Azərbaycanla Belarus arasında parlamentlərarası əlaqələr genişlənir

 

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti oktyabrın 12-13-də Belarus Respublikasında rəsmi səfərdə olacaq. Səfərin qısamüddətli olmasına baxmayaraq, proqram çox zəngindir.

Bu fikirləri Milli Məclisin mətbuat katibi Akif Nəsirov oktyabrın 10-da keçirdiyi brifinqdə səsləndirdi. Akif Nəsirov bildirdi ki, səfər proqramı çərçivəsində bir sıra mühüm görüşlər və danışıqlar nəzərdə tutulub. Milli Məclisin mətbuat katibi dedi ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşəcək. Görüşdə iki ölkə arasındakı qarşılıqlı münasibətlər, parlamentlərarası əlaqələrin mövcud vəziyyəti və gələcəkdə daha da genişləndirilməsi, faydalı əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Milli Məclisin digər ölkələrin qanunverici orqanları ilə əməkdaşlığın yüksək sürətlə inkişaf etdiyini diqqətə çatdıran Akif Nəsirov qeyd etdi ki, Azərbaycan parlamentinin Belarusun qanunverici orqanı ilə də əlaqələri olduqca yüksək səviyyədədir. Azərbaycan parlamentinin nümayəndə heyətinin üzvləri Belarus Milli Məclisinin Nümayəndələr Palatasında və Respublika Şurasında olacaq, bu ölkənin qanunverici orqanının fəaliyyəti ilə maraqlanacaqlar. Belarus Milli Məclisinin Nümayəndələr Palatasının Sədri V.Andreyçenko və parlamentin Respublika Şurasının sədri B.Batura ilə keçiriləcək görüşlərdə əlaqələrin bundan sonrakı inkişafı, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi barədə ətraflı müzakirələr aparılacaq. Azərbaycan parlamentinin nümayəndə heyətinin üzvləri Belarus Milli Məclisinin hər iki palatasının fəaliyyəti ilə yaxından tanış olacaqlar.

Səfər zamanı Azərbaycan-Belarus qanunverici orqanları arasında əlaqələrin daha da genişləndirilməsi üçün əməkdaşlıq haqqında saziş imzalanacaq. Sənəd parlamentlər arasındakı əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan bir sıra məsələləri özündə əks etdirir. Saziş təcrübə və informasiya mübadilələrinin genişləndirilməsini, qarşılıqlı səfərlərin intensiv xarakter almasını və digər məsələləri ehtiva edir. Səfər proqramı çərçivəsində qeyri-rəsmi və mədəni tədbirlərin də təşkil olunması nəzərdə tutulub. Azərbaycan nümayəndə heyəti Belarusun Minsk şəhərində yerləşən milli kitabxanada olacaq, bu ölkənin traktor istehsalı ilə məşğul olan zavoduna gedəcəklər. Milli Məclisin nümayəndə heyətinin bu səfəri Azərbaycan-Belarus əlaqələrinin inkişafına töhfə verəcək.

 

 

Anar RASİMOĞLU

 

Azərbaycan.- 2009.- 11 oktyabr.- S. 4.