan aparıcıların rolu və yeri barədə danışmaq istəyirik.

Aparıcı, əslində, televiziyanın simasıdır. Hər hansı bir ideya məhz onun vasitəsilə seyrçilərə çatdırılır. O, geniş oxucu kütləsi ilə birbaşa təmasda, ünsiyyətdə olur. Televiziyaların indi haqqında geniş söhbət gedən qayğı və problemləri də öncə aparıcıların səviyyəsi ilə bağlıdır. Əgər İctimai Televiziyanın "Ovqat" verilişi tamaşaçılar arasında rəğbət qazanırsa, bir sıra digər amillərlə yanaşı öz peşəsinin kamil bilicisi, təmkinli, səriştəli aparıcı Səyyarə Səyyafın da zəhməti xüsusi qeyd olunmalıdır.

Təəssüf ki, hər cür geniş imkan və şəraitin olmasına baxmayaraq, ölkəmizdə lazımi səviyyəli aparıcılar nəsli yetişmir. Məqalədə deyildiyi kimi, bir çox hallarda aparıcıların peşəkarlıq səviyyəsi, nitqi standartlara uyğun gəlmir. Bəzi proqramların, əsasən də əyləncə xarakterli verilişlərin aparıcıları jurnalistikadan uzaq, efir mədəniyyəti, peşəkarlığı aşağı olan şəxslərdir. Bir sıra "aparıcıların" telejurnalistika sahəsində təcrübəsizliyi, qeyri-peşəkarlığı haqlı olaraq cəmiyyətdə narazılıq doğuran məsələlərdir. Təbii istedadları, peşəkarlığı olmayan belə şəxslər daha çox bayağılıq, açıq-saçıq danışıq və geyim tərzi ilə özlərini tanıtmaq istəyirlər. Elə buna görə də bir sıra aparıcılar efirə çıxan kimi az-çox özünə hörmət edən adamlar kanalı dəyişməli olur.

Televiziya kanallarının çoxunda, xüsusən də ATV-də, "Lider"də aparıcıların səriştəsizliyi ilə əlaqədar kütləvi hal almış bəzi məqamları xatırlatmaq istəyirəm.

Verilişlərin əksəriyyətində istər qız olsun, istər oğlan aparıcı kamera qarşısına çıxan kimi özündən razı halda gülümsəyir və xüsusi bir əda ilə deyir: "mənim əzizim, canım-ciyərim, ən yaxın dostum filankəsi dəvət edirəm". O tərəfdən nazlana-nazlana yarıçılpaq bir xanım, orta səviyyəli bir ifaçı gəlib aparıcını marçamarç öpür. Qarşılıqlı tərif, təşəkkürdən sonra musiqi səslənir. Müğənni özünün imkanı daxilində nəsə oxuyur. Elə ki musiqi coşur, aparıcı yerində dingildəyir, gah əl çalır, gah çiyinlərini oynadır. Bir də baxırsan, ifanın qızğın çağında kənd toylarında qəfildən mərəkəyə atılan dəlisov gənc kimi şıdırğı rəqsə başlayır.

Yaxud hər hansı bir məsələ barədə danışmaq üçün mütəxəssis dəvət olunur. "Çoxbilmiş" aparıcı efirə hazırlaşarkən ondan eşitdiyi sözləri özünün qavradığı tərzdə dal-qabaq düzərək "ağıllı" bir sual verməyə cəhd edir: "Bilirsiz ki, filan məsələnin mahiyyəti bax bu cür olmuşdur. Siz bu barədə nə deyə bilərsiniz?" Təcrübəli mütəxəssis aparıcının yarımçıq və məntiqsiz sözlərini birtəhər sahmanlamağa başlayır. Qonaq fikrini tamamlamamış aparıcı onun sözünü kəsir. Bayaqdan əzbərlədiyi digər bir sualı verir. Beləliklə, aparıcı özünün ağıl dəryası, ixtiyar sahibi olduğunu nümayiş etdirməyə çalışır.

Şou-biznesin işi isə bir özgə aləmdir. Bir də görürsən ki, nə jurnalistikada, nə də ifa sahəsində heç bir xidməti olmayan özündənrazı aparıcılar dedi-qodu söhbətləri ilə aləmi bir-birinə qatırlar. Sonra da şəstlə dayanaraq pırpız saçlarını, sinəsi açıq paltarını, yanı yarıq gödək donunu göstərir: "Mən bu saçıma, bu qıçıma, bu bəzək-düzəyə görə filan gözəllik salonunda çalışan filankəsə minnətdaram".

