Geniş tərkibdə görüş

 

Oktyabrın 12-də Al Hummar sarayında Prezident İlham Əliyevin və Kral II Abdullahın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Görüşdə Kral II Abdullah Azərbaycan ilə İordaniya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı.

İordaniya dövlətinin başçısı ölkəsinin Azərbaycan ilə əlaqələrinə mühüm əhəmiyyət verdiyini qeyd etdi.

Kral II Abdullah Azərbaycan Prezidenti İlham Əliyevin İordaniyaya rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə etdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında güclü siyasi əlaqələrin ikitərəfli əməkdaşlığı genişləndirməyə hərtərəfli zəmin yaratdığını vurğuladı.

Dövlətimizin başçısı İordaniya Kralı II Abdullahın Azərbaycana rəsmi səfərinin əlaqələrin inkişafında vacib rol oynadığını dedi. Prezident İlham Əliyev İordaniyanın beynəlxalq təşkilatlarda Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirdi, səfər zamanı imzalanacaq sənədlərin əlaqələrimizin möhkəmlənməsinə əlavə imkanlar açacağını söylədi.

İki ölkənin iqtisadi əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edən Prezident İlham Əliyev bu baxımdan hökumətlərarası iqtisadi komissiyasının işinin əhəmiyyətini vurğuladı.

Azərbaycan dövlətinin başçısı səfər çərçivəsində həyata keçiriləcək konkret layihələrlə bağlı faydalı müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 oktyabr.- S. 2.