Ermənistanın ekoloji terror siyasəti dünya ictimaiyyətinə çatdırılmalıdır

 

"Ekoloji Qayğı İctimai Birliyi" Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata kecirilən "Ermənistanın Azərbaycana təcavüzü zamanı Azərbaycanın hidrobioloji mühitinə dəyən zərərin ekoloji qiymətləndirilməsi" layihəsi çərçivəsində apardığı monitorinqin nəticələrini açıqlayıb. Açıqlamada çox ciddi faktlar göstərilir.

Birliyin sədri, biologiya elmləri namizədi Süveyrat Həsənova söhbət zamanı dedi ki, layihə çərçivəsində işlərin aparılmasında AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov, AMEA-nın Zoologiya İnstitutunun şöbə müdiri, biologiya elmləri doktoru Zülfüqar Quliyev, həmin institutun laboratoriya müdiri Adil Əliyev kimi görkəmli alimlər yaxından iştirak ediblər. "Aparılan ciddi araşdırmaların nəticələri hər bir Azərbaycan vətəndaşını narahat etməli və bu istiqamətdə hamı səfərbər olmalıdır",- deyən S.Həsənova bunu ermənilərin ölkəmizin ekologiyasına qarşı törətdiyi terror aktının təkcə təbiətimizə deyil, eyni zamanda, insanlarımızın məhvinə yönəldildiyi ilə izah etdi. Monitorinqin nəticələrinə gəldikdə isə o bunları söylədi:

- Azərbaycan dövləti 20 ilə yaxındır ki, Ermənistan tərəfindən zorla müharibəyə cəlb edilib. Bunun nəticəsində ölkəmizin 20 faizdən çox ərazisi işğal altındadır. Həmin ərazilərdə erməni vəhşilikləri son həddə çatıb. Azərbaycan təbiətinə dəyən zərəri hətta onilliklər ərzində bərpa etmək çətin olacaq. İşğal olunan ərazilərdə 100 illər ərzində əmələ gələn torpağın münbit qatı məhv edilib, flora və faunaya böyük zərər dəyib. Bir çox bitki və heyvan növləri məhv edilib və ya məhv olmaq təhlükəsi qarşısındadır, meşə örtüyü yandırılaraq səhralığa çevrilib. Azərbaycanın hidrobioloji mühiti zəhərlənərək ekoloji böhran həddinə çatıb. Ermənistan planetin mühafizəsində duran 300-dən çox beynəlxalq konvensiyaların bir çox müddəalarını pozub. Təəssüf ki, dünya ictimaiyyəti ermənilərin ölkəmizin təbiətinin başına gətirdiyi bəlalardan hələ də xəbərsizdir. Bu gün Azərbaycan ziyalıları, alimləri həmin bəlaları elmi sübutlarla bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq akademiyalara, institutlara, QHT-lərə, dünya ictimaiyyətinə çatdırmağı özlərinin vətəndaşlıq borcu hesab etməlidir. Hələ müharibə sona çatmayıb. Ona görə də bu istiqamətdə təbliğatı gücləndirməliyik.

S.Həsənovadan onu da öyrəndik ki, layihə çərçivəsində ilk dəfə olaraq Azərbaycanın Ermənistanla sərhəd rayonlarının hidrosferası (sututarları) ümumilikdə öyrənilib və ölkəmizin hidrobioloji mühitinə dəyən zərərlə bağlı ekoloji qiymətləndirmə aparılıb. Bu layihə AMEA-nın Zoologiya, Coğrafiya, Mikrobiologiya və Torpaqşünaslıq institutlarının alimlərinin yaxından iştirakı ilə hazırlanıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarından istifadə olunub.