Adam məəttəl qalır. Bəyəm efir sənin dədə mülkündür ki, burada öz şəxsi məsələlərini aləmə yayırsan?! Kimsə sənə xidmət göstəribsə, pulunu ver, çıx get! Qiymətli efir vaxtından nə üçün sui-istifadə edir, özünə dost tutursan?! Hələ orasını demirik ki, sənin əzilə-əzilə təşəkkür elədiyin o usta-xanım özünün onsuz da baha olan xidmətinin qiymətini bir az da qaldırır.

Verilişlərə, adətən, kimlər dəvət olunur? Kimlər, necə, daha doğrusu, neçəyə dəvət olunur? Təmənnalı dəvətlər barədə söz-söhbət artıq geniş ictimaiyyət arasında da yayılıb. Hətta qeyri-rəsmi surətdə reklamlardan alınan pullar barədə məhkəmə iclaslarında da rəsmi söhbətlər gedirE

Son vaxtlarda özəl kanallarda falçılara, cadugərlərə, özünü ekstrasens adlandıranlara meyil-maraq yaman artıb. Kim kimin üçün bir xəlvəti xidmət göstəribsə, qolundan tutub efirə gətirir. Hamı özünün görücülük qabiliyyətini göylərə qaldırır. Bilən də danışır, bilməyən də. Bir də görürsən ki, az qala üz-gözündən cin-şeytanlıq yağan baxıcı xanımlar bir-birini rüsvay eləməyə başladılar. Əslində isə onların heç biri bu təfəkkürlə, bu davranışla el arasına çıxası deyildir.

Dəvətlərdən əlavə könüllü səfərlər də olur. Əldən-ayaqdan iti aparıcı bir dəstə qonağı başına yığıb bir ifaçının villasına, bağına, mülkünə gedir. Onun paltar asılqanından tutmuş qab-qacaqlarına kimi ev-eşiyi, bahalı mebelləri, xarici maşınları, var-dövləti nümayiş olunur.

Sadəlövh tamaşaçı fikirləşir ki, sənət aləmində bir elə mövqeyi olmayan bu xanım, görəsən, qısa bir vaxtda bu var-dövləti necə əldə edib? Özündənrazı xanım isə başdakı kresloya yayxanaraq "bütün bunlara görə mən adının açıqlanmasını istəməyən xeyirxahıma minnətdaram", - deyir.

Haradansa, kiminsə köməyi sayəsində təsadüfən meydana çıxan aparıcı, bəlkə də, bütün bunların mahiyyətini dərk eləmir. Bəs verilişləri hazırlayan peşəkar mütəxəssislər, televiziya kanallarının rəhbərliyi milli mentalitetimizi qorumaq, təbliğ etmək əvəzinə haqqında min bir söz-söhbət gəzən bu cür xanımların mənbəyi bilinməyən cah-cəlalını nümayiş etdirməklə nə demək istəyir? Gənclərə nəyi təbliğ edir? Hansı yolu göstərir?

Niyə belə olur? Ona görə ki, respublikada aparıcıların halal yolla, ayıq ağılla seçilməsi üçün müəyyən bir sistem yoxdur. Teatr üçün kadrlar hazırlanan yerlərdə səhnə mədəniyyəti, səhnə danışığı üzrə ayrıca fənlər tədris olunur. Haradansa, kiminsə, hansı məqsədləsə qolundan tutub efirə çıxardıqları başabəla aparıcıların isə bütün bunlardan, görünür, əsla xəbərləri yoxdur. Akademik Ramiz Mehdiyev çox haqlı olaraq yazır ki, təbii istedadları, peşəkarlığı olmayan belə şəxslər daha çox bayağılıq, açıq-saçıq danışıq və geyim tərzi ilə özlərini tanıtmaq istəyirlər. Bu, Azərbaycan telekanallarında özünü qabarıq şəkildə büruzə verən problemlərdən biridir. Nəticə etibarilə efirdə ictimai tələbat olmayan keyfiyyətsiz şou-biznes verilişlərinin sayı artır.

Bəs bu axının qarşısının alınması üçün nə etmək lazımdır? Akademik Ramiz Mehdiyevin məqaləsində qarşıda duran vəzifələr, görülməsi vacib işlər çox aydın şəkildə göstərilib. Ən əsası isə budur ki, ölkəmizdə televiziya akademiyasının yaradılması vaxtı çoxdan çatmışdır.

 

 

Əhməd İSAYEV,

əməkdar jurnalist,

Prezidentin fərdi təqaüdçüsü

 

Azərbaycan.- 2009.- 11 oktyabr.- S. 3.