Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş Beynəlxalq İbn Ərəbi simpoziumu başa çatmışdır

 

 Oktyabrın 11-də XX əsrin görkəmli şərqşünas alimi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi simpoziumunun təntənəli bağlanış mərasimi keçirilmişdir.

"Buta" sarayında keçirilən mərasimdə alimin qızı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva iştirak edirdi.

AMEA-nın prezidenti, akademik Mahmud Kərimov bildirmişdir ki, üç gün ərzində simpoziumun iştirakçıları Aida xanımın elmi yaradıcılığına müraciət edərək onun əziz xatirəsini yad etmişlər. Gözəl alim və insanın elmi irsi Şərq-Qərb elmi-mədəni əlaqələrinin öyrənilməsi, tədqiq və təhlil edilməsi, ortaq mənəvi dəyərlərin axtarışı baxımından böyük bir məktəbdir.

M.Kərimov qeyd etmişdir ki, simpozium çərçivəsində müxtəlif bölmələrdə geniş müzakirələr aparılmış, eyni zamanda, mədəni tədbirlər keçirilmişdir. Bu simpozium yeni elmi əlaqələrin qurulması baxımından da əhəmiyyətli olmuşdur.

AMEA-nın prezidenti əmin olduğunu bildirmişdir ki, Bakını tərk edən simpozium iştirakçıları Azərbaycan haqqında, onun paytaxtı haqqında xoş təəssüratlarla vətənlərinə qayıdacaqlar.

Mərasimdə çıxış edən İbn Ərəbi Cəmiyyətinin sədri Qrenvil Kollinz, ABŞ-dan olan şərqşünas alim, professor Seyid Hüseyn Nasr simpoziumun yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Qeyd olunmuşdur ki, simpozium həm dünya fəlsəfi fikrinə mühüm təsir göstərmiş İbn Ərəbi irsinin tədqiqi, həm görkəmli şərqşünas alim Aida İmanquliyevanın elmi fəaliyyətinin öyrənilməsi, həm də Azərbaycan tarixinin, elmi-fəlsəfi fikrinin mühüm məqamları barədə fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətli olmuşdur.

Azərbaycanda sürətli inkişafın və tərəqqinin şahidi olduqlarını vurğulayan qonaqlar əminliklə bildirmişlər ki, qədim tarixə, gözəl abidələrə, yüksək milli-mənəvi dəyərlərə malik olan xalq bundan sonra da bəşəri dəyərlərin zənginləşməsinə öz töhfələrini verəcəkdir.

Tədbir ziyafətlə yekunlaşmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 oktyabr.- S. 3.