Məlumdur ki, Azərbaycanın əsas su mənbələri hesab olunan Kür və Araz çayları, onların gursulu qolları qonşu ölkələrin ərazilərində formalaşırlar. Ərazimizdə formalaşan bəzi çayların (Tərtərçay, Tovuzçay, Xaçınçay və s.) mənbələri isə erməni işğalı altında olan bölgələrdədir. Ölkəmizə daxil olan çayların demək olar ki, hamısı (başlanğıcını Kür çayından və Böyük Qafqaz Sıra Dağları silsiləsindən götürən çaylardan başqa) birbaşa Ermənistandan və ya ermənilərin işğalı altında olan bölgələrdən başlayır. Birliyin sədrinin sözlərinə görə, bu səbəbdən həmin çaylar ölkəmizə təmiz sudan çox ermənilərin şüurlu şəkildə axıtdıqları zəhərli maddələri daşıyırlar. Bu cür sulardan nəinki məişətdə, hətta kənd təsərrüfatı sahələrində istifadə edilməsi olduqca təhlükəlidir. Ağstafaçay və Xramçay çayları Kür çayına qoşulduqdan sonra Kür sularında fenolların, Oxçuçay Araz çayına birləşdikdən sonra isə Araz sularında ağır metalların miqdarı normadan 10-30 dəfə artıq olur. Aparılan elmi araşdırmalara görə, Ermənistanla həmsərhəd zonada yerləşən və ölkəmizin balıqçılıq təsərrüfatının inkişafında mühüm rol oynayan Araz, Kür və Ağstafa çayları üzərində inşa edilən onlarca su anbarı Ermənistan tərəfdən son 20 ildə intensiv şəkildə çirklənməyə məruz qalıb. Araz çayını çirkləndirən əsas mənbələr Axuraçay, Zəngiçay, Zod Filizsaflaşdırma Kombinatı, Oxçuçay və başqa kiçik çaylardır. Oxçuçaydan Araza, oradan Kürə və nəhayət, Xəzər dənizinə ağır metallar, turşu, qələvi və aşı maddələrlə zəngin tullantılar daxil olur.

Araz çayının üzərində Azərbaycanla Iran Islam Respublikasının birlikdə tikdiyi Araz (Naxçıvan) su anbarı balıqçılıq sənayesində mühüm rol oynayır. Bu su mənbəyinin çirklənməsinin əsas səbəbi Ermənistan tərəfindən bütün çirkli suların birbaşa Araz çayına axıdılmasıdır. Su axını ilə Araz (Naxçıvan) su anbarına tökülən tullantılar bu su hövzəsinin dərin hissələrində polisaprob orqanizmlərin gur inkişafına səbəb olur. Ağır metallar və zəhərli maddələr isə qida vasitəsilə insanlarımızın orqanizmini zəhərləyir.

Ağstafa çayı və onun üzərində yaradılan su anbarı da Ermənistanın Dilican və İcevan sənaye mərkəzlərindən, eləcə də digər məntəqələrindən axıdılan tullantılarla çirklənir. Bu çayda fenolların miqdarı ziyansız qatılıq həddindən 35-45 dəfə çoxdur. Bərdə və ona yaxın rayonların əkin sahələrini suvarmaq, qismən elektrik enerjisi almaq və əmtəəlik balıqçılığı, xüsusilə forel təsərrüfatını inkişaf etdirmək məqsədilə Tərtərçayın üzərində yaradılan su anbarı isə hazırda işğal altında qaldığından onun suyundan nəzərdə tutulan məqsədlər üçün istifadə etmək mümkün olmur. Ermənistanın belə düşmən siyasəti nəticəsində Azərbaycanın kənd təsərrüfatı sahələrinə və balıqçılıq təsərrüfatlarına ciddi ziyan dəyib və bu hal davam etməkdədir. Uzun illər ərzində Azərbaycan təbiətinə vurulan zərərin miqdarı ölçüyəgəlməz qədər çoxdur.

Süveyrat Həsənova qeyd etdi ki, aparılan tədqiqatların nəticələrini müzakirə etmək üçün "dəyirmi masa" keçirilib və dünyanın bütün ekoloji təşkilatlarına, beynəlxalq akademiyalara, ictimai institutlara və geniş ictimaiyyətə Ermənistan dövlətinin Araz və Kür çaylarını çirkləndirməsinə dair elmi araşdırmalara söykənən faktlarla zəngin "Ermənistan, ekoloji terroru dayandır!" başlıqlı müraciət göndərilib.

 

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2009.- 11 oktyabr.- S. 5.