Dəniz şəhərində izi qalanlar
-inşaatçı Xanoğlan Bayramov
1933-cü ildə həyata
göz açıb 1999-cu ildə dünyasını dəyişən
Xanoğlan Bayramov ömrü boyu qurub-yaratmaqla məşğul
olub. 66 illik həyatında o qədər ev tikib, qurğu
quraşdırıb ki... Başqa inşaatçılardan fərqi
isə onda olub ki, torpağın üstündə deyil,
suların qoynunda qurub-yaradıb.
Dənizdə
ağırlığı minlərlə ton olan
platformaların quraşdırılması, suyun az qala 300 metr
dərinliyində kəmərlərin çəkilməsi
bugünümüzün gerçəkliyidir və heç kəsi
təəccübləndirmir. 40, 50, 60 il əvvəl isə
bunlar möcüzə kimi görünürdü. Onda təkcə
Neft daşları vardı. Burada dəniz şəhəri
salınırdı, evlər tikilirdi, estakadalar, estakadayanı
meydançalar inşa edilirdi. Dəli-dolu dalğaların
qoynunda Xanoğlan kimi igidlər xarüqə yaradırdı.
Lerikdə anadan olmuş, Əmircanda
səkkizillik məktəbi bitirmiş, sonra peşə təhsili
alaraq qaynaqçılığı öyrənmişdi.
Hünər göstərdiyi məkan isə Neft daşları
olmuşdu. Təhsilini də burada davam etdirmiş, Neft
texnikumunun dəniz şəhərində fəaliyyət
göstərən filialını bitirmişdi.
Xanoğlan Bayramov Neft
daşlarında əmək fəaliyyətinə fəhləlikdən
başlamışdı. O, sözün tam mənasında, dəniz
şəhərini tikənlərdən idi. 30 ildən
çox bir dövrdə öz çətin peşəsindən
ayrılmamışdı. Bu sədaqət də onu pillə-pillə
ucaltmışdı.
25 il "Möcüzələr
adası"nda çalışmış neftçi-şair
Zaməddin Ziyadoğlu Xanoğlan Bayramovun "Azərdənizneftinşaat"
Trestinin 6 saylı Tikinti-Quraşdırma İdarəsinin rəisi
olduğu vaxtları xatırlayır. Deyir ki, o illərdə
Neft daşlarında inşaat işləri geniş vüsət
almışdı. Gecəyə-gündüzə,
yağışa-küləyə baxmadan iş davam edirdi.
Xanoğlan Bayramov bu işlərə rəhbərlik etməklə
yanaşı, bizimlə, tabeliyində çalışan
insanlarla dostluq etməyi də bacarırdı. Bu yüksək
insani keyfiyyət çətin dəniz şəraitində
güclü amil idi.
Xanoğlan Bayramov 1958-ci ildə,
hələ 25 yaşında ikən dövrünün yüksək
mükafatına - Sosialist Əməyi Qəhrəmanı
adına layiq görülmüşdü. Fəaliyyətinin
müxtəlif illərində ona bir sıra rəhbər vəzifələr
tapşırılmışdı. "Xəzərdəniztəmirtikinti"
Trestinin müdiri, "Azərdənizneftinşaat" Trestinin
müdirinin müavini vəzifələrində
çalışmışdı. Ancaq nə vəzifə dəyişdirirdi
onu, nə şan-şöhrət. Həmişə sadə, zəhmətkeş,
insansevər olaraq qalırdı. Amma işə gecikənlər,
intizamı pozanlar gözünə görünməsə,
yaxşı idi. Onda Xanoğlan Bayramovun sərt üzü
özünü göstərirdi... Ən yaxşı tərbiyə
üsulu isə şəxsi nümunə idi.
O nümunəni unutmayan,
Xanoğlan Bayramovu özünün ustadı hesab edən
yetirmələri bu gün də neft sənayemizdə
"külüng vururlar". Bu sırada onun doğmaları,
övladları da dayanır.
F.SADIQLI
Azərbaycan.- 2009.- 11 oktyabr.- S. 5.